Dünyanın ən yumşaq yastığı: çiyinlərin, dizlərin...

Dünyanın ən yumşaq yastığı: çiyinlərin, dizlərin...
6 sentyabr 2021
# 17:19

Kulis.az gənc şair Amil Amalın kinematoqrafik şeirlərini təqdim edir.

Yeni dərs ilində
təzəsini almağa
pulları çatmadığı üçün
çəkdiyi bütün rəsmləri silib
köhnə albomundan
təzəsini düzəldən şagirdə
müəlliməsi demişdi:
“nə səliqəsiz uşaqsan sən,
təzə almısan
amma tez kirlətmisən,
sənə yağlı bir iki”.

***

Karuseldən düşmək üçün
göydə ağlayan uşaq
nə bilərdi axı,
karuselə minmək üçün
yerdə ağlayan uşağa
təsəlli olduğunu.

***

Ömürlük həbs olunmuş məhbusun
dəfn mərasimi...

Görən azad olundu
ya təzədən tutuldu?

***

Üzü payıza
boşalır kafelər.
Çöldə bir küncdə
məyus halda düzülmüş
başıaşağı stulların
düz olan birisində
tək oturub səfil adam,
bir zamanlar fil adam.

Bir günəşdi bir də o.

Biri bərq vuran,
biri bərk vuran.

***

Soyuq fevral gecəsi...

İndi hardasa
əlcəksiz bir uşaq
yeni kəşf öyrənir
yırtıq corablarından.

***

Qocalıq
əllərini arxasına qandallayıb
beli bükük bu qocanı
əbədi olaraq
ölümlük
həbs etmək niyyətindədir.

***

Külqabı meydandır
başı öz kötüyündə vurulan
siqaret kötüklərinə.

***

Dişləri çıxacaq körpə
ağrıdan ağlayır.
Dişləri tökülmüş
mırıq babası
sevincdən gülür.

***
Görən hansı baxır özünə?
İki güzgü qarşı-qarşıya...

***

Qaranlıqda
uzaqdan görsənən siluet kimi
bir anlıq bilmirəm
gəlirsən
yoxsa gedirsən.

***

Gülə, çiçəyə
ən böyük haqsızlıqdır,
qoxlayıb “ətir kimidir” demək.

***

Neçə illərdir başımı
çiyninə qoymuram.
Yastıqdan düşən təki
boynubükük gəzirəm.

Çiyinlərin, dizlərin
hər ikisi sümükdən.
Bəs necə olur axı
başımı üstünə qoyanda
dünyanın ən yumşaq
yastığı kimi olur.

***

Qucaqda,
ayaqda,
kürəkdə,
bələkdə
yellənmədən yatmır
dünyadan bixəbər
bu üç günlük
körpə belə.

***

Sonuncu dəfə
işə getməsin deyə
onunla qalsın deyə
atasının batinkalarını
gizlətmişdi.

Atası əsəbləşib
bir şillə çəkmişdi.

İndi təmtəraqla oğula
bayraq, forma,
altında isə
həmin batinkaları
təqdim edirdilər.

***

Kirpilərin əti şirin
kaktusların içi acı olur

Nə olsun
hər ikisinin də çölü
tikanlıdır.

Qəbiristanlıqda nahar vaxtı

Əti dişinə çəkən molla,
qarşısında quyruq bulayan it,
bir az aralıda
ərini ağlayan qadın
sümüklər haqqında
nəyi deyir görəsən?

Qəbiristanlıq itləri
görən heç xəbərdardırmı
yerin altındakı
bu boyda sərvətdən?

# 5323 dəfə oxunub

Oxşar xəbərlər

"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

13:30 15 avqust 2026
"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

12:30 15 avqust 2026
"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

14:00 14 avqust 2026
"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

13:30 14 avqust 2026
"Bəlkə utanmayaq xoşbəxt olanda?"  - Camal Yusifzadə

"Bəlkə utanmayaq xoşbəxt olanda?" - Camal Yusifzadə

13:30 13 avqust 2026
"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

15:50 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər