#

IX Bayqonur festivalında - Hacı Səfərov

IX Bayqonur festivalında - Hacı Səfərov
9 sentyabr 2024
# 13:34

Kulis.az Hacı Səfərovun "IX Bayqonur festivalında" yazısını təqdim edir.

Bu il IX Bayqonur Beynəlxalq Film Festivalının qonaqları arasında biz də – Aygün Aslanlı və Aliyə Dadaşova da iştirak edirik. Kinotənqidçilər forumu ilə paralel keçirilən festivalda bir neçə bölmədə filmlər nümayiş etdirilir. Beynəlxalq müsabiqədə müxtəlif ölkələrdən qısametrajlı filmlər, yerli müsabiqədə, əsasən, tələbələrin çəkdiyi qısametrajlılar, tammetrajlı debüt müsabiqəsində isə həm Qazaxıstandan, həm də qonşu ölkələrdən filmlər var. Yerli müsabiqədə filmlərin sayının çoxluğu diqqət çəkir. Nəzərə alsaq ki, elə festivalın aktiv izləyiciləri də Qazaxıstanın kino məktəblərinin tələbələridir (üç müxtəlif kino məktəbi festivalın dəstəkçiləri arasındadır), o zaman asanlıqla Qazaxıstanda yeni nəsil rejissorların yetişməsi üçün ciddi yatırımlar edilir və əlbəttə, gələcəkdə bu prosesin bəhrəsini görəcəklər.

Aliyə Dadaşova, Hacı Səfərov, Aygün Aslanlı

Mən isə bu məqaləmdə qısametrajlı beynəlxalq film müsabiqəsində olan filmlərdən söhbət açmaq istəyirəm.


Azərbaycan burada bir filmlə – Teymur Qəmbərovun dünya premyerasını Tampere Film Festivalında edən və bu festivalda “Ən yaxşı operator işi” kateqoriyasında mükafat qazanmış “İki gün” qısametrajlı bədii filmi ilə təmsil olunurdu.
“İki gün” İkinci Qarabağ müharibəsi dövründə bir ailənin gündəlik həyatına yaxın planda salınan nəzərdir. Üç nəfərlik ailənin iki fərdinin başına gələnlər əsas mövzudur. Ailənin digər üzvü – heç vaxt üzünü görmədiyimiz, yalnız əvvəldə haqqında eşitdiyimiz ata, müharibəyə könüllü gedib və ondan xəbər yoxdur. Ana bu boşluqda narahatdır və ərinin taleyinin necə olduğunu öyrənmək istəyir. Qızın isə öz qayğıları var və ananın narahatlığını bölüşmür. Eyni evin içində iki nəfərin bir hadisəyə iki fərqli reaksiyası filmin araşdırdığı istiqamətlərdən biridir. Bir tərəfdə narahatlıq, digər tərəfdə isə yadlaşma mövcuddur. Ancaq, onlar necəsə yenidən birlikdə yaşamaq üçün yol tapmalıdırlar. Film müharibənin görünməyən tərəflərini ortaya çıxarmaq üçün səy göstərir. Emosiyasız halda televizora baxan ana və qızın görüntüləri televizordan eşidilən sevinc, xoşbəxtlik qışqırıqları ilə ziddiyyət təşkil edir. Müharibənin ikiüzlü medalyonu bu uğurlu tapıntı ilə göstərilir: Müharibə sevinc gətirdiyi kimi, kədər və narahatlıq da gətirir. Film də elə televiziya kanallarında göstərilən narrativdən bu yolla fərqlənməyi bacarır. Atanın taleyi qeyri-müəyyən olsa da, “İki gün” öz ideyasını uğurlu çatdırır: Müharibə dağıdıcıdır, bu bilinməzlik qarşısında bir-birimizdən başqa sığınacaq yerimiz yoxdur. Yaşamalıyıq, ya susaraq, ya rəqs edərək, ya da özümüzü ovudacaq başqa bir vasitə taparaq.

Proqrama seçilən qısametrajlı filmlər arasında bir Ermənistan və bir Gürcüstan filmi də var. Gürcüstanı təmsil edən film “Vazomotor rinit” adlanır və Anton Çexovun “Məmurun ölümü” hekayəsinin ekran adaptasiyasıdır. Kifayət qədər məşhur olan bu hekayəni rejissor Mixail Qabaidze “deadpan” (quru yumor, emosiyaları göstərmədən çatdırılan yumor tərzi) üslubunda işləyir və hekayənin absurdluğunu uğurla çatdırmağı bacarır. Üstəlik, siyasi və ictimai həyatın az qala, 150 illik vaxt ərzində heç dəyişməməsi, Gürcüstan reallığının Çexovun dünyasından çıxmağı diqqətə layiqdir. Rejissor özünə lazım olan materialı klassikadan tapıb aşkar edir və müasir kino dilinə çevirərək Gürcüstan cəmiyyətindəki əskiklikləri ötürür.

Qaqik Madoyanın “Sil” qısametrajlı filmi isə bitmiş sevgi münasibəti haqda düşüncələrdir. Münasibəti bitirən səbəblər, laqeydlik, anlaşılmazlıq əsas mövzuları təşkil edir. Artıq sevmədiyi həyat yoldaşının yanına gələn qadın evdə işıqların söndüyünü görür. Burada evin işıqsızlığı sevginin işıqsızlığını metaforik üsulla göstərir. Qaranlıqda, telefon işığında cütlüyün üzləşməsi baş verir. Filmin konsepti və ideyası maraqlı olsa da, dialoqlarla keçmişin açılması zaman orqanik əlaqələr qurula bilmir.

Qafqaz və Mərkəzi Asiya filmlərini birlikdə izləyərkən ümumi mənzərə insana daha aydın görünür. Qafqaz filmləri hekayənin özü ilə yanaşı formasını, estetikasını tapmağa və məzmuna uyğun forma ortaya çıxarmağa çalışır. Ancaq əksər Mərkəzi Asiya filmlərində məzmuna daha çox üstünlük verilir və forma (xüsusilə kamera) görünməzə çevrilir. Qırğızıstanlı rejissor

Çolpon Janadılın çəkdiyi “Unudulmuş” filmini bu mənada istisna saymaq olar. Cəmi doqquz dəqiqə ərzində müəllif qorxu janrının elementlərini Qırğızıstandakı ailə dəyərlərinin unudulması ilə birləşdirməyi bacarır. Səyahətdən geri qayıdan qadına uşaqlar hücum edir və o, uşaqların əlindən qaçmağa çalışır. Sanki böyüklərin davranışları uşaqların davranışlarına məhz bu cür təsir etdiyi göstərilir və “belə davam etsək, gələcək nəsillər daha da azğınlaşacaq” fikri ortaya atılır. Hekayədə boşluqlar, çatışmazlıqlar olsa da, ideya olaraq, sanki 9 dəqiqəlik bir haraydır və estetik seçimləri ilə diqqət çəkir. Qırğız qısametrajlı filmlərində uşaqlar tez-tez qarşımıza çıxır. Tınıstan Temirjanın “Romeo”su bunun uğurlu nümunəsidir. Film bu festivalda “Ən yaxşı film” kateqoriyasında qalib oldu. Məktəbli uşaqlar Şekspirin “Romeo və Cülyetta”sını səhnələşdirməyə hazırlaşır. Eyni zamanda isə iki oğlanın bir qız üçün mübarizəsini görürük. Uşaqların sevgilərinin ifadə formaları birbaşa yox, dolayı yolladır: Qız su gətirilməsini tələb edir, iki oğlan isə sanki dünyanın ən vacib işi imiş kimi qaçmağa və bu “əmr”i yerinə yetirməyə çalışırlar. Bu kimi maraqlı tapıntılarla Qırğızıstan mənzərələri birləşir. Uşaqların dialoqlarındakı canlılıq və hərəkətlərindəki doğmalıq filmin tamaşaçıya yaxın olmasını, uşaqlıqda hər kəsin oxşar hissləri yaşadığına dair anları xatırladır.

Qazaxıstandan beynəlxalq proqrama seçilən iki film də ictimai həyatın əks olunmasıdır. “Gec külək” hamilə qadının yoxa çıxan sevgilisinin axtarışları barədədir. Filmdə sosial-ictimai problemlər qabardılır, qadınların qazax cəmiyyətində özlərinə yer tapması arzusu göstərilir. Müxtəlif çətinliklərlə üzləşən qadın, taleyin əsdirdiyi küləklərlə gah o yana, gah bu yana sovrulur və öz yolunu tapmaqda çətinlik çəkir.
“Ata, oğul və at” isə Qazaxıstanın itməkdə olan dəyərlərinə aid metaforik yanaşmadır. Ata və oğulun arasında rabitəsizlik baryeri var. Onlar əlaqə qura bilmir, biri danışarkən digəri cavab vermir və film susqunluğun kommunikasiyasına çevrilir. Atın qazax cəmiyyəti üçün dəyəri, atanın ata olan sevgisində də vurğulanır. Burada at sanki keçmiş ənənələri, dəyərləri təmsil edir. Atalar həmin dəyərləri sevsələr də, oğullarına ötürə bilməyiblər və cəmiyyət böhran içindədir. Ənənələrin qurban verilməsi də, sonrakı cəhdlər də fayda verməyə bilər.

Proqramda Özbəkistandan olan filmlər həm mövzu, həm də mövzunun işlənməsi baxımından digər ölkələrdən mənfi mənada fərqlənirdi. Larisa Liqayın “Çınqıllar” filmi bədii-dokumental formatında idi. Özbəkistana sürgün edilən koreyalıların taleyi barədə məlumat verməsi və onların gündəlik həyatlarına işıq tutması baxımından maraqlı idi, ancaq ümumilikdə bədii keyfiyyətlərinin aşağı olması təsir gücünü azaldırdı.

Eldor Kudratilaevin çəkdiyi “Məni sev!” filmi isə çirkin qızın sevilmədiyi və buna görə də acığa düşüb gözəlləşdiyi barədə olan ənənəvi hekayənin özbək versiyası idi. Həm rejissor işi olaraq təcrübəsizlik hiss olunurdu, həm də dialoqların yetərsizliyi hekayənin effektiv çatdırılmasına maneə törədirdi.

Rusiya da beynəlxalq proqramda təmsil olunurdu. Vlada Lavrenovanın çəkdiyi “Burada və indi” film üzgüçülüklə məşğul olan, eyni zamanda, bazarda satıcı işləyən və gələcəyi üçün narahatlıq yaşayan gənc qızın hekayəsidir. Böyümə sancıları, Rusiya cəmiyyətindəki gəlir və fürsət bərabərsizliyi ilk baxışdan insanın diqqətini çəkməyi bacarır. “Sizə nəsə deməliyəm” isə Rusiya cəmiyyətində interseks (kişi və qadın bədəni normalarına uyğun gəlməyən şəxslər) Liliyanın başına gələnlər barəsindədir. O, texnikumda oxuyur və yeni bir oğlanla da tanış olub, ancaq internatdan onu tanıyan bir şəxs ortaya çıxır və Liliyanı şantaj etməyə başlayır. Burada insanların öz bədənləri haqqında ictimai qınaqdan qorxaraq danışa bilməmələri və onlara qarşı törədilən zorakılıqlara boyun əyməsi göstərilir.
İvan Sosninin “30 saniyə”si isə könüllü olaraq xəstəxanalarda klounluq edərək uşaqları əyləndirməyə çalışan dostların başına gələnlərdir. Buradakı “30 saniyə” bu işlə məşğul olanların özləri üçün təyin etdikləri qaydadır: Pasientlə kontakta girdiyin zaman 30 saniyə ərzində ondan reaksiya almalısan, ala bilməsən dayanmalı və geri çəkilməlisən. İvan Sosnin heç gülməyən bir uşağın taleyinə işıq tutur və ailə bağlarının əhəmiyyətini göstərir. Uşaqların sağlamlığına gedən yol ailədən və ailənin övladına yanaşmasından başlayır. Bu səmimi və təsirli qısametrajlı film insanı ilhamlandırır və dünyanın daha gözəl bir yer olması üçün çalışmağın vacibliyini xatırladır.

Hacı Səfərov, Aygün Aslanlı, Teymur Qəmbərov


Ümumilikdə, IX Bayqonur Beynəlxalq Film Festivalı həm bölgə üçün, həm də bölgədən nisbətən uzaqda olan Qafqaz ölkələri üçün yaxşı bir pəncərə və təcrübədir. Burada ətraf ölkələrdəki rejissorları maraqlandıran mövzuları görmək, təhlil etmək və ümumi tendensiyaları müəyyənləşdirərək təsəvvür formalaşdırmaq mümkündür. Festivalın gənclərə bu qədər böyük yer ayırması və onları öz işlərində ilhamlandırması təqdirəlayiqdir.

kinoyazar.az

# 389 dəfə oxunub

Oxşar xəbərlər

Bu serial erkən mövsüm finalına çıxır

Bu serial erkən mövsüm finalına çıxır

17:33 3 oktyabr 2024
VIII DokuBaku Beynəlxalq Filmlər Festivalının açılışı baş tutdu

VIII DokuBaku Beynəlxalq Filmlər Festivalının açılışı baş tutdu

16:39 3 oktyabr 2024
"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı

"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı

14:45 3 oktyabr 2024
Bakı Beynəlxalq Film Festivalı 2024-ün nümayiş proqramı - 26 ölkə, 79 film

Bakı Beynəlxalq Film Festivalı 2024-ün nümayiş proqramı - 26 ölkə, 79 film

16:20 2 oktyabr 2024
Culiya Robertsə Fransadan fəxri mükafat

Culiya Robertsə Fransadan fəxri mükafat

12:28 2 oktyabr 2024
Əfsanə geri qayıdır - 7 il sonra

Əfsanə geri qayıdır - 7 il sonra

12:07 2 oktyabr 2024
# # #