Avropa Polis Təşkilatı (Avropol) 2022-ci ildə baş vermiş və məşhur "Peaky Blinders" serialının üslubunda həyata keçirilmiş səs-küylü soyğunda əli olmaqda şübhəli bilinən serbiyalı Ninoslava Yoviçi axtarışa verib.
Kulis.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Hadisə 2022-ci ildə keçirilən nüfuzlu TEFAF incəsənət yarmarkasında qeydə alınıb. "Peaky Blinders" serialının qəhrəmanları kimi xüsusi tikilmiş klassik kostyumlar və səkkizguşəli kepkalar geyinmiş dörd soyğunçu yarmarkaya daxil olub. Onlar cəmi iki dəqiqə ərzində vitrinləri sındıraraq 40 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar. Hadisə zamanı heç kim xəsarət almayıb və dəstə üzvləri cinayət yerindən elektrik samokatları ilə uzaqlaşaraq izlərini itiriblər.
Avropolun məlumatına görə, cinayətkarlar soyğundan sonra Almaniya ərazisindən keçərək Serbiyaya qaçıblar. Məhz bu qaçış zamanı onlar yol kameralarına düşüblər. Hazırda Avropolun "Ən çox axtarılanlar" (Most Wanted) siyahısına daxil edilən Ninoslava Yoviçin soyğunçulara qaçış prosesində yaxından kömək etdiyi ehtimal olunur.
İndiyədək oğurlanan sərvətdən yalnız üç brilyant tapılıb — onlar müvafiq olaraq İsrail, Honkonq və Botsvanada aşkar edilib. Lakin kolleksiyanın ən qiymətli parçası olan nadir sarı brilyant hələ də axtarışdadır. Polis bu peşəkar dəstənin əsasən Serbiya və Monteneqroda fəaliyyət göstərən, dünyanın ən təhlükəli zərgərlik oğruları şəbəkəsi kimi tanınan "Çəhrayı panterlər" (Pink Panthers) ilə əlaqəli olduğunu istisna etmir.