Üç – Qurban Yaquboğludan yeni hekayə

Qurban Yaquboğlu, yazıçı

Qurban Yaquboğlu, yazıçı

4 fevral 2022
# 17:20

Kulis.az saytı Qurban Yaquboğlunun “Üç” hekayəsini təqdim edir.

Saat 7-49. Sarı qız işə başladı. Boş göy, tozca maneə yox...

Sanballı, güclü əsil-nəcabətindən uzaq düşmüş, ən yüngül şeyləri də qaldırmaqda aciz bir Bakı küləyi əsir. Bu gün şəhərdə külək çatışmazlığı var, qış az qışdı. Göy çox göy, gömgöydü. Sonra... Özü də sərtdi.

Şəhərin bir qırağında, dünən gecədən tərk olunmuş açıqlıqda görkəminə əhəmiyyət verməyən tək adam durub. Elə bil, yüzlük mismar kimi çəkiclə cəmi bir dəfə vurub dayanıblar. Sonrası – sonra...

Maşından şəhərə düşən kişinin ayaqqabılarının altı tərtəmizdi, üstü də mazlanıb. Tualetə tələsən kisəsi dolu adam kimi tez tunelə cumur. İndi metroda rahat oturub, kiçik radiusda böyür-başına göz qoyur. Daha çox kişilərə baxır.

Onu ling kimi aşağı sallanan qalstuku, qutu kimi qurulu dəst kostyumu ələ verəcək...

Rəqəmi oxunmaz olmuş düyməni başının pozuğundan tanıyır. Lift yuxarı axır. Liftin cızığı arasından o dəfəki, ondan da əvvəlki, lap ondan da əvvəlki qoxu içəri vurur. Dəyişməyib. Sonra. Kamera qarşısında dayanan sayaq abırlı görünməlidi, özünü bir cüt ayaqqabının, ya cüt əkizin tayı kimi yox, hər kəsdən biri kimi aparmalıdı.

Barmağını dəmir qapının ağzında zəngin üstünə basır. Asta, ehtiyatlı bir səs.

İçəri keçib baş barmağıyla mobil telefonunun düyməsini sıxır. Siqareti divara dirəyib söndürəndə olduğu qədər – artıq ola bilməz –güc sərf eləyir.

Sonra.

Kişi mətbəxə dəvətlidi. Xeyr, o buna razı deyil! Məsələ indiyə qədər olduğu kimi yox, innən belə başqa cürdü. İstək dəyişib, istəyin dəyişməsi gerçəklikdi.

- Əvvəl bir stəkan çay...

- Yox.

- Gəl...

- Yox, yox.

- Niyə?

- Çayla başlamaq istəmirəm.

- Bəs nə?..

Pıçıldamaq vaxtıdı. Bu dəqiqə. Kişi dodağını qadına sarı uzadır:

- Sü-üd... Süd ver...

Qadın daha vulqar söz arzulayır, yaş ötdükcə... Sonra. Ötüşən zamanı nəzərə alan qadın bu dəfə kişinin daha çox xoşuna gəlməyə çalışsa, qoy çalışsın. Sonra. Yataq otağına ləkə düşüb artıq, ağ horra kimi, gün işığıdı, elə? Elə olar.

Əl atıb otağın işığını yandırdı – qadın. Pəncərənin pərdəsini çəkdi – kişi.

- Ay uşaq...

- Hə-ə.

- Gəl...

- Qoy otağın işığını keçirim.

- “İşığı keçirim”. İşığı keçirim nədi?.. Gəl, elə işıqda da...

Kişi ləngidi. Ləngidisə düşünəcək. Yox, sənin əvəzinə düşünüblər. İşıqda get. “Qaranlıqda közərməyini istədim...” Sonra, sonra.

Özünü yaşından cavan, qıvraq göstərməkdən ötrü mətləbi uzadan qadının əlavə jestlərinə imkan verməyəcək. Çox gərək deyil, bir az olar, amma çox yox. Bir aza – hə. İndi mənim ol.

Sonra.

***

Qapının zəngi çalınanda başını yataqda birinci o qaldırdı. O – kişi.

- Vaxtdı?..

- Hə. Gəldilər.

- Kim?

- İnkir-Minkir...

- Ki-im?

- Qonaqlar.

Qadın toxtaqdı. Santı-santı, asta-asta, azca-azca yerindən qalxır.

- Sən uzan, – kişiyə deyir. – Sən uzan... Sən uzan! – Üç dəfə deyir, üç dəfə çox oldu. Qəzəb çıxacağından çəkinməyib hələ birini də deyəcəkmiş: - Sən olduğun yerdə qal!

- Hə?

- Qapıya tək gedəcəm. Ev sahibi mənəm.

- Sən evdə tək deyilsən. Mən şahidəm.

- Sən yat. Sən yatmağa gəlmisən.

Qadın xalatını əzəmətlə çılpaq belinə dolayır, sonra bir balaca dəyişib öz işini görməyə məcbur mühafizəçi görkəminə girir.

Amma qapıya qulluqçu kimi yola düşür.

Kandardan səs-küy eşidilir. Ovçu hay-küyüdü. Kişi başını qaldırıb, gumur-gumur danışığı daha yaxşı eşitməkdən ötəri iki qulağından daha artıq etibar elədiyini – sağı irəli verib dinləyir; orda adamlar nədən danışırlar, görəsən? Orda adamlar nə eləməyi planlaşdırırlar, nəyə hazırlaşırlar? Hə? Orda hansı məsələ həll olunur? Kart-kurt, taq-tuq, xışıltı, tarap... Ciddi söhbətə bənzəmirdi, ciddi söhbətə bənzədi. Sonra...

Sağlıq, sakitlik, zövq, kef. Asayiş tam bərpa olundu. Gəldilər də, getdilər də. Bu da o – hörmətli Sükut müəllim, dünyanın müxtəlif guşələrində bəşəriyyət hətta bəzən böyük qurbanlar hesabına ona nail olur.

Heç kimi aparmadılar. Qadın kişiyə, kişi qadına qaldı.

***

“Mənə çay içirtməsə məndən əl çəkən deyil”. Evin ən əhəmiyyətli hissəsində, yəni mətbəxdə qadın onu gözləyir. Hamama tələsən kişi yüz faiz əmindi çay kəkotu dadacaq! Başqa cür mümkün deyil, çay mütləq kəkotulu olacaq, çıxışa yol yoxdusa, qabağına qoyulanı içəcəksən.

Mətbəxdə üzbəüz oturmuş qadınla kişini aradakı iki fincan kəkotulu çay ayırır. Qazın üstündə qazan dolu dolma axşamdan bişib. Qadın sərbəstcə ayağını ayağının üstünə aşırıb –bu heç, bu onları birləşdirir. Qoz yığılı qab neytral zonadan bəridə, kişiyə daha yaxındı. Zaqatala qozu, yoxsa Ordubad?.. Yanına təzə qozsındıran qoyulub. Ötən dəfə bu yoxuydu. Qozu çəkiclə sındırmışdılar.

Qadın xoşbəxt görünür. Qozsındırana görə. Bəli, təzə qozsındırana görə. Çox deyiblər bunu, qadınlar asan xoşbəxt olurlar. Hətta qonağın qarşısına qoyulmuş təzə qozsındıranın parıltısı da qadını bəxtəvərə çevirə bilir. Sonra.

Stolda canı hələ üstündə olan üç bildiriş kağızı az qalır yerində oynaqlaya. Xırt, açar buruldu, kişi başı işə düşdü. Kişi düşünməyə başladı. Bəyəm bu evdə qadın tək yaşamır? Deyirdi, təkəm. Üç bildiriş – üç nəfər. İndiyə qədər bu sözü heç bir ağıllı adam deməyibsə, qoy innən belə desin: qadın əzbərlənməz, “kopiya”sı çıxarılmaz.

Alovun üstündə dolu qəfədan kimi pıqqıldadı. Qadın güldü. Güləndə dolu sinəsi bərk atlandı, nələrsə daşıb yerə tökülə bilərdi ordan, döşəməyə baxmaq lazımdı.

- Bir evdə yox, azı 150-200 kilometr radiusda yaşayırıq. Bildin? Bir-birimizin arasında təxminən 150 kilometrdən yuxarı məsafə...

- Həndəsəyə bax...

- Mən, qızım, bir də keçmiş ərim. Neçə nəfər elədik? Üç... Cəmi üç. Çayım xoşuna gəlmədi, radiusum xoşuna gəlsin.

- Sənin radiusuna mən də düşmürəm. Çayın kəkotu dadır...

- İndi məsafə var bəyəm? Məsafənin əhəmiyyəti itib. Nə dəxli var kim hardadı.

Divardan içəri gün işığı düşür. Pəncərələr həmişə işıq damır.

- Gecələr işığa yatıram. Qaranlıqda elə bilirəm arxamda kimsə dayanıb. Heç vaxt da heç kəs olmur. – Qadını pəncərənin pərdəsini sıyırır.

- Bəs onlar, bəs qalanlar? Bəs...

Qadın kişinin ağzını qapayır. Dodağıyla. Danışma, sus! Susdurmağın üsulları çoxdu.

Sonra...

***

O – uşaq deyil.

Qapının ağzında qadından gələsi flüidləri korlayacaq, amma... Səhər hızla basıb gələn, şuluq salan kimləridi? Hə, kimləridi onlar?! Bəs qadın zəhm gətirən uzun geyimi bir dəqiqənin içərisində hardan tapıb taxıb əyninə?

Amma ağ xalat ona daha yaxşı yaraşır. Xəstəxanada. Bəli, əvət, da, yes...

- Səhər gələn müvəkkiliydi?

- Müvəkkil kimdi?

- Sahə müvəkkili, uçaskovı, polis...

- Birbaşa uçaskovı denən də, ay südəmər. Müvəkkil deyildi, uçaskovı heç deyildi. Məntəqədən gəlmişdilər. Hamısı da mülki geyimdə. Seçki bildirişlərini məntəqə üzvləri paylamır bəyəm?

- Tək qadına üç bildiriş? Sənə qol çəkdiriblər. Bildirişləri aldığına görə sənədə qol çəkmisən, düzdü?..

Qadının qaşları düyünlənir, bədəni gərilir, sonda hərbçiyə bənzəyir. Səs də görkəmə uyğun...

- Bu sualları protokoldan çıxarırıq! Vəssalam, - qapını göstərdi: - südəmər!

Kişi səhər canına yağ kimi yayılan sözə günəş zenit nöqtəsini keçəndən sonra əsəbləşir:

- Mən südəmər deyiləm. On beş yaşlı şagird də deyiləm!

- Sən məktəb direktorusan...

Şaqqa-şaraq qapı bağlanır. Səhər mülayim səslə “çığ-ğ-ğ” eləyən elə bil bu qapı deyilmiş.

Qapı ağzı hikkə ona xoşdu. Gedəndə elə bil, birdəfəlik gedirsən, qayıtmaqsa həmişə mümkündü... Sonra.

***

Daracaq liftdə ürəyi sıxılan kişi pillələri yumşaq kütlə kimi ehtiyatla basa-basa enib həyətə düşdü. İlk gördüyü təzə şey başının üstündədi: bulud. Sağa dönüb düz getdi. Bir dəstə adam gördü. Bunlar hara gəlirlər? Əgər nəsə olsa, demək, onu qalstukuyla qəttəzə kostyumu ələ verib. Topa adamın arasından biri aralanıb ona yanaşdı:

– Saat neçədi?

Əlini cibinə atıb telefonunu yandırdı. Saatı soruşan kişi telefonun ekranı işıqlanana qədər səbrlə ona baxdı.

Saat 16:04.

İndiki zamanda saat soruşan var? Çalışdı dik yerisin, dik yeriş insan şəxsiyyətinin əsas cəhətidi. Əgər səni gizli çəkmək ehtimalı varsa, çalış kameraya eybəcər düşməyəsən.

Binaların arasından qurtulandan sonra rastına boş küçə çıxdı. Getdikcə getmək istəyirsən. Çünki sənə baxan yoxdu. Balkona çıxanları nəzərə almarıq. Sağ tərəfdəki hasar qurtardı, darvazanın önündə boş gözətçi köşkü vardı. Narahat olmağa dəyməz, məktəb darvazasıdı. Bəli. Yanında kiçik hərflərlə “Seçki məntəqəsi” yazılıb. Ətraf ona yaddı, ilk dəfə yolunu bu tərəfə salıb. Qarşıda tək-təkcənə cavan bir qadın görünür. Yad yerləri vaxtilə zövq vədi verən xoşbəxtlik mənbəyi sayırdı. Xeyr. Xoşbəxtlik həmişə tanış yerdən, yaxından çıxır. Tində bahalı xarici maşın dayanıb, sürücüsü də sükanda.

Qəfil başalayan köndələn zolaqda – tünlük küçədə istəsə avtobusa minər, istəsə metroya düşər, bir balaca xərclə taksi də tutar. Mədəsində yad təamın narahatlığı yoxudu ki? Yox. Sonra... Bundan belə yolboyu birər-birər qadınlar ona baxmağa başlayırlar, ancaq bu, geyim-görkəm məsələsi deyil, bəzi qadınlar ondan da ötə şeyləri uşaqlardan və kişilərdən daha tez hiss eləyirlər; onu gözləyən çərçivələrin əlamətləri artıq idimindən sezilir!

Hə, bəli, əvət, da, yes...

Nəhəng binanın girişində iki dəqiqə əvvələdək yuxarı mərtəbələrə qalxanların qarşısını beton sütun kimi kəsən düzqamət mühafizəçidən əsər-əlamət qalmayıb – indi kənardan içəri keçən adamların üzünə gülümsəyir.

Onun adı Cümşüddü.

Saat 18:02.

Pilləkənlərdən kəskin qoxu vurur: ümid, inam, xürafat, çarə. Hüzndən başqa hələ heç kimin və heç nəyin sızmadığı uzun dəhlizlə o başacan keçib gedir.

Zəif işıqlandırılan birpəncərəli palatada qızı hərəkətsiz uzalı qadının başı üstündə oturub bığını təzə qırxdırmış kimi yalındodaq növbətçi həkimlə söhbətləşir. Bilmək istəsə bilər: o, gələndə qızı özünü itirdi, yoxsa yox.

Üç badam, bir qoz... Hə, yes, da, əvət.

2021-2022

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
# # #