Faiq Sücəddinovun kobudluğu

Faiq Sücəddinovun kobudluğu
14 dekabr 2023
# 18:14

Kulis.az Günəş Mərdin "Mədəniyyətimizin birinciləri" adlı yazısını təqdim edir.


Səhəri Xalq artisti Ramiz Məlikin vəfat xəbəri ilə açdım.

Jurnalistlərin vatsap qrupunda xəbəri oxuyandan sonra, bir neçə həmkarın reaksiyası diqqətimi çəkdi:

“Mənə qışqırdı ki, ay qız, mən jurnalist zad hərrəmirəm”.

“Allah rəhmət etsin. Yaddaşımda hər zaman aqressiv bir insan kimi qalacaq... Ruhu şad olsun!”


Xalq artisti Faiq Sücəddinovla telefon danışığımızı xatırladım.

Bir mövzu ilə bağlı mövqeyini öyrənmək üçün bir neçə gün öncə sənətkara zəng etmişdim. Belə cavab vermişdi:

“Ay qız, bura bax, sən bilirsən, mən kiməm? Kimlə danışdığını bilirsən? Mənim şəkərim var”.

Bəli, düz oxudunuz. Məhz bu cür kobud, dəxlisiz bir cavab eşitmişdim.

Faiq bəyə onun kimi cavab versəm, böyüyə cavab qaytaran, tərbiyəsiz, peşə etikasını pozan bir jurnalist olacaqdım deyə, susmuşdum. O qəzəbi, hirsi içimdə söndürmüşdüm.

Bugünki ölüm xəbərinə həmkarlarımın reaksiyaları həmin qəzəbin yenidən alovlanması üçün qığılcım oldu.

Saqqalımız yoxdur deyə, sözümüz keçməsə də, məsələ ilə bağlı 5-10 cümlə...


****


Daha öncələr də bəzi Xalq artistlərinin, Əməkdar artistlərin, Xalq yazıçılarının, Xalq şairlərinin jurnalist həmkarlarımıza qarşı bu cür mədəniyyətsiz hərəkətlərinin, cavablarının şahidi olmuşuq.

Çox görmüşük, tədbirlərdə jurnalistin üstünə qışqıran, kameraya şilllə-təpik atan, bu gün verdiyi açıqlamanı sabah təkzib edən, yüksək vəzifədəki adamına arxalanıb jurnalistə hədə-qorxu gələn, peşə borcunu yerinə yetirən jurnalistə “Sən kimsən ki, məndən hesab soruşursan?” və s. – deyən MƏDƏNİYYƏT BİRİNCİLƏRİNİ.

Bəs hər kəsin səsi olmağa çalışan jurnalistlərimiz bu cür hallara qarşı etiraz ediblərmi? Edirlərmi? Təəssüf ki, yox.

Əslində, həmkarları da qınamaq olmur. Çoxu artıq məşhurların kobudluqları ilə barışıb. Sanki belə də olmalı imiş.

Məsələn, sağlığında media nümayəndələrini ən çox təhqir edən mərhum Xalq artisti İlhamə Quliyeva.
Jurnalistlər İlhamə xanımın təhqirlərinə o qədər öyrəşdilər ki, bir müddətdən sonra onun qaba davranışlarını gülməcəyə çevirdilər.

O, jurnalistlərin yaddaşında ifalarından daha çox “Bas bayıra”, “Cındırlar, mən Xalq artistiyəm” və s. kimi nalayiq ifadələri ilə qaldı.

Əminəm ki, alçaltdığı jurnalistlər primadonnaya rəhmət oxumurlar. Kim bilir, bəlkə, ürəklərində “elə əcəb olub” da deyirlər.

“Ölünün arxasınca danışmazlar” - deyəcəyinizi nəzərə alıb qayıdıram diriyə - F.Sücəddinova.


****


Qeyd edim ki, F.Sücəddinov ölkəmizdə ən çox sevilən bəstəkarlardan biridir. Ona bu sevgini, dəyəri sağlığında görmək qismət olub. Mətbuatla da arası yaxşıdır. Əlçatandır. Ona sual ver, saatlarla həmsöhbət olacaq.
Təsadüfə bax ki, Ramiz Məlik də eynilə belə insan idi. Bir zəngi belə cavabsız qoymazdı. (Yenə ölüyə qayıtdım...)

F.Sücəddinovun şəxsimə qarşı etdiyi kobudluğu yaşı ilə əlaqələndirib ona haqq qazandırmağa çalışıram, amma digər yaşlı, mədəni Xalq artistlərinə haqsızlıq edəcəyimi düşünüb fikrimi dəyişirəm.

F.Sücəddinovun 76 yaşı var, o mənim ömrümün üç mislini yaşayıb. Onun həyat təcrübəsi mənimkindən iki qat çoxdur. Demək, məsələ nə yaşda, nə təcrübədə deyilmiş, məsələ...

Kaş o telefon danışığımız baş tutmazdı və Faiq Sücəddinov yaddaşımda “Vətən balladası” ilə qalardı.
Olacağa çarə yoxdur...


# 4335 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #