"Bu sudan içən virusa yoluxmur" - Qızdırma pirindən reportaj

"Bu sudan içən virusa yoluxmur" - Qızdırma pirindən reportaj
23 aprel 2020
# 09:01

Kulis.az Ayxan Ayvazın Xaçmazın Sayad kəndində yerləşən Qızdırma pirindən yazdığı reportajı təqdim edir.

Bir bulaqdan su içdim və bütün həyatım dəyişdi.

Bu cümlə burda qalsın. Gedək görək sizi hara aparacam...

Korona günlərində Xaçmazın Sayad kəndi tərəfdəki Qızdırma pirinə getdik. Əlimizdə vedrə və su butulkaları. Çöldə adamı yaşamağa səsləyən günəşli hava vardı.

- Bəlkə də bu koronanın dərmanıdır. – bizi bura gətirən Zakir kişi danışırdı.

- Mən belə şeylərə inanmırdım. Bir dəfə oğlum qızdırma tutdu, burdan keçirdim. Gəlib, su götürdüm. Atdım evə. Axşam nəsə ağlıma gəldi ki, oğluma bu sudan içirim. Elə-belə, yoxlamaq üçün.

Nəticəni mən deyim: oğlunun qızdırması çəkilib gedir, ilim-ilim itir və bir də qızdırmaya tutulmur. İndiyə kimi bu mistikanın, bu qəribəliyin sehrinə qapılan Zakir kişi Qızdırma pirinə o gündən sonra möhkəm inanır.

Deyilənə görə, bu cür pirlər bir neçə rayonda var və camaat qızdırma tutan yaxınlarını pirə aparıb onları müalicə elətdirir.

Pirin sahibinin qəbir yeri hansısa kəndlinin torpaq sahəsinə düşmüşdü. Kəndlidən icazə istəyib qəbir yerinə getdik. Qəbrin üstündə ərəbcə sözlər yazılmışdı.

- Mənim qardaşım ərəbcə bilir. O oxumuşdu. Deyəsən, səhv xatırlamıramsa, burda Əl-mahmud adı yazılıb.

Gallery

Qəbir daşı ortadan çat vermişdi və üstündə tarixin cızıqları əks olunmuşdu.

Rəvayətlərdən birinə görə, Əl-mahmud övliya olub. Dərviş kimi gəzə-gəzə gəlib buralara çıxıb. Təbiətinin gözəlliyinə vurğun olan övliya istəyib ki, bu unudulmuş yerdə kənd salsın. Kəndi salmaq üçün isə ən başda ona suyu tapmaq lazım olub. Bir neçə yerdə quzu qazıb, günlərlə suyun hardan gələcəyini arayıb-axtarıb. Ən axırda bir bulaq tapıb ki, içən bu dünyaya bir də gəlir, xəstə sağalır, qoca cavanlaşır.

- Bulağın adı necədir?

- İsmi... İsma... – hərə bir cür ad deyirdi.

- Niyə İsma?

- Deyəsən, isitmək sözündəndir. Axırı İsma olub.

Biz bulağın başına çatmışdıq. Vedrəni ipə bağlayıb quyudan su çəkməyə girişdik. Düzü, mən elə də bacarıqlı olmadım bu işdə. Hər atdığım vedrə suyun üzünə dəyib böyrü üstə düşdü. Su lilləndi.

- Gətir, sənə öyrədim. - Zakir kişi özü vedrəni atdı.

Bu arada bizim baba lap o məşhur Yutuberlər kimi telefonunu çıxarıb quyunu çəkirdi:

“Baxın bu, İsma bulağıdır. Deyilənə görə, buranı övliya Əl-mahmud tapıb. Bu suyla adamları müalicə edirmiş...”

Gallery

Babanın videosuna baxdım: barmağı imkan verməmişdi quyunu görməyə. Biz buna bir xeyli güləndə artıq gətirdiyimiz su butulkalarının dolduğunu fərq etdik.

- Gəl, bir iç sudan. – Zakir təklif etdi.

Növbə ilə içdik.

- Bu suyun töküldüyü başqa bir yer də var. – Zakir bizə dedi. – Ora da gedək.

Zəminin üstüylə əlimizdə su butulkaları gedirdik. Qabaqda bir çoban var idi. Zakir dedi ki, bu çoban buralara bələddir, İsma bulağının tarixçəsini o da danışar sizə.

- İsma deyil bulağın adı. Əsmədir. Əsmə. Titrəmə. – çoban özünü əsdirdi. – Deyilənə görə, burda bir övliya...

- Əl-mahmud... – dedim.

- Yox. Əl-Bəzairdir deyəsən. Bura bir tarixçi qadın gəlmişdi, Səkinə adında. Səkinə idi deyəsən. Yaşlı qadın idi. Əlindəki lupayla oxumuşdu qəbirin üstünü.

- Neçənci ilin piridir dedi bəs?

- 80-ci il idi deyəsən. Amma eramızdan əvvəlmi, sonramı, onu dəqiq deyə bilmərəm.

Suyun töküldüyü yerə getdik. Ot basmışdı buranı.

- Korlayıblar e... – suyun üstündə butulkalar, peçenyə qabıqları gördük.

Gallery

Hiss etdim ki, içimə nəsə istilik yayılır. Bədənimin içində qəribə bir hərarət vardı. Sanki başımdan ayağımacan ilıq suya girmişdim.

- Sizdə də belə oldu? – su içənlərdən soruşdum.

- Hə... Hərarət var... - dedilər.

- Buralar bataqlıq idi. – çoban danışırdı. – bax gördüyün bütün bu ərazilər bataqlıq idi. Sonra buraları qurutdular ağıllı kişilər və kənd saldılar. O bulaq da elə yarandı. Başqa bulaqlar da var burda. Məsələn, dəvəbatan bulağı.

- Niyə elə deyirlər?

- Deməli, səyyahlar yol gediblərmiş. Gəlib bir bulağın yanında dincəliblər, su içiblər. Dəvələri bulağa girəndə batıb, çıxa bilməyib. O gündən Dəvəbatan bulağı deyiblər.

Camaatın dediyinə görə, bu bulağın tapılması həm insanların şəfası olub, həm də qazanc yeri. Əkin yerlərini suvarıblar, məhsulları fontan kimi daşıb, həmin illər bərəkət yağıbmış, bütün kənd camaatı şad-xürrəm yaşayıblarmış.

- Necə hiss edirsən özünü? – Zakir soruşur.

- Belə... Qəribə...

- Necə?

Zarafata saldım:

- Bir su içdim, bütün həyatım dəyişdi.

Gallery

Onlar güldülər. Ancaq hiss etdim ki, hamımıza bu suyun təsiri dəymişdi.

Həqiqətən də bayaqkı istilik yenə bədənimdə gəzişməyə və sanki içimdəki nələrisə araşdırmağa başlamışdı. Sanki bu torpaqlara öz nurunu çiləyən və adamları bir ailə kimi öz başına yığıb xoşbəxt günlərin sadağasını verən o övliya içimə girmiş, məni büsbütün dəyişmişdi.

Zakir kişinin səsi gəldi:

- İndi koronadır nədir, gəlsin, görüm bizə neyləyə bilər? Heç bir virus bizi qorxuda bilməz...

Bu uzanan zəmiyə, orda-burda görünən kənd evlərinə baxa-baxa öz-özümə dedim ki, hər şey çox gözəl olacaq.

# 13210 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #