Sükut hər kəsin düşmənidir

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

4 iyul 2022
# 12:00

Kulis.az şair Fərid Hüseynin “Nə üçün kimsə danışmır?” yazısını təqdim edir.

Sükut günahkar insanı əsəbiləşdirir, pak insanı isə sakitləşdirir. Çünki günahkar insan sükutdan – susmuş həqiqətdən haqq-hesab sormaq istəyir, pak insan isə susmuş, özünə çəkilmiş həqiqəti – sükutu ruhən duyur, anlayır.

İnsan ruhən sakit olanda sükutdan zövq alır. Çünki sükut səslərdən azad olmaq deməkdir. Həyatında nə qədər səs varsa, deməli, o qədər də tələbatlar var. İnsan tələbatların, öhdəliklərin girdabında heç zaman qəlbən azad – ruhən sakit ola bilməz.

Leonid Andreyevin 1900-ci ildə yazdığı “Sükut” adlı bir hekayəsi var. Həmin əsəri oxuyanda yuxarıdakı qənaətim bir daha təsdiq olundu.

Keşiş İqnatinin həyat yoldaşı Olqa Stepanovna günlərin bir günü gəlib ərinə deyir ki, gəl qızımız Veranın yanına gedək, amma söz ver ki, onu danlamayacaqsan. İqnati qızından niyə susduğunu, dərdinin səbəbini soruşur. Məlum olur ki, Sankt-Peterburqda xoşagəlməz hadisə yaşayıb, həmin olay ailənin nüfuzuna xələl gətirib.

Vera səhər şəhərə çıxır və özünü qatarın altına atır. Dəfn mərasimində çoxları İqnatiyə həm qəddar ata, həm də qızını günahdan qoruya bilməyən keşiş kimi münasibət göstərir. Keşişi isə cəmiyyətdəki nüfuz əsl kimliyindən daha çox düşündürür. Əsl keşiş, əslində, öz “mən”indən imtina edib Allaha və dinə tapınmalıdır.

Keşiş evə qayıdır, gəlib görür ki, qızının saxladığı quş qəfəsdə yoxdur. Bunun səbəbini xidmətçi Nastasyadan soruşur. Xidmətçi cavab verir ki, o quş Veranın canı idi, onun ölümündən sonra quşcuğazı saxlaya bilməzdim. Keşiş əsəbiləşərək xidmətçini qovur. Evdəki hər canlının itkisindən sonra sükut daha da güclənir...

Vera öləndən sonra keşiş saatlarla sükuta qərq olub qızının şəklinə baxır, sükutdan sanki haqq-hesab istəyir, quşun boş qalan qəfəsindən səs umur. Yəni o boşluğu da sorğulayır...

Keşiş kilsədə dua oxuyur, insanlara Allahın sözünü çatdırır, durmadan danışır, amma evdə daim susur – sükuta dalır... Qızının ölüm səbəbini anlamağa çalışır.

İqnati ata Veradan onun ölümündən sonra da əl çəkmir – mərhumun yatağının yanına gəlir və boş otağın sükutundan qızına xitabən soruşur ki, nə üçün özünü öldürdün? Ona sükut cavab verir.

Sonra qızının qəbri üstünə gəlib həmin sualı yenə verir, cavabı da eyni olur. O, qəbiristanlıqda azır, dəhşətli anlar keçirir, çox böyük daxili təbəddülatlardan sonra evə qayıdır. Arvadının otağına gəlir və yalvararaq deyir ki, mənə rəhm elə, olanları danış. Görür ki, xanımının gözləri eyni nöqtəyə zillənib. Qadın heç nə demədən dünyadan köçür.

Daha bu evdə Veranın da, Olqanın da yerinə sükut yaşayır... Uçub azadlığa qovuşan quşun da, qovulan xidmətçinin də yerinə sükut ömür edir... Sükutun heyəti güclənir...

Keşiş hər kəsin günahını haqq-hesab edir, ancaq özü barədə, əməlləri xüsusunda qəti düşünmür. Nə üçün heç kəsin onunla danışmaq istəmədiyini özündən soruşmur? İnsan özünü tanımadıqca, öz kimliyindən uzaqlaşdıqca, onun ətrafı günahın səs-küyü, uğultusu ilə dolur, başqaları danışsalar da, dərdlərini söyləsələr də, o, heç kəsi eşitmək – başa düşmək istəmir. Beləcə, insan tənhalaşır. Ona elə gəlir ki, hamı susub, heç kəs kəlmə kəsmir. Halbuki, sükut sözləri yox, əməlləri izah edən bir nəsnədir. Söz sükutu pozur, ona görə də, sözü sükutla anlamaq olmaz. Pak insan sükutu ona görə dərindən anlayır və mənalandırır ki, onun öz günahının uğultusundan qulaqları tutulmayıb, günahkarlardan fərqli olaraq, o, öz sözünü – əməlini duyur, həyatını öz işləklərinə cavab kimi yaşayır.

Sükut, qədəri yox, hadisənin səbəbini öyrənməkdən usanmayan İqnati ata kimi, aqibəti ilə barışmayan hər kəsin düşmənidir...

“Kaspi” qəzeti

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #