O qədər payızam, o qədər payız - Nübar Eldarqızının şeirləri

O qədər payızam, o qədər payız - Nübar Eldarqızının şeirləri
15 noyabr 2023
# 15:50

Kulis.az Nübar Eldarqızının yeni şeirlərini təqdim edir.

Salvador Dali

Ən qəddar insan mənəm;
Qarışqalar da şahidim...
Şirniyyat tabağında,
Filanıncı ilin
Yay günü bir nəsil qarışqanı məhv edəndən sonra,çayla ləzzətlə şəkərbura yedim...
Hörümcəklərin evini yıxdım,
Yer belləyəndə soxulcanların
Yuvasını dağıtdım.
Hamam böcəklərinin anasını ağlatdım...
Kürkümüzə düşən birələrdən qurtulmaq üçün yorğanları yaxdım,
Sonra hünülərin atasını yandırdım,-
Qanımızı içirdi o yaramazlar!
-Bütün insanların intiqamını aldım!
Daha sonra,
Salvador Dalinin əriyən saatlarından vaxtı soruşub...
Ağırlaşan başımı yatağa atdım...
Və yatdım...

13.08.23


Gəlmə dalımca

Get!-dedin, ağladım...
Gözündən iraq,
Yanında “öldü...”də deməsin heç kəs!
O qədər qiymətlim olmusan mənim,
“O qədər”ə görə ucuz ölünməz!

Ümidim,-ağacda son sarı yarpaq,
Bir az külək əssə düşdü,düşəcək...
Atalar üçəcən deyib nədənsə,
Barı el gözünə üçcə gün qəm çək...

Həyat davam edir yaşayanlara,
Bitdi öləninki yola salınca...
Qədrimi bilmədin sağ ikən mənim,
Ölsəm, peşman olub gəlmə dalımca!

Fevral qaldı üstümüzə

Ağzı pozuq, ağzı yava,
Biri toyda saldı dava.
-Sümüyünə düşmür hava,-
Söz də soxdu bəstəmizə.

Fərdlər başqa,dərdlər təkrar,
-Yoxsula,-yox! Varlıya,-var!
Şərbət verən nəbzi yoxlar,

Dərman olmaz xəstəmizə!

Ha mərd ol, ha döy döşünə,
Əl uzadan yox düşənə!
Dost olduğuyçün düşmənə,-
Düşmən olduq dostumuza.

Ruhduq, canı ödünc aldıq,
Gen dünyadan bir künc aldıq.
Zalım fələkdən gün çaldıq,-
Fevral qaldı üstümüzə!..

2023

Bir dəqiqə sükut

Yayı belə keçirdik,
Payız gəlib, qış yaxın...
Pəncərədən kədərlə
Gecələrə baxmağın
Danı nədir, bilirəm!..

Arxandakı “çantada”
Xatirə var, bir yığın.
Bu qədər darıxmağın
Əvvəli sevgidəndir,
-Sonu nədir, bilirəm...

İçində nəfəs ölüb,-
Boşalıb, qəfəs ölüb!
Xatirələr danışır,
Görüntü yox, səs ölüb...
Sükutla yad edilən
Anı nədir, bilirəm...

Heç vaxt görüşməyənədək!

Bu, sonuncu şəklimdi,
Götür, çək başdaşıma.
Yığsan atılan daşları
Dağ olar, -
Tək-tək daşıma,
Elə dağa basdır məni.
Zirvəsinə yaz adımı.
Belə şanlı ölüm alar
Ağuşuna az adamı.
-Doyunca gəzib getdim;
İmzamı qazıb getdim
Sağlığına!- göz yaşımı süzdüm,içdim,
Dünyadan sızıb getdim...
Qalanlar,salamat qalın,
Heç vaxt görüşməyənədək!

Vətən kimindir?

-Kasıbındır,-getməyə yeri yoxdur!
Varlınındır,-Sərvətini talamaqçın...
Dindarına “Quran”,kitab,
Öndərinə-dar ağacı!
Vətən kimindir?-sorusun
Ver qurbətdə vətənsizə...
Niyə getdiz,
Nə etdi,
-Ya nə etmədi Vətən sizə?!
Əvvəli hardan başlayır,
Hardadır sonu,soruş!
Qürbətdə, qərib olmaq
Necədir,-onu soruş!
Soruşdunmu
Bəs Vətəndə qərib olmaq
Necə hiss?
Sözsüz...şərhsiz...
Niyə səni qarış-qarış gəzəmmirik, anam Vətən?
Sən bizə de, biz sənə,-
Can...can...can Vətən!
-Özüylə həmsərhəd olan
Vətən-Vətən,
Qürbət-Vətən!
“Şirinliyindən dil yanır,
Acısı da şərbət!”...Vətən!
Haradır o?
-Vətən bizimçün Xəzərdir,-
Hasarların tuşunacan!..
Dəmir qapılı Dərbənin
Qapısının qıfılına,
Babadağa, Murovacan,
Şahdağının başınacan...
-Bəzz, Ramana,Qız qalası,
Xan sarayı və Atəşgah!
Bir az Kürdür, bir az Araz.
Bir az Muğan,
Bir az Şirvan, bir az Mildir.
Xudafərin körpüsüdür,
Maral gölüdür, Göy-göldür!
-Bunca sərvətin var, Vətən,-
Niyə sənin oğulların
Qürbətlərdə sər-səfildir?!
Vətən, axı sən kiminsən?!
Bəlkə tapun
Verilibdir birisinə, biz bilmirik?
Bölünmüşük, başımızda xanımız var, molla, ərbab,-
Söz haqqı yox quluq biz də?
Əl çirkiyiyik,
İstəyəndə atır bizi,
Satır bizi kim istəsə?
Böyükbaşlar “mayasıyıq”,-çərəz haqqı,
Puluq biz də?!
Sən kiminsən axı,Vətən?
Ağırbaşlı, ağır Vətən...
Keçmişini bilən bilir,-
Bilməyənə dərs verməyə
Babəkini çağır, Vətən!
Şah İsmayıl qoşununu yığıb gəlsin,
Tarixində kim var,- igid,qəhrəmansa,-çıxıb gəlsin!
Nizami də,Füzuli də,Nəsimi də...
Seyyid Əzim, Sabir gəlsin!
(Bax bu dəfə qoymayaq “tək səbir!”gəlsin...)
Qələm tutan oğulların təzə tarix yazsın sənə.
Necə deyim ögey ana, necə,-sənə?!
-Vətən,Vətən,sən kiminsən?!
Köləsiyəm, quluyamsa mən kiminsə,
-Sən xar olma,
Sən utanma,-deyə,Vətən!
Ruhum,zatən sənin olub,
Cismimə dur yiyə, Vətən!
-Bir gün başın dara düşsə,
Məzarımdan səslə məni,-
Yer üstündə bir dəyərlin olammadım, qoymadılar,
Gözdən uzaq,torpaq altda bəslə məni,
Yeraltı sərvətin olum!
Son zərrəmə,tozumacan mən səninəm!
Sənə qurban, Vətən,Vətən!
Sənə qurban Nübar,-
Bu ruh və tən!

2022.

Cəhənnəm

Qaranlıqdan qazanc tutar oğrular,
Böyük oğru kiçikləri sorğular…
-Qarr, qarr edən qara- qara qarğalar,
Sizin üçün bircə doğru-qara var!
Qara ki var,-həm qorxar, həm qorxudar,
Günəş çıxar, zirzəmidə gizlənər!

Səhər-səhər qonaq gələr sərçələr,
Pəncərədə yemi görüb dirçələr,
Ova çıxarlar süslü gözəlçələr,
Tindəki oğlanları kələpçələr,
Dolunayda “hə” yə gələr elçilər,
Bəzi cayar, bəziləri sözlənər!

Gecələrin çevrilişin yalanlar,
Günəş çıxar,təbəələr salamlar!
Xeyrə-şərə dair müdrik kəlamlar
Tapıb yenə sağlıq deyər adamlar.
Qoyunlara manqallar qəsd planlar,
Samovarlar mızıldar,mızmızlanar!

Bilal* verər dünyanın son azanın,
Çətin olar haqq-hesabı qəzanın,
Tanrı tanır çarmıxdakı İsanı,
Qisas çəkər tərəzisi-mizanı,
Cəhənnəmdə qaynayar qır qazanı,
Rəhm olunmaz, gələn-gələn közlənər!

*Bilal- ilk müəzzin

Ümidsizlik

Ən pis şeylərə də alışır insan.
Təslim olmamaqçın
Dirənir,çapalayır, çalışır insan.
-İsinəcək ocaq gəzir,
Tutunacaq budaq gəzir,
Canını eləyir nəzir,-
Sevdiklərinə...
Ona hamı biganə...
Əl atdığı şeylər sınır,qırılır...
Yorulur...
Qırılmaqdan,yorulmaqdan,
Ürəyindən vurulmaqdan yorulur!..
Daha təpki vermir heç nəyə...
Halsız düşür torpağa...
Yolçular başlayır
Üstündən gəlib keçməyə.
-Hələ ölməmiş,
Hələ gözləri baxa-baxa...

18 aprel,2023

Adam tələsi...

Bu oğlan dəlidir,-bir qız dəlisi!
-Divanə bir qız var,
Eşqə düşübdür...
-Bəs eşq özü nədir?
-Adam tələsi!..

Bu sevgi yaşanan yaz,-çoxdan olub...
-Bu,-qoca qarıdır,qız,-çoxdan ölüb...
Dipdiri bir eşqə heykəl qoyulub,
Üstündə ağlayan illər ölüsü...

-Hər kəs öz yağında qovrulub gedir,
Dirilik suyumuz sovrulub gedir,
Hamı bu həyatdan qovulub gedir,-
“Məmatı”*yaşayır gözü dolusu...

Orda bir ev vardı, uçulub,-ölüb...
Vaxtı çatan-çatan seçilib, ölüb...
Adam var gözümdə kiçilib ölüb,-
Ölümün də beləsi...

-Başı dik saxlamaq ağıl istəyir!
Düz sözü söyləmək oğul istəyir!
3 alma EŞQinə nağıl istəyir
Millətin köləsi!
-EŞQ-adam tələsi!

*Həyat-məmat

Və.s.

Bir şair vardı;
Millətin dərdini ürəyində daşıyıb,
Kağıza boşaldardı...
Yediyi, içdiyi qələmdən ayrı getməzdi.
Qazancı ödəncinə yetməzdi...
Odla suyun arasında,
Dünyada gedən min türlü oyun
arasında,
Səhər, axşam,
İki öyün arasında...yazardı!
Nə adı vardı, nə titulu...
Nə arxası, nə də pulu...
-Allahın ver günündə,
Dünyaya sürgünündən,
Həsb-halından,
Həbs halından,
Şair ruhunun qəsb halından
Yazırdı...
Son vaxtlar çat düşmüşdü ürəyinə,
Dərd bayıra sızırdı...
Xalqdan yazdı;
-Xalq şeir oxumurdu;
Xalqın çörəkdi dərdi!..
Xalq necəydi,
Şair də o təhərdi!
-yəni acdı...
Şaha yazdı;
-Şah şairi tanımırdı...
Şah məddahları sevərdi,
Və bir də şahınki bad-xəracdı!..
Allaha yazdı;
-Allah da insanlardan üz döndərib çəkilmişdi inzivaya.
Şairi də unutmuşdu...
Unutmasa nə olacaqdı?
-Adının qarşısında “şair” yazmışdı ya?!..
Təkcə torpaq sahib çıxdı ona...
Adı yalnız baş daşında yaşayan şairə!!!
...Bir şair vardı:
-“Böyük” şairlərdən sonra
Gələrdi adı:
və sairə...

Gedəsən...
(Ovqat şeiri)

Yetişib deyəsən, başım çatlayır,
Atmalı da deyil, atıb gedəsən...
O qədər möhtəşəm fikirlərim var,-
Talibi yoxdu ki, satıb gedəsən!

(Sən üç uman yerdə,beş verə Allah!
Var verə, yeməyə diş verə Allah!
Bəxt verə, taxt verə, huş verə Allah,
Ən yüksək məqama çatıb gedəsən!)

Qapını yumruqla döyən olmasın!
Dalınca deyinən, söyən olmasın!
Ay Allahın qulu, yiyən ölməsin,
Nolar, üzüsulu itib gedəsən!

Hər canlı özündən güclüyə yemdi,
Çölün nəm, içini dağıdan qəmdi.
Təqvimlər göstərir,vaxtdı,məqamdı,-
Yeyilib,içilib,bitib gedəsən!

...Gör necə qoruyur bunca piyada?!-
“Şah da olmadın ki, fani dünyada...”
Ömrü boyu qəlbi ağrıyan adam,
Kaş ağrı-acısız, yatıb gedəsən!

8.10.23

O qədər payızam...

O qədər sıxıntı var ki, içimdə,
Hava necədirsə, havam da elə...
Bir yaşım da gedir durna köçündə,
Əlvida söyləyir yağış səsiylə...

-Mən səndən yazıram, sən də məni yaz,
Yumub gözümüzü oxuyaq, payız!
Ayaqlar altında xəzəl olmamış,
Gəl gedək bir dərin yuxuya, payız...

Gedirəm,deyirəm,-dur!deyən olsa,
Bəlkə xatırlaram naz necə olur...
O qədər payızam, o qədər payız,-
Tamam unutmuşam, yaz necə olur?!

10.10.23.

Bir, doqquz, üç, yeddi...

Qapı-baca bilmir, gedir, qayıdır...
Sanki məhərrəmlik, oruc ayıdır.
İştahı diş altda, dibsiz quyudur,-
Çoxdan tanıyıram mən bu taleyi.
Sümük tulladılar, cumdu köpəklər,
Harda yağlısı var qapdı zirəklər...
Qırmızı cizgini aşdı tək-təklər,
-Çoxdan tanıyıram mən bu taleyi!
-Onu Seyid Əzim, Sabir yaşadı,
Müşfiq Nargin,Cavid Sibir yaşadı,
Məmməd Araz adlı vətən daşıdı!-
Çoxdan tanıyıram mən bu taleyi.
...Sən qədər yazarsan,-pozan tapırlar!
Xaindir!-Ad qoyan “ozan” tapırlar.
Bu cəhənnəm, bu qır,-qazan tapırlar,
Çoxdan tanıyıram mən bu taleyi!
Bəraət!..
Nə acı bir güzəşt oldu...
Sonra küçə oldu, prospekt oldu...
Dərsliyə salındı, sual,test oldu,-
Çoxdan tanıyıram mən bu taleyi!...
-Üstün dəyişiblər, alt qatı eyni!
Edam olunanı, cəlladı eyni...
Bir,qoqquz,üç, yeddi,-kod adı eyni,
Çoxdan tanıyıram mən bu taleyi!..

May,2023

İlk insan və son insan!

Mən korlar kəndində doğulmuş,
Karlar şəhərində yaşayıram.
Çölümü səhranın bəyaz günəşi yandırdığından, içimdəki qarlar şəhərində yaşayıram.
Cırcıramaların cırıltısından, qarğaların qarıltısından bülbül nəğmələrimi kimsə eşitmir,
İçimdəki daş kitabələri kimsə oxumur...
Robinzon Kruzodan sonra ağac yarpaqlarından təqvim düzəldib
Ömrümün günlərini sayıram...
Fikirlərimə günəşi nöqtə,ayı vergül qoyuram.
"İç"adlı gəzəgəndə
bütün günü özümü reklam edirəm...
Qəlbimdəki qorxu tamaşaçıların şüuraltına "məni al!"deyə saniyədə 60 dəfə siqnal göndərir...
-Ədəb satanlar bütün bazarları bağladılar;
Yenə dəllal kişilər, həyasız arvadlar neçə cərrah redaktəsindən çıxmış şeirləri bakirə, "təmiz beçə balı,kənd şoru,nehrə yağı"adı altında sırıyirlar nadan oxuculara...
Nizaminin nəsihət verən Dədə Qorqud şeirləri,
Füzulinin qədərinə boyun əymiş, qismətiylə barışan ah-nalələri,
Nəsiminin dünyaya meydan oxuyan,mənəm,mənəmliyi...yandırıcı ,qaynar havalarda dolaba qaldırılan qış paltarları kimi hisslərin sərinləşəcəyi(?!) vaxtları gözləyir...
Adam bəzən olmadığı dövrü,yaşamadığı xoşbəxtliyi özləyir...
-Bizim nəsil elə vaxtda dünya evinə girdi ki,
gördük bura cənnət xəyallarının belə alınıb satıldığı nəhəng bir bazardı...
Son insan ilk insandan daha qəddarmış!
Eh...
-Ağrının* zirvəsində yaşayan şair,dağın ətəyini sel aparır, xəbərin varmı?!

*Ağrı dağı

Allahdan soruşaq!

Kim qurbandı, kim şəhiddi?
Min fikir var,-hamsı ziddi.
Qorxmursansa,-ciddi-ciddi,
Gedək Allahdan soruşaq!

Xeyrin şərə çatmır gücü,
Pullu üçün pulsuz-cücü...
-Körpələrin nədir suçu?
Gedək Allahdan soruşaq!

Dəyişən yox,-bunca get-gəl...
Tavan əyridir,ya təməl?!
Qədər-qismət,yoxsa əməl?!
-Gedək Allahdan soruşaq!

...Alıb yorğun canımızı,
Bir axşam, ya bir dan üzü,
Atamızı,anamızı,
Gedək Allahdan soruşaq!

Kim azaddı quşlar kimi,
Kim yüngüldü boşlar kimi,
-İzn istəyən daşlar kimi*
Gedək Allahdan soruşaq!

*Məzarlıqda baş daşları

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

Hara gedirsən, Kentavr?  - Əlisəmid Kürün şeiri - Video

Hara gedirsən, Kentavr? - Əlisəmid Kürün şeiri - Video

20:00 26 fevral 2024
Gərək mən Təbrizə qayıdan zaman - Əli Tudə

Gərək mən Təbrizə qayıdan zaman - Əli Tudə

11:30 26 fevral 2024
Alma bu gecəni mənim əlimdən - Məmməd İlqarın şeirləri

Alma bu gecəni mənim əlimdən - Məmməd İlqarın şeirləri

16:00 21 fevral 2024
Türkün dili tək sevgili, istəkli dil olmaz - Günün şeiri

Türkün dili tək sevgili, istəkli dil olmaz - Günün şeiri

14:00 21 fevral 2024
Soyuq öpüş kimi itdi gəncliyim - Əliağa Kürçaylının şeirləri

Soyuq öpüş kimi itdi gəncliyim - Əliağa Kürçaylının şeirləri

14:00 20 fevral 2024
Mənə zülm yaraşır - Günün şeiri

Mənə zülm yaraşır - Günün şeiri

12:00 13 fevral 2024
# # #