Oğurluğa haqq qazandıran Azərbaycan şeiri – Mətn

Oğurluğa haqq qazandıran Azərbaycan şeiri – Mətn
8 iyun 2021
# 10:30

Kulis.az kitab oğurluğunun gündəm olduğunu nəzərə alıb “Günün şeiri” layihəsindən mərhum şair Nüsrət Kəsəmənlinin “Oğru olmaq istəyirəm” şeirini təqdim edir.

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı?
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözü yaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal çatıb yandırırlar bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

Nüsrət Kəsəmənlidən gözəl bir şeir: “Dəli Zəhra”

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #