Olmasaydı yaşıl-yaşıl gözlərin... - Elşən Mehdinin yeni şeirləri

Olmasaydı yaşıl-yaşıl gözlərin... - Elşən Mehdinin yeni şeirləri
5 iyul 2021
# 15:51

Kulis.az Elşən Mehdinin yeni şeirlərini təqdim edir.

Olmsayadı yaşıl-yaşıl gözlərin
Mənə belə baxmağını sevərdim
Məndən uzaq qalıb, xəbərsiz qalıb
Hövsələdən çıxmağını sevərdim.

Olmasaydı həyat verən ay üzün,
olmasaydı dodağında bal sözün,
olmasaydım sənin doğman, əzizin,
Çətinimdə əllərimi götürüb
Ovucunda sıxmağını sevərdim.

Olmasaydı naz eləyib gəzməyin
olmasaydı şirin-şirin küsməyin
Olmasaydı mən axmağa baxanda
O ağıllı gözlərinlə süzməyin
özüm kimi axmağını sevərdim.

Qəşəng qəşəng baxmağını sevərdim...

***

Dəniz, dalğa, göyərçin
Liman, gəmi, adamlar
Səma, bulud, xəbərçi
qoca, eynək, bir damla.

Liman, gəmi, adamlar...

Siqnal, sevinc, həyacan
Əsgər, qadın, sədaqət
Sürət, addım, balaca
Mərmi, tüstü, məhəbbət.

Liman, gəmi , adamlar...

Sərçə, dəniz, həmahəng
Ata, xoşbəxt, şaurma.
Külək, azad, çərpələng
uşaq, xoşbəxt, dondurma.

Liman, boşluq, mahi-tab
Qaya, qayıq, qayıqçı
Həyat, qırış, iztirab
Ömür, ömür, yarımçıq.

***

Ayrılıq səs-küylü, get-gəlli olmur,
Ayrılıq gedənin gəlməməyidi!
Yetimlik uşağın özünün belə
Kimə çəkdiyini bilməməyidi.

Sevda məqam-məqam havalanmaqdı,
Kimsəsiz səhrada divanəlikdi.
Uzaqlıq sərhədin o tayı deyil,
Otaqdan-otağa biganəlikdi.

Nəzakət düşmənin ehsanını da
Dua edə-edə içməyimizdi.
Dən yeyən quşu da hürkütməməkçün
Yanından aralı keçməyimizdi.

Sədaqət dostuna dəyən xəncəri,
Əmanət verilsə, saxlamaqdadır.
Qurtuluş Allahla təkbətək qalıb,
Günahkar-günahkar ağlamaqdadı.

***

Yığıb pal-paltarın, sənəd-sünədin
Yığıb ürəyinə bütün dərdini.
Sibirin şaxtası kəsir sifətin,
Yola salan yoxdu Xudaverdini.

Siqaret yandırır, burnunu çəkir
Doğma üz axtarır, hamını süzür.
Dolanır başında yüz axmaq fikir
Kənddə danışmağa bəhanə gəzir.

Taleyi dəyişib, başın itirib
Elə bil çevrilib başqa adama
Arzusu var idi qatarla gedib
Təyyarəylə gəlsin Azərbaycana.

Qatar uzaqlardan yol kimi gəlir
Bir də yada salır doğma kəndini
Yellənmir havada şaxtalı əli
Yola salan yoxdu Xudaverdini.

Sabunçu gecələri...

Uzaqda itlər hürür, sönür qızıl işıqlar
Otaq-otaq qaralır divarı nəm daxmalar
Anaların dizində mürgüləyir uşaqlar
Yataq otaqlarından başlayır darıxmalar.

Darvaza əllərini sıxır öz sinəsinə
Pəncərə gözlərini yumur hər gecə evlər
Rəqqas pərdələr girir, çərçivə qəfəsinə
Bir evin səsin verir bütün içə-içə evlər.

Təpələrdə səfillər, kafelərdə cavanlar
Avaralar məktəbin divarların yazırlar,
İş başında yuxulu gözlərini ovanlar
Bir də sevgililərdən səliqəsiz yazılar.

Kimsə dua eliyir, deyir ki "inanacam"
Ney kimi eşidilir hardansa körpə səsi
Külək çəkib aparır hava limanınacan
Dərin yuxuya gedir, Sabunçu qəsəbəsi.

***

Zamanın ən qəddar xəbərçisiydi
Saat kəfkiriydi yellənən əllər
Birininin vağzalda son gecəsiydi
Birinin ümidi "yenə gələrlər".

Dəsmallar havadan endi aşağı
Qatarlar üfüqdə gözdən itdilər
Kədərli adamlar lal olur axı
Getdilər, sakitcə çıxıb getdilər.

Geridə mən qaldım, bir də qatarın
göyə buraxdığı qara xatirə.
Məni bundan sonra orda axtarın
Gedirəm tüstünün gəldiyi yerə.

Gecə yazılmış günorta şeiri

Yolların evlərə dirəndiyi küçələrdən gəlirəm
Dərvişlər dünyanın faniliyindən oxuyurdular,
ancaq bu köhnə xəbəri nəğməylə deməzlər.

Ağlamağa çox az qalmış,
ancaq ağlamadığımız vaxt,
bu hissin adını tapsaydım kaş.

Özümlə təkbətək qalanda
nədənsə ancaq günahlarımı düşünürəm.

Bir də ki, mən sizin haqqınızda plan qura bilmirəm,
adamlar, adamlar, deyə də bilmirəm, pis adamlar, balaca adamlar.
Ya da ki, Allahın imtahanları...

# 4990 dəfə oxunub

Oxşar xəbərlər

Gözləmə, gəlməyəcəm... – Səhər Əhmədin şeirləri

Gözləmə, gəlməyəcəm... – Səhər Əhmədin şeirləri

17:00 14 may 2024
Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

12:00 14 may 2024
Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

15:00 13 may 2024
Siz düşәrsiz pәrişana, durnalar – Günün şeiri

Siz düşәrsiz pәrişana, durnalar – Günün şeiri

12:00 13 may 2024
Hələ uşaqsınız… nə yaşınız var… - Unudulmaz müharibə şeirləri

Hələ uşaqsınız… nə yaşınız var… - Unudulmaz müharibə şeirləri

17:00 9 may 2024
Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

Bu yaz heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

12:00 30 aprel 2024
#
#
# # #