“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edildi

“Ədəbiyyat adamı - 2026”  mükafatı təqdim edildi
7 may 2026
# 21:03

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun sədri, Xalq yazıçısı Kamal Abdulla “Ədəbiyyat adamı” mükafatının mahiyyəti və onun Azərbaycan ədəbi mühitində tutduğu yer barədə danışıb. “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu münasibətlə ədəbiyyatçılarımız, ziyalılarımız üçün mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək”, - deyən rektor bildirib ki, “Ədəbiyyat adamı” mükafatı yalnız bədii yaradıcılığa deyil, bütövlükdə ədəbiyyata xidmətə, söz sənətinə sədaqətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən qiymətdir. Müasir dövrdə ədəbiyyat cəmiyyətin mənəvi yaddaşını yaşadan ən mühüm sahələrdən biridir və belə təşəbbüslər ədəbi mühitin inkişafına stimul verir. “Ədəbiyyat adamı” anlayışı yalnız yazıçı və şairlə məhdudlaşmır; ədəbiyyatı sevən, onu yaşadan, təbliğ edən və ona xidmət edən hər bir şəxsi ifadə edir.

Daha sonra “Ədəbiyyat adamı” mükafatının builki laureatlarının təltifetmə mərasimi keçirilib. “Ədəbiyyat adamı” mükafatına layiq görülənlər – Əli Əmirli, Kamran Nəzirli, Qulu Ağsəs, Əbülfət Mədətoğlu, Şahanə Müşfiq, Kənan Hacı, İntiqam Yaşar, Kəramət Böyükçöl, Püstə Axundova və Elnarə Qaragözova təltif olunublar. Təltif olunan laureatlar göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə tanınmış ziyalılar - Əli Əmirli, Əbülfət Mədətoğlu, Muxtar İmanov, Qulu Ağsəs, Kamran Nəzirli, Kənan Hacı, İntiqam Yaşar və Həmidə Əliyeva çıxış edərək Azərbaycan ədəbiyyatının dünəni, bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, “Ədəbiyyat adamı” mükafatı yalnız təltif deyil, həm də söz sənətinə verilən yüksək qiymətdir. Bu cür layihələr ədəbi mühitin canlı saxlanılmasına, yaradıcı insanlar arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edir.

Müasir ədəbi mühitin aktual məsələləri ətrafında aparılan müzakirələrdə natiqlər yaradıcı şəxslərin bir-biri ilə əlaqələrinin genişləndirilməsindən, ali məktəblərdə tələbələrlə ədəbi görüşlərin keçirilməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, belə görüşlər gənc nəslin ədəbiyyata bağlılığının güclənməsinə, mütaliə mədəniyyətinin inkişafına mühüm təsir göstərə bilər. Azərbaycan ədəbiyyatının müasir mərhələdə qarşısında duran əsas vəzifələrdən danışan natiqlər bildiriblər ki, dəyişən və qloballaşan dünyada milli dilin, düşüncənin və ədəbi ənənələrin qorunması xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, səmimi və yaradıcı atmosferdə keçən “Ədəbiyyat adamı” mükafatının təqdimetmə mərasimi bir daha göstərdi ki, Azərbaycanda sözə, sənətə və ədəbi düşüncəyə verilən dəyər milli mədəniyyətin əsas dayaqlarından biri olaraq qalır. Bu cür layihələr həm ədəbi ənənələrin yaşadılmasına, həm də də gənc yaradıcı nəslin formalaşmasına mühüm töhfə verir.

Qeyd edək ki, “Ədəbiyyat adamı” mükafatı ilk dəfə 2018-ci ildə eyni adlı layihə çərçivəsində təsis olunub. Layihənin ideya bazasında Azərbaycan ədəbi-mədəni mühitinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişafına təkan vermək məqsədi dayanır. “Ədəbiyyat adamı” mükafatının əsas fərqləndirici xüsusiyyətlərindən biri onun “rəqibsiz” model üzərində qurulmasıdır. Yəni, burada kriteriyalar klassik mükafat modellərindən fərqli olaraq, rəqabət üzərində deyil, daha çox ədəbiyyata xidmət fəlsəfəsi üzərində qurulub. Müxtəlif ədəbi sahələrdə fəaliyyət göstərən şəxslərin seçilərək təltif olunması mükafatı daha inklüziv və mənəvi baxımdan əhatəli edir. Bu baxımdan, “Ədəbiyyat adamı” yalnız mükafatlandırma aktı kimi deyil, həmçinin ədəbi dəyərlərin yenidən təsdiqi funksiyasını da yerinə yetirir. Qaliblər sırasında şairlər, yazıçılar, ədəbi tənqidçilər və ədəbiyyatşünaslar yer alır ki, bu da ədəbi prosesin çoxşaxəli strukturunu əks etdirir.

Ənənəyə uyğun olaraq, hər il may ayında tanınmış ədəbiyyat nümayəndələri “Ədəbiyyat adamı” mükafatı ilə təltif edilirlər. Mükafatların may ayında təqdim olunması isə simvolik xarakter daşıyır. Belə ki, may ayı Azərbaycan tarixində mühüm ictimai-siyasi hadisələrlə bağlıdır və milli yaddaşla ədəbi düşüncənin vəhdətini ifadə edir.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər