Elinaya şeir yazıldı – Mətn

Elinaya şeir yazıldı – <span style="color:red;">Mətn
9 aprel 2019
# 10:43

Kulis.az şair Cəlil Cavanşirin bu yaxınlarda intihar etmiş qız haqda yazdığı şeiri təqdim edir.

Elina,

şeirlər yağır səmadan

kirlənməmiş küçələrə.

qarşımızı kəsən barrikadalarda,

ölüm sükutuyla susan üzlər,

kirlilər və təmizlər,

və bizlər,

sabaha ümidsizcə yürüyən şairlər...

Elina,

şeirlər yağır küçələrə,

şeir yağışı...

susur bir ana naləsi, dinir bir ana qarğışı.

və tanrının qarışıqdır başı.

ya kimsə onu aldadır,

ya da dualar yoldadır.

ölüm hər addımbaşı arxamdadır.

şeir kirlənmiş üzləri yumur, isladır.

hər kəs öz azadlığı,

öz ümidi boydadır...

sizlər,

ey, sizi deyirəm, sizlər

sizin günahınızı şeir deyil, qan təmizlər.

ey günahkar şəhərin sərsəri şairləri

şeir yuya bilməz içinizdəki kədəri,

siz yaşayan şəhərdə çoxalır uşaq qəbirləri

şeir belə xilas etmir sizləri...

şeir xilas etmir bizləri...

Elina,

şairlər ölür tənha gecələrdə,

şeirlər yağır küçələrə

gecənin qaranlığında nə günah işlənir, nə savab

Siz susun,

siz yatın,

siz için

inqilabı gözləməyin küçələrdə

siz olmadan da başlayar inqilab!

# 3039 dəfə oxunub

Müəllifin son yazıları

# # #