Baş nazirin tərcümə etdiyi şeir Kiplinqin “Əgər”i

Baş nazirin tərcümə etdiyi şeir  Kiplinqin “Əgər”i
16 may 2014
# 14:01

Layihə: Qismətin təqdimatında “Dünyanın ən gözəl şeirləri”

Bir neçə il öncə İstanbulda olanda müxtəlif poeziya antologiyaları almışdım. Və zaman-zaman, ovqatımın ayrı-ayrı hallarında – kefim yuxarı olanda, mısmırığım yer süpürəndə, açıb həmin antologiyalardan yüksək səslə bir şeir oxumağı sevirəm.

Günlərdən bir gün, kefim yaxşıydı, ya yox, xatırlamıram, rastıma Kiplinqin bir şeiri çıxdı. Baxdım ki, şeiri Türkiyənin əski baş naziri, mərhum Bülənd Əcəvit tərcümə edib. Sonradan Bülənd Əcəvitin “Adam olmaq” adıyla çevirdiyi bu şeirin izinə düşdüm, türkcə başqa tərcümələrini, rusca variantlarını və əlbəttə ki, orjinalını tapıb mənə görə bütün zamanlarda yazılmış ən gözəl şeirlərdən biri olan bu mətni çevirməyə girişdim.

Əsl adı “Əgər” (“İf”) olan bu şeiri çevirmək cəhdim bir neçə dəfə uğursuz oldu, çünki inadla istəyirdim ki, həm şeirin hecalarının sayını, həm qafiyə quruluşunu qoruyum. Amma belə olanda, ya hecaya görə, ya da qafiyə quruluşuna görə şeir öz anlamından itirirdi. Buna görə nəhayət qərara gəldim ki, şeiri sərbəst variantda tərcümə edim, daha çox ritmi gözləməyə çalışdım ki, ahəngdarlıq itməsin.

Redyard Kiplinq – Əgər

Çevrəndəki adamlar qəfil təşvişə düşsə,

bu işin günahkarı səni bilsələr əgər,

sən toxtaq ola bilsən, başını itirməsən,

şübhələrin hədəfi təkcə sən olsan belə,

həm özünə güvənib, həm onları anlasan;

gözləməyi bacarsan, gözləməkdən bezməsən,

səndən yalan desələr, sən yalana getməsən,

sənə nifrət etsələr, sən nifrət eləməsən,

özünü nə övliya, nə də müdrik saymasan;

Xəyala qul olmadan xəyallar qura bilsən,

düşünə bilsən əgər məqsəddən yayınmadan,

udanda qudurmasan, uduzub deyinməsən,

zəfərə-uduzmağa eyni cür baxa bilsən;

alçaqlar avamları yoldan çıxartmaq üçün,

sözlərini yozanda, sən dözə bilsən,

ömür qoyduğun bir iş başına uçsa əgər,

küsməsən, uçulmuşu təzədən tikə bilsən;

Nə yığmısan hamısını bir püşkə qoya bilsən,

uduzsan da oyuna bir də başlaya bilsən,

itirsən də deyinib, qəmə batmasan əgər,

ürəyin, əsəblərin, əzələn qocalsa da,

onları işləməyə zorlaya bilsən əgər,

içində “döz” deməkdən başqa güc olmayanda,

ən dözülməz anda da, bir dözüm tapsan əgər;

Meydanda danışsan da, şərəfi itirməsən,

krallarla gəzsən də, milləti unutmasan,

nə dostlar, nə düşmənlər səni incitməsələr,

sən ifrata varmadan hamını sevə bilsən,

əgər sən dəqiqəni altmış saniyə bilib,

onun hər bir anını layiqincə yaşasan;

yerdəki və göydəki hər şey sənin olacaq.

üstəlik İNSAN olacaqsan, oğlum...

Layihənin digər şeirləri

Odenin şeiri: Qaçqınkoma yollandım, “gələn il” dedilər

# 5516 dəfə oxunub

Oxşar xəbərlər

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

16:06 11 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
Yazıçılara nifrət edənlər kimlərdir?

Yazıçılara nifrət edənlər kimlərdir?

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
# # #