Zəiflik, köhnəlik, obrazın xaraktersizliyi, xəyanət qorxusu – Yazarlar Alpay Azəri tənqid etdilər

Yazarlar

Yazarlar

12 yanvar 2022
# 15:15

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Alpay Azərin “Rüşvət dilemması” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Cavanşir Yusifli

Taleyə çevrilən mətnlər - Fraqmentlər - Cavanşir YUSİFLİ |  Edebiyyatqazeti.az

Alpayın yazı tərzi elədir ki, dərhal mətni didib-didişdirmək keçir ürəyindən. Yəni tənqid etmək, bəyənməmək. Buna müəllifin özü yol açır, bəlkə də istəyir, çünki reaksiyanı mətndən çox yazı tərzi yaradıb-formalaşdırır. Amma buna rəvac vermək mənasında qüsurlar da var, sanki hekayədə müəllif nitqi lazım olduğundan artıq yer tutur, bəlkə hekayə bitdikdən sonra müəllif nitqi “sönmür”. Və bu yeknəsəqlik yaradır. Sonradan bəlkə müəllif də bunu hiss edirmiş kimi nələrsə eləyir, amma o, yerində qalır, aradan qalxmır.

Hekayənin araşdırdığı mətləblərdən biri “peşmanlıq” hissidir. Müəllif çalışır bunu həm eyham, həm də digər incə detallarla açsın, onu oxucuyla güclə hiss edilən məsafədə saxlasın və buna nail də olur. Amma qismən.

Məziyyət kimi bəzi detalların əla görüntü yaratdığını nümunə gətirmək olar. Məsələn, “iki əllilik” məsələsi. Bir situasiyada prorektor iki əlliliyi ilişdiyi anda pəncərədən çölə atsa da özünü xilas eləyə bilmir. Və iki əli ilə üzünü tutub ağlayır. İkinci situasiyada rüşvət almamaqda adı and yeri olan Nizam müəllim “exchange” fəndini işlədir və burdan onun “peşmançılığının ərazisi” müəyyən qədər görünür. Ancaq Seymur Baycan demişkən, hekayədə fon zəif olduğundan müəllifin bu iki mükəmməl detalı havadan asılı qalır. Təəssüf...

Hekayəni bir neçə dəfə oxuduqda mətndə ediləcək çox gözəl gedişləri görürsən, ümidvaram müəllif qayıdacaq bu mətnə və istəsə onu təkmilləşdirə biləcək.

Aqşin Yenisey

Aqşin Yenisey: “Şair kimi tükəndiyimi elan edirəm” – Müsahibə

Hekayədə sovet dövrü ilə müstəqillik dövrünün üz-üzə, həm də iki elm adamının timsalında üz-üzə qoyulması maraqlı yanaşmadır. Ancaq ümumən hekayənin ruhu Azərbaycan sovet ədəbiyyatına daha yaxındır. Hətta sonda "17 iyul, 2015 – 21 sentyabr, 2019 Bakı" qrifi də müəllifin sovet nəsrinin təsirində çıxa bilməməsinə işarədir. Rüşvətin insan psixologiyasına təsirinə gəlincə, bu çox dərin psixoanalitik izah tələb edən temadır. Bir ucu ibtidai qurbanvermə ayinlərinə qədər gedib çıxır. Alpay bəy rüşvətin sehrini daha yaxında axtarır ki, bu da ənənəvi nəsrimizə xəyanət etmək qorxusundan irəli gəlir. Slovay Zizek deyir ki, Frankfurt məktəbinin nümayəndələri Stalinizmi yalnız tarixi xronologiya kimi öyrəniblər, onun psixoanalitik şərhinə cəhd etməyiblər. Hətta mən düşünürəm ki, ruslar yazıçıları da İsa peyğəmbərdən ona görə bərk-bərk yapışmışdılar ki, xristianlıq təhlükəsiz mövzu idi Rusiyada. Bu hekayədə də mən Nitsşenin çəkicinin səsini eşitmədim, halbuki bütün hekayəni müəllifin təpəmizə vuracağı o çəkicin səsini eşitmək üçün oxuyurdum. Bütün hallarda Alpay Azər oxunası imzalarımızdandır, mənim tənqidlərim isə daha çox özüm üçündür. Üzümü Alpay bəyin hekayəsinə tutub özümə deyirəm bunları.

Qəşəm Nəcəfzadə

60-ı haqlayan şair Qəşəm Nəcəfzadə: "Kəramətə iradlarım çox içməsi ilə  bağlıdır" - MÜSAHİBƏ

Alpay Azərin mütaliəsi, zəhmətkeşliyi, nəsr təhkiyəsi xoşuma gəlir. Vaxtaşırı yazılarını dövri mətbuat və saytlardan izləyirəm. Uğurlu yazılarını da oxumuşam, zəiflərini də.

Hekayələrində həmişə çatmayan bir şeyi görəndə istəmişəm ki, o anda Alpaya zəng eləyim və qışqıra-qışqıra deyim ki, ay zalım, bunu elə yox, belə yaz. Sonra vaxt keçir, ta zəng eləmirəm, o hissim də itir.

Bu yazıda xoşuma gələn nə oldu? Alpay yaza bilir, nəfəs çəkib aparır, təhkiyə rəvan gedir, nəfəs xırıldamır. Amma…

“Amma”sı odur ki, hadisələrə baxış bucağı köhnədir. Ev qurulur, amma materiallar təzə deyil, kiminsə evinin söküntüsündən alınan hissələrdir. İdeya da köhnədir, yazı texnikası da. Bu hekayə rüşvətə görə həbs olunan və ya olunacaq birinin qəzetdə gedən və ya gedəcək adi bir cinayət xronikasına bənzəyir. Yazıçının hadisələrə orijinal bir yanaşması olsaydı, hamıya tanış olan bu cür məsələlərin içindən heyrətləndirici bir detal tapsaydı, hər şey bir anda maraqlı bir tərəfə dəyişərdi, yəni hekayə yeniliyi ilə üzə gülərdi.

Əsərin qəhrəmanı Nizam müəllim istedadlı, zəhmətkeş birisidir. Bu cür adam necə ola bilərdi ki, iki şöhrətpərəstə elmə dəxli olmayan namizədlik dissertasiyası yazsın? İstedadlı adam-alim hər yerdə nə iş görürsə, yetərincə təmiz iş görür. Nizam müəllim yazdığı dissertasiyanı elmdən kənar yazmazdı, ürəyi, qələmi bunu qəbul edə bilməzdi.

Əgər yazıbsa, demək, Nizam müəllimdə üç cinayət işi var; birincisi, rüşvət alıb dissertasiya yazıb, ikincisi başqalarının adına yazıb, üçüncüsü də elmə dəxli olmayan dissertasiya yazıb və hamını aldadıb. Belə bir işi görmək rüşvət almaqdan da ağır cinayətdir.

Başqa bir misal; “Semestrboyu qayıbları yazmamağın, jurnallarda əməliyyat aparmaqla qayıbları yox etməyin əvəzində tələbələrdən pul alanlardan söhbət düşəndə, Nizam müəllimin fəxr hissi aşıb-daşırdı: “Hamının yanında üzümüz ağdı. Öz gözlərimlə görmüşəm, elələrinin pul aldıqları tələbənin qabağında dilləri necə qısa olur”.

Budurmu Nizam müəllimin mübarizəsi? Gör nəylə fəxr edir?

Əsərdə Nizam müəllim sadəcə savadlıdır, amma xarakteri yoxdur. Elşən də belə. Beləliklə, obrazlar yadda qalmır. Yadda qalmaq üçün səciyyələri yoxdur.

Başqa texniki vəziyyət; həmişə yazıda bir sual, bir sual və nida, bir nöqtə, üç nöqtə durğu işarələri olur. Bu qəbul edilmiş bir qaydadır. Alpay hekayəsində qoşa sual, iki və ya üç nida işarələrindən istifadə edir. Orfoqrafiyada belə bir qayda yoxdur axı.

Səxavət Sahil

Gözlənilən ədəbi cərəyan - Ədiblərin təxmini

Alpay Azər "Rüşvət dilemması" hekayəsini indiki dönəmdə adiləşmiş bir mövzuya həsr edib. Müəllif insan xarakterinin ziddiyətlərini göstərib, vəziyətdən asılı olaraq dəyişə bilən və dəyişməyən univeristet müəllimlərinin obrazını yaratmağa çalışıb. Mövzu müəllifin seçimidir, onu buna görə sorğulamaq dügün olmazdı. Mövzuya yanaşmaq məsələsi də yazıçının ixtiyarında olan işdir. Hekayədə zaman sürətlə inkişaf etsə də biz bunu daha çox situasyalarda görürük. Hesab edirəm ki, bu müəllifin üslubna xas ola bilər. Lakin təhkiyə məsələsində müəllifi sorğulamaq lazımdır: Müəllif hər şeyi özü danışır, nədənsə, göstərmək istəmir. Hekayədəki obrazların təhkiyəsi müəllifdən seçilmir, mətnə inandırcılıq və təbiilik baxımından xələl gətirir.

Hesab edirəm ki, müəllif "Rüşvət dilemması"nın mövzusu yaxşı seçib və istədiyini oxucuya çatdıra bilib, lakin təhkiyə məsləsində müəyyən problemlər var.

Alpay Azər (hekayənin müəllifi):

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ)

Hekayə zəif, ən yaxşı halda ortabab alınıb. Hekayənin ideyası maraqlıdır, aktualdır, amma onun hadisə tərəfini yaxşı işləyə bilməmişəm.

# 3239 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #