“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı

“Vəhşi təbiətin super qəhrəmanları”  sərgisi açıldı
5 fevral 2026
# 11:40

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman - “Dovşan xanım” (“Rabbit woman”) və “İt adam”ın (“Dog man”) macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını canlandırır.

Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər