Qulağa səs gəldi gördüm, azandı - Fəxri Müslümün şeirləri

Qulağa səs gəldi gördüm, azandı - Fəxri Müslümün şeirləri
13 mart 2024
# 15:53

Kulis.az Fəxri Müslümün yeni şeirlərini təqdim edir.

Baharın eşqinə, yazın eşqinə

Sıxıb kipriyini yenə də bulud,
Baharın eşqinə, yazın eşqinə.
Damlar da yağışı nota köçürür,
Qavalın eşqinə, sazın eşqinə.

Bərəkət qoxuyar torpaq da, yer də,
Daşınar tonqalla bir boxça sirr də,
Ağac düymə-düymə, gül təzətərdə,
Könlümdə oylanan sözün eşqinə.

Çəkər xatirələr o yaşa məni,
Çəkər sular üstə o başa məni,
Yenidən qaytarar yaddaşa məni,
Hardasa cızdığım izin eşqinə.

Sanki yaylım üstə ürək yellənər,
Bir şələ odundan kürək yellənər,
Arzu çiçək açar, dilək güllənər,
Çatdığım ocağın, közün eşqinə.

Fəxriyəm, kövrələr can oydan keçər,
İllər fəsillənər, gün aydan keçər,
Ömür də bu yazdan, bu yaydan keçər,
Yaşamaq eşqinə, özün eşqinə.

Vaqif Nəsibə

Qışın qış ağzına çilləyə şükür,
Nə yaxşı, nə yaxşı,
Hələ üzü gülər Vaqif Nəsibin.
Qoç Kərəməlinin atına şükür,
Ustad sözü gülər Vaqif Nəsibin.

Ocaq çoxdan itib qərib düşəndən,
Ömründə min acı, qəm üşüyəndən,
Təkcə yürgəyindən, əl beşiyindən,
Canında odlanan,
Odu-közü gülər Vaqif Nəsibin.

Sınmadı, düz keçdi haqdan, zamandan,
Elə uzaq durdu pisdən, yamandan,
Şehə ayaq verib,
Könlünü şux tutdu çəndən, dumandan,
Hələ izi gülər, Vaqif Məsibin.

Sarı yapıncıdan kölgəsi düşər,
Qəlbinə cocuqluq bölgəsi düşər,
Hər kəsə bir misqal,
Sözündən pay-püşü, tikəsi düşər,
Dosta gözü gülər Vaqif Nəsibin.

Vətənə sevgidir, yaşadır onu,
Sübhə, danüzünə daşıdır onu,
Qoşadır dağlarla öz adı, sanı,
Ömrü yüzə gülər Vaqif Nəsibin.

Qışın qış ağzına çilləyə şükür,
Nə yaxşı, nə yaxşı,
Hələ üzü gülər Vaqif Nəsibin.
Qoç Kərəməlinin atına şükür,
Ustad sözü gülər Vaqif Nəsibin.

Oynayır

Hal-əhval qürubun, göyün eşqində,
Üzümdə küləklər, yellər oynayır.
Sinəm pərdə-pərdə ayaq kökündə,
Sinəm tavar sazmı tellər oynayır!?

Dumanın, bu çənin çəkilmir sisi,
Canda da yurd salıb bulağın pəsi,
Gecə-gündüzmü var, alıbdı səsi?
Qulaqda dağ çayı, sellər oynayır.

Yuxu deyilən şey anına bağlı,
Mələyi sübhünə, danına bağlı,
Zalımın qılıncı qınına bağlı,
Adammı aldadır güllər oynayır!?

Uzanır ucqarlar, uzanır səma,
Könlümə yağışı, şeh dama-dama,
Məlhəmmi qalbdı daha yarama?
Ayağım altında yollar oynayır!?

Fəxriyəm, ağrıdan zarımadım mən,
Ölümə dik baxdım, darılmadım mən,
Çoxu uzaqlaşdı yarımadım mən,
Nə tez dəsmal tutub əllər oynayır!?

Hal-əhval qürubun, göyün eşqində,
Üzümdə küləklər, yellər oynayır.
Sinəm pərdə-pərdə ayaq kökündə,
Sinəm tavar sazmı tellər oynayır!?

Bitirər

Boz köynək şairlər, künə şairlər,
Sözdən qala tikib, qala bitirər,
Hər biri Tanrıya, göyə üz tutub,
Gecəni obaşda belə bitirər.

Sirdən, sifətdən də, boz olar biraz,
Gecəsi, gündüzü sozalar biraz,
Könlünü sar payız, yaz alar biraz,
Eşqini çiçəklə, güllə bitirər.

Qibləsi Güneyə, Təbrizə tərəf,
Ulular qoyduğu yol, izə tərəf,
Yalı-yamacına, hər düzə tərəf,
Barı-bərəkəti əllə bitirər.

