Şuşadan gətirilən bayraq, yaralı qazilərin keçidi, bir əsr sonra yenidən qovuşan qardaş ordular - Azadlıq meydanında yaşananlardan reportaj

Şuşadan gətirilən bayraq, yaralı qazilərin keçidi, bir əsr sonra yenidən qovuşan qardaş ordular - Azadlıq meydanında yaşananlardan reportaj
10 dekabr 2020
# 18:42

Bu gün Azərbyacanın müzəffər ordusunun 27 illik işğala 44 günlük müharibə ilə son qoymasının zəfər yürüşü keçirildi. Qanlı-qadalı günlərə şahidlik edən Azadlıq Meydanı bu gün öz qorxmazlığı, vətən sevgisi, mərdliyi ilə dünyanı heyrətə gətirən oğullarımızın məğrur addımları ilə qucaqlaşdı. Azərbaycan xalqı uzun illər sonra ilk dəfə bu meydana aşıb-daşan sevinc, qürur hissi ilə yığışdı. Azadlıq Meydanı bu gün sözün əsl mənasında azadlığımıza, bütövlyümüzə, bərabərliyimizə ev sahibliyi etdi.

Yürüşdən əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. Vətən müharibəsinin başlandığı ilk gündən etibarən xalq, dövlət olaraq arxamızda dayanan, mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti bu şanlı Zəfər paradımızda da öz ordusu ilə bayramlaşmağa gəlib. Bu birlik üçün hər iki dövlət bir əsr mübarizə apardı. Və budur haqq, ədalət gec-tez öz yerini tapdı. 1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Türkiyə-Azərbaycan hərbi hissələrinin paradı keçirilən, Nuru paşanın, Xəlil paşanın, general Əlağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı bu meydandan 102 il sonra Türk və Azərbaycan ordusunun mətin addım səsləri duyuldu.

Hələ bir əsr əvvəl Atatürk Məmməd Əmin Rəsulzadəyə xitabən demişdi:
“Məhəmməd Əmin bəy, mən dünyaya üç il səndən erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyənin üstündə dalğalandırmışam. Enməz demisən, bu bayraq enməyəcəkdir.”

Pandemiya səbəbindən meydana insan axını məhdudlaşadırılsa da, yol boyu əlində bayraq, dilində şüar dalğalanan xeyli soydaşımız vardı. Bu dəfə biz o yollara qürurumuzu, sevincimizi hayqırmaq üçün yığışmışdıq. Qalibiyyət və qələbə aclığımızı doyurmaq üçün 7-dən 77-yə Azadlıq meydanına gedən yolun kənarlarında lövbər salmışdıq. Bulaqlar çaylara, çaylar dənizlərə axan kimi minlərlə soydaşımız səhərin erkən saatlarından etibarən zəfər yürüşünü izləmək üçün Azadlıq meydanına qədər birlik və bərabərliyin ən gözəl tablosunu yaratdılar. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, millət olmaq budur. Yürüşü eyvanlardan izləyən soydaşlarımız da bu möhtəşəm günə alqışları ilə dəstək verdilər.

Əlində bayraq ən ön sıralarda dayanan uşaqlar bu zəfəri öz yaddaşlarına əbədi həkk etmək üçün gözlərini və qulaqlarını Azadlıq meydanından çəkmirdi. Şanlı Azərbaycan ordusunun hərbçilərinin məğrur addımlarını təbəssümlə seyr edən bu uşaqlar ən xoşbəxt uşaqlardır.

Paradın ən kövrək iki məqamı 44 günlük müharibədə müxtəlif dərəcəli yara alan qazilərimizin meydandan keçməsi və ermənilərə məxsus texnika və avtomobillərin nömrələrindən ibarət divarın nümayişi oldu. Fikir verdim, həmin an paradı izləyən hər kəsin gözlərindən yaş axırdı. Bu göz yaşları milli ruhun təzahürü idi. Bu göz yaşları alınan bütün mənəvi fiziki qisaslara şüküranlıq ifadəsi idi. Düşmənin vaxtilə Kəlbəcərdən silah gücü ilə çıxartdığı soydaşlarımıza aid avtomobillərdən sökdükləri nömrələrdən tikdiyi divar artıq Kəlbəcərdə yoxdur. Bu gün ermənilərə məxsus avtomobil və hərbi texnikaların nömrələrindən ibarət divarın nümayişi on milyon insanın ürəyində açılan yaranı qapatdı.

Müharibədə qəhrəmanlıq göstərən 3000 əsgərin keçid etdiyi Azadlıq Meydanı əgərlərimizin ayaq səsləri ilə lərzəyə gəlirdi. Onların ardınca ordumuzun sıradan çıxartdığı və yararsız hala saldığı düşmən hərbi texnika və silahları, eləcə də döyüşdə istifadə etdiyi müasir silah və texnikalar qürurla nümayiş olundu. İşğaldan azad olunan torpaqlarda dalğalanan bayraqlarımız bu gün Azadlıq Meydanında qürurla dalğalandı.

# 4603 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

10:00 16 iyun 2025
Mərd qadının cadulu sevgiləri - Aydın Talıbzadə

Mərd qadının cadulu sevgiləri - Aydın Talıbzadə

10:00 15 iyun 2025
O niyə "xalq düşməni" kimi damğalanmışdı? - Nargin adasında güllələnən millət vəkili

O niyə "xalq düşməni" kimi damğalanmışdı? - Nargin adasında güllələnən millət vəkili

12:20 12 iyun 2025
Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

16:06 11 iyun 2025
“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

12:00 10 iyun 2025
Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

12:00 7 iyun 2025
# # #