Heç vaxt ailə qurmayan, məşhur nəsildən olan, evində ölü tapılan aktyorumuz haqqında bilmədiklərimiz...

Heç vaxt ailə qurmayan, məşhur nəsildən olan, evində ölü tapılan aktyorumuz haqqında bilmədiklərimiz...
20 dekabr 2022
# 12:00

Kulis.az dekabrın 17-də vəfat edən azərbaycanlı aktyor Sadiq Əhmədov haqqında maraqlı faktları təqdim edir.

Sadiq Əhmədov 5 fevral 1960-cı ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Əslən Qazax qəzasının Yuxarı Salahlı kəndinə mənsub məşhur Vəkilovlar nəslindəndir. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur.

***

O, 1978-1982-ci illərdə o vaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda görkəmli sənətkar Mehdi Məmmədovun kursunda təhsil alıb.

***

Hərbi xidmətdən sonra 1984-cü ildə Rus Dram Teatrında, daha sonra "APOPOS" Teatrında, 2000-2012-ci illərdə isə, Rüstəm İbrahimbəyovun İbrus Teatrında aktyor kimi fəaliyyət göstərib.

O, İbrus Teatrında "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda maraqlı obrazlar yaradıb.

***

Aktyor həmçinin “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə bir-birindən fərqli rollar ifa edib.

62 yaşlı aktyor heç vaxt ailə həyatı qurmayıb. Tək yaşayırmış. Bakıda qohum-əqrəbası olsa da, aktyorun qohumları ilə ünsiyyəti az olub. Hətta deyilənə görə, aktyorun qardaşı yüksək vəzifələrdən birində çalışır.

***

Aktyor 17 dekabr Bakıda yaşadığı evdə ölü tapılıb. Qohumlarının sözlərinə görə mərhumla ünsiyyət ölümündən iki gün əvvəl olub. Sonrakı günlərdə Sadiq telefon zənglərinə cavab verməyib. Haqqında heç bir xəbər ala bilməyən qohumları onun evinə gələrkən aktyorun iki gün öncə vəfat etdiyi məlum olub.

Sadiq Əhmədov dekabr ayının 18-də Təzə Pir məscidindən son mənzilə yola salınıb.

# 22552 dəfə oxunub

Müəllifin son yazıları

# # #