Mehriban Zeynalova: "Telefona görə gələcəyindən imtina edən qadınlar var" - Müsahibə

Mehriban Zeynalova:  "Telefona görə gələcəyindən imtina edən qadınlar var" -  Müsahibə
18 avqust 2023
# 15:00

Kulis.az “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə müsahibəni təqdim edir.

– Gəlin söhbətimizə sığınacağın yaranma tarixi ilə başlayaq. Necə ağlınıza gəldi, haradan başladınız?
– Əslində, sığınacağın yaranması hansısa layihə çərçivəsində baş verməyib. Xüsusi planla, maliyyə məqsədli olmayıb. Uzun müddət evsiz, çıxılmaz vəziyyətdə qalmışam. Balaca bir ev almışdım. Qadınlara qarşı zorakılıqla mübarizə aparırdım. Müraciət edənləri evimdə qəbul eləyirdim. O vaxt kamil struktur yox idi. Daha çox altruist yanaşma idi. Plansız başlamışdım. İstəyirdim, analar küçələrdə qalmasın. Özüm bu çətinlikləri yaşamışdım. Fəaliyyət göstərdikcə, ehtiyacı olanları qəbul etdikcə püxtələşdim. Eyni zamanda beynəlxalq standartların tətbiqi məsələsi yarandı və mən bu təcrübəni öyrənməyə başladım. Həmin dövrdə bəzi donor təşkilatları var idi ki, onların sayəsində inkişaf etmiş ölkələrdəki sığınacaqların iş prinsipini öyrənmək imkanı əldə etdim. Hazırda təşkilat beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Hətta könüllülərimizin hüquqlarını da müdafiə edirik.
Təşkilatın fəaliyyət planına etik normalar, ünsiyyət qaydaları , uşaqlarla rəftar və onların ehtiyaclarının qiymətləndirilməsi, fərdi planın tutulması da daxildir. Məxfilik isə əsas şərtdir.

– İlkin dövrlərdə hansı maneələrlə rastlaşırdınız?
– Əslində, həmin dövrdə müəyyən maliyyə qaynaqları, donorlar var idi. 2013-cı ilə qədər sığınacağın heç bir layihəsi olmayıb. Ehtiyacları başqa layihələrdən qazandığımız gəlirlə ödəyirdim. Məsələn, kimsə qazancını özünə götürüb, mən sığınacağa xərcləmişəm. Sonra donor qıtlığı yarandı, bir çox donorlar ölkəni tərk etdi, bu, bir az çətinlik yaratdı. Hazırda Beynəlxalq Miqrasiya Təşkilatının vasitəçiliyilə 8 nəfər əməkhaqqı alır. Qida, geyim və digər ehtiyaclar da əhalinin köməyi ilə əldə edilir.

– Burdakı qadınlar, uşaqlar travmalıdır, əksəriyyəti şiddət görüb gəlir. Psixoloji müstəvidə hansı tədbirlər görülür?
– Müxtəlif travmalarla gələnlər var. Travmalar bəzən tez aradan qalxır, amma qorxular uzun müddət davam eləyə bilər. Qorxuların aradan qalxması təhlükəsizlik planı ilə bağlıdır. Bu məsələdə təkcə mən yox, DİN və müvafiq orqanlar birgə fəaliyyət göstərməlidir. Elə adam var ki, buradan çıxmaq istəmir. Məsələn, Xaçmaz rayonundan bir qadın var idi. Elə böyük təhlükəsi yox idi, amma mən onu çıxara bilmirdim. Sosiallaşa bilmirdi, axırda onu məcbur elədim. Bugünkü gündə hər dəfə mənə zəng vurur. Anası, evləri var idi, amma ünsiyyətdən qorxurdu. Artıq işləyir. Təşəkkür eləyir indi mənə, deyir, çox sağ ol ki, onda məni məcbur elədin.
Bundan başqa fiziki təhlükədən qorxanlar var. Bir qadın var idi. Bir il sonra qorxusunu yendi. Travmanın müddətindən çox şey asılıdır. Məsələn, mənim təcrübəmdə insan alveri qurbanları olub. 15 gün istismara məruz qalan qadının özünə gəlməsi azı, yeddi ay çəkirr. Onun itmiş “mən”ini qaytarmaq lazımdır.

– 2002-ci ildən fəaliyyətdəsiniz. Fəaliyyətinizin nəticəsini görürsünüzmü?
– Bəli. Uğur hekayələri çoxdur. Onlar həyatlarını dəyişiblər, indi daha yaxşı yaşayırlar. Əlbəttə, yüz faiz uğurdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ailənin dəstəyi, münasibəti önəmlidir. Məsələn, insan alveri qurbanları. Ailə qəbul eləmirsə, nəticə xoşagələn olmayacaq... Kompleks yanaşma lazımdır. Dəstək yoxdursa, buradan çıxandan sonra çox şey baş verə bilər.
Bəzi adamlar zəif ola bilər, müqavimətlərə, təhlükələrə tab gətirməyə bilər, ancaq burda bir qadın var, 600 manata yaxın maaş alır.

– Sığınacağa bir neçə dəfə hücum olub...
– Olub, olacaq da. Normaldır. Əsas məsələ məxfilikdir, amma qanunvericilik deyir ki, əgər şəxs axtarışdadırsa, onu axtaran şəxslərə məlumat verilməlidir. Bəzi polis əməkdaşları buna riayət eləyir, bəziləri yox. O təzyiqlərin qarşısında adam deyə bilər ki, sənin nə marağın var mənim uşağımı gizlətməyə? Təhdidlərlə üzləşə bilirlər. Ona görə də bəzən ünvanı verirlər, amma sonra da özləri bizi təhlükədən qoruyurlar. Bax, belə bir təzadlı məqamdır.


– Sığınacaqdan çıxandan sonra təhlükəylə üzləşən qadınlar olubmu?
– Onlar üçün təhlükəsizlik planı hazırlanır. Hətta burada yaşaya-yaşaya işə gedib-gələnlər var. Əgər qohumları dəstək verirsə, tam müstəqil yaşayacaqsa, o halda ən azı, üç ay işləyir, pul toplayır. Sonra kirayə ev tutur. Əgər uşaqları körpədirsə, yenə də biz nəzarət edirik. Təbii ki, ilkin dəstək lazımdır. Yaxşı olardı ki, məşğulluq idarələri onları dəvət etsin. Yox əgər kimisə ailəsi qəbul etmirsə və ya onun üçün təhlükə varsa, o halda həmin adamlara kömək edirik, əlavə üç-dörd ay da bizimlə qalırlar, işlə təmin olunurlar.

– Buradakı insanlar bir-birlərini tanımırlar. Onların buraya və bir-birlərinə adaptasiya prosesi necə baş verir?
– Bunların hamısı nəzərə alınıb. Daxili qaydalar və hüquqi məsələlər var. Qaydalar da təmizlikdi, etik normalara əməl etməkdir, məxfilikdi, telefondan az istifadə etməkdir. Elə adam var, deyir ki, mən telefonsuz yaşaya bilmərəm. Məsələn, bizdə beş uşaqlı bir qadın vardı. Deyirdi ki, telefonsuz bacarmaram. Telefona görə burdan, gələcəyindən imtina eləyən qadınlar var. Axı məxfilik şərtdi. Özü üçün olmasa da, başqası üçün təhlükə yarada bilər. Adicə bir şəkillə, bir yazışma ilə. Belə hallar olub.

– 20 ildən çoxdur fəaliyyət göstərirsiniz. Unuda bilmədiyiniz bir qadın taleyi varmı?
– Hər biri ayrı-ayrılıqda bir hekayətdir. Hərəsinin öz ağrısı var. Onların duyğuları, qorxuları... Hərəsində bir cürdür, amma bütövlükdə eynilik çoxdur. Əzilmiş, məhvə məhkum adamlardır və sonra sən onları dirçəldirsən. Əslində, müraciət edənlər güclü adamlardır. Çünki cəhd edib gələ biliblər. Elələri də var ki, cəhd edə bilmirlər, razılaşırlar.

– Feministsiniz?
– Bəli! “Feminist” deyəndə niyə qorxur insanlar? Feminizm bizim konstitusiyamızda var; qadın və kişi bərabərliyi. Baxır o bərabərliyin ölçülərini necə götürürsən. Məsələn, mən qadınla kişini bərabər qəbul eləyirəm. Öz hüquqlarıma hörmət elədiyim kimi digərlərinin də hüquqlarına hörmətlə yanaşıram. Hansısa cinsin qısnanmasının, nüfuzdan salınmasının, zorakılığa məruz qalmasının əleyhinəyəm. Bunu təkcə cins yox, mühit və tərbiyə məsələsinə də bağlayıram. Biz bununla mübarizə aparanda kiminsə məhv edilməsinə çalışmırıq. Sadəcə bir-birimizi hansısa xəstəlikdən xilas eləyirik. Mən demirəm ki, qadınlar idealdır. Deyirəm ki, problem hər kəsdə var. Əlahiddə hallarda olur ki, kişi heç nədən döymək istəyir. Bu həzzdirmi, psixoloji problemdirmi, özünü güclümü hesab eləyir, müxtəlif səbəblər ola, psixoloji problemlərə çevrilə bilər. Feminizm bir cinsin digəri üzərində hökmranlığı deyil. Feminizmin müxtəlif qolları var. Məsələn, dinin nə qədər qolları var. Radikal qolları, mülayim qolları və s. Biz hansınısa seçirik. Feminizmin də radikal qolu var. Amma liberal, məxməri və s qolları da var. Bu o demək deyil ki, hamı radikala tərəf qaçacaq.

– Bəs sizin tutduğunuz yol hansıdır?
– Mən ilkin, təməl prinsiplərinə uyğun olaraq kişi-qadın bərabərliyinin tərəfdarıyam

¬ – Hər il 8 Mart Qadınlar Günündə feminist aktivistlər “8 marş” yürüşü keçirir. Yəqin ki, siz də izləyirsiniz. Onlara münasibətiniz necədir?
– Vaxtilə mən də aksiyalarda iştirak eləmişəm. Maral xanım, mən və bir çox tanınmış qadın Filarmoniya bağında ağzımızı yapışqan lentlə bağlayıb dayanmışdıq. Ancaq altdan danışırdıq. Müxtəlif aksiyalarımız olub. Məsələn, bulvarda. İnsan alveri mövzusunda. Ancaq şüarlara diqqət yetirmək lazımdır. Bəzi şüarlar diqqəti qadın hüquqları mövzusundan yayındırır və təhlükə yaradır.

– Atanız hökmran idi?
– Bəli, atam hökmran idi.

– Bəlkə, atanızın sərtliyi...
– Yox, mənimki təhsil və genetika ilə bağlıdır. Anam da güclü qadın olub. Bəzən aciz qalmışam, ancaq genetikam məni xilas eləyib. Bir də mən işləməyi xoşlayırdım. Tələsik yüksəlməyə yox, zəhmətlə qazanmağa çalışmışam. Amma idarəedici atam olub. Kifayət qədər də zabitəli, zəhmli adam idi. Qaydalar sərt olub. O qaydaları bir az da sərtləşdirən anam olub. Bir-birlərini tamamlayırdılar. Çərçivələrimiz möhkəm olub, amma təhsilimə çox diqqət veriblər. Eyni zamanda, məni cəmiyyətdəki problemlərdən qoruyublar.

– Həyat yoldaşınızı itirəndən sonra sizə məsləhət görüblər ki, övladınızı uşaq evinə qoyasınız, ancaq siz razı olmamısınız.
– Mən o vaxt Qadın Hüquqları Müdafiə Cəmiyyətinin ofisində qalırdım. Yox, ondan əvvəl kirayələrdə idim. Dedilər ki, hələlik ver internata, belə çətinlik çəkirsən, çünki qazancım, imkanım yox idi. O vaxt bu işlər Təhsil Nazirliyində idi. Getdim Təhsil Nazirliyinin qabağına, o günü hələ də xatırlayıram, bərk külək əsirdi və mən dayandım, cürət eləmədim. Sonra anam dəstək verdi. Qızımı “qız uşağıdı, ayaq altda qalmasın” - deyib özü ilə apardı. Çünki artıq ofisdə qalırdım. Amma oğlum axıracan mənimlə qaldı. Qızımdan 4 il ayrı qaldım, amma onun travmasını hələ də yaşayıram. Gör uşaq evinə versəydim, necə olardım.

– Nə zamansa yorulduğunuzu hiss etmisiniz?
– Son zamanlar yaşıma görə hərdən yoruluram, ancaq tükənmirəm. Məni yorulmağa, yıxılmağa qoymayan elə bu qadınlar, bu uşaqlardır. Həyətə çıxan kimi üstümə gəlirlər, qucaqlayırlar, adımı çəkirlər, məndən sevgi gözləyirlər. Bir də qadınların gözləri... Çox maraqlıdır ki, bura gələnlərin gözləri fərqli olur. Həmişə əməkdaşlara deyirəm ki, üzlərini çəkməsəniz də, gözlərini çəkin. Onların gözləri zamanla dəyişir.

– Mütaliə edirsiniz?
– Əlbəttə. Mən kitab oxumağa on yaşımdan başlamışam. Anam kitabları gizlədirdi. Yorğanın altında fənərlə oxuyurdum. O vaxtlar kitaba diqqət daha çox idi. Gündəlik yazılarım çox olur deyə, indi oxumağa vaxt tapmıram.

– Keçən əsrin əvvəllərində Hüseyn Cavid, Cəfər Cabbarlı kimi dramaturqlarımız qadın mövzusunda çoxsaylı əsərlər yazdılar, ancaq hazırda sanki bir durğunluq hökm sürür. Sizcə bunun səbəbləri nələrdir?
– Süni intellekt çox müdaxilə eləyir bu məsələlərə. Həmin dövrün obrazları daha duyğusal, daha lirik idi. Düzdür, reallığı əks etdirirdi, ancaq cizgilər vardı. İndi o cizgilər kobud, kəskin, qəddar və bəzi hallarda natamam... Ya heç kim bunu qələmə almaq, obrazı dağıtmaq istəmir, ya da müşahidə qabiliyyətləri yoxdur. Həyat o qədər sürətlə keçir ki... Bizdə çox yaxşı qadın obrazları var. Təəssüf ki, cəmiyyət yazığı gəldiyi obrazları qəbul eləyir. Dəyişmək yox, ağlamaq, onu dəstəkləmək istəyir. Neqativ notlar daha çoxdur. Bu, adamı yorur. Məsələn, mən gün ərzində neqativə köklənirəmsə, çalışıram ki, axşam mühiti dəyişim. Bir az piyada gəzmək, insanlarla danışmaq istəyirəm.
Yazıda reallığı göstərmək lazımdır. Zəifi zəif, güclünü güclü eləyən nələrdir? Düşünürəm ki, yazmağa mövzular çoxdur.

– Ən çox sevdiyiniz əsər hansıdır?
– Ovod. Gənclikdə oxumuşam, oradakı qəhrəman məni cəlb etmişdi. Üsyankaram, bəlkə də, ona görə sevmişdim. Leytmotiv sevgidir. Üsyanın kökündə o dayanır. Bir də bir fransız yazıçısı vardı. Onun bir əsəri var. Bir xəstə oğlan olur, kənd camaatına təcavüz eləyir. Bacısı bunun qarşısını almaq üçün özünü qurban verir ki, qardaşının xəstəliyini heç kim bilməsin. Drayzerin yaradıcılığı... “Amerika faciəsi”, “Kerri bacı” və digərləri. Cek Londonun əsərləri. Bir az sərtdir, amma maraqlı obrazları var. Heminqueyin özündə maraqlı məqamlar çoxdur. Bioqrafik əsərlər var. Məsələn, “Van Qoq”u (İrvinq Stoun – Yaşamaq yanğısı - red) çətinliklə oxudum. Çox ağır yazılıb.

– Qəhrəmanlardan danışdınız. Hər bir insanın müəyyən yaş dövrlərində - uşaqlıqda, yeniyetməlikdə, gənclikdə və sonrakı vaxtlarda qəhrəmanları olur. Sizin qəhrəmanlarınız kimlər idi?
– Mənim qəhrəmanım yoxdur.

– Heç vaxt olmayıb?
– Maraqlı adamam mən. Sevdiyim, hörmət etdiyim var, amma səcdə etdiyim yoxdur. Bu, məndə sevgi kimi büruzə verir.

– Məsələn, maarifçi qadınlarımızdan diqqətinizi çəkən olubmu?
– Həmin dövrün qəhrəman qadınları çəxdur. Həmidə xanımın cəsarəti təqdirəlayiqdir. Bu, insana stimul vermək baxımından çox yaxşıdır, amma mən başqalarını yamsılamağı sevmirəm və bunu təhlükəli hesab eləyirəm. Deyl Karneqi yazır ki, varlı, uğurlu olmaq istəyirsənsə, varlı və uğurlu adamların yanında ol. Əslində, belədə onun alətinə çevrilib “mən”ini itirirsən. “Mən” mənim üçün ən vacib məsələlərdəndir. Kiminsə işini tərifəlayiq görürəmsə, bunu deməkdən çəkinmirəm, amma tutduğu vəzifəsinə görə bunu eləmək olmaz. Mən o təriflə irəli getmək də istəmirəm. Bu, mənim daxili tələbatıma uyğun deyil.

– Maarifçi qadınlarımızdan söz düşmüşkən, həmin dövrlərdə “İşıq”, “Şərq qadını” kimi jurnallar buraxılıb. “İşıq” indi də buraxılır, ancaq əvvəlki effekti vermir.
– İndi hamı elektron kitablar oxuyur. Hər dövrün öz tələbatı var. Həmin dövrlərdə jurnal yeganə vasitə idi, amma indi hər şey elektronlaşıb. Elə adamlar var ki, kağızın ətrini duymaq, vərəqləmək istəyir. Bəzi yazıları kompüterdə oxuya bilmirəm. Ancaq elə materiallar da var ki, vaxt baxımından elektron oxuyuram. Son zamanlar daha qısa yazmağa üstünlük verirəm. Uzun olanda oxunmur. Bizdə əvvəllər də güclü qadınlar olub. Həyat yoldaşlarını yönləndiriblər. Türk qadınları bu baxımdan çox güclüdür. Yaxşı olardı ki, qadınlarımızın ötən əsrin əvvəllərindəki yazı ənənəsi davam etdirilsin, ancaq dövrün şərtlərini də nəzərə almaq lazımdır.

– Bu yaxınlarda Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirildi. O festivalda təqdim olunan filmləri izləyə bildinizmi?
– Xeyr. İştirak edə bilmədim.

- Ötən əsrin əvvəllərində SSRİ-nin qurulmasından sonra qadın mövzusu aktuallaşdı. “Aygün”, “Sevil” kimi filmlər çəkildi. Hətta Fikrət Əmirov “Sevil” operasını yazdı. O filmlər bizim yaddaşımızdadır. Sizcə, illər sonra bu mövzuda gələcək nəsillərin danışacağı filmlər çəkiləcəkmi?
– Onda başqa problemlər ortaya çıxacaq. Məsələn, iki gün bundan qabaq beynəlxalq ekspertlə danışırdım. Avropa bizdən inkişaf etmiş hesab olunur, amma onlar dedi ki, bizim də öz problemlərimiz var. Bu problemlər orada da çox aktualdır. Hər dövrün öz mövzuları var. Bilmirəm, bəlkə, o vaxt biz təzədən geri qayıdacağıq. İndiki möhvumatçılığa baxanda düşünürəm ki, yeni cabbarlar yaranmalıdır ki, onlarla mübarizə aparsın. Məsələn, Əfqanıstandakı proseslər… Yenidən məktəbdən uzaqlaşdırmalar, təzyiqlər… Ümid eləyək ki, ölkəmiz bu şeylərə məruz qalmasın, Bəlkə, daha müasir olacağıq, ancaq gözləməzdik ki, 10 ilin içində möhvumatçılıq bu qədər artar. Əslində, bilirdik, amma susurduq və susmağımızla da bu hadisələrin genişlənməsinə şərait yaratdıq. Mən dinimizi çox sevirəm, amma möhvumatçılığın əleyhinəyəm. Dindar dostlarım var ki, qızlarının təhsilinə böyük dəstək verirlər və mən onlara çox böyük hörmət eləyirəm. Bəziləri də qızlarını təhsildən yayındırır, gözüqıpıq eləyir. Bunun əleyhinəyəm.

– Xaricdəki sığınacaqlarda olmusunuzmu?
– Olmuşam.

– Oradakı problemlərlə bizdəkilərin arasında hansı oxşar və fərqli məqamlar var?
– Orada psixoloji zorakılıq ən böyük zərbədir. Fiziki şiddət görənlər, iş yerindən travma alanlar da çox olur. Ölkələrə görə fərqlənir. Mələsən, Polşada katolik kilsə bütün qanunlara təsir eləyir. Orada reproduktiv sağlamlıq haqqında qanun var idi. Çox effektiv idi, amma kilsə mane oldu. Biz bilmirik sabah digər ölkələrdə nələr olacaq. Sığınacaqlarda miqrantlar da ola bilər. Müxtəlif mövzulu sığınacaqlar var. Məsələn, mən düşünürəm ki, ailə münasibətlərini analiz etmək üçün düşüncə evləri olsa, yaxşı olar. Cütlüklər kənar təsirlər olmadan gələcəklərini mütəxəssislərlə müzakirə etməlidir. Çünki qohumlarla müzakirə gərginliyi daha da artırır. Arzularım çoxdur, amma qəbul olunması üçün tərəfdaşlar lazımdır.
Bura bir növ laboratoriyadır. Çox istəyərdim ki, yaradıcı işlər görüm. Ən çox sərmayəni uşaqlara qoymaq istəyirəm. Arzumdur ki, onlar buradan çıxandan sonra ancaq təhsilləri ilə bağlı düşünsünlər. Sərbəst qərar verə bilsinlər. Burada uşaqlar fikirlərini çox sərbəst şəkildə ifadə eləyə bilirlər. Qorxu, kiminsə sözünü kəsmək yoxdur.

– Mədəniyyətə və incəsənətə marağı olan uşaqlar varmı?
– Var. Rəsm çəkənlər var. Bir nəfər qız vardı. Yaxşı səsi vardı, ancaq sonradan qazanc əldə etmək üçün hansısa restoranda oxumağa başladı. Bir nəfər qız da var bizdə. İndi Türkiyədə yaşayır, ailəlidir. Yaxşı əl işləri var. Öz istəyi ilə 6 ay dərs dedi burda. Maraqlı kuklalar düzəldirdi.

– İncəsənətin hansısa sahəsinə marağınız olubmu?
– Yeddi il musiqi məktəbində, dörd il də texnikumda oxumuşam. Səkkiz il də fortepiano dərsi demişəm. Meylim daha çox humanitar sahəyə idi. Atam dedi ki, bu, çörək ağacıdır. Əlin-ayağın təmiz, həftədə iki dəfə dərs keçəcəksən, amma imkan düşən kimi oradan çıxdım. Gəncə Dövlət Tarix Diyarşünaslıq muzeyində müavin işlədim. Eksponatları öyrənirdim. Heç kim məndən bunu tələb eləmirdi, amma mən hər eksponatın tarixçəsini öyrənmək üçün alimləri dəvət edirdim. Məsələn, Atabəylərə aid qab var idi, onun üstünü oxumaq üçün mütəxəssis dəvət etmişdim. Belə yaradıcı mühiti çox sevirdim.

– Bayaq sığınacaqlardan danışarkən miqrantlar məsələsinə toxundunuz. Bəs sizdə qeyri-azərbaycanlılar, başqa ölkələrdən gələnlər olubmu?
– Başqa ölkələrin vətəndaşlarına xidmət göstəririk. Özbəkistandan, Moldovadan, Rusiyadan, Gürcüstandan, Qırğızıstandan, Suriyadan, İrandan qadınlar olub.

– Kişilər niyə öldürür?
– Müxtəlif səbəblər ola bilər. Bəziləri qadına əmlak kimi baxır. Eləsi var deyir ki, mənə xəyanət eləyib. Burada hissiyyat, “mən” in alçaldılması məsələsi var. Bu, təbii ki, kimisə öldürməyə əsas vermir. Bilirsiniz, zorakılığa təhrik edən qadınlar var. Bu haqda heç kim danışmaq istəmir. Düzdür, biz deyirik ki, döyməməlisən, ancaq qarşı tərəf deyinir, deyinir, deyinir, o da deyir ki, vurum, qurtarsın. Mütəxəssislər hücum çəkəcək mənə, ancaq bəzən sən təhrik eləyirsən ki, qarşı tərəf sənə qarşı kobudluq etsin. Kim həmişə mədəni ola bilir? Həyat yoldaşınız davamlı olaraq sizi kiminləsə müqayisə eləsə, əvvəl-axır özünüzdən çıxacaqsınız. Çünki belə çıxır ki, qarşı tərəfi sizdən üstün tutur.

– Əvvəllər deyirdilər ki, boşanmaların səbəbi ailə ilə birgə yaşamaqdır, ancaq son zamanlarda ayrı yaşayan cütlüklərdə boşanmalar daha çoxdur. Sizcə bunun səbəbi nədir?
– Əvvəllər müdaxilə çox idi, gənclər elə bilirdi ki, müdaxilə olmasa, daha yaxşı yaşayacaqlar. Heç bir problemləri olmayacaq. İndi evlənənlərin əksəriyyəti bir-birinə etibar eləmir. Bir-birinin telefonunu yoxlayır. Əminlik yoxdur. Düşünürəm ki, mənfi müdaxilələr olmasa, ailənin birgə yaşaması çox müsbətdir. Mən oğlumla gəlinimə təklif eləyirəm ki, tək yaşamaq istəyirsinizsə, problem yoxdur. Onlar razı olmur. Bu gün mənim tükənməməyimin səbəbi onların yanımda olmağıdır. Geniştərkibli ailələr olsa, sığınacaqlara ehtiyac olmaz. Belə ailələr yaxşı reabilitasiya prosesinə malikdir. Heç bu qədər intihar da olmurdu, çünki dəstək var idi. Bu baxımdan, mən böyük ailələrin tərəfdarıyam.

– Uzun müddətdir ki, həm selektiv abortlarda, həm də erkən nikahlarda əsas yerlərdəyik. Sizin də bu barədə dəfələrlə çıxışlarınız olub. Bunun qarşısını almaq üçün hansı tədbirləri görmək olar?
– Həm selektiv abortların, həm də erkən nikahların təməlində iqtisadi amil dayanır və mən düşünmürəm ki, o ailələr qızlarını sevmirlər. Hazırda qadınların fiziki təhlükəsizliyi istənilən səviyyədə deyil. Qadınlara, qızlara münasibət qara fondadır. Həmin valideynlər guya kənar təhlükələrdən qorunmaq üçün bu addımı atırlar. Bəzən qızlar ailələrindəki şiddətdən qaçmaq üçün özləri razılıq verir. Ana bətnində öldürmək, ümumiyyətlə, cinayətdir.

– Uşaqlar ancaq valideynləri ilə gəlirlər, yoxsa tək gələnlər də var?
– Tək gələnlər də var. Elə uşaqlar var ki, cinsi zorakılığa məruz qalıblar. Elələri var ki, valideyni yoxdur və ya həbsdədir. Məsələn, yetkinlik yaşına çatmayan qızlar var. Onlar ən azı, dörd il burada qalacaqlar. Tutalım, 14 yaşında gəlibsə, 18 yaşında gedəcək.

– Zorakılığa məruz qalanlar üçün daha çətin olar.
– Onlarla daha çox işləyirik. Təhsillərini davam etdirirlər. Məxfilikləri qorunur. Bəzən bir otaqda qalırlar, amma bir-birləri haqda heç nə bilmirlər.

– Küçədə yaşayan qadın və uşaqlardan da müraciət edənlər olur?
– Müxtəlif müraciətlər olur. Polisdən gətirirlər, sosial xidmətlərdən, qadın komitəsindən yönləndirirlər. Ən çox müraciət polisdən və sosial şəbəkələrdən olur. Küçədən də gələnlər var, amma bu, o demək deyil ki, biz o dəqiqə ona qucaq açırıq. Vəziyyəti qiymətləndiririk. Sığınacaq üçün təhlükə yarada bilər axı. Ona görə araşdırırıq. Bəzən adi söz-söhbəti şişidirlər.

– Həyat deviziniz nədir?
– Mənim həyat devizim budur ki, nə olursa, olsun, kim olursa, olsun, ona hörmətlə yanaşmaq lazımdır. İstənilən adama hörmətlə yanaşsan, çalışacaq ki, qarşılıq versin. Arzu eləyərdim ki, insanlar bu metoddan istifadə etsinlər.

# 4208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #