Kulis.az filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın "Füzuli qəzəllərindəki dözülməz təhriflər, yaxud əlyazma “kult”una üsyan" yazısını təqdim edir.
Yeni elm sahəsi kimi tətbiqi ədəbiyyatşünaslığın əsas məqsədi və baş vəzifəsi klassik poetikanın və çağdaş nəzəriyyənin sabit prinsiplərini və dəyişməz qayda-qanunlarını tətbiq etməklə uzaq əsrlər ərzində ən müxtəlif səbəblərə görə hər cür ciddi təhriflərə uğramış klassik bədii mətnlərin öz müəllifləri tərəfindən yaradılan əsl variantlarının bərpasını nəzərdə tutur. Heç şübhəsiz, bu yolda hesablaşmalı olduğumuz birinci dərəcəli amil əlyazma amilidir. Əlyazma yoxdursa, demək, istinad ediləsi başlıca mənbə yoxdur. Ancaq ciddi və dözülməz təhriflər qarşısında yalnız əlyazma amilindən bərk-bərk yapışıb onu bütləşdirmək əsl gerçəyi üzə çıxarmağın başqa yol və üsullarına əngəl olmaqla bərabər, istər-istəməz həqiqətə təşnə həssas qəlblərdə əlyazma “kult”una qarşı bir qeyri-ixtiyari üsyan da doğurur.
Füzuli qəzəllərinə keçməzdən əvvəl fikrimizi təhrif edildiyi təkzibolunmaz və açıq-aşkar görünən məşhur və səciyyəvi bir misalla sübuta yetirmək istəyirik. Məlumdur ki, Azərbaycan poeziyasının klassik nümayəndələrindən hər cür səbəblər üzündən ən çox təhriflərə məruz qalanı İmadəddin Nəsimidir. Böyük şairin “Sığmazam!” rədifli qəzəlinin üçüncü beytinə dərindən diqqət yetirək:
Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam!
(İmadəddin Nəsimi. Seçilmiş əsərləri, iki cilddə, II cild, Bakı, “Lider nəşriyyat”, 2004, s. 7)
Əlbəttə, bu beyt sözügedən qəzəlin ciddi təhrifə uğramış yeganə beyti deyil. Ancaq bu beytdə elə bir gözgörəsi ciddi təhrif var ki, istəyir “dünyanın müxtəlif əlyazma xəzinələri, kitabxana və muzeylərində ümumilikdə Nəsimi əsərlərinin hələlik 168 əlyazma nüsxəsi” (Əzizağa Nəcəfzadə. İmadəddin Nəsiminin anadilli “Divan”ının Bakı əlyazmaları, - İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş II Beynəlxalq Elmi Konfransın materialları, Bakı, “Elm”, 2019, s. 286) biri digəri ilə səs-səsə versin, yəni hamısı növbə ilə bir-bir həmin yanlışı təsdiqləsin, yenə xeyiri yoxdur, sözügedən təhrifi gözardı etmək mümkün deyil. Nə üçün?! Çünki biz, əvvəla, onu yaxşı bilirik ki, “Qurani Kərim”də “kövni-məkan” adlı bir ayə yoxdur. İkincisi, Nəsimi kimi böyük söz sənətkarı öz qəzəlinin birinci beytində “kainat” mənasındakı “kövnü məkan” ifadəsini işlətdikdən sonra üçüncü beytin əvvəlində onun bu cür bayağı təkrarına yol verə bilməzdi. Beləliklə, bir tərəfdən, “ayət” eyhamının bələdçiliyi ilə, digər tərəfdən, “kövni-məkan”ın səs tərkibinin “Qurani Kərim”də Allahın fövqəl qüdrətini vurğulayan xüsusi kəlam kimi 8 ayədə (Bəqərə – 117; Ali-İmran – 47, 59; Ənam – 73; Nəhl – 40; Məryəm – 35; Yasin – 82; Ğafir – 68) adı hallanan “künfəyəkun” (“ol desə, olasıdır”) ilə bənzərliyi sayəsində, nəhayət ki, ilk misranın ilk yarısının əsl variantının bərpasına nail ola bilirik (Künfəyəkundur ayətim...). Ancaq çox təəssüf ki, indiki halda “künfəyəkun”un nə zaman təhrif olunduğunu və “kövni-məkan”a necə çevrildiyini söyləmək çox çətindir.
Tədqiqatımızın əsas mövzusuna gəlincə, XX əsin böyük ədəbiyyat tarixçilərindən biri olan İsmayıl Hikmətin fikrincə, məhz Füzulini verdiyinə görə “hicri onuncu və miladi on altıncı əsr ümumtürk ədəbiyyatı üçün bir “altun dövr” ədd olunmağa layiqdir.” (İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi, – İdeya müəllifi Mahirə Hüseynova, transliterasiya və tərtib edənlər, ön söz, izahlar və qeydlərin müəllifəri Təyyar Salamoğlu, Yadulla Dadaşlı, elmi redaktoru Yaqub Babayev, iki cilddə, ikinci cild, Bakı, “Elm və təhsil”, 2022, s. 654)
Görkəmli türk alimi tərəfindən Məhəmməd Füzuli yaradıcılığının ümumtürk əhəmiyyətinin belə yüksək qiymətləndirilməsi, eyni zamanda, dahi şair əsərlərinin hər cür təhriflərdən arınması sahəsində füzulişünaslıq elminin üzərinə ayrıca məsuliyyət yükləyir. Əlbəttə, Mir Cəlal və Həmid Araslı kimi möhtərəm ustadlar başda olmaqla, bu sahədə bir sıra füzulişünasların səmərəli əməyi danılmazdır. Amma əfsuslar olsun ki, müxtəlif səbəblər üzündən böyük sənətkarın bir çox əsərləri oxuculara hələ də çoxsaylı və ciddi təhriflərlə təqdim olunur. Biz bu yazımızda onlardan hələlik yalnız ikisinin - ən dözülməz olanlarının üzərində ətraflı fikir yürüdəcəyik. Özü də, nə qədər qəribə olsa da, sözügedən təhriflərin hər ikisi çoxdan bəri milli muğam ifaçılarının repertuarından geniş yer almış, bir neçə nəslin görkəmli xanəndələri tərəfindən sevilə-sevilə oxunan Füzulinin ən məşhur qəzəllərinə aiddir. Biri “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.”- mətləli qəzəlinə, digəri isə “Məni candan usandırdı...” qəzəlinə mənsubdur.
Birinci nümunənin ikinci beyti aşağıdakı kimidir:
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümi,
Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var.
(Məhəmməd Füzuli. Əsərləri, altı cilddə, I cild, Bakı, “Şərq-Qərb”, 2005, s. 123)
Təxminimizcə, bu beytin sözləri arasında Azərbaycan oxucusu üçün ən anlaşılmaz olanı farsca izafət tərkibindəki ərəbcə “nütfə” sözüdür. Elə buradaca oxuculardan çox-çox üzr istəyərək, onun lüğətlərdəki tək mənasını təqdim etməyə məcbur oluruq: “spermatozoid”. Tutalım, Füzuli divanının yer üzündəki bütün əlyazma nüsxələrində sözügedən beyt yuxarıdakı şəkildədir. Divan müəllifinin özünün həqiqətən belə yazdığına inanmaq o tərəfə dursun, onu təsəvvürə sığdırmaq mümkündürmü?!...
Füzulinin çatdırmaq istədiyi mətləbə qətiyyən dəxli olmayan həmin üzdəniraq sözün mətnə hardan pərçimləndiyinin səbəbləri haqda düşünərkən, istər-istəməz dahi şairin öz anadilli divanının dibaçəsində “Gah bir nöqtə ilə məhəbbəti möhnət göstərər, ... gözü kor eylər” cahil, savadsız və səhlənkar katiblərə qarğışı ilə bir sırada, öz mühitinin qərəzli həsəd əhlindən şikayətini də xatırlatmaq yerinə düşərdi:
Xəzandır gülşəni-irfanə hasid,
İlahi, hasidi xar eylə daim!
İşidir mərifət əhlinə azar,
İlahi, hasidi zar eylə daim!
(Yenə orada, s. 32-34)
Amansız təhrifə məruz qalmış yuxarıdakı beytin məzmununa gəlsək, birinci misra mənasının anlaşılması hazırlıqlı oxucu üçün o qədər də çətinlik törətmir, yəni: “Göz bəbəyimin qan tökməkdə mahir olması təəccüblü deyil.” Burada, göründüyü kimi, “qan tökmək” ifadəsi ilk növbədə məcazi mənada, yəni ağlamağın mübaliğəli sinonimi kimi işlənmişdir. Amma müəllifin dahiyanə məharəti sayəsində, eyni zamanda, qan tökməyin müstəqim mənasına da işarə vurulması (iham sənəti), digər tərəfdən, misra sonundakı “mərdüm” (bəbək) sözünün həm də “adam” mənasına malikliyi diqqəti istər-istəməz ikinci misradakı izafət tərkibindəki “qabil” sözünün də ikimənalılığına və onun ad mənası ilə bağlı məşhur tarixi-əfsanəvi hadisəyə (təlmeh sənəti) yönəldir.
Adəm oğullarından birinin – Qabilin qan tökməyi ilə bağlı əhvalat səmavi kitabların və onlara yazılan təfsirlərin, demək olar ki, hamısında bu vəya digər dərəcədə öz əksini tapmışdır. Ancaq Füzuli üçün ən mötəbər mənbə “Qurani Kərim” olduğundan bu məsələdə də endirilən kitabların sonuncusuna istinad etmək daha məqsədəuyğun görünür.
“Qurani Kərim”in “Maidə” surəsinin 27–31-ci ayələrində, öz adları çəkilməsə də, Adəm oğulları arasında baş vermiş münaqişədən söz açılır. Xüsusən, 27-ci ayədə oxuyuruq: “Haqq olaraq oxu onlara Adəmin iki oğlunun hekayətini. Hər ikisi gətirmişdi qurbanlığını. Qəbul edilmişdi qurbanların biri, edilməmişdi o biri. Qurbanı qəbul edilməyən “Səni öldürəcəyəm” demişdi öz qardaşına. Bu da cavab olaraq demişdi: “Yalnız müttəqilərdən qəbul edər qurbanı Allah...” (Qurani Kərim – Azərbaycan türkcəsində açıqlama Nəriman Qasımoğlunun qələmilə - Bakı, “Azərbaycan” nəşriyyatı, 1993, s. 51)
“Maidə” surəsinə verilən “b” izahında isə həmin “qurbanlıq” əhvalatının əsl səbəbi və tarixçəsi aşağıdakı kimi açıqlanır:
“Rəvayətə görə, Adəm oğulları Habilə və Qabilə buyurmuşdu ki, hər qardaş digərilə bərabər doğulan bacı ilə evlənsin. O zaman insan yenicə yarandığı üçün bu cür evlənmə zəruri idi. Qabilin ekizi daha gözəl idi (fərqləndirmə bizimdir – A. A.), onu qardaşına vermək fikrində deyildi. Bu işi yoluna qoymaq istəyən Adəm buyurur ki, qardaşların hərəsi bir qurbanlıq gətirib gözləsin. Göydən töküləcək od kimin qurbanlığına toxunarsa, onun haqlı olduğu bilinər. Həmin od Habilin qurbanlığını yandırır.” (Yenə orada, s. 335)
Əlqərəz, bir tərəfdən, bu münaqişənin axırda gözəlliyə vurğun Qabilin qan tökməyi ilə nəticələnməsi, digər tərəfdən, klassik poetikanın tənasüb qanununun (sənətinin yox, məhz qanununun!) tələblərinə əsasən, istər beytdə, istər ikinci misradakı izafətdə bir-birinə uyğun söz və obrazların seçilməsi zərurəti nümunənin əsl variantının məhz aşağıdakı kimi olduğuna dərin inam və əminlik yaradır:
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümi,
Şifteyi-Qabildürür, qəmzən kimi ustadı var.
