Kulis.az Vüsal Bağırlının İlham Əzizin “Qəvvas” romanı haqqında qeydlərini təqdim edir.
Əvvəlcə onu deyim ki, roman “Park” nəşriyyatında nəşr olunub. Nəşriyyat bu yaxınlarda birilliyini qeyd etdi və romanın təqdimatı bir növ nəşriyyatın yubileyi ilə üst-üstə düşdü. “Park” nəşriyyatı on iki aydır fəaliyyətdədir, lakin qısa müddət ərzində artıq xeyli işlər görülüb, ortaya bir çox diqqətçəkən, uğurlu layihələr qoyulub. Belə əlamətdar işlərdən biri də “Qəvvas” romanıdır. Əsər nəşriyyatın səhv etmirəmsə, artıq on ikinci kitabı və ilk müəllif romanıdır.
***
İlham Əzizin ilk romanını oxudum. Kitabı əlimə götürən kimi mətnə elə girişdim ki…
Gəl görəsən!
Birinci gün təxminən səksən səhifə irəlilədim. İkinci gün yetmiş səhifə oxudum. Üçüncü gün bir də baxdım ki, romanı bitirmişəm. Son on ildə hansısa romanı üç günə oxuyub bitirdiyim yadıma gəlmir. Bunun konkret səbəbləri var. Əsər yüngül dildə qələmə alınıb, təsvirlər bəsitdir, rahat və sürətlə oxunur, axıcıdır. Kitabı götürdünmü, artıq qaytarıb rəfə qoymaq istəmirsən, gözünü hərflərə dikdinmi, sətirlərdən ayırmırsan.
Əsərin qəhrəmanı İlqar Quliyev Salyan sakinidir. İnstituta daxil olub Bakıya gəlir. Hadisələr, əhvalatların ilkin burulğanı da əsasən Bakıda cərəyan edir. Amma hiss olunur ki, əsər həm də müəllifin öz müşahidələrinə əsaslanır, yazıçının öz bioqrafiyasına mesajlar var.
İlqar ilk baxışda “maşennik”dir. Tipik fırıldaqçı. “Narxoz”u bitirir, necəsə gəlib nazirlikdə işə düzəlir, özü də elə-belə nazirlikdə yox ha, birbaşa Maliyyə Nazirliyində. Əlinə müəyyən vəzifə, səlahiyyət keçir və görür ki, bura rahat qazanc yeridir. Qaz vurub, qazan doldurmağa münbit şərait var.
Beləcə min hiylə və fırıldaqdan çıxır, dövrün nəbzini tutmağa çalışır. Eyni zamanda, dövrün tələbi də onu bu işə sövq edir. Çünki ətrafda hamı bu yolla dolanır. Çünki İlqar özü də bilir ki, belə etməsə, belə işləməsə, onu heç kim nazirlikdə saxlamayacaq. İşdən qovacaqlar.
Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla baş girləyir. Nəticədə, aləmi qatır bir-birinə. Borc borc üstünə yığılır, vədə vədə üstünə. Hamı pulunu tələb edir o isə birtəhər ayaqda qalmağa səy göstərir. Amma əlinə pul düşdükcə şirniklənir, qısa zamanda varlanmaq istəyi ona güc gəlir.
Bütün işləklərinə, hiylələrinə rəğmən nədənsə oxucuda İlqara qarşı daxili bir rəğbət hissi baş qaldırır. Hiss olunur ki, bu adamın mənəvi keyfiyyətləri, vicdan cücərtiləri hələ tam ölməyib, müəyyən dərəcədə mövcuddur. O, heç də təsvir olunduğu qədər pıs adam da deyil.
Qəhrəmanın narahat taleyi oxucunu daim həyəcanda saxlayır. Onunla bərabər oxucu da narahat olur. Oxuduqca elə hey “görəsən, nə baş verdi, görəsən, sonra nə olacaq” deyirsən. Əsər həm adamı intizarda saxlayır, həm də sürətlə cərəyan edən əhvalat müxtəlifliyi fonunda oxucu marağı ölmür, diri qalır. Hadisələr, obrazlar sürətlə dəyişir. Dövrün konturları, problemləri - işsizlik, xaos, hiylə, məkr, xəyanət, sevgi, dostluq - əsərdə dolğun şəkildə əks olunur.
Əsərdən bir hissə:
“Saat beşə qalmış Səməd Vurğun bağına çatdım. Avqustun əvvəlləri idi, adamlar bağda gəzişirdilər, uşaqların şaqraq gülüşləri ətrafa yayılırdı. Həmişəyaşıl şam ağacları Bakının tozundan bozarmışdı. Səməd Vurğun heykəlinin sağ tərəfindəki sakmyada bir “bomj” nəsə yeyirdi, 3-4 yaşlarında olan uşağı ona heyrətlə tamaşa edirdi”.
Əsərin ikinci hissəsində İlqar Bakıda vəziyyətin gərginləşdiyini, etdiyi maxinasiyalara görə həbs oluna bilmə ehtimalını nəzərə alaraq aradan çıxır. Rusiyaya gedir.
Burada, Başqırdıstanda, Ufa şəhərində o, əvvəlki həyatına bənzəməyəcək yeni bir həyat qurmaq istəyir. Sakit, ölçü-biçili, düzgün bir həyat. Tam bir ümid içərisində, nikbin düşüncəylə yeni cəmiyyətin, yeni şəhərin qaydalarını öyrənir. Dost axtarır, normal münasibət axtarır. Amma yenə də istəkləri, arzuları puç olur. Kriminal həyat qanunları, reketlik, başqa millətlərin şovinist, aqressiv rəftarı, narkotik alveri, mənasız “razborkalar”, bezdirici “obşak” həyatı onu əks hərəkətə sövq edir. İndi də bu mühitdən can qurtarmağın yollarını aramağa başlayır.
***
Əsərdə incə yumor tonu var. Bəzi hissələrdə mətn mənə necə təsir etdisə, kitabı qapayıb həmin yeri beynimdə təkrar saf-çürük edərək güldüm. Dövrün absurdluğu, xaotik vəziyyətlərdən yaranan gülməli hadisələr məni xeyli əyləndirdi.
Məsələn, İlqar bir qrup adamla mitinqə qoşulur. Başqa bir dəstə yolun o tərəfində “Mirbəşir, Mirbəşir” qışqırır. Götür-qoy edirlər ki, görəsən, “Mirbəşir” nə deməkdir? Bunlar da başlayır “Mirbəşir, Mirbəşir” qışqırmağa. Sonra məlum olur ki, sən demə “Mirbəşir” yox, “Birləşin” deyirmişlər. Belə təsvirləri oxuyanda istər-istəməz həm dodağın qaçır, gülürsən, həm də düşünürsən.
Bir çox hekayə və romana fikir vermişəm, müəlliflər özlərini müdrik, süni şəkildə şişirdilmiş dahi obraz kimi təqdim etmək istəyirlər. Sadə sözlərdən qaçırlar, fikirlərini qəliz, pafoslu cümlələr arxasında gizlədirlər. Halbuki sadəlik, fikrin bəzəksiz ifadəsi oxucuya daha çox təsir göstərir, nəinki mürəkkəb, pafoslu cümlələr.
Bu mənada, İlham Əzizin əsəri seçilir. Kitabda pafos yoxdur, uydurma personaj gözə dəymir, romanın strukturu dəqiq işlənilib. Obrazlar hamısı diş altındadır, həyatdan götürülüblər, canlıdırlar. İnsanlar, obraz və personajlar bizim yolda-izdə, nəqliyyatda, ətrafımızda gördüyümüz, ünsiyyətdə olduğumuz, tanıyıb-bildiyimiz insanlardır. Kimisinin qonşusudur, kimisinin qohumudur, kimisinin iş yoldaşıdır. Romanda kriminal jarqon, oğru dili, söyüşlər yerində və dəqiq işlədilib.
***
Əsərdə bəzi məqamlar var ki, bu barədə öz subyektiv fikrimi bildirmək istəyirəm.
Nəyi bəyənmədim?
Təhkiyənin Seymur Baycan üslubuna oxşamasını. Cümlələrin quruluşu, yumor - hər şey - təsvir, bənzətmələr sanki Seymuru xatırladır.
İlhamın bir çox hekayəsini oxumuşam. Ən sevdiyim, ən yadımda qalanı “Biri var idi, Məmmədbağır” hekayəsidir. Bu hekayə özü də bir növ “Qəvvas”ı xatırladır. Sanki onun mini versiyasıdır, romanın məşq variantıdır.
Qəhrəman Rusiyaya köç edir, bir müddət orda yaşayır, başına qəribə işlər gəlir. Amma bu hekayənin mətn dili, təsvir quruluşu tam fərqlidir. Onun öz duzu, özünəməxsus üslubu var. Həmin hekayədə İlhamın qələmi var, onu hiss edib tanıyıram, duyuram.
Romanda isə mənim tanıdığım həmin İlham Əziz, köhnə İlham Əziz, klassik İlham Əziz yoxdur. Fikrimcə, müəllif öz ənənəvi üslubuna, təsvirlərinə qayıtsa, daha yaxşı olar.
Və yaxud, “Qəvvas” romanının yazı dilindən həm də Vüqar Vanın “Hardasa 13-14 yaşım olardı” romanının qoxusu gəlir. Elə bil həmin 13-14 yaşlı uşaq böyüyür və başına romandakı hadisələr gəlir. Bir roman digər romanın davamı kimi görünür.
Romanda çoxsaylı adlar, personajlar var. Amma müəllif bu rəngarəng, çoxsaylı obrazlar içində kələfin ucunu itirmir, hər bir obrazı sıralayıb nizamlayır və onları öz rollarına görə məxsusi yerləşdirə bilir. Bu olduqca çətin işin öhdəsindən yaxşı gəlir.
Tək bir nüansdan başqa. Bu, baş qəhrəmanın qardaşı ilə bağlıdır. Qardaşlar kirayə mənzildə qalırlar. Düzdür, əsərdə görürük ki, kiçik qardaş mövcuddur. Amma mətn boyu onun yoxluğu ilə varlığı, demək olar, bilinmir. Hiss olunur ki, müəllif onu təmiz, bütün bu iyrənc proseslərdən arındırılmış kimi bir obraz kimi kənarda tutmağa çalışır. Bəli, bu, bir böyük qardaş sevgisidir.
Qəhrəman qardaşına görə vicdan əzabı çəkir. Şikayət edir ki, ona yaxşı baxa bilmir, yaxşı diqqət göstərmir. Deyirəm, bəlkə, qardaşa ayrılan bu cür epizodik roldansa, onu daha rəngarəng palitrayla təqdim etmək olardı?
Həmçinin əsərin adı barədə də rəyimi bildirmək istəyirəm. Fikrimcə, əsərin məzmunu ilə adı uyğun gəlmir. Mən “Qəvvas” adını bəyənməyənlərin cərgəsindəyəm.