Fikrət Qocanın qızı: “Atamı qaraçılar oğurlayanda...” – Müsahibə

Gülay Fikrətqızı

Gülay Fikrətqızı

24 yanvar 2022
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən Xalq şairi Fikrət Qocanın qızı Gülay Fikrətqızı ilə müsahibəni təqdim edir.

- Gülay xanım, bura gələndə atanızla bağlı xatırladığınız ilk xatirə hansı oldu?

- O qədər xatirələr var ki... Ən əsası bizim balıq tutmağa getməyimiz... Mən o günləri tez-tez xatırlayıram. Məktəb oxuyan vaxtı bizi balıq tutmağa aparardı. Onun özü balıqçı idi, xoşuna gəlirdi balıq tutmaq. Bu onun hobbisi idi. Və hər zaman da məni özüylə aparırdı. Özünün professional qarmağı vardı, mənim üçün də “udıçka” almışdı. Bəzəkli, üstü oyuncaqlı “udıçka”. Mənim də marağım vardı balıq tutmağa.

- Adətən balıq tutmağa kişilər gedir, nə əcəb sizi də aparırdı?

- Nə bilim, vallah. Evin son beşiyi mən idim. O vaxt atamın bir maşını vardı, mən onu tez-tez yuyurdum.

- Nə maşını idi, xatırlayırsınız?

- “09” idi. O vaxt təzə çıxmışdı. Balaca vaxtı vedrəyə su doldurub gəlirdim maşının yanına, təmizləyirdim onu. Atam sürməyi də öyrədirdi mənə. Həyətdə qabağa, arxaya verə-verə öyrənirdim. Bir dəfə elə olmuşdu ki, maşını o qədər geriyə, qabağa vermişdim, axırda atam maşını sürəndə xarab olmuşdu. Anamla harasa gedirlərmiş, yolda qalıblar. Düzdü, anam dedi ki, yolda çox hirslənmişdi. Amma maşın düzələndə, evə gələndə hirsi soyumuşdu. Bircə mənə dedi ki, bir də belə şey eləmə.

- Gülay xanım, Fikrət Qoca ata kimi necə biri idi? Sakit, təmkinli, yoxsa zəhimli, sərt?

- Mənim uşaqlıqda tanıdığım atamla bir az yaşlanmış atam tamam başqa insanlar idi. Uşaqlıq vaxtında o çox sərt ataydı.

- Qadağaları olurdu?

- Qadağaları deyəndə ki, biz artıq onun nədən xoşunun gəlib, nədən gəlmədiyini bilirdik.

- Nədən xoşu gəlmirdi ki?

- Məsələn, biz o otaqda olan vaxtda ixtiyarımız yox idi ki, ora girək.

- Yazı masasına yəni?

- Yox, təkcə yazı masasına yox. Tutaq ki, qonaq otağında televizora baxırdı, onda da ixtiyarımız yox idi o olan yerə ayaq basmağa. Uşaq vaxtı beləydi. O olan otaqlara girməzdik, öz otağımızda oturardıq. Bir az sərt idi. Çəkinirdik ondan. Özü də əməlli-başlı. Düzdü, mənə qarşı elə də sərt olmayıb. Dəcəl idim deyə, bəlkə də. Məni özüylə bayaq dediyim kimi, balıq tutmağa aparırdı, hər istəyimi yerinə yetirirdi. Amma yenə mən də ondan çəkinirdim. Sonralar isə atam yumşalmağa başladı.

- Nə vaxt başladı bu yumşalma?

- Yaşımız artdıqca, böyüdükcə... Onda mənim ya 22, ya 23 yaşım vardı.

- Gülay xanım, atanızın atası və anası, uşaqlığı haqda nələr bilirsiniz? Uşaqlığından danışmışdı sizə?

- Açığı deyim, atam uşaqlığından heç vaxt danışmazdı. Bir-iki dəfə ötəri bir şeylər danışmışdı. Atam dayısı ilə, demək olar, yaşıd olublar. Bir yerdə oynayıblar həmişə. Bunu danışardı. Bir də danışmışdı ki, qaraçılar bir dəfə onu oğurlamaq istəyiblər. O, mavi gözlü idi, o biri uşaqlardan seçilirdi. Onu oğurlamaq istəyiblər, dediyinə görə, nənəm əllərindən alıb. Rayonda, Ağdaşda yaşayırdılar. Babam həkim olub. Vərəm dispanserində işləyib.

- Onda yaxşı yaşayıblar...

- Yox, sizə deyim, elə də yaxşı yaşamayıblar. Babam elə olub ki, xəstələrin pulu olmayanda öz cibindən onların xərclərini qarşılayıb. Orta yaşayıblar. Sonra da kasıblayıblar. Ondan sonra çətinlikləri olub. Özü bu haqda danışmışdı. Nənəm də həmişə danışardı ki, çətin, kasıb yaşadığımız günlər çox olub. Onlar həm də çoxuşaqlı olublar, səkkiz uşaq. Ona görə də ailə üçün çətin olub.

- Gülay xanım, Fikrət Qoca iki dəfə ailə həyatı qurmuşdu. Üç bacı, bir qardaş idiniz...

- Birinci evliliyindən iki uşağı, ikinci evliliyindən də iki uşağı olmuşdu.

- Uşaqlarla ünsiyyəti necə idi? Atanızla danışmağa çəkinmirdiniz ki?

- Danışırdı bizimlə. Amma o qədər yox. Yadımdadır ki, bacım şərqşünaslıqda oxumaq istəmişdi, bunu da atama demişdi. Atam da demişdi ki, şərqşünaslıqdansa tarix fakültəsi yaxşıdır. Amma bacım sözünün üstündə durdu, öz istədiyi fakultəyə qəbul olundu. Mən də iqtisadiyyatı istəyirdim, amma atam məni qoymadı. Dedi, yox, sən İncəsənətə gedəcəksən. Mən isə sözümün üstündə möhkəm dura bilmədim və getdim İncəsənətə, teatrşünaslıq fakültəsinə.

- Uşaqları haralara aparırdı? Sizə oyuncaq alırdımı?

- Düzü, o qədər vaxtı olmurdu. Həmişə rayonlara, ya xaricə tədbirlərə gedirdi. Amma çox vaxt yayı rayona, Ağdaşa aparırdı bizi. Bəzən hansısa rayonda olub sonra özünü Ağdaşa yetirirdi. Bir dəfə yadımdadır, maşını sürdü həyətə, dedi, görün sizə nə almışam. Getdim, gördüm ki, rolik alıb. O vaxtın roliki indikilərdən fərqli idi, dörd təkərli olurdu. Bir də ayı oyuncağı almışdı. Onda elə bilmişdim ki, dünyanın ən xoşbəxt adamıyam. O roliklərdən uzun müddət istifadə elədik. Hər deyəndə belə şeylər eləmirdi, ancaq eləyəndə də çox maraqlı ideyalarla eləyirdi.

- Gülay xanım, atanızın ilk evliliyi nə vaxt olmuşdu?

- Birinci ailəsindən xəbərim yoxdur. Bilmirəm. Maraqlanmamışam. Bildiyim qədəri ilə, lap cavan vaxtı olub, təxminən 19-20 yaşlarında. Ancaq mənim anamla ilk xanımından boşandıqdan xeyli sonra tanış olub.

- Necə olub onun tarixçəsi?

- Onda artıq atamın 30-dan çox yaşı olardı. Anam da, atam da ailəlik Ağdaş rayonundandırlar. İki ailə də bir-birini çoxdan tanıyırdılar. Onlar bir dəfə, indiki cavanların dili ilə desək, piknikə gedirlər. Şənbə-bazar günləri yığışırlarmış və gedirlərmiş Kürün qırağına. Atamın tərəfi də, anamın tərəfi də orda bir araya gəliblər. Orda atam anamı görüb və bəyənib.

- Ayrıldıqdan nə qədər vaxt sonra?

- 7 il sonra.

- İlk xanımı ilə nəyə görə ayrılmışdı?

- Yox. Düzünə qalsa, bilmirəm. Heç vaxt dərinliyinə getməmişəm.

- Bəs əlaqələr necə? İtməmişdi ki?

- Yox, böyük bacım həmişə bizə gedib-gəlirdi. Qardaşım da. Yəni atamın birinci nikahından olan qardaşım və bacım. Anam heç vaxt onlarla bizim aramızda ayrı-seçkilik eləməyib. Heç vaxt!

- İki ailəsi olub. Atanızın birinci və ikinci ailəsinə münasibətində hər hansı bir fərq görürdünüzmü?

- Xeyr. Atam nə o biri ailəsinə, nə də bizə fərq qoyub. Heç vaxt heç birimizi diqqətdən kənar qoymayıb. Nə vaxt hansı uşağının problemi vardı, onun yanında gedirdi. Ümumiyyətlə, bizim aramızda elə bir uçurum olmamışdı. Onlar həmişə bizim yanımızda olub, biz də belə qəbul etmişik.

- Gülay xanım, mən bildiyim qədəri ilə, Fikrət Qoca zarafatcıl biri idi. Evdə də elə idi?

- Cavanlığında yox, amma sonradan çox zarafatlar eləyirdi. Bir dəfə saçımın rəngini boyamışdım, səhv eləmirəmsə, qırmızıya çalan rəng idi. Atama dedim, necədi, yaraşır? Dedi, hə, bizim Ağdaşın qaraçılarına oxşamısan (gülüşmə). Mənə “mamulya” deyirdi, çünki oğlumun adını Fikrət qoymuşdum. Qəribə zarafatları olurdu. Çəkilişləri olan vaxt mənə deyirdi ki, gəl sən də otur, qulaq as. Mən də həmişə belə şeylərdən qaçmışam, deyirdim, yox e, papa, gəlmək istəmirəm. Deyirdi, düz deyirsən, gəlmə, səni elə görməsələr yaxşıdır (gülür).

- Sizə, qızlarına xüsusi qadağaları olurdumu? Geyiminizə, məsələn...

- Bizə geyim alardı, özü də ancaq Azərbaycanın istehsalı olan geyimlər.

- Niyə?

- Deyirdi, siz məktəbə gedirsiniz, orda kasıb təbəqə var, elə uşaqlar olur ki, valideynləri onlara pal-paltar ala bilmir. Siz belə qəşəng geyinib gedəndə onlar da o cür paltarlar geyinmək istəyəcəklər. Ona görə də həmişə bizə deyirdi, düşünməyin ki, kimsə sizdən aşağıdır, ya da yuxarıdır. Siz hamı kimisiniz. Biz ona görə də məktəbə heç vaxt dəbdəbəli geyinməmişik, heç kimdən seçilməmişik.

- Maddi durumu təmin olunmuş şair idi. Bəs pulla necə rəftar idi? Çox xərcləyən idi?

- Yığımcıl deyildi. Dostları ilə otursun, qonaqlıqlarda yeyib-içsin.

- İçki ilə siqaretlə arası necə idi?

- Siqareti əməliyyata qədər çəkirdi. Səsi tutulandan sonra çəkmədi. İçki də ki... bütün yazıçı, şairlər kimi. Qonaqlıqlar təşkil edirdi, yeyib-içirdilər.

- Belə başa düşdüm ki, hesabı daha çox Fikrət Qoca ödəyirdi...

- Hə, elə şeylər çox olub. Bizim evə də gəlirdi dostları.

- Kimlər gəlirdi? Kimlər Fikrət Qocanın dostları idi?

- Aleksandr Qriç bizə gəlirdi. Atanın yaxın dostu. O vaxtı “Dalğa”, yaxud “Bayatı” verilişini İntiqam Qasımzadə ilə birgə aparırdı. O, sonra ölkədən köçdü, indi Amerikada yaşayır. Hələ də münasibətlərimiz qalır. Çox yaxşı dost idi. Sonra... Siyavuş Məmmədzadə gəlirdi. Tərcüməçi şair idi o. Mansur Vəkilov gəlirdi, rəhmətlik. Vaqif Səmədoğlu gəlirdi, o atamın ən yaxın dostu idi, münasibətləri də çox yaxşı idi. Polad Bülbüloğlu musiqilər yazılanda gəlirdi. Anar müəllim çox az-az bizdə olurdu. Onlar hardasa başqa yerlərdə otururdu. Müslüm Maqomayev tez-tez bizə zəng edirdi, musiqiləri ilə əlaqədar.

- O günlərdən nələr xatırlayırsınız?

- Onlar, şairlər-yazıçılar gələndə məni çıxardırdılar bir stulun üstünə. Deyirdilər, şeir oxu. Mən də nə balacaydım, nə gəldi oxuyurdum, özümdən quraşdırırdım. Onlar da əl çalıb, deyirdilər, afərin, afərin. Sonra yadımdadır, bizim üçün kağızdan təyyarə düzəldirdilər. Biz də o təyyarələri götürüb oynayırdıq. Onlar gələndə gün çox maraqlı keçirdi və biz də sevinirdik.

- Qadın dostlarından kimlər gəlirdi bəs?

- Əzizə Mustafazadənin gəldiyini xatırlayıram. Atam onun bəstəsinə şeir yazmışdı. Sonra Rühəngiz Qasımova gəlirdi. Ruhəngiz xanım atamın qadın cildində kişi dostu idi. Çünki xasiyyəti kişi xasiyyəti idi.

- Ananız qısqanmırdı Ruhəngiz xanımı? Yaxud atanızın başqa qadın dostlarını?

- Yox. İnanırsınız, o qadınlar elə qadınlar idilər ki, kişi kimi xasiyyətləri vardı. Qadınlar dostları arasında atamın ən yaxın dostu da Ruhəngiz Qasımova idi.

- Bəs Fikrət müəllimin özü necə? Yoldaşını qısqanırdı? İşləməyinə icazə verirdi?

- Əvvəllər anamın işləməyinə ehtiyac olmadığı üçün heç anam da bu barədə düşünmürdü. Bir yaşdan sonra isə anam işləməyə başladı. Atam da dedi, problem yoxdur.

- Qız uşaqları atalarından çəkinirlər, elə bəzən oğlan uşaqları da. Hər şeyi demək olmur ataya. Sizdə necə idi? Hər şeyi danışa bilirdiniz atanıza?

- Cavan vaxtı yox, amma sonradan hər şeyi bölüşürdük.

- Məsələn, sizinlə evlənmək istəyən olanda... bunu deyə bilmişdiniz?

- (gülür). Yox, atama deyə bilməmişdim. Deməli, mən, atam, anam eyni otaqda oturmuşduq. Mən xəlvət anama bunu dedim. Sən demə, atam da bunu eşidibmiş, sadəcə özünü eşitməməzliyə vurubmuş. Sonra qıraqda anama deyibmiş ki, mən narazı deyiləm. Ümumiyyətlə, atam həmişə bizə deyirdi ki, kimlə ailə həyatı qurmaq istəyirsiniz, qurun, ancaq bu ailənin uğuru da, uğursuzluğu da sizin olacaq, sonra məni günahlandırmayın. Düşünərək bu addımı atmağımızı istəyirdi. Deyirdi, səhvinizlə də sizin özünüz yaşayacaqsınız.

- Sizə, övladlarına, yaxud yoldaşına şeirlərini oxuyurdu?

- Anama oxuyurdu. Yaşlı vaxtlarında mənə zəng eləyib deyirdi ki, qızım, şeir yazmışam, amma səsim yoxdur, verirəm, anan oxusun. Onlarda olanda özü oxuyurdu. Yaxud hardasa çap olunanda deyirdi, oxu və fikirlərini söylə.

- Sizinlə dost olmağı bacarırdı?

- Qabaqlar deyə bilmərəm. Amma zamanla, hə, ola bilmişdi. Mən həmişə deyirəm, insanlar yaşlandıqca yumşalırlar, daha səmimi, daha mülayim olurlar.

- Onda yaşlanandan sonra sizinlə dost oldu...

- Bəli... Yalnız yaşlanandan sonra... Düzdü, uşaq vaxtı məni hər yerə aparırdı. Bir də gördün, deyirdi ki, durun getdik rayona, Ağdaşa, yaxud başqa yerlərə. Gəzdirirdi bizi. O vaxt Yazıçılar Evləri vardı, bizi ora da aparırdı. Çox gözəl idi ora. Bütün yazıçıların övladları orda görüşürdü. Sovetin tərkibində olan ölkələrdən ora istirahətə gələn yazıçılar vardı. Biz orda tamaşalar eləyirdik, əylənirdik. O vaxtı mən həmişə canavar rolunda gedirdim. Hamı da mənim adıma “Volk” deyirdi. İndi də hərdən görəndə deyirlər, hə, sən həmin “Volk”san.

- Gülay xanım, Fikrət Qocanın səsinin tutulduğu vaxtları necə xatırlayırsınız?

- Səhv eləmirəmsə, bu 1986-cı ildə olmuşdu. Atamın ciyərində problem yarandı, getdi Yazıçılar Birliyinin poliklinikasına. Həkim yəhudi idi, baxan kimi dedi ki, sən təcili əməliyyat olunmasan ömrün qısa olacaq. Atamda xərçəng xəstəliyi başlamışdı. O vaxt atamın bir yaxın dostu var idi, İsaq İbrahimov. Əvvəllər vəzifədə işləmişdi, həmin vaxtlar isə vəzifədə deyildi. Bizi bağ evinə qonaq çağırmışdı. Onun yoldaşının Heydər Əliyevə qohumluğu çatırdı. Əlaqə yaratdılar, Heydər Əliyev də dedi ki, təcili Moskvaya gəlsin. Atam Moskvadakı xəstəxanaya gedir, yer olmadığı üçün mehmanxanada qalır. Onda Heydər Əliyev demişdi ki, siz niyə bu adama yer verməmisiniz. Bütün Moskvanı axtarıb atamı tapmışdılar və həmin xəstəxanaya yerləşdirmişdilər. Məşhur bir cərrah var idi, adı təəssüf ki, yadımdan çıxıb. O, başqa bir ölkədə simpoziumda idi, onu ordan çağırtdırdılar. İlk əməliyyatı o eləmişdi. Xərçəng tamamilə bir ciyərini tutmuşdu. Əməliyyat sırasında səs tellərinə toxunmuşdular. Həkim demişdi ki, mən sənin səs tellərinə toxunmaya bilməzdim.

- Sizin onda neçə yaşınız olardı?

- 7-ci sinifdə oxuyardım.

- Atanızın səsi dəyişəndə nə hisslər keçirmişdiniz? Səsi dəyişib evə gəldiyi gün yaddaşınızda necə qalıb?

- Moskvadan, əməliyyatdan qayıdanda, qaça-qaça pillələrlə aşağı düşüb atamı qarşıladım. Ona tərəf gələndə əli ilə işarə eləyib nəsə dedi, amma o dediyini eşitmədim. Əvvəl-əvvəl başa düşmədim, sonra anladım. Kor-peşman evə qalxdım və anama dedim ki, atamın səsi gəlmir. Onda səsi lap batmışdı. Sonralar yavaş-yavaş açıldı. Öyrəşmişdik onun səsinə, bizi çağırıb nəsə istəyirdi. Evə gələndə, bizi çağıranda, nəsə istəyəndə eşidə bilmirdik, üzünə diqqətlə baxırdıq ki, bəlkə, üz ifadəsindən nə istədiyini anlaya bilək. Özünə də bu çox təsir edirdi. Şeirlərini özü ifa edirdi əvvəllər. Əməliyyatdan sonra deyə bilmirdi, bu onu çox sıxırdı. Biz də, düzü, öyrəşə bilmirdik. Çağırırdı, nəsə deyirdi, başa düşmürdük. Elə bil tamam başqa bir adam qayıdıb gəlmişdi.

- Gülay xanım, ögey qardaşınız Yalçının faciəli ölümü Fikrət Qocaya bərk təsir eləmişdi. Atanızın o günlərdəki halını necə xatırlayırsınız?

- İtki onda ardıcıl oldu deyə atama çox ağır zərbə oldu. Birinci oğlunu itirdi, sonra yeznəsini. O, bacısının yoldaşı ilə qardaş kimiydi. Ondan sonra qardaşı Hamlet Qoca rəhmətə getdi. Bu ölümlərin aralarında iki-üç il fərq oldu hardasa. Yadımdadır, Vaqif Səmədoğlu öləndə ona çox pis təsir eləmişdi.

- Oğlunun qətl edilməsi, sonradan qatilin tapılması üçün müraciəti, qatilin tapılması və s. Bütün bu ağrıları evdə necə yansıdırdı?

- Səssiz və içində... Mən atamın ağladığını heç vaxt görməmişəm. Gözləri dolurdu... ancaq onun ağladığını görməmişəm. Ancaq onun fikir çəkdiyini hər zaman hiss eləmək olurdu. Otururdu və fikri harasa uzaqlara gedirdi. Bir ara oğlunun qatilinin tapılması üçün üstünə düşmüşdü. Sonra həmin adamları tapdılar da. Həmin adamın cinayət işinə neçə il kəsilməsi məsələsi vardı. Atama demişdilər ki, qatillərə az iş kəsilib. Onda atam demişdi ki, çox iş versələr, bu mənim oğlumu geri qaytaracaq? Onların neçə il içəridə yatmağı artıq məni maraqlandırmır.

- Dediniz, hər şeyi içində yaşayırdı. Ağrılarını gizlədirmiş onda...

- Elədi. Deyirdim, ata, nə olub. Heç vaxt deməzdi. Elə ağır xəstəliklərə tutulmuşdu ki... Malyariya tutmuşdu, lap ağrıdıcı xəstəliklər keçirdib. Dəfələrlə əməliyyat olunub. Ancaq heç vaxt ağrıyıram, özümü pis hiss eləyirəm deməzdi. Heç vaxt! Mənəvi ağrılarını da o cür.

- Deyəsən, ömrünün son günləri Fikrət Qoca belə bir fikir söyləmişdi ki, indiki pandemiya dövründə cavanlara yazığım gəlir, onlar necə yaşayacaqlar? Ümumiyyətlə, dünyanın yeni düzəni, pandemiya ona necə təsir etmişdi?

- Atam işə getməyi çox sevirdi. Evdə oturmağı sevməzdi. Yanına gələn hər kəsə də kömək eləyirdi. Bəzən elə olurdu ki, cibindəki axırıncı qəpiyi də ehtiyacı olana verirdi. Əliaçıq adam idi. Bir də gördün ki, kimsə gəlib nəsə istəyirdi. O da zəng eləyib yuxarı dairələrə o adamın işi üçün ağız açırdı. Ona görə də hər gün işə gedirdi. Bir dəfə ona dedim ki, ata, hava pisdi, bəlkə, qalasan evdə. Dedi, yox, gedim, ola bilsin, kiminsə köməyə ehtiyacı olar, gələr, qapıda qalar. Atam olduğuna görə demirəm, həmişə hamıya əl uzadırdı, kömək edirdi.

- Atanız vəzifədə idi, Xalq şairi titulu vardı və bu da çox vaxt onu açıq hədəfə gətirirdi. Onu tənqid edirdilər. Deyirdilər, saray şairidi...

- Sadəcə onu buna görə tənqid edən adamlara demək istəyirəm ki, onun əsərlərini oxusunlar, ədəbi irsini öyrənsinlər. Sovet dövründə çoxları çəkinirdi, susurdu, atam isə əsərlərində xalqların azadlıq uğrunda mübarizələrindən, cəmiyyətin problemlərindən yazırdı, sözünü deyirdi. Atam Çe Gevara, Xose Risal haqqında poemalar yazmışdı. Bu cür çox əsərləri var. Uzun illər əvvəl rüşvət haqqında yazdığı şeiri də xatırlatmaq olar. Açıb oxusunlar onun şeirlərini, sonra görsünlər ki, kimdi "saray şairi"...Saray şairi ömründə elə şeirlər yazmaz. Sadəcə... sizə bir şeyi deyim. O, həmişə deyirdi ki, Heydər Əliyev mənim həyatımı xilas etdi. Onun oğlu dəfələrlə məni xilas eləyib. Çünki atamın elə imkanları yox idi ki, getsin xaricdə müalicə olunsun. Hamısını dövlət eləyib, prezident şəxsən sərəncam imzalayıb, eləyiblər. Atam da ona görə həmişə deyirdi ki, mən bu cür yaxşılığı itirə bilmərəm axı, o yaxşılığı itirib necə bir insan ola bilərəm? Belə şeylərə görə saray şairi deyirlərsə, desinlər də, neyləyim? Heç olmasa açıb oxusunlar onu. Bir kitab üzü açıb oxumayanlar onu necə saray şairi adlandıra bilər? Oxusunlar, sonra fikir bildirsinlər.

- Sizin özünüzün atanızda dəyişmək istədiyiniz hansı xüsusiyyəti vardı?

- ... Necə deyim, onun həddən artıq saflığından irəli gələn keyfiyyəti - hamıya etibar etməsi və bu keyfiyyətindən sui-istifadə edən müəyyən insanlar tərəfindən aldadılması... Bunu dəyişmək istəyərdim...

- Saflığından istifadə eləyənlər olurdu?

- Əlbəttə. Həmişə dostlarına görə dava edirdi. Elə ona görə də onun haqqında artıq-əskik sözlər deyirdilər. Yaxşı dost, yaxşı arxa idi. Demirəm, bu pis xasiyyətdir. Amma sonra onun bu saflığından istifadə edib arxasınca o qədər pis sözlər deyirdilər ki, mən götürə bilmirdim. Çünki mən tərbiyə almışam ki, özündən böyük haqqında heç vaxt pis şey danışma. Fikrindən razılaşmaya bilərdim və onu mədəni şəkildə dilə gətirərdim. Atamın özü də deyirdi ki, böyüyünə hörmət eləməyənin gələcəyi yoxdur. Ancaq bunlar yalnız təhqir eləməyi bacarırdılar.

- Kimlər?

- Yəni atamın fikrini qəbul eləməyənlər. Hesab edirdilər ki, atam onlar kimi düşünmürsə, deməli, saray şairidir. Onlar isə ancaq və ancaq düzgünlük tərəfdarlarıdır. Mən də onu götürə bilmirdim, atama deyirdim ki, niyə səni tanıyıb-tanımayan hər kəs ağlına gələni yazmalıdır. Elə cavan şairlər vardı ki, onlar atam haqqında fikir bildirəndə çaşıb qalırdım. Necə ola bilər ki, 15 il ömür çəkməyən adamlar 70 il ömrü olan adama söz deyirlər? Məsələn, mən bunu eləməzdim. Çünki onun yaşadıqlarını yaşamamışam. Ona görə də bu mənə haqsızlıq kimi gəlirdi. Qəbul edə bilmirdim.

- Bəs Fikrət Qoca özü necə qarşılayırdı bütün bunları?

- O, adi qarşılayırdı. İnanırsınız, deyirdi ki, sən bunlara niyə hirslənirsən, hər kəsin bir fikri var, hamı birini sevə bilməz. Deyirdi, məni hamı sevə bilməz ki, məni sevməyənlər də olacaq və mən buna hörmət edirəm. Xoş qarşılayırdı, hirslənmirdi. Cavanlar onu tənqid edəndə deyirdi ki, qoy tənqid eləsin, vaxt gələcək, mənim yaşıma çatanda hansısa gənc yazıçı onu tənqid edəcək, onda yadına mən düşəcəm.

- Gülay xanım, bilirəm, ağır olacaq, ancaq müsahibənin sonunda bunu soruşmaq məcburiyyətindəyəm: son gününü necə xatırlayırsınız?

- Mənim yadımda qalan elə ancaq son günləri oldu. Deyirlər e, övladların valideynlərin son günündə yanında olması ata-ana üçün xoşbəxtlikdir. Bəlkə, övladlar üçün də xoşbəxtlikdi, amma ağırdı. Və insanın yadında yalnız o günlər qalır (ağlayır). Xəstələnmişdi, həkim 10 gün müalicə yazdı. Mən də onda orda qaldım. Deyirdilər ki, idman elətdirmək lazımdı... Başını qatmaq üçün zarafatlar eləyirdik. Bir ara çox yaxşı oldu. Demişdi, yaxşıyam, çox yaxşı hiss edirəm özümü. Bir dəfə evə getdim, anam dedi ki, səni axtarır, deyir, Gülay hardadır (ağlayır). Gecə bir dəfə durdum, gördüm ki, oyaqdır, baxır. Oksigen balonu vardı, dedim, bunu çıxartma. Tərləmişdi, alnını sildim, öpdüm (ağlayır). Dedi, get qızım, salamat qal, narahat olma, get yat. Mən gedəndə anam oyanmışdı artıq. Atam anam nəsə deyirdi. Həmin gün də möhkəm külək əsirdi. Elə bil qurd ulayırdı. Pəncərələr silkələnirdi. Gözümə bir az yuxu getmişdi, səsə ayıldım. Elə bildim, küləyin səsidir. Sonra gördüm ki... (ağlayır) Anam ağlayırdı... Gəldim, gördüm atamı. Amma inanmadım öldüyünə... Səhərə yaxın idi...

# 3566 dəfə oxunub

Müəllifin son yazıları

# # #