Yəni: “Göz bəbəyimin qan tökməkdə mahir olması təəccüblü deyil. Qabil kimi bacarıqlı aşiqdir o, qəmzən kimi ustadı var.”
Fikrimizcə, “şiftə” (vurğun, aşiq) sözü ilə onun yerinə mətnə qəsdən sırınmış həmin üzdəniraq sözün ərəb qrafikasındakı yazılışları ortasındakı ciddi fərq, xüsusən, hər iki sözün baş hərflərinin bənzərsizliyi bu rüsvayçı təhrifin hər hansı naşılıq və diqqətsizlikdən daha çox bədniyyət qərəzdən və qara həsəddən qaynaqlanmış olması ehtimalını gücləndirir.
“Məni candan usandırdı...” qəzəlinə gəlincə, bir daha onu vurğulamaq yerinə düşərdi ki, bu qəzəl nəinki Füzuli lirikasının, bütövlükdə Azərbaycan klassik poeziyasının ən məşhur və ən mükəmməl bədii nümunələrindən biridir. Onun özünəməxsus bir əlamətdar cəhəti də budur ki, özündə, eyni zamanda, xalq şeirinin ən yayğın şəkillərindən olan gəraylının da əsas xüsusiyyətlərini (daxili qafiyələrə görə qəzəl misralarını ortadan bölüb oxuyanda həm də gəraylı bəndləri alınır) əks etdirir. Bu da Füzuli dühasının ecazkar qüdrətinin və xəlqi təbiətinin daha bir parlaq dəlilidir.
Təəssüf ki, son zamanlarda “elmi-ədəbi dəb” arxasınca yüyürən bəzi təsəvvüf “görməmişləri” daha çox şifahi mübahisələrdə hətta gerçək həyati sevginin odlu tərənnümündən ibarət bu bənzərsiz örnəyi də öz qarışlarına uyğunlaşdırıb yozmağa çalışırlar. Onların başlıca bəhanələri əsasən qəzəlin aşağıdakı beytinə söykənir:
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
(Məhəmməd Füzuli. Əsərləri, altı cilddə, I cild, Bakı, “Şərq-Qərb”, 2005, s. 290)
Təsəvvüf azarkeşlərinin qəribə “məntiq”inə görə, guya bu beytin məzmunu mənsub olduğu qəzəlin dünyəvi sevgi mövzusunda yazıldığını inkar edir. Niyə, nə imiş?!... Çünki orda guya bütün xəstələrinin dərdinə dərman edən bir canandan söz açılırmış və guya Füzulinin lirik qəhrəmanı bu sayaq “gəzəyən” bir məşuqəni sevə bilməzmiş və s. və i. a.
Biz belə təsəvvüf düşkünlərinə Füzulinin saf həyati sevgi lirikasından hər addımda sufilik əlamətləri axtarmaq əvəzinə onun bədii mətnlərinə yaxından diqqət yetirməyi və böyük şairin obrazlar aləmini dərindən dərk etməyi diləyirik. Çünki sözügedən yozumun tamamilə əsassız olduğu göz qabağındadır. Sadəcə olaraq beytin birinci misrasında daxili qafiyənin tələbi ilə sözlərin ənənəvi sıralanmasında (Qamu canan bimarinə...) baş verən yerdəyişmə (Qamu bimarinə canan... – poetik inversiya) nəzərə alınsa, onun məzmunu daha asan anlaşılar, yəni: “Hər canan öz xəstəsinin dərdinə dərman bəxş edər, Mənimki niyə bəxş etməz, məni xəstəsi sanmazmı?”
“Məni candan usandırdı...” qəzəlinin mətnindəki olmazın dərəcədə kobud təhrifə isə nümunənin beşinci beytində rast gəlirik:
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
(Yenə orada, s. 290)
Beytin ilk misrasında Füzulinin olduqca yüksək bədii məharəti növbəti dəfə həssas oxucunu heyrətə qərq edir. Yəni: “Yanağının gülünü əks etdirdiyi üçün göz yaşım gözümdən qanlı (qan qırmızılı) axmaqda.” Amma ikinci misrada birbaşa sevgilinin özünə müraciət olunsa da, əsasən “bulanmazmı?” sözünə görə beytin mənası tam anlaşılmır. Güman etmək olardı ki, bəlkə, müəllif “...fəsli-güldür bu, axar sular bulanmazmı?” deyərkən elə təbiət sularını nəzərdə tuturmuş. Amma, əksinə, güclü leysanlar və sellərə görə təbiət sularının məhz baharda bulandığını, axı, Füzuli hamımızdan yaxşı bilirdi. Bir də ki, sözügedən qəzəlin yalnız suallardan ibarət bütün qafiyələrində (usanmazmı?; yanmazmı?; sanmazmı?; inanmazmı?; oyanmazmı?; utanmazmı?; usanmazmı?) mahiyyətcə vüsala doğru bir ümid işartısı olduğu halda, təkcə “bulanmazmı?”nın bu baxımdan istisnalıq təşkil etməsi tənasüb qanununun (təkrar edirik: sənətinin yox, məhz qanununun!) tələblərinə uyğun deyil. Klassik poetikanın məhz bu qanununun başqa bir dominant tələbi isə hər hansı böyük şairin müəyyən bir mövzuya dair qafiyə seçimində ilk növbədə tam və sərrast qafiyələrə üstünlük verməsinin vacibliyi ilə bağlıdır. Ona görə də, birincisi, Füzuli kimi mahir söz sərrafının qəzəl mətnindəki qafiyələr sırasında “oyanmazmı?”nın ardınca gələn və onunla belə yaxından səsləşən “dayanmazmı?”nı qoyub, “bulanmazmı?”nı işlətməsi əsla inandırıcı deyil. İkincisi və ən başlıcası, lirik “mən”in birbaşa öz sevgilisinə üz tutduğu həmin beytdəki başqa söz və obrazlarla uyğunluğu və əlaqəsi baxımından da “dayanmazmı?” daha çox yerinə düşür və daha təbii səslənir:
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür, bu axar sular dayanmazmı?
Yəni: “Yanağının gülünü əks etdirdiyi üçün göz yaşım gözümdən qanlı (qan qırmızılı) axmaqda, Sevgilim, gül fəslidir (mehr-məhəbbət və şəfqət dəmidir), bu axan qanlı yaşlar dayanmazmı?”
Göründüyü kimi, müəllif “...axar sular dayanmazmı?” dedikdə hər hansı başqa suları deyil, məhz aşiqin gözlərindən axan qanlı suları nəzərdə tutur. Daha aydın anlaşılması üçün birbaşa “...qanlı sular dayanmazmı?” deyilməməyinin yeganə səbəbi isə “qanlı” sözündəki birinci hecanın qapalı (uzun) olması ilə bağlıdır. Çünki həzəci-müsəmməni-salimdə (səkkizbölümlü bütöv həzəcdə) yazılmış bu qəzəldə vəznin tələbinə görə hər rüknün (məfAİlün) ilk hecası açıq (qısa) olmalıdır.
Və nəhayət, yəqinimizcə, əvvəlki qəzəldə olduğu kimi, bu örnəkdəki inkaredilməz təhrifin də öz səciyyəsi və dərəcəsinə görə başqa hər hansı səhlənkar xəttat tərəfindən təsadüfən deyil, məhz Füzuli dühasına gizlicə həsəd aparan bədxah katib tərəfindən qəsdən gerçəkləşdirildiyi daha ağlabatandır.
Sonda elmi etika naminə bir qeydi də oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik. Çağdaş füzulişünaslıq o qədər geniş və sonsuz bir sahədir ki, onun bütün yeniliklərini izləmək olduqca çətindir. Odur ki, bu yazımızda bilmədən məbada hər hansı bir alimin hər hansı bir fikrini bu vəya digər şəkildə təkrar eləmiş olsaq, xəbər tutan kimi tədqiqatımızın növbəti nəşrində ona istinad etməyə hazırıq.