Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar  

Vurğun Əyyub

Vurğun Əyyub

25 oktyabr 2021
# 21:00

Bu gün keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəhbəri, filologiya elmləri namizədi Vurğun Əyyubun doğum günüdür. Ölümündən 1 il keçir. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Sabirabad və Tovuz rayonlarında, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllim işləyib. 150-dən çox elmi, siyasi-publisistik məqalənin müəllifidir.

Gallery

Vurğun Əyyub həyat yoldaşı Sevil xanımla işlədiyi universitetdə tanış olub. Sevil xanım dördüncü kursda oxuyanda Vurğun Əyyub ondan imtahan götürür. Bundan sonra hər dəfə rastlaşanda köhnə tanışlar kimi salamlaşan müəllim-tələbə münasibəti getdikcə ciddi şəkil almağa başlayır. Günlərin birində isə Vurğun Əyyub Sevil xanıma evlənmək təklifi edir. İlk dəfədən hə cavabı almasa da, sonrakı mərhələlərdə razılıq əldə olunur və onlar evlənirlər. Onların iki qız övladı doğulur.

***

Böyük qızı Aytən dünyaya gələndə. Vurğun Əyyub çox gərgin işləyir. Test sistemini öyrənmək üçün bir müddət ailəsindən ayrı qalır, Türkiyəyə gedir. Noyabrın 14-də isə qızı Aytənin ad günü imiş. Həyat yoldaşı Sevil xanım müsahibələrinin birində o günləri belə xatırlayır:

“Vurğun həmin gün evə gələ bilmədi, zəng edib durumu anlatdı. Çünki test suallarını heç kimə etibar etmirdi. Pənah Hüseynova müraciət etmişdi ki, gediş-gəlişə qadağa qoyun, test suallarının təhlükəsizliyi təmin olunsun. Gecəni həmin otaqda qalıb gözləmişdi. Ertəsi gün sualların məntəqələrə çatdırılması bir neçə saat gecikmişdi. Çünki yeni sistemin tətbiqinin qarşısını almaq istəyən qüvvələr vardı. Planlı şəkildə yollarda tıxac yaradılmışdı, bu barədə qabaqcadan xəbər çatdırılmışdı. Amma bütün bunlara baxmayaraq imtahanın keçirilməsi baş tutmuşdu. Evə dönəndə üzündə bir rahatlıq, sevinc vardı. Çox yorğun olduğunu söylədi, Aytəni qucağına alıb bağrına basdı, qızımın ad günü mübarək olsun dedi.”

Gallery

Həyat yoldaşı yaxşı ədəbiyyat müəllimi olsa da 2000-ci ilin əvvəllərində onun üçün iş tapa bilmir. Heç bir məktəb direktoru onu işə götürmürdü. Bir dostunun vasitəsilə bu məsələ nazirə deyilir, xahiş edilir. Nazir də razılaşır. Hər kəs elə hesab edir ki, yoldaşını işə düzəltdikdən sonra Vurğun Əyyub daha təhsil sistemindəki qüsurları tənqid etməz. Lakin məsələ həll olunduğu ərəfədə Vurğunun müsahibəsi yayımlanır. Müsahibədə təhsil sistemindəki qüsurları sadalayır, naziri tənqid edir. Bu barədə Vurğun bəyə irad tutulanda onun cavabı belə olur: “Nə olsun, yoldaşıma iş verir deyə, mən prinsipimdən əl çəkməliyəm, mövqeyimi dəyişməliyəm?”

Gallery

Vurğun müəllimin yaxın dostu və tələbə yoldaşı xatırlayır: “Günlərin birində Sabirabaddan dostlarım gəldi. Onları rayonun vəzifəli adamı mənim yanıma göndərmişdi ki, oğlunu “hüquqa qoysun”, nə istəyir verəcəm. Mən onları evdə qonaq etdim və əliboş yola saldım. Dedim, biz demokratik cəmiyyət qururuq. Bu sistem belə şeylərin qarşısını almaq üçün tətbiq olunur. Aradan bir neçə il keçmişdi. Vurğunun da, mənim də evimiz yox idi, kirayədə qalırdıq. Dərdləşəndə zarafatla dedim ki, o zaman həmin adamları qəbul edib yanına gətirsəydim, indi sənin də, mənim də evim olardı. Ciddi görkəm alıb dedi ki, elə bilirsən, onları qəbul edəcəkdim? Yaxşı ki, gətirməmisən, özün də pis vəziyyətdə qalardın”.

Gallery

Testin tətbiqinin ən böyük çətinliyi cəmiyyətin onu düzgün qəbul edib-etməməsi idi. Vurğun Əyyub ən böyük təpkini müəllim yoldaşlarından görür. Qəbula qalan müəllimlər onu boykot edir, salam vermir, "sən bizim çörəyimizi kəsdin" - deyə üzünə çırpırdılar. Hətta gənc elmlər doktorlarından biri qarşısını kəsərək "Mən ona görə elmlər doktoru oldum ki, qəbula qalım, ailəmi dolandırım, sən nə etdin?", - deyə onu tənbeh etmişdi. Çox az müəllim onu təqdir edirdi. Vurğun müəllimlərə “mən sizin şərəfli adınızı özünüzə qaytaracağam” deyirdi.

***

Axır ki, müəllimlər ondan intiqamını alır: dosent kimi işlədiyi institutdan çıxarılır. Vurğun bəyin dərsini əvəz edən müəllimi auditoriyadan çıxarırdılar ki, qoy dərs boş keçsin, onu işdən uzaqlaşdırmaq üçün əllərində əsas olsun.

***

Komissiya sədri olduğu vaxt bacısı qızı imtahandan kəsilir. Bacısı ona müraciət edir. Cavab inanılmaz olur: “Hazırlaşıb gələn il girər.”

Gallery

Azərbaycan və dünya ədəbiyyatını çox yaxşı bilirdi. Saz havalarının hamısını tanıyırdı. S.Vurğun, M.Şəhriyar, B.Vahabzadə, M.Araz, R.Rövşəndən saatlarla şeir deyirdi. Şeir demək qabiliyyəti yüksək idi.

***

Sabirabadda işləyəndə rayon mədəniyyət evində hansısa əsəri tamaşaya qoymuş, özü də rol ifa etmişdi. Uzun illər əvvəl bir povest üzərində işlədiyini deyirdi, ancaq üzə çıxarmadı. Cəmi bir neçə şeir yazıb.

***

Vurğun Əyyub uzun sürən ağır xəstəlikdən sonra 2019-cu il sentyabrın 24-də dünyasını dəyişib. Öz vəsiyyətinə uyğun olaraq “Ruhani” havasının sədaları altında son mənzilə yola salınıb.

Gallery

Qəribədir, bu il pandemiya ilə əlaqədar nisbətən gec keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələri başqa bir gün yox, məhz Azərbaycana test üsulunu gətirmiş Vurgun Əyyubun vəfatının birinci ildönümü günü açıqlandı.

# 27162 dəfə oxunub

Oxşar xəbərlər

# # #