Zamanı qalmaz ki, qəmi ovuda,
Başından dumanı, çəni ovuda,
Sinədə səs verən simi ovuda,
Beçə kökündəki tellə bitirə.

Yaşlanar, yer çəkər, dizlər yığılar,
Ağarar kipriklər, gözlər yığılar,
Qırış qıyma çəkər üzlər yığılar,
İçə gizlin düşmüş,
sir qalmış bir qara xalla bitirər.

Soyuq incə-incə kürəkdən çəkər,
Ayağı yer alar ürəkdən çəkər,
Biraz da qolundan, biləkdən çəkər,
Ömür qış ağzında çillə bitirər.

Fəxri der: sıxılıb söz də, yan keçər,
Ömür-gün arsıztək yüzə can çəkər,
Yaddaşda çözülən izə can çəkər,
Obayla bitirər, Ellə bitirər.

Boz köynək şairlər, künə şairlər,
Sözdən qala tikib, qala bitirər,
Hər biri Tanrıya, göyə üz tutub,
Gecəni obaşda belə bitirər.

.Bakıya qar yağdı

Bakıya qar yağdı ilahi qarı,
Canı yaman çəkdi ocaq, buxarı,
Hava da bozmutul, tüstü tündvari,
Bu qar yaddaşımı təzə-tər etdi.

Bakıya qar yağdı kənd yada düşdü,
Dəyirman dəhnəsi, bənd yada düşdü,
Sərçə dən axtaran hənd yada düşdü,
Bu qar yaddaşımı təzə-tər etdi.

Qışın qış ağzı da yaza tələsdi,
Yamacda gül, çiçək naza tələsdi,
Çallaşıb ömür də, saza tələsdi,
Bu qar yaddaşımı təzə-tər etdi.

Dağın binə yeri, yurd da üşüdü,
Sərhəddə əsgərim, mərd də üşüdü
O gündən içimdə dərd də üşüdü,
Bu qar yaddaşımı təzə-tər etdi.

Xizəyin izləri qalmır ki, qarda,
Buzlar da əriyir qalmır ki, darda,
Elə təzlənir bərəkət, bar da,
Bu qar yadaşımı təzə-tər etdi.

Qış ağzı artardı bozqurdun ovu,
Qalmazdı dovşanın taqəti-tavı,
Düşərdi ovuna hardasa yavı,
Bu qar yaddaşımı təzə-tər etdi.

Bakıya qar yağdı gecəm uzandı,
Sətirdən-sətirə hecam uzandı,
Sübhün toranında,
Qulağa səs gəldi gördüm, azandı,
Bu qar yaddaşımı təzə-tər etdi.

Bakıya qar yağdı ilahi qarı,
Canı yaman çəkdi ocaq, buxarı,
Hava da bozmutul, tüstü tündvari,
Bu qar yaddaşımı təzə-tər etdi.


Köklənər

Elə gözəldir ki, bu yaz səhəri,
Yer-yurd da, vətən də, mehə köklənər.
Üzə gülümsəyər baxça da, bağ da,
Canım da gül üstə şehə köklənər.

Gözə toxdaq olar barı, bəhəri,
Elə gözəldir ki, bu yaz səhəri,
Qalxar dördnala da bir ağ kəhəri,
Yüyənni çəkdikcə şahə, köklənər.

Quşlar civil-civil xoş an içində,
Ömürə biçilmiş zaman içində,
Umudun içində, inam içində,
Avazı, şərqisi ruha köklənər.

Süzüb xatirələr gün, üzə, çıxdı,
Yaylaq, yaylımımda gün üzə, çıxdı,
Gecəmmi var, yuxum günüzə çıxdı?!
Gəmisi qərq olmuş nuha köklənər.

Elə gözəldir ki, bu yaz havası,
Torpağa can verər bulud davası,
Elə Xan çobanın bir eşq nəvası,
Könlümün simində aha köklənər.

Elə gözəldir ki, bu yaz səhəri,
Yer-yurd da, vəyən də, mehə köklənər.
Üzə gülümsəyər baxça da, bağ da,
Canım da gül üstə şehə köklənər.

“Sarı gəlin”

Gör neçə zamandı şehə tutulub,
Eşqimin bağında gül, “sarı gəlin”.
Hələ də, könlümün başı axsayır,
Hamar deyil cığır, yol, “sarı gəlin”.

Canda sıralandı bu qəm də, dərd də,
Uzandı şoqərib sərhəd də, səd də,
Almadı dostum da, almadı yad da,
Qaldı içimdəcə,
Bir ocaq yeri tək xal, “sarı gəlin.”

Hər dağda, yamacda can güneyləndi,
Nə nənən ölmədi, nə mən ölmədim,
Hardan azar keçdi, onu bilmədim,
Hal-ovqat da künə, kül,” sarı gəlin”.

Harda oda verdim, əli, bilmirəm,
Qaldımı yerində külü, bilmirəm,
Dövran da canlımı, ölü, bilmirəm,
Qurtarmır qalmağal- qal, “sarı gəlin.”

Cin-şeytan hər içə elə giribdi,
Qulac-qulac saçın ucun hörübdü,
Gülü, çiçəyi də, qönçə dəribdi,
Açıb tellənmədi tel, “sarı gəlin”.

Allah insaf versin Mühlis Bərbərə,
Açdı barxanamı tər sərə-sərə,
Həsrət də göyərdi yön verə-verə,
Hələ allanmadı,
Nə alma, nə alça, kal, “sarı gəlin”.

Gör neçə zamandı şehə tutulub,
Eşqimin bağında gül, sarı gəlin.
Hələ də, könlümün başı axsayır,
Hamar deyil cığır, yol, “sarı gəlin”.

Belim şax dur, əymə məni, mən ölüm.

Adama bu hava, bu çən nə deyər,
Gəzdiyin bu dalan, küçən nə deyər,
Aylanıb könlündən keçən nə deyər,
Belim şax dur, əymə məni, mən ölüm.

Ağacın budağı bardan əyilər,
Ətraf da korluqdan, kordan əyilər,
Qorxaqlar halalsız vardan əyilər,
Belim şax dur, əymə məni, mən ölüm.

Hələ ki, adamı ulduz, ay çəkər,
Canı da yaz çəkər, ya da yay çəkər,
Ovu da daş sapand, oxlu yay çəkər,
Belim şax dur, əymə məni, mən ölüm.

Dost-tanış inciyər, yan keçər biraz,
Sübhün də gecikər, dan keçər, biraz,
Zirvəyə ulaşmaz, şan keçər, biraz,
Belim şax dur, əymə məni, mən ölüm.

Sinəmiz onsuz da dərdə bağlıdı,
Ruhumuz obaya, yurda bağlıdı,
Bu yol da dərgaha, haqqa çağrıdı,
Belim şax dur, əymə məni, mən ölüm.

Adam bayrağına iki qat olar,
Adam torpağına iki qat olar,
İzi də, hər cığır, hər daşda qalar,
Belim şax dur, əymə məni, mən ölüm.

Görə-görə gəldik, görüb gedirik,
Ömürə bir qala hörüb gedirik,
Nə varsa, söz üstə dərib gedirik,
Belim şax dur, əymə məni, mən ölüm.

Adama bu hava, bu çən nə deyər,
Gəzdiyin bu dalan, küçən nə deyər,
Aylanıb könlündən keçən nə deyər,
Belim şax dur, əymə məni, mən ölüm.

Haqqın haqq səfəri obaşdan keçər

Dünyanın bozuna, boza darıldım,
Yer-göy arasında oyun oynanır,
Qışın qış ağzına, yaza darıldım,
Önündə hələ də,
Kiminsə gunahı, suçu dayanır!?

Küləkdən qumrular güclə yayınıb,
Sığınar yan-yana damın ucuna.
Birinin qanadı, beli qanayıb,
Damır damcı-damcı alnım ucuna.

Zülmət avazımaz könüldən, gözdən,
Gecəsi, gündüzü qarışıq düşər.
Kölgə də, çəkilməz yanaqdan, üzdən,
Cüt ağzından çıxmış qırışıq düşər.

Daha arzulara yer ha qalmadı,
Qatar da səhrada, düzdə görünməz.
Nə yaxşı könüldə qızıl almadı,
Sirri qala sirri, gözə görünməz.

Ömür yamsılanır, söz yamsılanır,
Nəsildən nəsilə irsi də keçər.
Hələ də, kül altda köz yamsılanır,
Nə deyim, ocağa,
Bu qorun onandı, tərsi də köçər.

Vaxt kiprik ucunda, an keçib gedir,
Nə var, daş-düyündən, örkəndən keçər.
Adam hardan bilsin can köçüb gedir!?
Haqqın haqq səfəri,
Əsasən, obaşdan, erkəndən keçər

Dünyanın bozuna, boza darıldım,
Yer-göy arasında oyun oynanır,
Qışın qış ağzına, yaza darıldım,
Önündə hələ də,
Kiminsə günahı, suçu dayanır!?

# 861 dəfə oxunub

Oxşar xəbərlər

Yuxu ölümün məşqidir -  Harivanş Ray Baççanın şeirləri

Yuxu ölümün məşqidir - Harivanş Ray Baççanın şeirləri

17:00 26 aprel 2024
Sən narın yağış kimi... - Günün şeiri

Sən narın yağış kimi... - Günün şeiri

16:00 24 aprel 2024
İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

13:00 20 aprel 2024
Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

17:00 19 aprel 2024
# # #