Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir - Səməd Mənsur

Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir - Səməd Mənsur
24 yanvar 2024
# 18:40

Kulis.az Səməd Mənsurun "Həpsi rəngdir" şeirini təqdim edir.

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,
Biqərəz insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə ,
Azma, fikrim, cümlə ecazü kəramət rəngdir.

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin, dinidir, imanıdır,
Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,
Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,
Mabəqi övhamdır, şərü təriqət rəngdir.

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,
Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,
Anladım ki, zöhdü təqva, eyşü işrət rəngdir.

Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşiqi-zarın başında seyr qıl sövdasını,
Qəbri aç, göstər ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını,
"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngdir".

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,
Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət rəngdir.

Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,
Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,
Böylə halda kimsədən bihudədir ummaq kərəm,
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,
Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir

# 3311 dəfə oxunub

Oxşar xəbərlər

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər