Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır... - Etimad Başkeçid

Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır... - Etimad Başkeçid
7 avqust 2026
# 15:45

Kulis.az Etimad Başkeçidin sosial şəbəkə hesabında paylaşdığı fikirlərini təqdim edir.

Tövratın tərcüməsindən maraqlı bir kəlamı xarırlayıram: “Hər şeyin öz vaxtı var... daşları dağıtmağın öz vaxtı var, daşları toplamağın öz vaxtı var”. İfadənin müxtəlif yozumları mövcuddur, amma ortaq qənaətə görə bu, həyatda hər şeyin öz vaxtı olduğunu, dağıdıcılıq, ayrılıq və münaqişə dövrünün mütləq bir gün bərpa, birlik və barışıq dövrü ilə əvəzləndiyini bildirən müdrik bir aforizmdir.

Şah İsmayıl məsələsinə gəlirəm.

Aydın məsələdir ki, Şah İsmayıl Xətai təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə geniş Türk-İslam coğrafiyasının və Türk dünyasının ən qüdrətli, ən parlaq şəxsiyyətlərindən biridir. Rojer Seyvori, Vladimir Minorski, Adel Allois və s. kimi xarici alimlər Şah İsmayılı daha çox Yaxın Şərqin geosiyasətini və din tarixini dəyişdirən qlobal bir lider kimi araşdırırlar. Müasir Türkiyə tarixşünaslığı da, İlbər Ortaylı, Tufan Gündüz və s. kimi tarixçilərin nümunəsində, sübut edirlər ki, Şah İsmayılın qurduğu dövlət xalis türk dövləti, onun ideologiyası isə Anadolu türkmənlərinin ruhundan doğan bir hərəkat idi. Onlar Şah İsmayılı Anadolu və Azərbaycan türklərini birləşdirən ortaq fiqur kimi dəyərləndirirlər.

Amma və lakin...

Tamamilə təbiidir ki, istər Şah İsmayıl, istərsə də, onun başqa cografilardakı “analoq”ları (baxmayaraq ki, bütün müqayisələr qüsurludur), məsələn, İngiltərəni katolik Avropasından ayırmaq üçün Roma Papası ilə əlaqələri qoparıb müstəqil Anqlikan kilsəsini qurmuş kral VIII Henri, İsveçdə protestantlığı yayaraq xalqı vahid ideologiya ətrafında toplayan Qustav I Vaaza və s. haqqında kifayət qədər tənqidi, patetikadan uzaq, kəskin yazılar da yazılmışdır və yazılmaqdadır.

Bu təbiidir, əziz dostlar! Və Avropada “Henri babama dil uzatdın”, “Qustav babamı təhqir etdin” deyə heç kəs heç kəsin yaxasından yapışıb, həşir qoparmır. Baxmayaraq ki, orada da krallar müqəddəs sayılırdı. Fransa inqilabı zamanı XVI Lüdovik gilyotində edam ediləndə, insanlar yaylıqlarını onun tökülən qanına batıraraq evlərində təbərrük kimi saxlayırdılar. İngiltərədə kral Eduardın, Fransada Müqəddəs IX Lüdovik və ya Böyük Karlın skeletinin parçaları kimi.

Gözəl insanlar, tarix toxunulmaz bütlər yaratmaq yox, keçmişi anlamaq elmidir və tənqid bu prosesin əsas alətidir.

Kor-koranə heyranlıq real faktların gizlədilməsinə və tarixin saxtalaşdırılmasına yol açır.

"Tənqid olunmazlıq" ideyası adətən totalitar cəmiyyətlərə xasdır. Azad və elmi təfəkkür isə hər bir tarixi fiqura obyektiv və tənqidi gözlə baxmağı tələb edir.

Şah İsmayılı ya mütləq qəhrəman, ya da radikal dini rəhbər kimi qiymətləndirmək yanlışdır.

Avropa intellektual mühitinin bu gün gəldiyi ən mühüm nöqtə sözügedən şəxsiyyətləri tamamilə desakralizasiya etmələridir. Əgər bu gün bizdə bir ziyalı elmi-tarixi bir müzakirədə, daxili və xarici siyasətin analizi zamanı "Şah baba" deyirsə, bu, onun qeyri-obyektivliyindən və aşırı emosionallığından xəbər verir. Belə çıxır ki, bu adam sırf təriqətçi, məzhəbçi yanaşma sərgiləyir.

Biz XXI əsrin ortalarındayıq. XXI əsrdə orta əsrlər hökmdarını "ata" və ya "baba" adlandırmaq milli kimliyi vətəndaşlıq hüququ üzərində deyil, patriarxal və teokratik bağlılıq üzərində qurmaq təəssüratı yaradır.

Əziz dostlar, həşmətli Şah İsmayıl polemikasının ən zərərli tərəfi onun keçmişi anlamaq vasitəsindən bu günü parçalamaq alətinə çevrilməsidir. Biz 500 il əvvəl baş vermiş hadisələri rasional təhlil edib dərs çıxarmaq əvəzinə, orta əsrlərin feodal qarşıdurmalarını modern cəmiyyətə daşıyır və daxili immun sistemimizi zəiflədirik. Tarix bizi milli kimlik ətrafında birləşdirməlidir, lakin mövcud populist müzakirələr milli enerjini faydasız ideoloji müharibələrə sərf etməyimizə yol açır.

Daşları toplamaq vaxtıdır, dostlar!

# 97 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər