Ağdam bərpa olunanda adını əbədiləşdirəcəyik – Qulu Ağsəs Rəmişdən danışdı

Ağdam bərpa olunanda adını əbədiləşdirəcəyik – Qulu Ağsəs Rəmişdən danışdı
7 aprel 2021
# 11:45

Kulis.az şair Qulu Ağsəsin mərhum Xalq artisti Rəmişin haqqında xatirəsini təqdim edir.

Rəmişlə yalnız telefon vasitəsi ilə əlaqə saxlaya bilirdim. Xəstələnməzdən öncə mən onu verlişə dəvət etmişdim. Verlişin anonsu hələ də qalıb. Özü də demişdi ki, "tezliklə “Ulduzlu qonaqlar”da olacağıq, dostları salamlayıram.

Onunla uzun illərdir ki, münasibətimiz var idi. Dünən zəng vurdum Gülü ilə danışmaq istədim, amma danışa bilmədi, ağladı. Pandemiya səbəbindən dəfn mərasimində də iştirak edə bilmədim.

Rəmişin sənəti sərhədlər tanımırdı. Keçmiş SSRİ məkanında, son illər isə Türkiyə və İranda tanınırdı. Rəmiş Azərbaycan sənətinə yenilik gətirən insanlardandır. Bilməyən insanlar üçün bir məlumat verim ki, o, həm də çox gözəl tarzən idi. Onun istedadı tarla başlasa da, tarla məhdudlaşmırdı. Nəfəsli alətlərdən başqa Rəmişin əlinin dəydiyi hər bir alət “danışırdı”.

Allah Rəmişi musiqi üçün yaratmışdı. Gitaranı Azərbaycana sevdirən məhz Rafiq Hüseynov oldu. Bir dəfə ona sual verdim ki, gitara çalanda niyə gözünü yumursan Rəmiş?.

Dedi, gözümü açıb camaatın arvad-uşağına baxa bilmərəm ki, mənim bir sevgilim var - gitara, o da qucağımdadır".

Rəmişi xalqa sevdirən onun bir insan kimi azadlığı sevməsi idi, hər zaman olmazların əlehinə gedirdi. Azərbaycanın büdcəsini Rəmişə versəydilər, bircə günə xərcləyin, qurtarardı. Çox pul qazanmağına baxmayaraq, onun heç vaxt pulu olmurdu. Məsələn, hansısa restoranda 10 manatlıq yemək yeyirdi, 200 manat ofisianta pul verirdi. Bunun izahı yox idi ki, niyə verir. Yəni pulunu hara gəldi xərcləyən, həyata tamamilə başqa gözlə baxan, bəlkə də həyatın faniliyinə ən çox inanan insanlardan idi Rəmiş. Ona “Çağdaş dərviş” deyə bilərik. Bilirdi ki, ölüm gec-tez həmişə var.

Bir müddət öncə onun ard-arda ölüm xəbərləri çıxırdı. Bir dəfə ölüm xəbəri çıxanda zəng vurdum ona, dedim ki, yenə belə bir informasiya yayılıb. Dedi "gitara varsa, Rəmiş də var, qorxma". Gitara var olduqca o da yaşayacaq.

Rəmiş xoşbəxt insan oldu ki, Ağdamın azad olunması xəbərini eşitdi, bildi ki, artıq Ağdam bizimdir. Ağdam haqqında danışan zaman qəribə bir ifadə işlədirdi: “Rəhmətlik Ağdam" - Ağdamın artıq öldüyünü deyirdi. Amma yenidən zühur etməsini də gördü. Çox heyf olsun, xəstəlik imkan vermədi ki, o da Ağdama gedə bilsin.

İnşallah, Ağdamda bərpa işləri tamamlanandan sonra, Rəmişin adı hansısa formada anılacaq, əbədiləşdiriləcək. O, adını musiqi tarixinə yazmış bir şəxsiyyətdir".

/modern.az/

# 2410 dəfə oxunub

Müəllifin son yazıları

# # #