Ölümü nar kimi sıxdı gözünə - Günün şeiri

Ölümü nar kimi sıxdı gözünə - Günün şeiri
25 dekabr 2023
# 15:40

Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Atamın xatirəsi" şeirini təqdim edir.

Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri,
Gəlib gözlərində qışladı dünya…

Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi,
Gözünün odunda qar çiçəklədi.

Gördüm ki, soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…

Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
Tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…

Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.

Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.

Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…

Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən,
Elə bil əlindən qaçıracaqdı…

Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…

Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla,
gözüylə öpüşdü cavanlığıyla.
öpmək istəmədi qocalığını,
gözləri üzünü yana çevirdi…

Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
Gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

14:10 7 may 2026
Mənim incilərim hara daşındı?! - Günün şeiri

Mənim incilərim hara daşındı?! - Günün şeiri

10:10 7 may 2026
O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

17:13 6 may 2026
"Qız, vücudun nədəndir?" - Günün şeiri

"Qız, vücudun nədəndir?" - Günün şeiri

10:30 6 may 2026
Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

14:27 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər