Kolizeydə imperator tuneli - 2000 illik sirr

Kolizeydə imperator tuneli - 2000 illik sirr
9 oktyabr 2025
# 11:13

Qədim Romanın simvoluna çevrilən Kolizeyin 2000 ildən sonra daha bir sirri üzə çıxıb.

Kulis.az xəbər verir ki, arxeoloqlar arenanın altında Roma imperatorlarının xalqdan gizli şəkildə Kolizeyi tərk etdiyi gizli tunelin mövcudluğunu təsdiqləyiblər.

Təxminən 55 metr uzunluğundakı tunel Kolizeyin cənub tribunalarının altından keçir və birbaşa imperatorun lojasından çıxışa aparır. Tunel eramızın I–II əsrləri arasında Kolizeyin inşasından on illər sonra tikilib.

Kolizeyin inşasına eramızın 72-ci ilində imperator Vespasian dövründə başlanılıb və onun varisi Titusun hakimiyyəti dövründə – eramızın 80-ci ilində tamamlanıb. Bu günə qədər salamat qalan qədim amfiteatr bir zamanlar qladiator döyüşləri, vəhşi heyvan ovları və ictimai edamların keçirildiyi yer olub. Ridli Skotun məşhur “Qladiator” filminə ilham mənbəyi olan bu möhtəşəm tikili qədim Romanın güc və ehtişamının simvoluna çevrilmişdi.

Arxeoloqların fikrincə, bu tunel təkcə gizli çıxış kimi deyil, həm də qladiator məktəbi olan "Ludus Maqnus" ilə əlaqə saxlayaraq imperatorun döyüşlərdən əvvəl qladiatorları ziyarət etməsinə imkan yaradırdı. Qladiatorlar burada səhər və günortadan sonra məşq edir, dar taxta dirəklər üzərində rəqiblərini simulyasiya edirdilər.

Tunelin daxili memarlığı və bəzəkləri də diqqət çəkir. Bərpa işləri zamanı mifoloji fiqurların təsvir olunduğu divarlar, mərmər üzlüklərə aid metal bağlama izləri aşkarlanıb. Dionis və Ariadna səhnələrini, ayı döyüşlərini və qaban ovlarını əks etdirən rəsmlər də qorunub saxlanılıb.

Tünel XIX əsrdə kəşf edilsə də, yalnız indi genişmiqyaslı bərpa işlərindən sonra ictimaiyyətin ziyarətinə açılıb. Kolizey Arxeoloji Parkının mütəxəssisləri bu açılışı “fövqəladə əhəmiyyətə malik” hadisə kimi qiymətləndirirlər. İndi ziyarətçilər imperatorların qədim izləri ilə eyni yoldan keçə biləcəklər.

Bu gizli keçid eramızın 180-ci illərində qladiator döyüşlərində iştirak etdiyi məlum olan mübahisəli hökmdar imperator Kommodusa həsr olunub. Oksford Universitetindən Dr. Endryu Sillettin sözlərinə görə, Kommodus bir dəfə Kolizeydə dəvəquşu ilə döyüşərək onun başını kəsib tamaşaçıları heyrətə salmışdı. O, Roma ənənələrini pozaraq aristokratların ayaq basmamalı olduğu arenada özü döyüşərək tarixə düşmüşdü.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər