Qara günü fürsət bilənlər: Maska oğruları

Qara günü fürsət bilənlər: Maska oğruları
25 fevral 2020
# 12:15

Azərbaycanın Qərb ölkələri ilə müqayisəsi zamanı bayraq etdiyimiz bir keyfiyyət var idi: bizim adam əltutandır! Dillərdə əzbər bir misal var, məsələn, Norveçdə maşının xarab olsa, heç kəs sənə kömək etməyəcək, orada hamı öz işi ilə məşğuldur. Amma bizdə maşını sənin evinə qədər itələyərlər. Bu misalların həqiqəti nə dərəcədə əks etdirdiyini bilmirəm, amma Şərq adamının daha emosional, istiqanlı olduğuna əminəm. Di gəl...

Xatırlayıram, bir neçə il öncə ölkəyə kütləvi şəkildə London taksiləri gətirilmişdi. Taksi fəaliyyətinin mərkəzləşdirilmiş sistemə salınması təklifləri zamanı camaat fərdi taksiləri müdafiə etdi. Fərdi taksi fəaliyyətində ziyan xalqın cibinə dəysə də, adamımız yenə də hər kəsin “bir tikə çörək” qazanmaq haqqı var, dedi. Körpülərin altında, qaranlıq küçələrdə “gecə növbətçiliyi” çəkən taksiləri müdafiə etdi. Amma həmin taksilər Bakıya iki ildən bir yağan qarı onları müdafiə edən insanlara çox gördü, həmişə 10 manata sürdükləri yola görə sərnişinlərdən 50 manat istədi.

2012-ci ilin dekabrında yaşanan “Dünyanın sonu” əfsanəsi zamanı da mağazalarda süni şam qıtlığı yaşandı. Dükan sahibləri hər gün onlara çörək qazandıran adamlara Allahın şamını qan qiymətinə satdı.

İndi də maska problemi...

Koronavirus təhlükəsindən səksəkəyə düşən adamlar çıxış yolunu maska və spirtdə görür. Təbii ki, bu, insanların maariflənməməsindən irəli gəlir; hər hansı virusa qarşı silahlanmanın ən ciddi forması yaxşı qidalanmaq, immuniteti gücləndirmək olduğu halda insanlar çarəni maskada, spirtdə görür... Bu, ayrı bir dərd! Lakin aptek sahiblərinin süni maska qıtlığı yaratması, hər gün 8 qəpiyə satdıqları adi bir əski parçasını virus təhlükəsi yarandıqda 1 manata satması daha ciddi təhlükədən xəbər verir. Bir çox apteklər qapının üzərinə “maska yoxdur” yazıb və virusun ölkədə epidemiya halına keçməyini gözləyir ki, əllərindəki 3-5 maskanı baha sata bilsin. Bu siqnal daha ciddi “virus”a işarə etmirmi? İnsanların faciəsi üzərindən pul qazanmaq, qara günü fürsət bilmək virusu!

Nənəm belə adamlara “ölü başı altı gəzən”lər deyərdi. Belə adamlar yanında ölən adamın ilk olaraq başının altına əl gəzdirirlər ki, görən puldan-pənədən nə var. Sonra hay salırlar ki, ay camaat, əmim öldü!

Axı faciələr, böyük problemlər insanları yaxınlaşdırmalı idi!

İnsanların səxavəti belə günlərdə üzə çıxmalı olduğu halda tamam başqa mənzərə ilə qarşılaşırıq.

Əminəm ki, koronavirus da özündən əvvəlki “quş”, “donuz” qripləri, “Ebola” virusu kimi yel olub keçəcək. Başqalarının faciəsi üzərindən pul qazanmaq ehtirası isə koronavirusdan daha ağır bəladır, bu ehtiras qara yapalağa çevrilib başımızın üzərində daima hərlənəcək.

# 4958 dəfə oxunub

Müəllifin son yazıları

# # #