Qəşəm Nəcəfzadə: “Məni Kəramət xilas etdi” – Müsahibə

Qəşəm Nəcəfzadə, şair

Qəşəm Nəcəfzadə, şair

17 yanvar 2022
# 09:00

Kulis.az şair Qəşəm Nəcəfzadə ilə müsahibəni təqdim edir.

- Qəşəm müəllim, neçə kitabınız çıxıb?

- 38. Hekayələr, publisistika və bir də şeirlər.

- Hansı kitabı çıxartdığınıza görə peşman olmusunuz?

- Elə bir bütöv kitab olmayıb ki, ondan peşman olam. Ancaq kitabdakı hansısa şeirdən imtina ola bilər.

- Bu qədər kitabdan heç olmasa birini lazımsız hesab etməmisiniz?

- Yox. Olmayıb. Özü də mən Sovet adamıyam. 78-ci ildən “Ulduz” jurnalında çap olunmuşam. Özü də Vaqif Bayatlı məni sevə-sevə çap edib. Bu günün ən populyar şeir üslubu var e, bunun görkəmli nümayəndələrindən biri də Aqşindir. Həmin üslubu ilk dəfə ədəbiyyata mən gətirmişəm.

- Yəni Aqşin sizdən götürüb demək istəyirsiniz?

- Yox, demirəm, götürüb. Deyirəm ki, indi bəh-bəhlə təriflənən bu tip şeirləri mən o vaxt yazırdım. Onda təxəllüsümü də götürmüşdüm Böyükçöl. Onda tələbəydim.

- Deməli, gənc olanda hamı Böyükçöl təxəllüsü götürür...

- Məni o imzayla çap olunmağa qoymadılar. Sonra, 85-ci ildə Kəramət dünyaya gəldi, 2000-ci ildə yazıçı oldu və mənə icazə vermədikləri təxəllüsü ona verdim. Yəni bunu niyə deyirəm? O vaxtı, 78-də, bu günün təriflənən şeirlərini yazırdım mən.

- Bəs niyə o vaxt görünmədiniz?

- Məni yaxına qoymadılar.

- Kim qoymadı?

- Elə zamanın özü, dövrün özü, zamanı ifadə eləyən müəyyən adamların özü.

- Konkret kimlər?

- Məsələn, Vaqif Bayatlı imkan verirdi. Tutaq ki, İsa İsmayılzadə imkan vermirdi. Baxmayaraq ki, ən çox sevdiyim şair olub.

- İmkan verməyib nə deyirdi ki?

- Onda soruşmaq da olmurdu. Nə mənada? Şeirlərini aparıb verirdin, görürdün o şeirləri başqalarından fərqli olaraq kənara qoyublar. Beş dənə heca şeiri çap edib, bir dənə də o şeirlərdən çap ediblər. Mən buna görə görünə bilmədim. 90-cı illər ki gəldi, mən başladım 90-cılarla addımlamağa. Amma onlar bilmirdilər ki, mən 70-ci illərdən bunları yazırdım. O vaxta baxsan, görərsən ki, mənim nə əmək qəhrəmanına, nə Leninə şeirim var idi. Amma çoxları yazırdı. O gündən bu günə şeirlərimin mənası bunlar olub: həyat, ölüm, sevgi. Vəssalam.

- Müəllim, yenə kitab söhbətinə qayıdaq istəyirəm. Heç ürəyinizdən keçirməmisiniz ki, bu kitabdan imtina edim?

- Yox. Olmayıb. Yalandan boynuma alım ki, olub, yox. Bax, birinci kitabımın pulu ilə maşın almışam. 20 min tirajla çıxmışdı ilk kitabım. 86-cı ildə. İkinci kitabımın puluyla İmişlidə 3 otaqlı ev almışam. Və o kitablarımdan da peşman olmamışam.

- Bəs Hüseynbala Mirələmovdan yazdığınız kitab?

- Yox, olmamışam. Mən o kitabda Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsərindən yazmışam. Özü də Hüseynbala müəllimə demişdim ki, bu “paltar” sözünü ataq, elə “gəlinlik” qalsın. Çünki gəlinlik özlüyündə paltarı da ifadə edir. Hə, kitabı yazdım, çap olundu. Və sizə inandırım ki, o kitabın yazılmasından heç Hüseynbala müəllimin xəbəri olmamışdı.

- Axı deyirlər, o kitaba görə sizə maşın hədiyyə edib?

- Yox, hədiyyə verməyib. Hansı maşını deyirsən?

- İndi sürdüyünüz maşını. Cipi...

- O maşını Hollandiyada çap olunan kitablarımın qonorarına almışam.

- Nə qədər qonorar vermişdilər ki?

- Vermişdilər də, elə bir maşın alacaq qədər.

- Yəni kitaba o qədər qonorar verilir?

- İki kitabıma görə. Holland və ingilis dilində çıxmışdı kitablar.

- Şeirə o qədər qonorarın verilməyi qəribədir...

- Avropada verirlər də. Yəni Hüseynbala müəllim verməyib maşını.

- Kitabı da onun istəyinə görə yazmamısız?

- Qəti. Elə şey olmayıb. Ancaq kitabı özünə təqdim edəndə ona xoş oldu. Özü də “Gəlinlik paltarı” əsəri, doğrudan, yaxşı əsərdir. Bura, müsahibəyə gələndə qəsdən qalstuk vurmadım. Ümumiyyətlə, çox adamın qalstuklu şairdən xoşu gəlmir. Kəramət demişdi, Dayandur əmi (şair Dayandur Sevgin nəzərdə tutulur – A.A) yeganə şairdir ki, onun qalstuku görünmür, elə bil orda özlüyündən durub. Bu mənada vəzifədə olduğuna görə deyirlər, pis yazıçıdır.

- Hüseynbala Mirələmov yaxşı yazıçıdır ki?

- Mənə elə gəlir, “Gəlinlik paltarı” yaxşıdır. Oxumamısınız deyə belə deyirsiniz. Günahınız da yoxdur. Məni də oxumaq çətinliyi olub həmişə. Deyiblər, əşşi, Qəşəmdi də. Ənənəvi deyirlər. Halbuki bilmirlər, mən ənənəvi deyiləm. Oxumurdular ona görə. Amma, mənə elə gəlir, indi-indi oxuyurlar. Bunu hiss edirəm. Mən, ümumiyyətlə, qarşıma çıxan adamın haqqımda nə fikirləşdiyini qabaqcadan hiss edə bilirəm. Deyirlər, çox kitabın çıxıb, neyləyim axı, yazmışam, çıxıb da. Bəzən kitabı çox çıxana pis baxırlar e. Kitab da çıxıb da, neyləyim? Məsələn, sağ olsun Vüsalə Mahirqızı, o vaxt Lent.az-da mənə imkan yaratdı, köşələr yazdım. O köşələrdən üç kitabım çıxdı: esselər, hekayələr, publisist yazılar. Yazıçı ya jurnaldan, saytdan çıxır, ya da dərnəkdən.

- Qəşəm müəllim, bayaq dediyiniz kimi, ictimai mövqeyi olmayan, yaxud yaxşı olmayan, vəzifədə olan şair-yazıçılara qarşı bir önyarğı var. Cəmiyyət düşünür ki, onlar yaxşı yaza bilməz. Siz buna necə baxırsınız? İctimai mövqe şərtdirmi yazıçının yaxşı yazması üçün?

- Şairin, yazıçının şəxsiyyəti olmalıdır. Bu şəxsiyyət Milli Məclisin, vəzifənin, cəmiyyətin verdiyi şəxsiyyət deyil. Şair yaradıcılığının içərisindən öz şəxsiyyətini üzə çıxartmalıdır. Çox təəssüflər olsun ki, cəmiyyətimizin bizə verdiyi şəxsiyyət yaxşı yazmağımıza imkan vermir. Mənim yanıma gənc şairlər gəlir, “Azərbaycan” jurnalına şeir gətirirlər. Deyirəm, bunu belə elə, deyir, yox e, mənə gülərlər. Ona görə gülərlər ki, artıq cəmiyyət onun üçün bir şəxsiyyət formalaşdırıb. İndi oğlum olduğu üçün yox, tanıdığım adam kimi deyirəm: Kəramət Böyükçölü heç nəylə sındırmaq mümkün deyil. Çünki onun şəxsiyyəti statuslarından, hekayələrindən, yaradıcılığından gələn şəxsiyyətdir. Amma bir Milli Məclis üzvü olan şair, yazıçı bəlli mövzularda yazmaqdan çəkinər. Tutaq ki, arvad sözünü yazmaqdan, deyər, bu ayıbdı, bunu yazmaq olmaz.

- Siz də elə düşünürsünüz? Bunu yazsam ayıb olar deyə...

- Mən onu çoxdan sındırmışam e. Müəllimlik, cəmiyyətdəki nüfuzum yaradıcılığıma mane olub. Amma sənin yaradıcılığının içərisindən çıxaracağın şəxsiyyəti hamı sevəcək. Cəmiyyətdən gələn şəxsiyyət isə sənə yazmağa mane olacaq. Bax, mən Zəlimxan Yaqubu çox sevirəm.

- Evinizi almaqda Zəlimxan müəllim kömək edib, deyəsən.

- Torpağı o alıb, verib. Allah rəhmət eləsin ona! Zəlimxan Yaqub da yaxşı şairdi də. Amma Zəlimxan Yaqubun ədəbiyyata vurduğu zərbələr də var axı. Elə adicə şeir qiraəti. Pafos. Bunun özü də zərbədi. Bu pafosla, bu qışqırıqla şeir demək.

- Müəllim, bu dəqiqə mənə əvvəlki Qəşəm Nəcəfzadədən fərqli görünürsünüz. Çünki Kəramət tənqidlər eləyəndə siz açıqlamalar verirdiniz ki, Kəraməti tabutuma yaxın qoymayın, Kəraməti nə qədər eləyirəm, düzəlmir. Yəni siz Kəraməti düzəltməyə, bir qəlibə salmağa çalışırdınız elə bil.

- Həmişə burda bir anlaşılmazlıq olub. Mən heç vaxt Kəraməti dediyi fikirlərə, statuslara, yazılarına görə tənqid eləməmişəm. Ancaq ona görə tənqid eləmişəm ki, içib səhhətinə zərər vurmasın. Siz indi evdə nələr olduğunu bilmirsiniz, mən də evdə olanları deyə bilmərəm. İçkinin onu nə hala saldığını görüb pis oluram. Camaat da elə bilir ki, Qəşəm Kəramətin azad fikirlərinə mane olur. Qaldı ki, sənin dediyin tabut məsələsi... Əli Kərimin bir şeiri var e... Deyir, oğlanlarımı tabutuma yaxın qoymayın, razı deyiləm kimsə onları həyətdən çağıra... Mən bu şeiri demişəm, bütün saytlar götürüb yazdı ki, Qəşəm Nəcəfzadənin vəsiyyəti. Yaxud da Kəramət xəstəxanada yatanda mənə jurnalistlər zəng vurub soruşurdular ki, bəs Kəramət necədir. Deyirdim, xəbərim yoxdur, amma ona iynə-dərman eləyirlər, yaxşılaşır. Mən Kəramətin balacalığından ona bir dəftərcə tutmuşdum ki, Kəramət dimidrol, pensilin götürürmü. Maraqlıdır ki, Kəramətin bədəni dimidrol götürmür, halbuki allergiya üçün bu yaxşıdır. Bunu demişəm. Bah! Açdım gördüm ki, saytlar yazıb: Qəşəm Nəcəfzadə deyir, qorxuram oğluma iynə vurub öldürərlər. Bax bu sayta mən nə deyim? Eynən Hüseynbala Mirələmov məsələsində, Kəramətlə Qəşəmin münasibətləri haqda yalan yazırlar.

- Müəllim, bəzən belə bir fikir də söyləyirlər: Kəramət ona görə rahat-rahat azad fikirlər səsləndirə bilir ki, onun arxasında Qəşəm Nəcəfzadə dayanır. Hər vaxt Qəşəm müəllim oğluna görə üzr istəyər və məsələ həll olunar. Xəlil Rza məsələsində bunu gördük. Hətta o vaxt mən Sabiri tənqid edəndə Kəramətin özü yazmışdı ki, bədbəxt, atan da yoxdu, sən kimə güvənib tənqid edirsən. İndi bu zarafat da olsa, cameədə belə bir fikir formalaşıb ki, Kəramət sizə arxayındır.

- Görünür, bunu Kəramətdən soruşmaq lazımdır. Mən ona bildiyimi öyrədirəm, bir də gördün məndən bir qığılcım düşür ona gedib yazır. Kəramətə qayğı göstərirəm sadəcə. Bax bayaq sən dedin ki, qabaqkı Qəşəm deyilsən. Niyə belə dedin, bilirsən? Çünki biz qabaqlar söhbət eləməmişik. Siz başqa adamların danışıqlarından nəticə çıxarmısınız. Mənim əleyhimə çox söhbətlər gedib. Elə sənin bu sualın həmin söhbətlərin məhsuludur. Həmişə deyiblər ki, əşşi, Qəşəmdi də. O elədi, o belədi. Bu söhbət də həmin söhbətlərin davamıdır. Əleyhimə çoxlu kampaniyalar olub həmişə.

- Niyə, sizcə? Ola bilərmi ki, o vaxtlar, AYB-AYO (Yazıçılar Birliyi və Azad Yazarlar Ocağı) davaları zamanı siz əks cəbhədə idiniz, AYB tərəfdən vuruşurdunuz, quruma olan tənqidlərə cavab verirdiniz, Anarı müdafiə edirdiniz. Bütün bunlara görə ola bilərmi?

- İnanırsan, Ayxan, mən heç vaxt onların əleyhinə yazı yazmamışam.

- Bəs niyə həmişə sizin adınız hallanıb?

- Mən AYO ilə bağlı Yazıçılar Birliyini müdafiə etməmişəm. Sadəcə bircə dəfə Anarın özü haqqında yazı yazmışam. Adı da “Azərbaycanın Anarı” idi. O vaxtı bir xanım vardı, “Ulus” qəzetində yazırdı. Elə yazırdı ki, elə bil ANS-in Əlcazairə ezam olunmuş müxbiri idi. Deyirdi ki, bu dəqiqə gərgin vuruşmalar gedir, AYO ilə AYB arasındakı vuruşmalar səngimək bilmir... Əslində isə mahiyyətdə heç nə yox idi. Bütün məsələlərin kökündə iqtisadiyyat dayanır. Mənim AYO-çulara nə sözüm ola bilərdi? Uzaqbaşı Rasim Qaracaya deyirdim ki, gedin qurumunuzu qeydiyyatdan keçirin, qrant-zad alın, yaşayın.

- Onlar da qeydiyyatdan keçirə bilmədi də...

- Niyə?

- Ədliyyə Nazirliyi icazə verməmişdi.

- O icazəni ala bilməmişdilər də. Bax, biri əlində bıçaq tutursa, ona salam əlöyküm deməyəcəksən ki? Sən də qarşılığını verməlisən. Yoxsa səni vuracaq. Gərək qarşındakı adamla dil tapasan – bu da iqtisadi, siyasi dialoqdur.

- Müəllim, siz əks cəbhə olduğunuzu qəbul etmirsiniz? Sizin haqqınızda ayrıca olmasa da, yazıların içində tənqidlərin hədəflərindən biri də siz idiniz. Və sizi əks cəbhənin ən parlaq nümayəndəsi kimi görürdülər.

- Səmimi deyim, haqqımda yazılan yazılar mənim şairliyim üstünə kölgə salmaq üçün idi. Məni oxuculara unutdurmaq üçün edirdilər bunu. O vaxt Tahir Kazımlının “Proloq” qəzetində şeirlərim getmişdi, özünün də şeirlər xoşuna getmişdi. Səhifənin üstünə isə “AYB-nin səhifəsi” yazmışdılar.

- “Alatoran” jurnalında da sizin şeirlərin bu ad altında təqdim olunduğunu xatırlayıram...

- Hə də, bunlar qəsdən eləyirdilər ki, oxuyan adam AYB-ni görüb oxumasın.

- AYB yazılanda oxunmurdu ki?

- Camaatda AYB-yə qarşı bir allergiya var idi də. Bir dəfə bir xanım mənə yazıb ki, AYB harda yerləşir. Mən də ona dedim. Gördüm, bir neçə saatdan sonra yazıb ki, AYB ləğv olunmalıdır (gülüşmə).

- Niyə?

- Tapa bilməyib deyə. Deyirəm, tapa bilmədin, tay niyə yazırsan ki, AYB ləğv olunmalıdır? (gülür) Bu camaatda müəyyən bir dövrdə AYB-yə qarşı bir allergiya var idi. Özü də daha çox gənc oxucularda. Onlar da bunu ona görə eləyirdilər ki, AYB-ni görüb məni oxumasınlar.

- Gözdən salmaqdan ötrü...

- Hə, gözdən salmaqdan ötrü eləyirdilər. Ancaq mən özüm üçün onu gözdən salmaq kimi qələmə verə bilmərəm. Çünki mən AYB-də işləməklə fəxr edirəm. Burası ayrı. Onlar isə məni AYB-çi kimi təqdim edirdilər. Danışmaq, bir müzakirə istəyəndə də qaçırdılar. Sonra da gedib əleyhimə yazırdılar. Bu mərdlikdən deyil axı. Bu cür şeylər mənim imzama mane olurdu. Və mənə elə gəlir ki, Kəramətin ortaya çıxması mənə kömək oldu.

- Necə ki?

- Kəraməti tanımaqla həm də məni tanıdılar. Kəramət sübut elədi ki, oğlu belədirsə, deməli, atası da belə biri deyil. Atası o cür ola bilməzdi ki, oğlu bu cür olsun.

- Kəramətin özünə də bu mənada sataşırdılar həmişə: Qəşəmin oğlusan... Atmaca kimi...

- O qədər məni tənqid edib gözdən salırdılar ki... “Pərvanə” ədəbi məclisində mənə cavab verə bilmirdilər, çıxıb orda-burda əleyhimə yazırdılar.

- Nəyə cavab verə bilmirdilər?

- Şeirlərini tənqid edirdim, onurğasını, ürəyini, böyrəyini göstərirdim. Cavab verə bilmirdilər. Gedib ayrı yerdə danışırdılar. Ə, üz-üzə oturmuşuq da, nə sözün var de da. Amma görürdüm ki, dialoqlarda da mənə uduzurlar.

- Müəllim, Kəramət sizə olan bu münasibətə görə əzab çəkib sizə əsəbiləşirdi?

- O, gəlib mənə deyirdi ki, ata, sənə haqsızlıq eləyirlər. Yazılarımı oxuyub deyirdi, sənin yazdığını heç kim yazmayıb.

- Kəramət sizin AYB-də olmağınıza nə deyirdi bəs?

- Mən Kəraməti AYB-də işlədiyim pulla böyütmüşəm. Və hamı da bilirdi ki, Qəşəmin yetişdiriyi oğul bu cür azad düşüncəlidirsə, deməli, özü də elədir. Mən rüşvətxor, yaltaq böyütməmişəm e. Mən oğul böyütmüşəm. Onlar gördülər ki, bu Qəşəmin ifadəsidir.

- Sizə olan təzyiqlər, kampaniyalar dayandı, sizcə?

- Mənə elə gəlir, Kəramət dayandırdı bunu. Hətta Rasim Qaraca da bu yaxınlarda mənə bir söz dedi. Guya bununla da məndən hayıf çıxırdı. Dedi, Kəramət sənin şöhrətindi. Kəramət məni xilas elədi o söz-söhbətlərdən.

- Kimlər eləyirdi bu kampaniyaları?

- Nə bilim e... (fikrə gedir) Ad çəkmək istəmirəm.

- Yox e, axı kim edirdi bunları?

- Mənim öz ətrafım, “Pərvanə” ədəbi məclisində yığışanlar. Götürüb ovaxtkı nazir Polad Bülbüloğluna şikayət eləyirdilər ki, Qəşəm Sabir kitabxanasında tədbir keçirdir, biz kitab oxumağa gedə bilmirik. Məsələn, bir dəfə İsa Qəmbər “Pərvanə” ədəbi məclisini qəbul etmişdi və bizə 3000 manat yardım etmişdi. Bu qəzetdə də getdi. Səhəri gün tədbir olmalıydı, kitabxanaya getdik ki, bağlıdır, kitabxanaçını da işdən çıxarıblar. Mən Anar müəllimin yanına getdim, məsələni danışdım, Anar da dedi ki, Polad müəllimlə danışaram, səni qəbul edər. Mən Polad Bülbüloğlu ilə görüşdüm. Ona başqa şikayətlər də olmuşdu. Mən Polad bəyə “Pərvanə” ədəbi məclisinin tarixindən danışdım. Dedim, 17-ci ildə bura Cəfər Cabbarlı gəlib, sonra Ordubadi, Səməd Vurğun və s. Polad Bülbüloğlu dinləyəndən sonra dedi ki, bu mənəvi sərvətdir. Sonra dedi, gəl sənə iş verək. Mən də onda müəllim işləyirdim, bir az nəm-nüm elədim. Dedi, yox, gərək sənin kimi biri bizimlə işləyə. Məni qoydular “Mədəniyyət” qəzetinin məsul katibi. Və “Pərvanə” ədəbi məclisi də bərpa olundu. Ondan sonra bizi Əli Əhmədov qəbul elədi, Siyavuş Novruzov mənə zəng elədi ki, məclislə görüşmək istəyirlər. Mən böyük işlər görmüşəm e. Bunları görüb yazırdılar: Qəşəm keçdi müxalifətə, Qəşəm keçdi iqtidara. Qardaş, bu ədəbiyyatın nə müxalifəti, nə iqtidarı? Mən şairəm, heç bir ictimai-siyasi fəaliyyətim yoxdu. Həmişə mənə tutulan irad bu idi: Qəşəm niyə AYB-də işləyir? Şair AYB-də işləyəndə pis şair olur? Anara gücləri çatmırdı, mənə daş atırdılar... Biz bir-birimizə qəzetlərdə cavablar verirdik. AYO-çular bizdən yazırdı, biz onlardan...

- Sizin Anara olan münasibətiniz, onun sizə kömək etməsi də bəzən sərt tənqidlərlə üzləşib...

- Hansı kömək?

- Deyirlər, ürək əməliyyatında sizə pul verib.

- Bax, görürsən şayiələr bu cür yayılır. Hətta bir dəfə belə bir şey yaymışdılar ki, guya mənim həyat yoldaşım AYB-də işləyir, özü də Prezident təqaüdü alır. Ay qardaş, niyə yalan danışırsan? Mənim yoldaşım orda işləmir axı. Ümumiyyətlə, haqqımda çoxlu şayiələr var. Məsələn, birini deyim. Deyirlər, Qəşəmin rayonda evi var. Elə də deyirlər ki... Ə, adamın rayonda evi olar da! Bir nəfərin Qəbələdə 20 sot torpağı vardı, ona pulla 2 sotu mənə satmasını demişdim. Məni görəndə deyirdi ki, ey mənim qəbələli qonşum. Həmin adam gedib deyibmiş ki, Qəşəmin Qəbələdə də evi var. Yaxud Qəşəmin Bakıda da evi var. Ayə, adamın evi olar da. Elə şey deyilər ki, elə bil belə çıxır: filankəsin arvadı var (gülüşmə).

- Sizin haqda bir status da yazılmışdı. Məşhur feysbuk fenomeni Nail Zeynalov. O statusu böyük bir reaksiya doğurdu. Bir uşağa müəllim işləyərkən şillə vurduğunuzu yazmışdı...

- Qətiyyən elə şey olmayıb! Mən ona dəfələrlə yazmışam, cavab da verməyib. Axırı, onun sinif yoldaşlarına dedim ki, bu adama deyin, axı belə bir şey olmayıb.

- Uydurmadı onda?

- Hə. Mən ömrü boyu uşaq vurmamışam. Bircə dəfə Kəraməti vurmuşam. O da nəyə görə? Kitab filan almışdım. Qəfildən girdim bunların sinfinə. Kimya dərsi idi. Dedim, dərsi oxumusan, dedi yox, dedim, kitab almısan bəs. dedi, hə. Tapp, bir şillə vurdum buna. Vəssalam. Əməliyyat söhbətinə gələndə isə... Əməliyyat üçün pulu Kəramət Böyükçölə Abel Məhərrəmov verib. Vəssalam. Ümumiyyətlə, ürək əməliyyatı söhbətini söyləntiyə çevirməzlər. Kəramət onda universitetdə işləyirdi və Abel müəllim 10 min manat mənim əməliyyatım üçün yardım etdi. AYB kömək etməyib. Özüm istəməmişəm. Görmüşəm ki, vəziyyət bu cürdür, istəməmişəm.

- Anarın sizə bu cür yardımı olmayıb?

- Yox, yox. Anar müəllimin bir köməyi o olub ki, məni “Azərbaycan” jurnalına işə götürüb. Anarı yazıçı kimi də sevirəm, rəhbər kimi də. İndi bəziləri deyir, Anar elə-belə. Ay qardaş, qurultayda ver namizədliyini, sədr seçilərsən lap yaxşı, olmazsan, yenə yaxşı.

- Sizin sədr olmaq fikriniz yoxdur?

- Xeyr! Belə bir arzu doğulmayıb!

- Müəllim, o günlər üçün darıxmırsınız? Hər halda, proses var idi...

- Yox! Biz ədəbiyyata dərnəklərlə gəldik. Sonra çıxdıq mətbuata. Sonra da çıxmalıydıq televiziyaya. Televiziya da qoymadı. İndi ayrı bir dalğa var. Məsələn, feysbukda, yaxud da televiziyada birini, bir aşığı tənqid elə, dəliyə dönəcək, üstünə qoşun göndərəcək. Çünki onlar əməlli-başlı şişirdiliblər. Ancaq üzbəüzdə danışmaq daha yaxşı nəticə verir. Sənə bir şey deyim, dərnək tərbiyəsi görmüş adamlar nadinc olmurlar, mübahisəyə girmirlər. Dərnək tərbiyəsi yox, televiziya tərbiyəsi görən isə... Vay! Ürəyi gedər...

- Qəşəm müəllim, son olaraq... Xalq şairi olmaq istəmirsiniz?

- Yox, mənə Əməkdar mədəniyyət işçisi xadimi veriblər. “Qızıl kəlmə” mükafatı da almışam. Mənə bəsdir bu. Əsas öz yazdıqlarımın nə qədər uğurlu alınmasıdır. İndi oxucular məni oxuyur. Artıq şayiələrin buzu sınmaqdadır. Bir xanım yazmışdı ki, Kəraməti oxudum, o, yaxşı yazıçıdır, halbuki onun atası Qəşəm mənasız yazıçıdır. Sonra da deyir, bu yazılanları Qəşəm yazıb. O dediyin nədir, bu dediyin nə? Mən insanları sevirəm. Bu cür şayiələr nəyə lazım? Hər şey ortadadır. Mən obyektiv adamam. Oturub şeirimi tənqid eləsinlər, yıxıb sürüsünlər. Ancaq şəxsi söhbətlərin başını buraxsınlar.

Foto: Sabir Məmmədov

# 5186 dəfə oxunub

Oxşar xəbərlər

# # #