Doğulmuşam ki, səni tanıyım - Günün şeiri

Doğulmuşam ki, səni tanıyım - Günün şeiri
14 dekabr 2023
# 15:20

Bu gün XX əsr fransız poeziyasının ən məşhur nümayəndələrindən biri, yüzə yaxın şeir kitabının müəllifi Pol Elüarın doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Azadlıq" şeirini təqdim edir.

Məktəb dəftərlərimə
Ağac gövdələrinə
Torpağın üstünə qarın üstünə
Sənin adını yazıram

Oxuduğum səhifələrə
Ağ vərəqlərə
Daşa qana və külə
Sənin adını yazıram

Qızılı rəsmlərə
Cəngavər yaraqlarına
Kralların tacına
Sənin adını yazıram

Meşələrə və səhralara
Ağaclardakı quş yuvalarına
Uşaqlıq xatirələrimə
Sənin adını yazıram

Gecənin möcüzələrinə
Gündüzün ağ çörəyinə
Nikah sabahlarına
Sənin adını yazıram

Göyüzünün maviliyinə
Ayın əks etdiyi gölə
Günəşli su hövzələrinə
Sənin adını yazıram

Hüdudsuz çöllərə
Uçaq quşların qanadlarına
Dəyirman pərlərinə
Sənin adını yazıram

Sübhün şəfəqlərinə
Dənizdəki gəmilərə
Dağların zirvəsinə
Sənin adını yazıram

Ağappaq bulud topalarına
Fırtınanın tərli üzünə
Yağışın damcılarına
Sənin adını yazıram
Keçib gedən siluetlərə
Çiçəklərin qönçələrinə
İnkaredilməz həqiqətə
Sənin adını yazıram

Mürgülü cığırlara
Dümdüz yollara
Küçə səkilərinə
Sənin adını yazıram

Gecələr yanan lampalara
Səhərlər sönən lampalara
Yaşadığım bütün evlərə
Sənin adını yazıram

İki yerə böldüyüm almaya
Yataq otağımdakı güzgüyə
Yatdığım çarpayıya
Sənin adını yazıram

İtimin hamar tüklərinə
Dik qulaqlarına
Əyri pəncələrinə
Sənin adını yazıram

Evimizin kandarına
Tanış əşyalara
Alovun müqəddəs dillərinə
Sənin adını yazıram

Bütün tanıdığım bədənlərə
Dostlarımın üzünə
Əl verib salamlaşmalara
Sənin adını yazıram

Pəncərə şüşələrinə
Sükutu pozan
Diqqətli dodaqlara
Sənin adını yazıram

Gizləndiyim xarabalıqlara
Dağılmış mayaklara
Qüssəmin divarlarına
Sənin adını yazıram

Ümidsiz ayrılıqlara
Çılpaq tənhalığıma
Ölüm nərdivanının pillələrinə
Sənin adını yazıram

Bərpa olunmuş sağlamlığa
Keçib getmiş təhlükəyə
Kor-koranə ümidə
Sənin adını yazıram

Və o bircə sözün hökmüylə
Yaşamağa başlayıram yenidən
Doğulmuşam ki səni tanıyım
Sənin adını deyim

Azadlıq.

Tərcümə: Həmid Piriyev

# 2065 dəfə oxunub

Oxşar xəbərlər

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

14:10 7 may 2026
Mənim incilərim hara daşındı?! - Günün şeiri

Mənim incilərim hara daşındı?! - Günün şeiri

10:10 7 may 2026
O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

17:13 6 may 2026
"Qız, vücudun nədəndir?" - Günün şeiri

"Qız, vücudun nədəndir?" - Günün şeiri

10:30 6 may 2026
Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

14:27 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər