Aktrisa Sona Babayeva: “İki dəfə aldadıldım...”

Aktrisa Sona Babayeva: “İki dəfə aldadıldım...”
14 iyul 2011
# 06:00
70 yaşının içindədir, amma nazik bədən, gülər üz elə bil 40 yaşı ola ya olmaya. Həyatda hansı çətinliklərdən keçməyib, qəribə bir daxili qüvvə onun həyat eşqinin sönməyinə imkan verməyib. “Gərdişi-dövran” layihəsinə də onu gətirən taleyidir. Daha bir aktrisanın taleyi – Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayevanın.


“Mən uşaq evində böyümüşəm”


Atam-anam yadıma gəlmir. Mənə deyiblər ki, biz iki bacı, bir qardaş olmuşuq. Anam rəhmətə gedib, atam evlənib və qadın bütün var-dövlətimizi satıb-sovurub. Neynəyibsə, atam da vaxtsız köçüb dünyadan, biz qalmışıq ortalıqda.

Biz Yalamada yaşamışıq. Bir ailə böyük bacımı övladlığa götürüb. Qardaşımla məni gətirib Bakıya, onu körpələr evinə, məni uşaq evinə veriblər. 11 nömrəli uşaq evində böyümüşəm. Müdirəmizi də Anacan deyə xatırlayıram. Hamının yanına kimsə gəlirdi, mənim yanıma gələn yox idi. Böyüyəndə mən yalnız bu məlumatları əldə edə bildim. Uşaq evinə öz ad familiyamla qoyulmuşam, amma atamın adı yazılmayıb. Bir dəfə böyük bacım gəlib tapdı məni, amma isinişə bilmədik. Sonralar mən əlaqə saxlayırdım, 10 yaş məndən böyükdür, böyük uşaqları var. Gördüm mən onu maraqlandırmıram, daha əlaqə saxlamadım. Uşaq evindən olan qızlarla daha mehriban, daha doğmayıq.

Qardaşımı özüm 10-cu sinfi qurtarıb pioner dəstə rəhbəri işləyəndə tapdım. Onu da bir ailə oğulluğa götürmüşdü, sinif yoldaşı bizim pioner düşərgəsində idi. Bir gün mənə dedi ki, sizin qardaşınızın adı Yusifdir? Dedim, hə. Dedi ki, o mənimlə bir sinifdə oxuyur, sizinlə elə bil bir almanı iki yerə bölüblər. Getdim tapdım, amma ailədə olduğundan həqiqəti açıb deməyə icazə vermədilər. Uzun müddət onu uzaqdan müşahidə etdim, məktəbə gedirdim ağlayırdım direktor yaxın buraxmırdı. Məktəbdə məni kim görürdü soruşurdu ki, Yusifin bacısısan? O dərəcədə oxşayırdıq. Sonralar açıldı, söhbət də etdik, uzaq düşmüş yadlaşmış doğmalar kimi.


Bulvarda gecələyirdim


Uşaq evində üç rəfiqə idik. Ən balacası mən idim. Orda belə bir qayda vardı, məktəbi qurtaranda kim zəif oxumuşdu sənət məktəbinə göndərirdilər, ya da kombinata. Onların birini sənət məktəbinə, birini də kombinata göndərdilər. Məni saxladılar uşaq evində pioner baş dəstə rəhbəri. 45 manat pul alırdım. Onu iki yerə bölürdüm 2 rəfiqəmə verirdim ki, mən onsuz da uşaq evindən dolanıram. Sonralar onlar ailə qurdular əlaqələrimiz kəsildi, amma indiyə qədər uşaq evindən əlaqə saxladığımız başqa qızlar da var.

Özüm sənədlərimi İncəsənət Universitetinə verdim, qəbul olundum. Yay başa çatmışdı, pioner düşərgəsi də tamamlanmışdı. Uşaq evindən qalma bir paltom vardı. Bütün günü bulvarda gəzirdim, axşam düşəndə ağacların altına paltomu sərib üstündə yatırdım. Dərs başlandı, soyuqlar düşdükcə daha bulvarda gecələyə bilməzdim. Rza Təhmasibin kursunda oxuyurdum. Şahmar Ələkbərov, Səfurə İbrahimova, Tariyel Qasımov, Həsən Əbluc bir kursda oxuyurduq. Uşaq evində rus dilində təhsil almışdım, institutda səhnə danışığından Əjdər Sultanov dərs deyirdi. Dərsə gələndə çantamda ehtiyat dəsmal götürürdüm, bilirdim ki, Əjdər Sultanov məni ağladacaq. Dərsimiz günorta başlayırdı. Səhər yerimdən durub “Ana-uşaq” kafesinə gəlirdim. Orda çay içib gedirdim Lenin adına kitabxanaya dərslərimi hazırlayıb sonra dərsə yollanırdım.


“Taryel Qasımovun da təqaüdünü mən alırdım”


Bir gün Şahmara dedim ki, institutdan çıxmalı olacağam, qalmağa yerim yoxdur. Dedi, olmaz, gedək bizdə qal. Bir ay onlarda, sonra bir ay Həsən Əblucgildə qaldım. Utanırdım, onlar da böyük ailə idi. Getdim direktorun yanına. O vaxt Rahib Hüseynov idi rektor. Allah köməyi olsun, dedi ki, semestrə yaxşı hazırlaş, sənə əlaçı təqaüdü verək. Sonra da Tariyel Qasımovu çağırıb dedi ki, sənə də əlaçı təqaüdü yazacağıq, amma onu alıb bu qıza verəcəksən, sənin atan vəzifədədir, ehtiyacın yoxdur. Bir müddət gecələr rektorun kabinetində qalırdım, evindən yatacaq gətirmişdi, soyuducu qoydurmuşdu ki, səhərlər yemək yeyib dərsə gedim. Özü də səhər gec gəlirdi ki, narahat olmayım.

İki təqaüd alırdım, uşaqlar kirayə ev tapdılar, qaldım. Bəzən ayın ortasına qədər pulu çatdıra bilmir, günlərlə ac qalır, tez-tez xəstələnirdim. Günlərlə tək evdə qızdırmada çapalayırdım. Bir gün qonşu həkim çağırdı, həkim dedi ki, acından xəstələnib. Həmin qonşu mənim uşaq evindən müdirəmi tapdı. Müdirə gəldi vəziyyətimi gördü, acıqlandı mənə ki, niyə xəbər eləmirsən, biz də elə bilirik sən daha institutda təmin olunursan. Onun sayəsində mənə uşaq fondundan ərzaq yardımı yazıldı. Vəziyyətim bir az düzəldi, daha ərzaqdan korluğum qalmadı. Sonra televiziyada işə düzəldim. Rahib müəllim teatrlara tamaşalara göndərirdi məni, rejissorlara deyirdi ki, bu qıza rol verin.


“Məni öpərlər deyə Dram Teatrından qaçdım”


2-ci kursun axırında Mehdi Məmmədov “Şadlıq sorağında” tamaşasını hazırlayırdı, Səfurə ilə məni o tamaşaya dəvət etdi. Dram Teatrının mühitinə alışa bilmədim. Hamı bir-birini qucaqlayır, aktyorlar aktrisalarla öpüşür, söyüş söyürlər. Əli Zeynalov məni qucaqlayıb xoş sözlər dedi, qorxdum. Daha getmədim ora, Səfurə qaldı. Mehdi müəllim dedi ki, qorxma, mən sənin atan, qoymaram səni kimsə qucaqlasın, xeyri olmadı, getmədim.

Bir gün rəhmətlik Zəfər Nemət Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” tamaşasında Püstə roluna dəvət etdi. Bu teatrın mühiti mənə xoş gəldi. Hamı mənə öz balası kimi, mehriban yanaşdı. O qalan bu qalan qaldım orda. İndi həmin tamaşada Qaraca qızın anasını oynayıram.

İnstitutu qurtarandan sonra getməyə yerim yox idi. Uzun müddət elə Gənc Tamaşaçılar Teatrında qaldım. Bu kollektiv mənə ailəni əvəz elədi. Qastrollara gedəndə çox sevinirdim, çünki yatmağa rahat yerim olacaqdı. Sonra nəhayət mənə köhnə bir evdə bir otaq da düzəltdilər.


“Ərim yaxın rəfiqəmlə mənə xəyanət etdi”


Ailəni də o teatrda qurdum, amma uğurlu olmadı. Bir yaxın rəfiqəm vardı teatrda, onun uşaqları mənim qucağımda böyümüşdü. Bunu teatrda hamı bilirdi. Teatrın təsərrüfat şöbəsinin müdiri məni istədi, uzun müddət arxamca gəzdi. Uşaq evində bizi elə tərbiyə etmişdilər ki, elə bilirdik bir oğlan bizə yaxın düşsə namussuz olarıq. İlk dəfə səhnədə Həsən Əbluc saçıma sığal çəkməli idi, ağlayıb imkan vermirdim. Axır Çingiz adlı bu oğlanla evlənməyə qərar verdik, alışdım ona, isinişdim. Elə bildim itirdiyim bütün ailəmi əvəz edəcək. Teatrda hamı sevinirdi ki, mənim ailə quracağım adam teatr kollektivindən oldu. Evləndik, toyumuzu da kollektiv elədi, mənə cer-cehiz aldılar.

Bir gün Tiflisə qastrol vaxtı, mən də artıq hamilə idim, yaxın rəfiqəmlə həyat yoldaşımı bir yerdə yaxaladım. Necə bir zərbə aldığımı sözlə ifadə edə bilmərəm. Bütün ümidlərim, həyatım yenidən alt-üst oldu. Ayrıldım ondan, onu atalıq hüququndan da məhrum etdim. Yenə kollektiv arxamda durdu, o, xəcalətindən işdən çıxıb getdi. Sonralar bir erməni qızla evləndi, amma xoşbəxtlik nə olduğunu ömür boyu bilmədi. Oğlumun toyunda ona xəbər göndərmişdim, demişdi ki, gələ bilmərəm, nə üzlə gəlim. O, uşaq mənim qucağımda səhnələrdə, qastrollarda böyüdü. Tanrı mənə verdiyi zillətlərin müqabilində Samiri verdi. O, oğlum, atam, anam, qardaşım, bacım oldu.


“Mənim rolumu Xuraman Qasımova oynadı”


Oğlum Samir 1-ci sinifdə oxuyanda Cənnət Səlimovanın hazırladığı “Şeyx Sənan” tamaşasında uşaq rolunda oynayırdı. 1983-cü il 30 dekabrında Heydər Əliyev də premyerada olub. Tamaşadan sonra Heydər Əliyev soruşub ki, bu uşaq kimdir, onu qoruyun. Bu dəmdə uşaq ağlaya-ağlaya səhnə arxasına keçib. Heydər Əliyev uşağı çağırıb ki, niyə ağlayırsan? Samir cavab verib ki, mənə gül verən olmadı. Heydər Əliyev deyib ki, eybi yoxdur, sabahkı tamaşada sən hamınınkından böyük bir gül buketi alacaqsan. Elə də oldu, Samir onun adından iri bir buket aldı. Teatrda hamı bu məsələdən heyrətə gəlib ki, necə olur Heydər Əliyev məxsusi bu uşağa buket göndərib.

Çox rollarım olub, Gənc Tamaşaçılar teatrının ən müqtədir aktyorları ilə bir səhnədə oynamışam. Hüseynağa Sadıqov, Firəngiz Şərifova. Firəngizlə indiyə qədər bacı kimiyik. O qədər də baş rollarım olmayıb, amma hər tamaşada oynayırdım. Kinoda bəxtim heç gətirmədi. Bir dəfə “Liftçi qız”da Lalə-Cüllüt roluna dəvət olundum, sınaqdan da keçdim, amma çəkiliş vaxtı Bakıda olmadığımdan çəkilə bilmədim, Qubaya qastrola getmişdim. Gələndə gördüm Xuraman Qasımovanı çəkiblər. “Qaraca qız” filmində qulluqçunu oynamışam, böyük rol idi, sonra filmi kəsib elədilər qısametrajlı mən də çox görünmürəm. Oqtay Mirqasımovun filmlərində kiçik rollara çəkilmişəm. Məni ya alman qadını roluna çəkirlər, ya da başqa millətlərin obrazında, azərbaycanlıya oxşamıram.


“Mənim taleyim oğlumu da izlədi”


Oğlum Gəncədə əsgəri xidmətini çəkdi, qayıdanda Gəncədən bir qızla evlənib onu da gətirdi, seviblər bir birilərini. Toy elədik, yenə teatr kollektivi köməyimə çatdı. Qızın ailəsini də çağırdıq gəldilər iştirak etdilər. Şad-xürrəm yaşayırdıq. Hər şey arxada qalmışdı, firavan günlər yaşayırdıq. Gəlini işə də düzəltdim, gedib-gəlirdi. Sən demə, bu hansı yolun quludursa, ondan-bundan külli miqdarda borc götürür, fırıldaqla evimizi belə girov qoyub. Oğlum iki gün evdə olur, iki gün işdə. Gəlin bir gün evə gəlmədi, səhəri polisə xəbər elədik, bu gəlin hara yoxa çıxar, uşağı-nəvəm ağlar qalıb. Düzdür, uşağı mən saxlayıram, amma anası da var axı.


Nə başınızı ağrıdım, məlum oldu ki, bu qadın xirtdəyəcən borc içində imiş, evimiz də əlimizdən çıxdı. Gəlin də bu işləri məqsədli şəkildə edib, indi də birisi ilə qoşulub qaçıb.


Gül balam-nəvəm mənim yanımdadır, anadan olandan zatən mənimlə yatırdı, indi 13 yaşı var, böyük uşaqdır.

Yenə dar bir evdə yaşayırıq, amma o da düzələr, bu dünyada nələrdən keçmirik, onu da arxada qoyarıq.


Ramilə Qurbanlı
# 2870 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
#
#
# # #