Yazarlarımız Nazim Hikmətə nə deyərdilər? - YUMOR

Yazarlarımız Nazim Hikmətə nə deyərdilər? - <span style="color:red;">YUMOR
21 yanvar 2016
# 11:47

Ayxan Ayvaz

Təsəvvür edək ki, sovet hökumətinin vaxtıdır, Nazim Hikmət Bakıya gəlib. O dönəmin yazıçı və şairlərinin yerinə bizim çağdaş yazarlardır. Nazim Hikməti vağzalda qarşılayıb aparırlar ucuz bir kafeyə. Uzun-uzadı nə içib nə yediklərini yazmaq əziz oxucularımız üçün darıxdırıcı olduğundan bəri başdan yazarlarımızın Nazimə dediklərini təqdim edib aradan çıxaq.

Seymur Baycan:

- Nazim, mən bu yerə qədər özüm gəlib çıxmışam, heç kim əlimdən tutmayıb. Əziyyət çəkməlisən. Ana fikir budur. Boş-boş gəzmək, avaralanmaq, içib küçələrdə qışqırmaq şair olmaq demək deyil. Kitab oxu, filmə bax. İstedada çox bel bağlama. Özü də bu nədir klassik geyinmisən? Rəngli geyin, sənə daha çox yaraşar. Bir də yadında saxla. Görürəm, qadınlara yaman ilişib qalıbsan. Böyük yazıçı və şairlər qadında ilişib qalmır, şair. Qadınlar mənasızdır, bunu sənə sübut da edərəm. Sadəcə həvəsim yoxdur.

Rasim Qaraca:

- Gəl səni AYO-ya üzv edək. Nə tapıbsan AYB-də? İstedadlı adamlar ancaq AYO-da yetişir.

Bu yerdə Nazim Hikmət gözünü döyür. Rasim əsəbiləşir:

“Sən o boyda AYO-nu tanımırsan? Azad Yazarlar Ocağı. Səndən şair olan deyil. Özü də Anarı tərifləyirsən, hələ Rəsul Rzanı da. Ayıbdı.”

Murad Köhnəqala:

- Nə düşmüsünüz üstünə? Düzələcək. Götür iç, qalanını vecinə alma. Bircə belə səliqəli olma. Əynindəkini də çıxart, rahat otur. Burda sənə heç kim əlini vura bilməz, o adamı elə günə qoyaram, doğulduğuna peşman olar. Heç bilirsən, mənim biləyim necə güclüdür?!

Şərif Ağayar:

- Möhkəm ol. Sentimentallıqdan qaç. Bir qadına görə həyatı məhv olan böyük şair tanımıram. Həmişə içindəki səsə qulaq as.

Aqşin Yenisey:

- Sən həmişə romantikaya qaçırsan. Mən bir şeirimdə yazmışdım ki, kişi gül şəkli çəkməz. Nazım, şair gərək bir hissdən yazmasın. Sən elə bir qızı sevən kimi ondan bir şeir guppuldadırsan.

Qan Turalı:

- Mən bu fikrə qatılmıram. O, Berkliyə cavabın var haa, orda yürü. Əsas ideyadı. Ormandan-zaddan bir şey çıxmaz.

Qismət:

- Məncə, Mayakovskiyə cavab verməkdə tələsmisən. Hər halda onun şeirləri olmasaydı sən nəsə yaza bilməzdin.

Kəramət Böyükçöl:

- Bir adam tap, ona sataş. Gündəmə gəlmək üçün. Yoxsa ki oturmusan yerində, bütün günü şeir yazırsan. Belə müasir dövrdə kiməsə sataşmasan kimdir səni oxuyan? Tanınmış birinə sataş, ya da klassiklərə.

Bu yerdə Nazim Hikmət etiraz edir:

- Yox, mən, Füzuliyə sataşa bilmərəm. Əruz vəznində də yazmışam. Ustadım Yahya Kamal olub.

Kəramət:

- Bu cür səliqəli, ütülü adamdan şair ola bilməz. Bir az içini kirlət.

Şəhriyar Del Gerani:

- Daş başuva, götür içək e. Bir yerdə qalmaq adamı iyləndirir, Nazim. Dünyaya çıxmaq lazımdı. Nə olsun ki, mənim burda laykım çoxdu, qızlar dərdimdən ölür? Dünya mənim yaradıcılığımla tanış olmalıdır. Bilirsən, necə müdhiş şeirlər yazmışam?! Hardan biləsən? Sən də həqiqəti dilə gətirənlərdən deyilsən. Sən gərək mənim şeirlərimi araşdırasan.

Mirmehdi Ağaoğlu:

- Nazım, bu söhbətdən sonra birdən yazmağın başını buraxarsan ha? Heç vaxt elə eləmə. Özü də səhər dur yaz, səhər beyin açıq olur. Bunu rejimə çevirsən, əla şeylər yaza bilərsən. Mən heyf ki, işdə oluram, səhər durub öz istədiklərimi yaza bilmirəm. Amma sən boş-bekar adamsan. Gah Moskvaya gedirsən, gah Çinə.

Ömər Xəyyam:

- Bilirsən, gərək filmlərə baxasan. Axırda pulun qurtaracaq, özün də səyahət edən adamsan. Ondansa filmlərə bax, oralara pulsuz səyahət edəcəksən. Bir də özünü həmişə yuxarıdan apar, düşün ki, sən hamıdan üstünsən. Başqa cür səni qəbul etməyəcəklər. Bir də Feysbuk hesabı aç özünə, bu vaxt sosial şəbəkələr üstündü. Gəzdiyin yerlərdən şəkillərini çək paylaş, layk yığ. Bir də o Türkiyə xatirələrinin başını burax. Xatirədən ədəbiyyat olmaz.

Nazim Hikmət yenə heç bir şey anlamayan ifadə ilə gözlərini yazarların üstündə gəzdirir. Bu yerdə İkinci Mahmudun səsi eşidilir: “Ömərin fikirləri ilə razıyam”.

Kənan Hacı:

- Sən də haqlısan, Nazım, amma bunlar da haqlıdır.

Əsəd Qaraqaplan:

- İstəyirsənsə bunların hamısını döyüm. Sən də belə mağmın kimi durma da. Bir az kişi ol e, vəhşi ol, dəli ol.

Cəlil Cavanşir:

- Nazim, burdan çıxaq, bir yerdə darıxarıq. Hər şey üstümə gəlir. Gərək arada çəkiləsən qırağa, oturub öz tənhalığınla fil kimi darıxasan.

Qonaqlığın sonunda, hamı lül-piyan olandan sonra şair Əlisəmid Kür Nazim Hikmətin boynunu qucaqlayıb belə deyir:

- Özuuuu yaz, ala, özuuu...

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #