Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri

Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri
19 dekabr 2025
# 11:00

Kulis.az Gülər Natiq İsaqın şeirlərini təqdim edir.

An təngnəfəsliyi

Bir anda unutmağa,
hər şeydən əlin üzüb
çıxıb getməyə nə var?
Əsrin ibadətini
yelə verməyə nə var?
Mən doymaq istəmirəm
sənin adınla dolu şirin möcüzələrdən,
mən doymaq istəmirəm
hisslərimin dabanı heç vaxt dibinə dəyməyən
dərin möcüzələrdən...
Məni uzaqda tutma sözündən, söhbətindən.
Məni uzaqda tutma
adımı söyləyəndə
titrəyən dodağının
gülümsəyən yerindən.
Bəlkə, düşüm gözündən,
ölüm əllərin üstə...

Tut saxla məni, getməyim -
dünyanın sənin üçün
ölmədiyim yerindən.
Tut saxla məni,
nəfəs dərib
bir az da yanında ölüm,
tuta-tuta əllərindən...

Qarışqa

Salam olsun sənə,
özundən ağır yükləri çəkən möcüzə.
Səni izləmək də,
yer üzündə varlığını görmək də
nemət imiş.
Kainatın sirr dolu zərrəsi,
yuxarıdan aşağı baxmaq deyil həyat.
Səni əzib keçmək istəyənlərin dünyası da
ən aşağı yer...
Bilirsənmi, necə hüznlüdür
nə çəkdiyini, nə daşıdığını izləmək?
Ömür də yetməz bunu seyr etməyə.
Biz niyə unutqanın övladı olduq, qarışqa?
Gör nələrdən yetim qaldıq, qarışqa:
Sevgidən,
Ümiddən,
Nifrətdən...
Heç birinə zaman qalmadı...
Bu yorğun həyatında
adını "böcək" deyə səsləyənlər utandımı heç?
Utandımı?

Çinar ağacı

Hara uzanır boyun, göyün hansı xəttinə?
Nələr umursan belə uzanan qollarından?
Hamı sənin bu uca boyuna tamah salar,
İnsan övladı bilməz, nələr keçər canından...

Bir bağrıyanıq ləkə düşüb gövdən üstünə,
Bəlkə, bir çarəsizin kölgəndə göz yaşıdır...
Qayğılı adamların səninlə bu dərdi nə?
Kəsilən hər budağın kiməsə baş daşıdır...

Bir zamanlar mənim də „çinar ağacım“ vardı,
Bütün arzularımı asdı çinar boyundan.
Əllərim əllərinin içinə yaraşardı,
Kəsdi, özünü kəsdi, kəsdi budaqlarından...

Sən də bir az nəfəs dər, göylərə uzanmaqdan,
Göz yaşı dua deyil, çəkmə, kökünə çəkmə!

Mif

Daha çəhrayı aynalardan baxmıram sənə,
tutqundur baxışlarımın çəkdiyi yol.

Harasında birləsəcəyik
bu ömür yolunun?

Harda olacaqsan?
Harda dayanacaqsan?
Sondur naməlum olan.

Hürrüm, ibadətim,
başım səcdədə
bütün dualar sənə.

Dönmədiyim yol,
gecikdiyim qatar,
yenə gözləyən səbrim...

Hərdən belə də olur,
Bir mübhəmi xatırladırsan;
nəfsinə uyan insanı,
insana uyan şeytanı
və sənə uymağın cəzasını...

***

Əvvəl çiçək qoxardı ayağımın hər izi,
Düz yolda da dəyişib ritmini addımlarım.
Çoxdandır, heç getmirəm, unutmuşam dənizi
Daşlar da solub bəlkə, rənglə boyadıqlarım...

Canımda bir sazaq var qollarımı keyidən,
Nəfəs vermir Bakının ilıq havası mənə.
Balaca bir qız da var, kəlmələri üyüdən
Gülüşü təsəllidir, məlhəmdir ürəyimə.

Çəkilməz yorğunluq var ruhun azarı kimi,
Arınıb misra-misra, azalıram özümdən.
Şəhərin hərdən coşan, kefli Xəzəri kimi
Salıram sahilləri gözlərimin düzündən...

Ürəyimdən bir sərin külək keçər buz kimi,
Bilmərəm ki, ağrıdır, yoxsa Xəzər həsrəti.
Bəlkə səhər baş çəkim, sahilində gəzişim,
Bəlkə bir az azalar köksümün hərarəti...

***

Boğazımda uduma
dönməyən qəhər
yığıntısı,
Fitnə hisslər "ur"a çevrilib
düşüncələrin vətəri üstündə.

İndi
asi ruhum
"cançıxarma" əməliyyatında...

***

Qanadı qırıq sərçənin
uçmaq arzusudur
ürəyin sağalmaq istəyi...

Bütün duyğular
və musiqilər
stenokardiya ritmində...

***

Ey yorğun könlümün yaralı yeri,
Məndə gecələyər ruhun sərasər.
Gəz, dolan, əğyardan aralı yeri,
Qoy mənə desinlər, günü bəxtəvər.

Getməz ki, könlümdən ilıq hərarət,
Hərdənbir xoş gələn şirin qəmimsən.
Nə qismət, nə tale, nə bəxt, nə həsrət?
Ruhunla, cisminlə sən vətənimsən!

Zülümdür atəşin közə dönməsi,
Yanmasın dünyamız, tərtəmiz olsun.
Dünyanın ən şirin, dadlı kəlməsi,
Ya İKIMIZ olsun, ya da BİZ olsun.

Parabüzən

Qət etdiyin yol, uçduğun an deyil
nifrətim.
Ölümsüz deyil xatirəm,
ölümsüz deyil
tutunduğum həyat.

Bir zərrə canla da
yetərsən
yaşamaq istəyinə...
Ölüm hər zaman gələcək,
sən yaşamağa tələs, parabüzən.

Mənə ümid verərsən gələcəyi olmayan...

O gün hesablar
məndən olar,
görüşərik-
elə bu, xətri əziz Bakıda.
Pənah apararıq bala
pişiklərin
sığındığı isti bir ocağa,
ya da dənizə boylanan qalaya.
Qonaq olarıq,
aynabəndli,
tünd qəhvə qoxan bir məkana.
Hesablar deyəndə -
bir şirin, südlü „Espresso“,
bir az təbəssümüm,
bir də doymadığımız söz.
Dadlanar şeir süfrəmiz...
Bunlar da bəhanə olar
ikimizə bir ürəyi bölüşməyə.

Sonra soyuq şərab sifariş edərsən...
İçə bilmədiyim şərabdan dadarsan əvəzimə,
qurtum-qurtum
içərsən,
həzin şeir söyləyərsən-
vəfadan, etibardan...
Mən də sərxoş olaram
gözlərindən xumarlanan
bu həqiqətlərə...

Bir az Arazdan,
bir az Səmədoğludan,
bir az da Bayatlıdan
söz çələngi hörərsən süfrəmizə.
Səni bağışlamağın
yolunu öyrədərsən mənə.

Ya Müşfiqin
"Qal, sənə qurban"ını
zümzümə edərsən,
ya da bir nəğmə oxuyarsan
içinə həsrət dolmayan.
Əsə şəhərin küçələri titrək səsindən...
Bu dəm zorla keçmişinə
boylanmaq istəyərəm.
Yenə həzin musiqinlə qaytararsan məni
biz olan süfrəyə,
mənə ümid verərsən,
gələcəyi olmayan...

Bir az kövrələrik,
xəyalən dönərik uşaqlığa,
orda qalan xatirələrə.
İnandırarsan məni
nağıllarda olan qəhrəmanların sən olduğuna.
Nağıl kimi gecə olar...
Yuxusu qaçar zülmətin,
oyaq olan işıqlara
gülümsəyər qaranlıqlar.
Aydınlıq dolar bir gecəyə də.
Amma söz ver ki,
bütün hesablar məndən olar...

***

Ən son yazdığı mesajları
boy sırasına düzdü göz yaşlarım...
Özgələr
qürbətindən itmiş sənədmiş demə.
Mənim tale vətənimdə
saxta kimlik imiş
o sətirlərin əksi...

# 44 dəfə oxunub

Oxşar xəbərlər

Sən ki sirr saxlayandın...   - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

Sən ki sirr saxlayandın... - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

10:00 19 dekabr 2025
Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... - Günün şeiri

11:00 17 dekabr 2025
Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

16:30 14 dekabr 2025
Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

12:00 14 dekabr 2025
Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

12:00 13 dekabr 2025
Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

12:55 10 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər