Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri

Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri
24 yanvar 2024
# 16:24

Kulis.az Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir.

Qurtardı

Sən gedəndə üz-üzəydim ölümlə,
Təslim etdin ayrılığa əlinlə,
Bir də çətin barışarıq səninlə,
Qurtardı e, qurtardı.

Sevmədim ki, səndən özgə heç kimi,
Yaraların qaysaq tutub keçdimi?
Yağış döydü, xəzan vurdu eşqimi,
Apardı e, apardı.

Yaşadınmı mən yaşayan zülümü?
Çağırdınmı, səslədinmi ölümü?
Əcəl gəlib ən sevdiyim gülümü,
Qopardı e, qopardı.

Bir də gördüm, ayrılığın ilidi,
Həsrətinlə dinən könül kiridi,
O qış mənə nə oldusa, yeridi,
Amma indi bahardı e, bahardı.

Bir də çətin qovuşarıq səninlə,
qurtardı e, qurtardı!!!

Kişilər ağlamaz

Ömrümü yarıya böldü gedişin,
Nə gecəm bilindi, nə də sabahım.
Yumub gözlərimi, içimi çəkdim,
Ölüncə yaxanı buraxmaz ahım.

Dolub gözlərimə həsrət, intizar,
Dərdini özümlə daşıyıram mən.
Hərdən öz-özümə deyirəm, Allah,
Bu əzabla necə yaşayıram mən?

Kirpiyin tökülər, saçın tökülər,
Ömrün qurban gedər səhvə, günaha.
Oturub bəxtinə doyunca ağla,
"Kişilər ağlamaz" demirlər daha.

Darıxsaydın, gələrdin

İki yolun ayrıcında qalmısan,
Yoruldumu ümidlərin de, bilim.
Hərdən-birdən yazırsan ki, "darıxdım"
Sözdür, vallah, deyirsən də, nə bilim?

Həsrətini məndən yaxşı çəkən var?
Sənin qədər sevilsəydim, ölərdim.
Hisslərimdə yanılmıram, biləsən,
Deyirəm ki, darıxsaydın, gələrdin.

Bir də kimi sevərəm ki sən qədər?
Bir də kimə aldanacaq ürəyim?
Qıymaram ki, gözlərini unudam,
Sən unutdun? Sağ ol, var ol, nə deyim?..

Mənə mənsiz keçən günündən danış

De, necə izlədin bu müsibəti?
Yəni bir dəfə də canın yanmadı?
Bəs hansı günümə sevirdin məni?
Tüstüm ərşə çıxdı, havalanmadın.

Qınadım, qınadım bəxtimi axır,
Əydi uşaq kimi başını yerə,
Mən ki toparlanıb göyə daşındım,
Tökdüm ətəyimdən daşımı yerə.

Səndən başqa hər şey nağıldı mənə,
Uçdu e, bəxtimə qonan kəpənək.
Əşi, mən cəhənnəm, özündən danış,
Ala bildilərmi qadanı mən tək?

Çox çətin gəldimi yaşamaq sənə?
Hər ümid ardında yeni aldanış.
Güldümü gözlərin gözümdən uzaq?
Mənə mənsiz keçən günündən danış.

# 7539 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər