Kulis.az Qulu Ağsəsin "Vaxtanq Kikabidze oxusun" şeirini təqdim edir.
 
Bir əlində tütün, 
o birində şərab var bu səsin,
Ağlınıza ayrı şey gəlməsin 
sahibi öz səsinə 
qonaqlıq verir hərdən - 
döşünə yatanda;
(mən də bu səs qədər qocayam) 
son əsrdə 
iki əlifbada şeir yazmışam,
ən azından -
kirildə və latında!
Hələ bu harasıdı, 
donmuş Ayın 
bir yaz səhəri
özünü günə verdiyini görmüşəm,
Bayıl qəsəbəsinin
Dağüstü parka qalxıb  
ordan dənizə 
kəllə vurduğunu görmüşəm!
Görmüşəm saat adlayıb 
neçə ömrün üstündən
(mən də bu səs qədər qocayam),
Bir də görmüşəm ki, 
indi səs pay yollayır
öz sahibinə -
köhnə şərabdan,
tütündən...
və vaxtdan.
Ürəyiniz başqa nə istəyir
bu dünyadan,
batano Vaxtanq?!