Qarpız qabığı - İsi Məlikzadənin hekayəsi

Qarpız qabığı - İsi Məlikzadənin hekayəsi
8 yanvar 2024
# 11:30

Kulis.az İsi Məlikzadənin "Qarpız qabığı" hekayəsini təqdim edir.

Atası bu gün də Kərimi danladı.

- Vaxtını boş keçirirsən, belə yaramaz. Hələ dərslərin başlanmağına çox qalıb. Heç olmasa kitab oxu, bir işdən yapış.

Kərim başını aşağı salıb dinmədi.

- Bu gün sənə tar alacağam, çalmağı öyrənərsən, - deyə ata dilləndi. Kərim sevindi.

- Lap elə bu gün?

- Elə bu gün.

Atası gedən kimi, Kərim eyvana çıxdı. Həyətdə dənlənən quşları görüb fikirləşdi. "Görəsən onlardan bir neçəsini tuta bilərəmmi?... Bax, o sığırçınları ələ keçirə bilsəydim yaxşı olardı. Onlara yuva tikərdim, dən verərdim”.

Kərim evdən bir ovuc çörək qırıntısı götürüb həyətə çıxdı. Arxadan quşlara yaxınlaşdı. Əlini irəli uzadıb "cib-cib” deyə onları səslədi. Ürkmüş sığırçınlar pırıltı ilə uçub getdilər. Kərim onların arxasınca baxdı. Quşlar binanın qabağındakı tiyanda qır əridən qırçıların yanında yerə endilər. Kərim də ora getmək istədi. Kimsə onun qoluna toxundu. Kərim geri dönüb sinif yoldaşı Zöhrabı gördü.

- Bu yazıq quşları niyə qırırsan? - deyə Zöhrab soruşdu.

Kərim ovcundakı çörək qırıntısını yoldaşına göstərdi.

- Mən onları tutmaq istəyirəm.

- Kərim, bax, mənim sığırçınlarıma dəymə ha.

- Səninki haradan oldu?

- Mənimkidir də. Eyvanımıza qonur, dən də verirəm. Hər səhər gəlib gözləyirlər ki, mən onları yedizdirim.

- Eh, nə çox quş, nə bilirsən ki, həmin sığırçınlar hər gün gəlirlər?

- Həminkilərdi, - deyə Zöhrab etiraz etdi. - Onlar üçün taxtadan balaca ev tikəcəyəm. Qoy, hər gün gəlib oxusunlar... Bax, bir də deyirəm: mənim quşlarıma dəymə.

Zöhrab getdi. Kərim onun arxasınca qışqırdı:

- Eyy! Bir azdan görərsən mən nə edəcəyəm. - Kərim sol qolunu yana uzatdı, sağ qolunu dirsəkdən qatlayıb şəhadət barmağını sinəsinə vurdu. -Tar çalmağı öyrənəcəyəm. Onda gələrsən səninlə danışaram.

O, çörək qırıntısını şalvar cibinə tökdü. Qısa qollu sarı köynəyini dartışdıra-dartışdıra kölgəyə getdi. Burada dövrə vurub oturan qırçılar iri bir qarpız kəsmışdilər. Kərim gah qır tiyanına, gah qırçılara, gah da göyə baxırdı. O, Zöhrabın sözlərini xatırladı: "Mənim quşlarıma dəymə”. Kərim çiyinlərini çəkdi. "Gör nə qəribə sözlər danışır. Bütün dünyanın quşları onun deyil ki?”
Qırçılar qarpızı yeyib ayağa durdular. Kərim nəsə fikirləşib gülümsədi. Gözünün birini qıyıb öz-özünə dedi:

- Yaxşı, Zöhrab, indi mən sənə göstərərəm.

O, tez yerindən qalxdı. Cibindən qara dəstəkli, balaca qatlama bıçaq çıxartdı. Divarın dibindəki qarpız qabıqlarını xırda-xırda doğrayıb həyətə girən yerdə asfalt döşəməyə tökdü. Bura bir az eniş idi. Qış vaxtı hamı burdan ehtiyatla keçirdi. Kərim evin tinində dayanıb Zöhrabın yolunu gözlədi.

Elə bu vaxt Kərim atasını uzaqdan gördü. Onun əlində tar vardı. Kərim sevincək atasına tərəf qaçdı. Tarı alıb o tərəf-bu tərəfinə baxdı. Barmaqları ilə simləri tərpətdi. Şadlığından bilmədi neynəsin. Tarı anasına göstərmək üçün evlərinə tərəf qaçdı. Birdən ayağı sürüşüb yıxıldı. Tarı asfalt döşəməyə dəyib qırıldı. Bu nə iş idi onun başına gəldi? Kərim hirsli-hirsli yerə baxcaq ayağı altında qalmış özü doğrayıb tökdüyü qarpız qabıqlarını gördü və fikrə getdi.

1964

# 2437 dəfə oxunub

Oxşar xəbərlər

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

Bir cütlüyün macərası – İtalo Kalvinonun hekayəsi

10:00 19 sentyabr 2026
Beynin doğum sancıları - Racu Şıxlının hekayəsi

Beynin doğum sancıları - Racu Şıxlının hekayəsi

11:30 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər