İndi istəyirəm, yaxınlığınla yorasan məni – Cavaxişvilinin şeirləri

İndi istəyirəm, yaxınlığınla yorasan məni – Cavaxişvilinin şeirləri
28 may 2022
# 16:00

Kulis.az klassik gürcü şairi Kato Cavaxişvilinin şeirlərini təqdim edir.

Xeyrxahlıq

Bir dəfə yaxşılıq etmək istəyib borcsuz insanı borclu elədim.
Bir dəfə yaxşılıq etmək istəyib borca saldım borcsuz insanı.
Elə bir insanı borca saldım ki, dillə deyilməz.
İnsanı aldım, ömürlük önümdə borclu elədim.
Həmin insan mənə bir ömür boyu minnətdar idi.
Həmin insan gəzib mənə daima qarğış tökürdü.
Gəzirdi insan. Mənim yaxşılığım sürünürdü onun dalınca.
Gəzirdim mən də. Onun borcunu sürüyürdüm daim ardımca.
Hər yerdə özümlə gəzdirirdim yaxşılığımı.
Yan-yana gəzirdik o insanla mən. İkimizin də borcumuz vardı:
O mənə - yaxşılıq,

Mən ona minnət borcluydum onda.
Bir dəfə insanı, həmin insanı mənim yaxşılığım elə yordu ki,
həmin gün gözlərini, öz gözlərini oyub çıxardı.
Sonra o insan divardan divara gəzib dolaşıb məni axtardı.
İnsan divar-divar gəzib dolaşıb qaçırdı məndən.
Həmin o insan başqa adamların içinə yığırdı mənə olan bütün borcunu.
Mən gəzib dolaşıb çox yorulurdum.
Mən gəzib dolaşıb hey unudurdum.
Mən gəzib dolaşıb borclu eləyirdim başqalarını.

Sonra başa düşdüm:
Nədən belə başı axşağıdır dostumun dostu.
İnsanın yamanca aciz olduğunu o yaxşı bilir və ondan qorxur.
Duranda qorxur.
Gəzəndə qorxur.
Yatanda qorxur.
Bildim, başa düşdüm.
İnsanlar öz acizliyindən niyə qaçırlar.
Yaxşılığın hərdən yamanlıq olduğunu bilir qaçanlar.
Lütf edir insan, sonrasa qorxur o öz lütfündən.
Başqalarının yaxşılığına sığınır sonra.

Bir dəfə taygöz bir adam məni axtarıb tapdı.
Mən onun borcunu həmən qaytardım.

Görən olmadı.
Özümü öldürdüm. Başqa nə çarə.

İki nəfərlik səhər nəğməsi

(Çiliklənmiş misralar)

1.

Sən. Daha da mən və mənim yanımda qalmaq. Getmək.
Sən. Deyəsən, vaxtdır. Bəlkə çox uzaq. Bəlkə də yaxın.
Sən. Bəlkə də qüvvə. Ya da ki mənim öz oksigenim.
Yedəkli günlər daha sürətli addımları da xatırlayırlar.
Toxunursan. Bu bir duadır. Özünəməxsus. Bu gündən sonra
Günün özü də yatağa dönür. Ləng-ləng qayıdır.
İndi istəyirəm, yaxınlığınla yorasan məni.
İndi istəyirəm elə yaxın olasan ki, bir təhər dözəm.
İrəli – şimal küləkləri çıxar qarşıma.
İrəli – quruda üzən gəmilərdə qurudacağam dərd-kədərimi.
Sənlik azuqəmi xurcunumda saxlayacağam.
İrəli – havalar pozur. Deyirəm: burada dözə bilərik!
Sən mənə oxşa – bu keçdiyimiz uzaq yollara bir işarədir.
Keçim – bu qarlı qış qorxusudur.
Göz – üstümüzdən külü çırpmaq və
Yataqdan qalxmaqdır. Deyəsən burda quruduram mən –
Sənin üçün. Bəlkə məsləhtdir yanımda qalmaq.
Adi yollar da duzludur indi. Bəlkə də uzaq. Bəlkə də yaxın.
Mən indi sözəm. Küləm. Mən həm də sənin evinəm.
Mən və sən indi mənimlə birgə gedirik yolu.

2.

Hərdən bir heç nədən başlamaq olar.
Yorğunluq. Hər şey dəyişibdir adını indi.
Oturub ölçürsən oynayan kölgənin hündürlüyünü.
Heç tərpənmirsən. Gözünü açmağa həvəsin yoxdur.
Yatmırsan, amma oyaqlıq da deyil bu vəziyyətin.
Gözünü yummaq –röyanı özünə öyrətmək deyil.
Sözlərim uzandı makaron kimi.
Burada cəhrə.
Burda dayanma!...
Burda gecədir, sakit bir gecə.
Əllərim suda mamır bağladı, bədənimin üstdə
Günəşin şəklini çəkirəm aha...
Yenə yanımdasan, yenə mənimsən.
Torpaqda heç nə. Sanki aynada
Yollar çilikləndi. Mən – kəpək. Mən- kül.
Mən – ucalmışam öz qabırğamdan. Bütöv və hissə.
Mən – ürək. Dünən burda payız fəslinin
Bir nişanəsi varıydı sanki... indi yataqda
Uzanıb yatır uzaq bir gecə. Elə uzaq ki,
Elə uzaq ki, mürəkkəb çəkirəm kirpiklərimə...
Mən – indi küləyəm. Zərif bədənlərdə tikiş sökülür.
Mən – itkisiyəm özüm özümün.
“İstəyirəm ki, üç olum, amma...”
Demək istəyirdim, deyə bilmədim,
Bizim zəminin bir udumluq havası idi mənim istəyim.
Bekar gün istəyirdim küləklər üçün.

İnsanlardan qalan çörək qırıntısı.
Ada. Uzaq. Gəzmək. Orda heç kəsi
Sənin nə yediyin, nə istədiyin maraqlandırmır.
Orda heç kəs bilmir sənin qapını,
Qırıntıları dənləmir heç kəs.
Orda nə gündüzdür, nə də ki heç nə,
əlində tutursan məsafələri.
Zaman – bizi kimi. Bir alət kimi. Və güzgü kimi.
Mən – küləklərə qoşulan bir kəs. Kəpənək tutan
Niyə bərkimir çiyinlərimdə?!...
Mənə bir həyat bəs eləmir ki, zamanı keçim...
Mən – dəniz kimi. Kağız gəmiləri yola salıram.
İndi külək əsir. Indi fırtına. Indi bu gəmiləri,
İtən gəmiləri sınaq gözləyir...
Sözsüz ki, onu sən qarşılayıb aparacaqsan.
İndiyə qədər kağızlara min yol yazılıb,
Amma quru yollar tapılmadı o ürəklərdə.

Və biz heç nədən başladıq bunu. Heç nə. Heç yerdə.
Heç nəyin adı yoxdur heç yerdə.
İndi oturmuşam. Səni ölçürəm. Səni biçirəm.
İndi oturmuşam. Havasız səhər. Günəş və bulud.


Gürcü dilindən tərcümə edəni: İmir Məmmədli (litpark.az)

# 826 dəfə oxunub

Oxşar xəbərlər

# # #