Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası - Elmir Həsən

Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası - Elmir Həsən
19 may 2025
# 11:28

Kulis.az Elmir Həsənin "Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası” adlı yazısını təqdim edir.

Fransız tənqidçisi və semiotiki Rolan Bart yazırdı ki, müasir şeirdə mənanı müəllif yox, oxucu yaradır. Şeir artıq tək bir məna daşımır — hər oxunuşda yeni anlamlar doğur. Biz Rolan Bartın nəzərdə tutduğu oxucunu iki fərqli şəxsiyyət kimi təsəvvür edə bilərik: biri yüksək ədəbi-intellektual hazırlığa malik oxucu, digəri isə tənqidçidir. Çünki yalnız simvolizmlə zənginləşmiş və düşünməyə təşviq edən şeirlərin mənasını dərk etmək, onları sorğu-suala çəkmək bacarığı məhz bu iki oxucu tipinə xasdır. Bu baxımdan, müasir poeziya ilə klassik poeziya arasında nəzərəçarpacaq fərqlər mövcuddur. Müasir poeziyanın başlıca xüsusiyyəti onun insan xarakteri ilə sıx bağlı olmasıdır. Postmodern və metamodern insan azadlığa və sərbəst həyata meyillidir. Bu meyil poetik janrların sərhədlərinə də təsir göstərir — ənənəvi forma və qaydalardan uzaqlaşma müşahidə olunur, qafiyənin hökmü isə yeni mənalar axtarışına yol verir. Fəlsəfə, psixologiya və tarix yenidən ədəbiyyatla qovuşur; məhəbbət mövzusu isə əvvəlki mərkəzi yerini nisbətən itirir. Bunun səbəbi isə meta-insanın yeni həyat forması axtarışına çıxması, sevgidən yorulması, təkliyə alışması və duyğularını məntiqin hökmünə tabe etdirməsidir.


Qeyd etdiyimiz bu cəhətləri Salam Sarvanın yaradıcılığında aydın şəkildə müşahidə etmək mümkündür. O, ədəbiyyatımızda spesifik üsluba malik şairlərdən biridir. Əksər şeirləri intertekstuallıq üzərində qurulmuşdur; bəzi şeirlərində isə müəllif sanki sözlə rəqs edir: ən incə çalarlı sözləri tədrici qradientlə seçir və onları misralara çevirir. Bu zaman əvvəlki misraları sonrakılarla həm zidd, həm də oxşar palimpsest edir.

Saatın əqrəbləri
Biri-birinin üstə:
Qıfılnan bağlanıblar
Üçü də «bir»in üstə.

Bu şeirdə saatın əqrəbləri bir nöqtəyə toplanaraq həm fiziki, həm də məcazi mənada bağlılıq və məhdudiyyət ifadə edir. Başqa bir şeirində isə realizmin üzərinə yüngülcə “proletariat” sığalı çəkir, şaquli formada mənalar arasında ziddiyyət yaradır:

Daha nələr?..
Kötük postamentlər üzərində
Həmişəyaşıl abidələr.
Daha kimlər?..
Pəncərəsi kamera divarından
Təqvim kimi asılmış məhkumlar.

Təqvim kimi asılmış məhkumlar bənzətməsi yaradıcı təsəvvürün metamodern dünyaya istiqamətlənmiş ən kulminativ və intellektual mərhələsidir.

“Daha nələr?..” və “Daha kimlər?..” sualları poetik nitqin ritorik üsullarındandır. Şair burada cavabdan çox təəssüf, heyrət və narahatlıq hisslərini ifadə edir.

“Kötük postamentlər üzərində həmişəyaşıl abidələr” bənzətməsi ilə şair ölüm və ölümsüzlük dualizmini ədəbi mərkəzə gətirir. “Kötük” (kəsilmiş ağac) bitmiş həyatın anlamını əxz edirsə, “həmişəyaşıl abidə” daimi yaddaş, əbədi hörmət mənasındadır.

Şeir azadlıq və məhkumluq, yaddaş və unudulmaq, varlıq və yoxluq mövzularını əhatə edir. Eyni zamanda şəhidlik, müqavimət, tarixi travmalar (məsələn, repressiyalar, müharibə, işgəncə dövrləri) kimi mətnaltı məzmunlar verir.

Lakin “həmişəyaşıl” ifadəsi eyni zamanda qıclığın da əlamətidir. Yerində sayan, iflic düşüncə, manqurt mənasında da bu ifadə omonim məna daşıyır. Şeirdə isə kötük postamentin üzərində həmişəyaşıl abidə zamanın kütləşdiyini, iflic olduğunu göstərir.

“Pəncərəsi kamera divarından təqvim kimi asılmış məhkumlar” – burada məkan və zaman anlayışları çarpazlaşır. Məhkumun həyatında “pəncərə” artıq azadlığa yox, təqvimə baxış nöqtəsidir — zamanın axışı və gözləmə rəmzidir. Məhkumun pəncərəsi artıq fiziki çıxış yox, təqvimdə dəyişən günlərin rəmzidir — bu da ekzistensial tənha qalma halının göstəricisidir.

“Daha kimlər?..” sualı həm faciənin davam etdiyini, həm də gələcəkdə də bu qurbanların ola biləcəyini göstərir. Bu sual həm fərdi kimlik, həm də kollektiv yaddaş üzərində düşünməyə çağırır.

Bu mənada, şair üçün zamanın hərəkəti də tükürpədicidir: eynilə qatar relsinin döngələrə tuş gəldiyi zaman sürtünmədən çıxardığı ət ürpəşdirən səs kimi...(!)

Başqa şeirində də zaman dirənib, yerində sayır:

Söndür ekranları, ta bundan belə
Nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
Gəl gedək oturub saata baxaq.


Amma xüsusilə qeyd etməliyik ki, Salam Sarvanın düşüncəsindəki zaman daha çox yetişkin insanın təsəvvüründəki zamandır. İnsan ömrünə görə zamanın leksikası da nisbidir. Bu cəhətdən Salam Sarvanın zaman anlayışı moldovalı şair Qriqore Vyerunun zamanından fərqlənir.

Zamanın ilk körpə tərifi ağlımda süpürgə səsi kimi qalıb. Bahar günəşinin atmosferində kəndin qu quşunun, qaranquş səsinin şəfəqlə rənglənmiş mavi səmasının tərkində assosiasiya olunmuş halı ilə yaddaşıma hopub zaman.

Böyük rumın şairi, Moldovanın görkəmli ədəbiyyat nümayəndəsi Qriqore Vyerunun da şüurundakı zamanın qeyri-xəyali tərifi onun poeziyasını da öz səmtinə salıb. Bunu aşağıdakı misrada rəngə doymuş koloritlə duymaq heç də çətin deyil:

Yetişmiş moruq kimi
Üfüq alışıb-yanır.
Bir qoca sübh səhərdən
Süpürür xiyabanı

Vaxt başlanğıcdır – körpə uşaq beyni, ağappaq vicdan kimi(!) Zaman tərifi yalnız mənim qafqazlı zehnimdə səhərin şehə bulaşmış, uzaqdan günəş parıltısına boyanmış şəkilində qalmayıb, eyni zamanda qədim qitənin poeziya insanının da zehninə də sübh qızartısı – səma mavisi rəngində həkk olub. Qitənin tarixi qədimliyini kölgəsinə alıb.

Ay oğul, vaxtı
Soruşmursan?
Al qırmızıdı!
Al qırmızıdı!

...
Avar çəkir dayanmadan,
Yorulmayır da bircə an:

Söylə, sən vaxtı
Soruşmursan?
Mavidi, mavi!
Mavidi, mavi!


Salam Sarvan əksərən bizim yaşadığımız, sevdiyimiz, gördüyümüz, amma fərqində olmadığımız gözəlliklərə, yaxud reallıqlara pıçıltı ilə işıq tutur, ömrün bəri başından o biri başına prolepsis edir:

Bax ha...
Uşaq vaxtı yıxılarkən ağlamadığın ağrılara
əlli yaşdan sonra başlarsan ağlamağa.

Uşaq vaxtı yaşanan fiziki ağrıların acısı candan saniyələr, uzağı dəqiqələr içində çəkilir, amma insan yaşa dolduqca ömrü mənəvi ağrıların çəkilməyən giziltisi ilə çırpınır. Yaş artdıqca, insan həyatın mənəvi və psixoloji ağırlığını daha dərindən dərk edir. Uşaqlıqda bədənə dəyən zərbələr unudulur, amma yaşlandıqca həmin anların mənəvi yükü ortaya çıxır. İnsanın yaşadığı günlərin sayı çoxaldıqca səsi batır, dünyasının sonunda isə təkrar uşaqlaşır, əvvəlki saf, kövrək qəlbinə geri dönür.

Və yaxud:
Guya tənhalığa çəkilmisən –
Gizlətmisən dünyanı dörd divarın o üzündə…


Ətrafa baxmırsan –
Dülgərin satmaqçun düzəltdiyi pəncərədən
Heç yerə baxmadığı kimi.

Lirik qəhrəman özünü dörd divarın arxasında gizlədib, ətraf aləmdən təcrid olunmuşdur.

Şeirin başlanğıcındakı “Guya tənhalığa çəkilmisən” ifadəsində bir ittiham, ya da kinayə var. “Guya” sözü, bu tənhalığın səmimi və həqiqi olmadığını, bəlkə də özünü təcrid etməkdə qeyri-səmimi bir istək olduğunu göstərir – Bəlkə də monax həyat tərzi.

“Dörd divarın o üzündə dünyanı gizlətmək” — burada ev, divar yalnız fiziki məkan deyil, həm də psixoloji çəpər kimi çıxış edir. Şair demək istəyir ki, sən guya özünü dünyadan ayırmısan, amma əslində özünü dünyadan gizlətməyə çalışırsan, bu da tənhalıq deyil, qorxu və ya laqeydlikdir.

“Dülgərin satmaqçun düzəltdiyi pəncərədən
Heç yerə baxmadığı kimi.”

Bu ifadə möhtəşəm bir metaforadır, hətta ədəbiyyatımız üçün əsrarəngiz bədii tapıntıdır. Dülgər pəncərəni praktik məqsədlə, satmaq üçün düzəldir — o, onun funksiyasına baxmır, içindən nə görünür, vecinə deyil. Şair bu bənzətmə ilə demək istəyir ki, sən də baxmaq üçün deyil, sadəcə divarı bəzəmək üçün pəncərə saxlayırsan, yəni həyata gözlərini qapamısan.

Burada həqiqi tənhalıq ilə süni tənhalıq arasında fərq qoyulur. Həqiqi tənhalıq – insanın daxili düşüncə, özünüdərk üçün çəkildiyi səssizlikdir. Ancaq şair burada bu halı tənqid edir: guya tənhasansa, niyə dünya ilə rabitəni tamam kəsirsən?

Pəncərə burada həm həyatla rabitə, həm də daxili baxış rəmzidir. Görmək istəyən pəncərədən istifadə edir, amma görmək istəməyən üçün pəncərə mənasız çərçivədir. Dülgər kimi – sadəcə funksional baxır.

Bu baxımdan şeir eksizstensialist fəlsəfəyə yaxınlaşır: insanın öz seçimləri, özünü qapaması, dünyanı məntiq və ağılla görməkdən imtinası onun varlığının mahiyyətini müəyyən edir.

Beləliklə, insanın daxili dünyası və reallıq arasındakı ziddiyyət ön plana çıxır. Şeirin əsas ideyası tənhalığın zahirən könüllü görünsə də, əslində insanı içindən məhv etməsi fikridir. Lirik qəhrəman təkliyə çəkildiyini düşünür, amma bu, ətraf mühitlə əlaqənin tam kəsilməsi demək deyil – o, dünya ilə münasibətini dörd divarın arxasında saxlamağa çalışır, amma çarəsiz durumda...


Məşhur rus filosofu və ədəbiyyatşünası Mixail Baxtin müasir şeir haqqında yazırdı ki, şeirdə səs və mənaların çoxsəsliliyi (polifoniya) ilə yeni məna qatları formalaşır. Bu mənada, Salam Sarvanın şeirlərində polifonik xüsusiyyətləri müşahidə etmək mümkündür:

Məsələn, qazılan quyulardan
Çıxarılmış torpaq zibildi daha.
Təxminən, sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
Yavaş-yavaş tökülməsidi həyat əlamətləri

Bir tərəfdə dünya və dəyərsizləşmə haqqında metafora (torpaq-zibil), digər tərəfdə insanın tənəzzülü, yaşamın formalara çevrilməsi (tük və dişlərin tökülməsi), üstəlik, “təxminən, sən də yaşamırsan” – bu, həm müraciətdir, həm yarımfikirdir, həm də mövqedir.

Salam Sarvanın poetik təfəkkürü fərdi xarakter ölçüləri ilə yaxından-yaxına kəsişir. Şairin şeirlərini nəzəri cəhətdən təhlil edərkən onun mövzusu, ideyası, poetik xüsusiyyətləri və bədii ifadə vasitələri üzərində xüsusi həssaslıqla dayanmaq lazımdır. Ümumiyyətlə, Salam Sarvanın bu şeiri üslub və janr xüsusiyyətləri baxımından lirik-fəlsəfi stilistika ilə yazılıb və mütləqdir ki, oxucunu öz-özü ilə tək qalaraq(introspeksiya) ortaya çıxmış suallara cavab axtarmağa vadar edir.

İstifadə olunmuş ədəbiyyat:

1) Salam Sarvan, Heykəl tənhalığı. Qanun, 2017
2) Salam Sarvan, Şeirlər. Qanun, 2001
3) Qriqoru Vyeru, İynənin nəğməsi. Şirvannəşr, 2025
4) Q. S. Nils Gilye, Fəlsəfə tarixi. Zəkioğlu, 2008
5) Zeynəddin Hacıyev, Fəlsəfə. Ali məktəblər üçün dərslik. “Turan evi” nəşriyyatı, 2018
6) Baxtin, M. M, Dostoyevski poetikasının problemləri.
7) Rolan Bart, Müəllifin ölümü. 1967

# 190 dəfə oxunub

Müəllifin son yazıları

# # #