Dünyada detektiv yüksəlişdədir, bəs bizdə? - SORĞU

Dünyada detektiv yüksəlişdədir, bəs bizdə? - <span style="color:red;">SORĞU
18 avqust 2016
# 13:56

Bu gün dünyada detektiv janrı sanki öz yüksəlişini yaşayır. Detektiv janrının kütləvi şəkildə yayılmasına yazarlarımızın münasibəti necədir? Onların bu janra münasibəti necədir?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

İlqar Fəhmi: “Ümumiyyətlə, son dövr insanlar səbirsiz olublar. Ona görə də süjeti gərgin, konfliktli olan əsərlərə, detektiv janrına üstünlük verirlər. Əsərin içində bu cür süjetlər, gərginlik, konflikt olmayanda həvəssiz oxuyurlar, ya da heç oxumurlar. Hətta fikir versəniz, görərsiniz ki, çox ciddi əsərlərin içində detektiv, macəra xətləri var. Bu da oxucunu ələ almaq üçündür. Mən buna normal yanaşıram. Özüm də detektiv yazmışam və yenə də yazmaq fikrim var. İstər ssenari olsun, istər də roman. İndiki zamanda gərək yazıçı oxucu üçün mübarizə aparsın. Yazdığı mətndə maraqlı, gərgin süjetlər olsun. Detektiv janrı da oxuculara həmişə maraqlı olub, ona görə də populyardır. İstənilən əsərdə, ya filmdə insanları gərginlikdə saxlamaq lazımdır”.

Elçin Hüseynbəyli: “Mənə elə gəlir ki, detektiv əsərlər artıq gündəlik ərzaq məhsulu, geyim tələbatı kimi olub. Yəni artıq detektiv o müstəviyə keçib. Cəmiyyətin detektivə tələbatı çoxdur. Bunun da bir səbəbi var: insanlar ekstrimi çox sevirlər, gərginlikdə qalmağı, dramatik situasiyanı sevirlər. Çünki həyatın özü dramatikdir, onlar da alternativi görmək istəyirlər. Bu alternativ də detektiv əsərlərdir, filmlərdir, seriallardır.

Mənim “Yol ayrıcında qaçış” romanım var, ona hadisə romanı deyərdim. Qətllə bağlıdır. Romanda detektiv xətti var, ancaq detektiv saymaq olmaz o əsəri. Sizə deyim ki, populyar romançılar təkcə fəlsəfə, maarifçilik, sevgi üstündə köklənmirlər. Onlar görürlər ki, detektiv sevilir və maraqla oxunur. Hansısa mövzuda yazanda detektiv xətti, ziddiyyətlər, dramatik xətt əlavə edirlər və beləliklə öz ideyalarını yedirtməyə başlayırlar. Həm də burda bir məqam var. Fikir versəniz, ən dramatik filmlərin əsas xətlərindən biri də sevgi xəttidir. Detektiv əsərlərə, yaxud da filmlərə baxanda görürsən ki, süjetlərin birində sevgi var. Bu da oxunmağa, əsərin, filmin marağını artırmağa görə edilir.

Mən uşaq vaxtı Cəmşid Əmirovun “Qara Volqa”sını oxumuşdum. Böyüyəndən sonra Konan Doylun “Baskevillərin iti” romanını oxudum. Ondan sonra detektiv oxumadım. Seriala baxmıram, ümumiyyətlə, detektiv seriala isə heç baxmıram. Ancaq boynuma alım ki, son zamanlar rus detektiv filmlərinə baxmışam. Ona da sırf peşəkarlıq üçün. Aktyorların oyununa baxmaq və müqayisə etmək üçün baxmışam. Hazırda da heç detektiv kitablar oxumuram. Oxumadığım üçün də detektivi sevmirəm deyə bilmərəm. Sadəcə detektivə neytral baxıram”.

Qismət: “Dünyanın hər yerində kitab bazarını da, nəşriyyatları da diri saxlayan, katalizator rolu oynayan bestsellerlər, populyar ədəbiyyat, detektivlər, yaxud yüngül melodramlardı. Çünki peşəkar oxucunun (bu ayrıca sənət növüdür), zövqlü, intellektual kitabsevərlərin sayı hər yerdə azdır. Bu, məsələnin bir tərəfidir. Qaldı janr məsələsi, məncə, ədəbiyyatçı bütün janrlara eyni dərəcədə yanaşmalıdır. Detektivlərin quruluşundan istifadə edib onlarla ciddi əsər yazılıb: “Karamazov qardaşları”, “Mənim adım qırmızı”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Palomino Maleronu kim öldürdü?”, “Qızılgülün adı” və s. Bir gün gənc Yanuox Kafkanın gəldiyini görüb oxuduğu detektiv romanı tələsik çantasına dürtmək istəyir. Kafka görür, gülümsəyib deyir: “Utanma, detektiv ədəbiyyatın canında çox ciddi bir şey var: Axtarış!" Nə qədər ki, dünyada hər gün yüzlərlə qətl hadisəsi baş verir, terror aktı olur bu cür ədəbiyyat yazılacaq və oxunacaq”.

Cəlil Cavanşir: “Məncə, dünyada detektivə marağın çox olmasının səbəbi, insanların gizlinlərə, sirlərə, macəraya olan marağıyla bağlıdır. Oxucu sərhədsiz xəyal gücünün hakim olduğu detektiv əsərləri oxuyanda daha çox xoşbəxtlik hissi yaşayır, detektiv qəhrəmanlarla empati qurur, macəraları sanki əsərin qəhrəmanı ilə birlikdə yaşayır. Eyni zamanda detektiv janrı insan zehnini, şüurunu uzun müddət məşğul etmir, oxucunu, tamaşaçını günlərlə düşündürmür. Detektiv roman, film, serial bitən kimi həyəcan da bitir. Mənə elə gəlir ki, insanlar daha çox təəssürat buraxmayan əsərlərə maraq göstərir. Oxucu əylənməyi, mütaliə prosesində dincəlməyi sevir. Detektiv roman müəlliflərinin sənət, estetika qayğısı yoxdur. Detektiv romanın yazılma qayəsi tiraj, satış və populyarlıqdır. Və qəbul etmək lazımdır ki, oxucuların heç də hamısı düşündürən, sənətə xidmət edən əsərlər oxumaq arzusunda deyil. Ciddi, sənət naminə yazılan əsərlərin kütləvi oxucusu olmur. Detektiv ədəbiyyat anlıq təəssürat, həyəcan, çox satılmaq üçün yazılır və həqiqətdən uzaq bir dünyadan bəhs etdiyi üçün populyarlıq qazanır. Oxucu, detektivi real qayğılardan, real dünyadan uzaqda olmaq üçün oxuyur.

Yüzlərlə detektiv əsər oxumuşam, amma heç biri mənim şüurumda “Tom dayının koması” və yaxud “Çevrilmə” qədər iz buraxmayıb. Oxuduğum və yaxud tərcümə etdiyim detektiv əsərləri sadəcə adına və müəllifinə görə xatırlayıram. Amma oxuduğum anda yaşatdığı həyəcan, detektiv filmlərinə baxarkən yaşadığım adrenalin xoşuma gəlir. Detektiv romanlara həmişə marağım olub, çünki inanılmaz dərəcədə müsbət əhval-ruhiyyəyə köklənirəm, detektiv oxuyanda kefim kök olur. Xüsusilə müəllifin bir addım sonra qəhrəmanın başına hansı oyunu açacağını fəhm edəndə, detektiv mütaliəsi ikiqat zövqlü olur. Ayda bir neçə detektiv filmə, vaxt olanda detektiv seriallara baxıram. Detektiv romanlar da əlimə düşdükcə oxuyuram. Həm detektivin uğurunun sirrini çözmək üçün, həm də istirahət etmək, beynimi sakitləşdirmək üçün detektiv mənim üçün maraqlı janrdır.

"Qadın corabları" romanım həm eşq, həm də detektiv romanlara ironiyadır. Romanımdakı detektiv detallar ironikdir, detektivə parodiyadır.

Ümumiyyətlə, bədii əsərdə detektiv detalların olması, oxucunu əsərə daha çox bağlayır düşüncəsindəyəm”.

Svetlana Turan: “Sözün düzü, mən detektiv həvəskarı deyiləm, çünki onu oxuyarkən zövq almıram. Məktəb illərində bir neçə detektiv yazıçının hərəsindən bir əsər oxudum və qərara gəldim ki, bir daha bu janrda heç bir şey oxumayacağam. Amma detektiv filmləri bəzən izləyirəm.

Detektivin yayılmasına normal münasibət göstərirəm. Nəyə görə yayılmasın ki? Onu da sevənlər, xoşlayanlar var. Hamı eyni şeyi xoşlamalı deyil ki?!

Özümə gəldikdə, oxumağı xoşlamadığım janrda, əlbəttə ki, əsər də yazmıram”.

Ülvi Babasoy: “Detektiv ədəbiyyat həmişə populyar olub. Kütləvi oxucular daha çox bu tip mətnləri oxuyur. Əsərin estetik yönlərinə o qədər də fikir verməyənlər də olur. Bu, normaldır. Hərçənd ki, buna mühafizəkar yanaşan yazıçılar, ədəbiyyatşünas və hətta oxucular da var. Ancaq bu o demək deyil ki, detektiv romanlar bədii-estetik zövq aşılamır. Daha çox bizdə belə yanaşma var ki, “detektivdir, bədii cəhətdən zəifdir”. Detektiv mətnlərdəki əyləncəlilik, həyəcan, qorxu və heyrətləndirmə oxucunun diqqət və marağını artırır. Düşüncə xəritəsini genişləndirir, fikirdə elastiklik yaradır. Dünya ədəbiyyatında həm kütləviliyi, populyarlığı, həm də elitar, kult sənət dəyərlərini birləşdirən onlarla detektiv romanlar var. Yaxud da həmin xətdən istifadə edilərək yazılan postmodern əsərlər. Bizdə bir-iki gənc yazıçının detektivə ironiya əsasında yazılmış yaxşı əsərləri var. Buna görə detektivə təşəkkür düşür. Qısası, sənətdə elə bir qadağa, yasaq yoxdur və yazıçılarımız istədikləri formatda yaza bilər. Əsas həmin mətnin orqanikliyi, inandırıcılığı və heyrətləndirmə bacarığı olsun”.

# 1040 dəfə oxunub

Oxşar xəbərlər

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı - Onu kim qətlə yetirib?

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı - Onu kim qətlə yetirib?

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
# # #