"Rəssamı nənəm də döyər..." - Zamin Hacı yazır...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

7 aprel 2022
# 09:00

Kulis.az "Qum karxanasının sənətçiləri" adlı yazısını təqdim edir.

“Bu əbləhi buraxın, o, doğrudan da, rəssamdır”
(“Uzaq sahillərdə” filmindən)

Bir sabah yuxudan durub eşitdiyimiz xəbərdən şok olduq: əməkdar rəssamı tutmuşdular. Həyəcanlı saatlar keçdi, günortaya yaxın əlaqədar orqanlar yaralı qəlbimizə məlhəm sürtdülər. Özü də məlhəm o qədər çox oldu ki, şırıltısı dünyaya yayıldı.

Yoxsa bu nə deməkdir? Az qalmışdıq “rəssamı hamı incidər” düşünək. (Mən təklif edirəm xalq yaxşı başa düşsün deyə bu beynəlxalq afyorizmi “rəssamı nənəm də döyər” şəklində istifadəyə buraxaq. Nəsimi adına dilçilik idarəsindən təklifimə münasibət gözləyirəm. Bəsdir yeyib-yatdınız, hərdən danışın, dilinizi göstərin).

İsti izlərlə araşdırma getdi, ortaya prosesin detalları çıxdı. Sən demə əməkdar rəssamın adına Lənkəranda qum karxanası varmış. Qohumu işlədirmiş. Bu fağır özü fırça pulunu əməkdar rəssama dövlət büdcəsindən ayrılan otuz manatla güc-bəla çatdırırmış.

İncəsənət qalereyasının müdiri də keçən il dələduz çıxdı, tutub basdılar içəri. Uzun sözün qısası, əməkdar rəssamın adına olan qum karxanası (bu da məncə çox yaxşı oxunur: “əməkdar rəssam adına qum karxanası”) vergi orqanlarını aldatmaq istəyirmiş. Gəlirləri gizlədirmiş. Biri gəlinləri gizlədir, başqası gəlirləri. Halbuki, guya biz bilmirik qumda nə qədər pul var... Allahşükür müəllimdən soruşun, sizə desin Qumda nələr var. Guya indi bu zarafat idi, Ramazan günahımızdan keçsin.

Üstəlik, vergi orqanlarımızı heç kim aldada bilməz. Hətta aprelin birində də. Mən neçə yerdə şüar görmüşəm: “Dövlətə vergi, vətənə sevgi”. Öz musiqimiz, öz pomidorumuz. Poz, qazan, pozul, uzan. Çox musiqili-sentimental ekonomikamız vardır, ya rəbb, sən özün bu müqəddəs ayın xətrinə yetimlərin ac qarnını doyuzdur! Amin.

Nəsə, mövzudan çox kəskin uzaqlaşdıq, elə bil Sumqayıta getmək adıyla evdən çıxmışdıq, bizi Biləsuvar yolunda tutublar. Mövzu isə budur ki, respublikamızda mədəniyyət, incəsənət, ədəbiyyat böyük qayğı ilə əhatə olunmuşdur. Əgər əməkdar rəssamın qum karxanası varsa, xalq rəssamının tikinti şirkəti olmalıdır, şübhəsiz.

Elementar bir sual verim, görün buna cavabınız varmı: niyə bizdə mədəniyyət, sənət sahələri üzrə müstəqil mükafatlar, ödüllər, fərqləndirmələr qalmamışdır? Axı çox uzaq deyil, 4-5 il öncəyə qədər belə şeylər-zadlar vardı. Örnək üçün, görürdün teatr zəhmətkeşləri yığışdılar, kiməsə “Qızıl dərviş” mükafatı verdilər. Sonra da artist fəxrlə orda-burda özünü təqdim edəndə deyirdi:

“Mən “Qızıl dərviş” mükafatının laureatıyam”. Yaxud rəhmətlik Rüstəm müəllim festival düzəldirdi, mükafat verirdi. Düzdür, çox vaxt mükafatı elə özü alırdı, ancaq ziyanı yox idi, təki festival olsun. Qəzetçilərin “Media açarı” adlı ödülü vardı. Manıslar “Qızıl şlyager”, “Payız armudu”, nə bilim, “Primadonna” adı alardılar.

Hanı? Yoxdur. Hamısı it-bata düşmüşdür. Səbəb isə mədəniyyətimizə, kültürümüzə dövlət qayğısıdır. Əgər sən xalq artistinə hər kvartalda üçotaqlı ev bağışlasan, onun çıx(ar)madığı oyun qalmaz. Ta onun “dərvişlik” nəyinə lazımdır?

Keçən ay bir xalq artistimiz ağlaşırdı, deyir hökumət mənə ev vermişdi, ancaq “remont” eləməmişdi, məcbur oldum satım, gedim həyət evi alım. İndi həyət evinin yolu pis gündədir, tamaşaçıların canı çıxsın, gəlib asfaltı yamasınlar. Növbəti dəfə deyəcək gəlin aftafaya su doldurun. Sonra bəzi ağzıgöyçəklər çıxır, mırıldanır ki, niyə Gəray bəy o vaxt buna gülləni çox vurubdur. Az vurub! Allah Gəray bəyə rəhmət eləsin. Keçəli indiyəcən yolumuza işıq salır.

Jurnalistə 5 otaqlı, eyvanı dənizə açılan mənzil mükafatı verilirsə, görkəmli heykəltəraşımız Məzahir Avşarın metal və saxsıdan qayırdığı “Media açarı” onun harasına lazımdır? Nəyi açacaq? Maşallah, tam şəffaflıqdır, hər şey açıqdır. Məzahir bəy də işsiz qaldı, çıxdı getdi Türkiyədə gözəl sənətlər fakültəsində dərs deməyə.

Yazıçılar üçün nəşriyyatlar nəsə milli kitab mükafatı verərdi, burda da təşəbbüs əlaqədar orqanların əlinə keçdi.

Milli manıslarımızın işi lap maraqlı oldu. Onlar təkamülün bir neçə mərhələsini keçdilər. Əvvəlcə toylar kralı adı aldılar. Sonra hansısa pərəstişkar maşın bağışladı. Üçüncü etapda araya din, mənəviyyat girdi, indi hər manısın öz “həcisi” vardır. Boynuma alıram, bir Hacı olaraq mənim sponsorluq elədiyim manıs hələ dünyaya gəlməmişdir. Zövqüm çox yüksəklərdə uçur.


# 2298 dəfə oxunub

Oxşar xəbərlər

Raqif Raufoğlunun imza günü olacaq

Raqif Raufoğlunun imza günü olacaq

10:00 28 aprel 2024
Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
#
#
# # #