Öz səsim öpür qulaqlarımı - Tural Turanın yeni şeirləri

Öz səsim öpür qulaqlarımı - Tural Turanın yeni şeirləri
16 avqust 2023
# 09:00

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

Yalnızlığın son notu

Yollar
əyninə geydi ayaqlarımı.
Doladı,
boynuna doladı nəfəsimi də...
İndi,
elə indi
öz səsim öpür qulaqlarımı.
Bu payız qurban kəsəcəm
buz bağlayan səsimi də...
Məni yerimdə tapmayan göz yaşım,
güllələ balışımı,
güllələ, ürəyin soyusun.
Ya da gözlərinə tax pəncərəmi,
gözləri kor qalsın yataq otağımın.
Sonra,
sonra
atamla anamın şəklini geyinib gedərsən.
Gedərsən,
dan yerinin güllələndiyi ucalığa...
Gedərsən,
ovcunda can verən dualarına baxa-baxa...
Otağımı bağlamadan çıx,
isinməyə soyuq bir gələcək.
Qalayacaq
tənhalığın qorsalanan odunu.
Çıxarkən
sığalla qapımın tutacağını,
bəstələ,
bu dəfə özün bəstələ
yalnızlığın son notunu.

***

Günaydın, Tanrı!
Günaydın, yuxusuz sabahlar!
Günaydın, yamşaqlı dan yeri!
Günaydın, kimsəsiz günahlar!
Günaydın, mürgüləyən alın yazıları...
Günaydın, əqrəbləri girov götürülmüş saat əqrəbi!
Günaydın, başdaşının arxasınca qaçan göyqurşağı!
Günaydın, qanadlarından vurulan göy üzü!
Günaydın, minarələrdən yıxılan dualar!
Günaydın,
kilsə zənglərinə məktub yazan əlil baxışlar!
Günaydın, dişləri tökülən oktyabr küləyi!
Günaydın, gülüşlərini atalarına borc verən uşaqlar!
Günaydın, ayaqlarını itirmiş ölüm!..

***

Unutduğun dan yeriyəm,
Ağarmaram, qayıtma!
Bir payızın dön yeriyəm,
Çağırmaram, qayıtma!

Ovcumda açılan Günəş,
Odumdan asılan Günəş...
...Duamdan yıxılan Günəş,
Qaldırmaram, qayıtma!

İtkin saat əqrəbiyəm;
Göy üzüdür yəqin yiyəm!..
Bir ayrılıq qəzəbiyəm,
Ağrımaram, qayıtma!

***

Tut əlindən bu kimsəsiz soyuğun,
Şaxta vuran anımızı isidək.
Duaların dodağından uçuşaq,
Göy üzündə qanımızı isidək.

Uzaqların qucaqlayaq boynunu.
Alın yazımızın pozaq oynunu.
Dəyişəkmi tanrıların əynini,
Buz bağlayan dinimizi isidək?!

Yenə sabahların çatılır qaşı.
Yenə duaların tökülür dişi...
Tabutunu geyindik son döyüşün,
Deyir, tez gəl, sonumuzu isidək...
Tut əlindən bu kimsəsiz soyuğun,
Tut əlindən!..

***

Küsüb dodağından yenə nəğmələr,
Gözündə gülüşlər qucaqsız qalıb.
Kaş ki, yuvasına dönə nəğmələr,
Üzündə təbəssüm ocaqsız qalıb.

Gülmürsən, yanağı parlayır qışın.
Alın yazımın da atılır daşı.
...Yenə düyünlüdü buludun qaşı,
Günəşin telləri daraqsız qalıb.

Aprel baxışların düşür gözündən,
Solur yarpaqları payız üzün də.
...Asdım nəfəsimi ayaq izindən
Son anım qibləsiz, bucaqsız qalıb.

# 3032 dəfə oxunub

Oxşar xəbərlər

Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu

Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu

11:50 30 iyun 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

10:35 30 iyun 2026
"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

15:30 29 iyun 2026
"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

12:00 29 iyun 2026
"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

13:30 28 iyun 2026
"Yenə əzəlkidir, baxışın, səsin..."  - Anna Axmatovanın şeirləri

"Yenə əzəlkidir, baxışın, səsin..." - Anna Axmatovanın şeirləri

12:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər