Ay qərib göyün üzündə - Şəhriyarın yeni şeirləri

Ay qərib göyün üzündə - Şəhriyarın yeni şeirləri
23 dekabr 2019
# 21:00

Kulis.az tanınmış şair Şəhriyar Del Geraninin yeni şeirlərini təqdim edir.

İnna lilləhi və inna ileyhi raciun,
ey həmd ola, çatdım məqamına hüzurunun,
vay, sən demə ömrün belənçi əlifbası var.
Qalmış yarı yolda neçə rolda kəm adamdan,
asi düşüba arzulara düşkün adamdan
Billahi, sədaqət umanın gül xətası var.

Söndür günəşi, ol böyüyən səhranı adla,
çıx get bu qaranlıqla, görünməz üzün, amma
unutma ki eşqin qabaqda Kərbəlası var…

***

Gül üzündə, su üzündə,
Ay qərib göyün üzündə,
qəm-qərib ömrün düzündə,
ya düşər Allah gözündən,
ya biganə yar üzündən
adam özündən tək qalar...

Beləcə təklənər adam,
şadam, Allahım hey, şadam,
biri mənim, mini yadın,
sənə gedib çatmaz duam,
sənə tanış gəlməz adım,
Şükür, yaxşı unuduldum…

***

Atam yatanda
O,
barmaqları üzərində ehmallıca yeriyərdi.
Yəni bizə
"Sakit olun" deməz idi,
"Sakit olun"u göstərərdi.

Atam hirslənəndə
O, susardı.
Atam bərk hirslənəndə
O, iki dəfə susardı.
Atam lap bərk hirslənəndə
O, üç dəfə susardı.
"Biri od olanda, biri su olar"dakı Su,
Oydu.
O, "... biri su olar"dan da çoxuydu.
O, min bir suydu...

Nikbindi, gülərüzdü,
atamsız boğazından bircə tikə keçməz idi.
Atam, ondan sonra evləndi,
O, belə etməz idi…

Cüt səbir ümidliydi,
dili dualıydı.
O, taleyin bizə verdiyi ən mübarək sualıydı,
Biz, onu tapmadıq...

Və günlərin bir günündə
dua kimi
qəbul oldu
göy üzündə...

Küçəmizə

Durub baxırsan ömürə, görürsən ki, o deyil.
Ağlayırsan göz yaşların isladınca yağışı.
Gözünü yumub saydığın bir əlçim divar qalıb,
onu da hey didişdirir durar-tutmaz baxışın.

Evimizin damındakı göyərçinlər ölüblər,
anam da hey dən səpir ey... ölü göyərçinlərə.
O tindəki əncir ki var, altında durmaq olmaz,
hələ də ürpədir məni yuxuma girən cinlər.

Əlində təndir çörəyi uzaqdan atam gəlir,
atam gəlir uzaqdan, əlində təndir çörəyi.
Təndir çörəyi əlində atam gəlir uzaqdan,
uzaqdan atam gəlir - təndir çörəyi əlində.

Və belində gümüş kəmər incə belə dar gələn
qonşu qızı asta-asta ötüb keçir yanımdan.
Axşam üstü... qaş qaralır... günəş də elə batır
guya bundan sonra heç vaxt çıxmayacaq yadımdan...

Yox e, vallah belə olmur, deyirəm belə olmur,
gözümü yumub saydığım divar həminki deyil.
Ömrümün içində gəzir yuxuma girən cinlər,
amma o tindəki əncir, öldür, həminki deyil!

Ay nə gözəl şeymiş Allah, hamıya unudulmaq,
unudulmaq o ağaca, divara, quşa bir-bir.
Bu payız axşamüstüsü darıxdım, elə darıxdım
hələ belə darıxdığım, inan, yadıma gəlmir.

Di gəl, yenə atam gəlir elə həmin uzaqdan,
əlində təndir çörəyi... məni gördü və güldü.
Axşam üstü... qaş qaralır... günəş də elə batır,
Srağagün o dediyim qonşu qızı da öldü.

Və durub baxdım ömürə, gördüm ki, həmin deyil.
Gözümü yumub saydığım bir əlçim divar qalıb...

***

Üzümü təbiətə tutub yaşayacam daha:
Səndən incidiyimi yağışa deyəcəm,
səni darıxmağımı küləyə,
sənə küsməyimi ağaca, ota.
Bakıya ilk qar yağanda deyəcəm
səni nə qədər sevdiyimi.

Sən yağışın nəyisən axı?

Görəcəksən, gedib dayanacam sahildə,
daş atacam Xəzərə.
Bir təhər başımı qatacam Xəzərə.
Başa düşməsə, gedib Dneprə deyəcəm!
Balıqlara su verəcəm –
Elə ən çox susuzluqdan ölür balıqlar...

Sən dənizin nəyisən axı?

Hirsimi tökəcəm günəşə, deyəcəm, daha batmasın,
belə qaranlıq olmur.
Ulduza deyəcəm axmasın, onsuz da heç kim axıracan ölmür.
ağaclardan susmağı,
balıqlardan unutmağı öyrənməliydik,
yoxsa, belə alınmır…

Sən günəşin nəyisən axı?

Səni göyərçinlərdən soruşacam.
Deyəcəm: O mənim ən qanlı müharibəm idi,
məğlub oldum, əsir düşdüm ömrə.

Səni qağayılardan soruşacam.
Deyəcəm: O mənim ən uzağım idi,
gedib çata bilmədim, bir də baxdım ötüb keçmişəm.
İndi mən, oturub ağlanası kədərli bir keçmişəm...

Sən küləyin nəyisən axı?

# 4288 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #