Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?
29 yanvar 2026
# 10:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Rəfayət ƏlmirzəyevanınBu mətnlər əhvalatı söyləmək məqsədi daşımır – Nadir Yalçının kitabı barədə” adlı yazısını təqdim edir.

"Lal ev" gənc yazar Nadir Yalçının ilk və uğurlu hekayələr kitabıdır.

Kitaba toplanan hekayələrdəki təsvir gücü, təhkiyənin axıcılığı və sadəliyi, lirik duyğu zənginliyi, detallardan məqsədli istifadə və emosional atmosferin yaradılması müəllifin mətnlərinə münasibət bildirməyə imkan yaradır.

Bu mətnlər hadisələri çatdırmaq, əhvalatı söyləmək məqsədi daşımır. Daha çox insanın daxili aləmini, hislərini, danışa, ifadə edə bilmədiyi ağrılarını, daxili sükutunu göstərir.

Minimal hadisə, dialoqların azlığı, daxili monoloq, sükutla qurulan dramatizm hekayələrin əsas xüsusiyyətləridir. Təsvir və təqdim olunan hər bir detal təsadüfi deyil: məkan, əşyalar, simvollar, sükut və susqunluq müəyyən bədii məqsəd daşıyır. İnsanın duyğu dünyası-emosional, psixoloji durumu, ağrıları göstərilir, səbəbi izah edilmir.

Belə hekayələrdə oxucu passiv müşahidəçi kimi qala bilmir. Mətnlər onu fərdi düşüncə və təhlilə dəvət edir, fəal iştirakçıya çevirir. Nəticəni oxucunun öhdəsinə buraxır.

Oxucu "Balıqçılar", "Bir adamın mahnısı", "Yad", "Atamın nikah məmuru", "Nişan üzüyü", "Nina Nikolayevna", "Mən necə evsiz qaldım?", "Lal ev" və digər hekayələrdəki obrazların daxili dünyasına bələd olduqdan sonra uzun müddət onların hisslərini, psixoloji gərginliyini, ağrılarını unuda bilmir.

Nadir Yalçın bir daha sübut edir ki, mətn oxucuya əhvalatın təfərrüatla nəql olunması ilə deyil, təqdim olunan daxili yükün və sosial-psixoloji sıxıntıları ifadə edən sükutun gücü ilə təsir edir.

Kitaba "Lal ev" adının verilməsi uğurlu seçimdir. Bu məcazi məna diqqəti cəlb edir. Hekayəni oxumağa başlayan oxucu belə bir situasiya ilə qarşılaşır. Əsərin qəhrəmanı doktorant Ayaz "Azərbaycan istiqlal mübarizəsində Nuru Paşanın və Qafqaz İslam ordusunun rolu" mövzusunda tədqiqat aparır. Bu məqsədlə İstanbuldakı arxivlərdə çalışıb, Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edib. Bu səfərlərin hamısı uğurlu olmayıb.

Ayaz elmə öz istəyi ilə gəlməyib. Doktoranturaya qəbul olunmasının bir səbəbi əsgərlikdən yayınması, digər tərəfdən valideynlərinin Ayazı "gənc alim" kimi görmək arzusu ilə bağlı idi.

Heç vaxt nəyəsə görə etiraz bildirməyən, öz qərarı olmayan, hələ bağçadan başlayaraq, məktəb, universitet illərində başqalarının qərarları ilə yaşayan Ayaz mövzu seçimində də fikrini bildirməyib. Araşdırdığı mövzu onun xarakteri, daxili vəziyyəti ilə kəskin ziddiyyət təşkil edir.

Tarixi və mənəvi baxımdan son dərəcə ağır və məsuliyyətli mövzu qərar verməkdən çəkinən, yayınan, məsuliyyətdən qaçan birinə həvalə olunur. Növbəti dəfə ezamiyyətə, rayona gedərkən hazır material gözləyən, fakt, sitat, xatirə "uman" Ayaz darvazası paslanmış, uçuq-sökük, köhnə ev, evdə yaşayan susqun, danışmayan tənha qadın, onun göstərdiyi, içində iki tayının ağzı aralanmış bir cüt uzunboğaz çəkmə olan taxta sandıqla qarşılaşır.

Ayazın rayona göndərilməsi zahirən elmi tapşırıqdır. Amma mahiyyətcə ona verilən cəzadır. Məsuliyyətdən qaçan birinin öz yaddaşı ilə üz-üzə qalması, psixoloji qarşılaşmadır.

Onun burada gördükləri: uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq – hamısı yaddaş yüküdür. Bu anda dərin psixoloji dəyişmə prosesi başlayır. Hekayənin sonunda evdən çıxıb darvazaya yaxınlaşan Ayaz bir də dönüb evə baxır. Bakıya qayıtmaq üçün sürücüyə zəng etmək əvəzinə, atasına telefonla xəbər verərək əsgərliyə getmək barədə qəti qərarını bildirir.

Hekayənin finalında baş verən dönüş açıq etirafla deyil, Ayazın seçimi ilə ifadə olunur. Belə bir seçim, onun qərarı artıq məsuliyyətini dərk etmə, yetkinləşmə məqamıdır.

Bu final oxucuya "Ayaz düz etdi" demir, göstərir. Oxucu özü bu qənaətə gəlir ki, bəzən insanın ən böyük cəsarəti səsini ucaltmaq deyil, öz məsuliyyətini dərk edərək düzgün qərar verməkdir.

Oxucu bu qənaətə gəlirsə, demək, müəllif – Nadir Yalçın öz məqsədinə çatmış olur. "Lal ev", eləcə də digər hekayələr oxucunu hiss etməyə, düşünməyə çağıran mətnlərdir.

Nadir Yalçın həm də publisistik yazıların, ədəbi mühiti əks etdirən məqalələrin müəllifidir.

"Bədii zövqü dərsliklərdə korlamaq" adlı məqaləsində yazır: "Ölkədə yazmağa həvəsi olan oxumaq üçün can atanlardan sayca üstündür". Lakin bu cəhət gənc yazarı narahat etmir. Çünki əmindir ki, "əbədi ələkdən keçənlər, mühitin qiymətini alanlar, tənqid və təhlilə cəlb olunanlar, əsl istedad sahibləri mütləq fərqlənirlər" və öz oxucularını tapırlar.

Yazı yazmağın məsuliyyətini dərk edən, sözün dəyərini bilən, yükünü çəkməyi bacaran Nadir Yalçın da mətnləri, ədəbi düşüncəsi ilə fərqlənən, istedadlı gənc yazardır.

Onun "Lal ev" hekayələr kitabının AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində müzakirə olunması təsadüfi deyil.

Tanınmış ədəbiyyatşünas, esseist, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin moderatorluğu ilə "Müasir hekayənin gənclər modeli" mövzusunda maraqlı və polemik bir müzakirə keçirildi.

İştirakçıların hər biri Nadir Yalçına yeni yaradıcılıq uğurları arzuladı.

# 147 dəfə oxunub

Oxşar xəbərlər

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər