Rasim Qaraca: “Müasir ədəbiyyatımız başdan-ayağa təqliddir” - Müsahibə

Rasim Qaraca: “Müasir ədəbiyyatımız başdan-ayağa təqliddir” - Müsahibə
17 aprel 2020
# 12:07

Kulis.az yazıçı-şair Rasim Qaraca ilə gündəm mövzusunda müsahibəni təqdim edir.

- “Xəbəri eşidəndə” adlı bir trend yaranıb... Siz koronovirus haqda ilk eşidəndə reaksiyanız necə oldu?

- Belə xəbərlər virusun özü kimi yoluxur adama, səssizcə, hiss olunmadan. İlk eşitdiyim anı və reaksiyamı xatırlamıram. Lakin get-gedə, xəbərlər çoxaldıqca, hamı kimi istər-istəməz mən də düşünməyə başladım bu baş verənləri.

- Sizcə, bu nə bəladır? Hər kəsin özəl bir qənaəti var bu haqda...

- Qlobal realiti-şou kimi baxıram buna, böyük interaktiv tamaşa. Eynilə “Poçtalyonun bəyaz gecələri...” filmində olduğu kimi, oyunçular real insanlardır, ssenari də tamaşa gedə-gedə yazılır. İstər başlanğıcda, istər bu günün özünəcən çoxlu ziddiyyətli məqamlar vardı mənim üçün virusun yayılmasıyla bağlı. Biz sıravi vətəndaşlar etibarlı hesab etdiyimiz mənbələrə, elm adamlarının ağzına baxırıq. Təəssüf, elm və elm adamları da böyük kapitalın əlində sadəcə bir alətdir. Məni ən çox narahat edən dünya mətbuatının satqınlığıdır. Əgər bir anlıq bilgisayardan, müxtəlif qadjetlərdən gözümüzü ayırsaq, panikaya səbəb olacaq bir şeyin olmadığını görərik. Məlum olduğu kimi bənzəri pandemiyalar əvvəllər də olub, bu haqda çoxlu məlumatlar ortaya çıxdı, lakin media indiki qədər bu hadisələri şişirtmədi. O zaman sual yaranır, medianın ajiotaj yaratması təsadüfidirmi? Bütün dünyada media iqtidarlara bağlıdır, böyük güclər tərəfindən satın alınıb, azad media varsa da onlar informasiya efirini doldurmaq üçün yetərli resurslara sahib deyil. Bunun belə olduğunu fərz etsək, koronavirus ətrafındakı ajiotajı başa düşə bilərik. Yekun olaraq mən belə deyə bilərəm, qorxulu bir virusla və onu on qat daha qorxulu edən informasiya həmləsiylə üz-üzəyik. Elm adamlarının əlbirliyilə onu olduğundan daha qorxulu təqdim etməkdə kimlər maraqlıdır, bunu təxmin etmək çətin deyil.

- “Elm yoxsa din” polemikası da bu günlərdə xeyli aktuallaşıb...

- Elm və din, bir yerə qədər hər ikisi gözəldir və faydalıdır. Hakimiyyətlərin əlində vasitəyə çevriləndə zərərli olurlar. Bu səbəbdən, istər elm, istər din böyük insan qırğınlarına səbəb olub. Hər ikisinin sadə insanlara qaranlıq olan anlaşılmaz leksikonu var. Maraqlıdır ki, “alim” və “molla” sözlərinin kökü eynidir. Təəssüf ki, bu gün elm özünü elə din kimi göstərməyə başlayıb. Buna mən “elmallahilik” deyirəm. Onun da öz gözəgörünməzləri var və eynilə bu gözəgörünməzlər üzərindən insanlar manipulyasiya olunur. Məncə, din dövlətdən ayrı olmalı olduğu kimi, elm də dövlətdən ayrı olmalıdır. Elmin Gücə xidmət etməsi alçaldıcıdır. Elmlə dinin ziddiyyət halında olması elmin din olmaq iddiasından, daha doğrusu özünü din kimi göstərməsindən irəli gəlir. Təkcə Charles Lieber hadisəsi elmin humanist pərdəsinə ləkə salır. Dünyada bakterioloji silah hazırlayan laboratoriyalar yoxdurmu və orada tətbiq olunanın da adı elm deyilmi? Maraqlıdır ki, elmallahilər, yəni elmi ilahiləşdirənlər adətən “elmə inanmaq (!) lazımdır” deyirlər. Halbuki elm inancı təkzib edir, “bilmək” ona yetərli olmalıydı.

- Karantin günləri əsasən nə işlərlə məşğulsunuz?

- İlk günlər bu fürsəti dəyərləndirəcəyimi, bəzi yarımçıq işlərimi tamamlayacağımı düşünürdüm. Lakin indi o əhval-ruhiyyədə deyiləm. Hiss edirəm, mən də daxil, hər kəsin psixoloji tarazlığı pozulmağa doğru gedir. Təmasda olduğum insanların əsəbi olduğunu hiss edirəm, köməyə möhtac insanların olduğuna dair həyəcanlı xəbərlər gəlir, ətrafda bu qədər neqativ varkən yaradıcılığa köklənmək çətindir.

- Evdə hansı kitabları oxuyursunuz, hansı filmlərə baxırsınız?

- 30 illik aradan sonra Mirzə Cəlilin felyetonlarını yenidən oxuyuram. Ana dilində yazılmış əsərlərin dadını xarici yazarlardan almaq olmur. Ümumən, mənim oxu prosesim xaotikdir, 20 kitabı birdən oxuyuram, ondan ona keçirəm. Kitabxanam yarımçıq oxunmuş kitablarla doludur... Bir neçə gün öncə Kançalovskinin “Poçtalyonun bəyaz gecələri” filminə baxdım. Girib içində yaşamalı filmdir. Onun təsirindən çıxmamaq üçün hələ bir-iki gün başqa filmə baxmayacam.

- Deyirlər, pandemiyadan sonra dünyanın mənzərəsi dəyişəcək. Hətta iddia edənlər var ki, artıq dəyişməyə başlayıb. Siz nə düşünürsünüz?

- “Pandeyima” hadisəsinin necə bir partlayış olduğunu hələlik tam qavramaq mümkün deyil. Dünyada nələrsə dəyişiləcək, bəs bizdə nələr dəyişiləcək və necə? Əsən bu tarix küləyinin qarşısında dayana biləcəyikmi? Misal üçün, karantin dövrünü yaşayan uşaqların psixologiyasında necə bir çevrilmə baş verəcək? Onlar artıq bugünün böyükləri kimi olmayacaqlar. Gələcək nəsil, yəqin ki, təbiətdən və təbiilikdən daha uzaq olacaqlar, ekrandan və oradan gələn xəbərlərdən asılı olacaqlar. Həyatdan deyil onun kopyasından, video variantından həzz alacaqlar. Daha yaxşı təşkilatlanan cəmiyyətlər daha az itki ilə çıxa bilər hər hansı problemdən. Bizim cəmiyyət haqqında bunu demək olmaz. Məhz pandemiya məsələsiylə bağlı ən azından virtual təşkilatlanmalar olmalıydı. Örnək olaraq facebook-dakı “Evdar Kişilər Klubu”nu göstərmək olar, qısa vaxtda üzvlərinin sayı 30 mini keçdi. Lakin daha çox əyləncə, mırt tutmaq üzərinə qurulub bu qrup. Ciddi məqsədləri olan qruplar yaranmalıydı, məsələn, evdə köməksiz qalan insanlara yönəlik yardımlaşma qrupları. Bəlkə də var, mənə rast gəlməyib.

- Sizcə pandemiya və postpandemiya dövrü ədəbiyyatımıza necə təsir edəcək?

- Bir zamanlar bizdə haqqında çox danışılan “postmodern estetika” anlayışı bu günlərdə böyük aktuallıq qazanır. Hiperrealizm nədir, tarix nə üçün sona çatıb, simulyativ gerçəklik nə deməkdir və s. suallarla tanış olmalıyıq, əks halda yazacağımız əsərlər yalnız köhnə dövrə aid olacaq. Ümumən, ədəbiyyat prosesi bu hadisələrdən öz nəsibini alacaq. Məncə, yazanlar və yazılanlar daha artıq kameral olacaq, daha artıq simulyativ olacaq, bir növ yazarlar həyatdan, təbiətdən qopub “ev yazarları” olacaqlar. Artıq qələm adamlarının canlı yayınlarının artmağa başladığını görürük. Oxucu-yazıçı münasibətləri daha çox elektronik olacaq. İndi, özünə yazıçı deyən adamların qarşısında aşmalı olduqları daha ciddi bir problem var: artıq oxucular da bir yazardır! Onlar sosial şəbəkələrdə durmadan yazır, cümlə qurur, təsvir yaradır və ən önəmlisi, oxuyan insanları təsirləndirir. Məsələn, mənim facebook-da daim izlədiyim bir neçə belə oxucu var. Onların yazdığı postlar peşəkar yazıçılarla müqayisədə daha çox həyatın içindəndir, birbaşadır, yazıçı eqosuyla kirlənməyib və s. Əvvəllər yazıçılıq bir ayrıcalıq idi, bu işi xüsusi talantlı insanlar görürdü, guya. Bu gün artıq yazıçı subyekt olmaqdan çıxıb və ya çıxmaqdadır. Bax bunun özü ədəbi yaradıcılıqda fenomenal bir hadisədir: oxucu kimi yazmaq, yazarkən yazıçı deyil, bir oxucu olmaq. Bizim ədəbiyyat baxışımız çox köhnəlib, hələ də yazıçılığa şöhrət olmaq, cəmiyyət üzərində nə cürsə bir imtiyaz qazanmaq vasitəsi kimi baxırıq. Bunları unutmalıyıq. Bu düşüncə heç zaman gerçək ədəbi dəyərlərə gətirib çıxara bilməz. Adına yaradıcılıq deyirik, lakin bu təqlidçilikdən başqa bir şey deyil. Yeri gəlmişkən, təqlidçilik barədə. M.F.Axundovdan başlayan müasir Azərbaycan ədəbiyyatı başdan sona qədər təqlidçilik üzərində qurulub. Ən dəyərli bildiyimiz əsərlər hansısa rus və ya dünya yazarının əsərinin təqlidi olaraq yazılıb: “Hacı Qara”, “Qurbanəli bəy”, “Ölülər”, “Böyük dayaq”, “Dəli Kür”, “Köç”, “Qətl günü” və s. Nəticədə ədəbiyyatımızın “öz siması” yoxdur, öz hadisələrimiz yazılmayıb. Kinomuz da belədir və ümumən mədəniyyətimiz. Demək olar, bizim dünya ədəbiyyat-mədəniyyət prosesində yerimiz yox qədərdir. Məşhur sovet anekdotunda olduğu kimi, qatarın hərəkətdə olduğu təəssüratını yaratmaqdan ötrü kimlərsə vaqonları silkələyir, kimlərsə relsləri cingildədir, beləcə yola davam edirik...

- Dedikərinizi nəzərə alsaq, sizin yaradıcılığınızda nə dəyişəcək?

- Məni yaratmaqdan daha çox yaradıcı mühitin olması düşündürür. Yaradıcı insanların kollektiv fəaliyyəti olmadan nəsə yazmaq mənasızdır.

- “Evdə qal” kampaniyasına münasibətiniz necədir?

- Bu kampaniyaya münasibətim pisdir, evdə qalaraq ölənlər daha çox olacaq. İnsanlara iki metr məsafəylə gəzməyə imkan verilməliydi.

- Şəxsi proqnozunuz varmı? Misal üçün bir ay sonra nə olacaq sizcə?

- Məncə bu cür “pandemiyalar” get-gedə intensivləşəcək. Bu bir test idi. Totalitar güc mərkəzləri dünyanı həbsxana kimi təsəvvür edir, mümkün qədər izolyasiya, maksimum kontrol. Artıq həbsxanalara ehtiyac qalmayacaq, çünki dünya özü bir həbsxana olacaq.

# 7248 dəfə oxunub

Müəllifin son yazıları

# # #