Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Novruzovun "İstintaq" hekayəsini təqdim edir.
Seymur Baycanın 50 illik yubileyinə
Реально лишь то, чего нельзя придумать. (Э.Ю.)
Честный рассказчик не в силах больше соблюсти достоверность повествования. Он вынужден, порой неосознанно, искажать реальные события, тщательно отбирать воспоминания, чтобы заставить нас слушать себя. (К.Л.-С.)
Вечно прекрасным Храм становится лишь благодаря Герострату. (Г.Ч.)
I
Tbilisidən qayıdandan bir həftə sonra məni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırdılar. Telefonda səbəbini demədilər. İstintaq sirri imiş. “Gələrsiz, yerində ətraflı danışarıq”. Səhəri gün məni girişdə müstəntiq Tural Kərimov qarşıladı. Telefonumu söndürüb növbətçiyə təhvil verdim. Kərimovun sivri sifətinin cizgiləri onu Coş O’Konnor və Mayk Fayst kimi Hollivudda təzəlikcə dəbə minən, yaraşığı klassik təsəvvürlərə meydan oxuyan aktyorlara bənzədirdi. Yadımda düz qalmışdısa, bu yeni trendə “siçovul sifəti” deyirdilər.
Pilləkənlərlə Kərimovun ikinci mərtəbədəki kabinetinə qalxdıq. Qapını açıb məni içəri dəvət edəndə donub qaldım. Kərimov karıxdığımı görüb bir də “buyurun, keçin” dedi. Qapı ilə üzbəüz divardan mərhum prezident, ümummilli lider Heydər Əliyevin çekist uniformasında portreti asılmışdı. Portretin eni və uzunluğu yanındakı pəncərə ilə bərabər idi. İçəri keçdik.
Kərimov kreslosunu çəkib oturdu, mənə də qarşıdakı stullardan birini göstərdi.
– Nəsə istəyirsiz? Çay? Qəhvə? Deyim, gətirsinlər.
– Əziyyət çəkməyin, – masanın üstündə açılmamış iki su butulkası və iki təmiz stəkanı göstərib dedim, – içsəm, bəlkə su içərəm.
– Necə məsləhətdir, – Kərimov qalın qovluğu qabağına çəkdi, – sizi çox məşğul etmək istəmirəm. Burada danışdıqlarımız istintaq sirridir, yəqin bilirsiz. Bu kabinetdən kənara çıxa bilməz.
– Əlbəttə, bilirəm, narahat olmayın.
– Yaxşı, onda birbaşa mətləbə keçək, – Kərimov kreslosuna yayxandı, – böyük bir cinayətin üstünü açmışıq. Gürcüstanın hüquq-mühafizə orqanları və İnterpolla birlikdə. Mütəşəkkil dəstə tərəfindən törədilmiş soyuqqanlı qətl… kibercinayətkarlıq… hətta işin içində süni intellekt də var… Sizi də şahid qismində çağırmışıq.
Ürəyim altdan-yuxarı qamçı çaldı, ucu ağzımacan uzandı. Boğazımın göynərtisini ovutmaq üçün iki-üç dəfə udqundum. Su butulkasına belə tez əl uzatmaq istəmirdim. Çətinliklə dillənə bildim:
– Mən heç bir qətlin şahidi olmamışam...
– Ona görə də şahid kimi dəvət olunmusuz. Yoxsa müttəhim qismində gətirəcəkdik.
Əlimi uzadıb su butulkasını götürdüm. Qapağını açıb birbaşa butulkadan içməyə başladım. Suyu stəkana töksəydim, Kərimov əlimin əsdiyini görəcəkdi.
– Siz bir həftə bundan əvvəl Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində qısamüddətli səfərdə olmusuz, düzdür? – Kərimov qovluqdakı sənədləri vərəqləyə-vərəqləyə soruşdu.
Əllərimi butulka qarışıq masanın altında gizlətdim.
– Tbilisidə idim, amma turist kimi…
– Bilirəm, məlumatım var… Seymur Baycanla görüşdüz?
Butulka əlimdən sürüşüb yerə düşdü. Qeyri-ixtiyari Kərimovla göz-gözə gəldik. Kinayəli təbəssümlə soruşdu:
– Qapağını bağlamışdız?
Dillənsəydim, səsim boğuq çıxacaqdı. Başımı tərpədib təsdiqlədim.
– Tədbirli adamsız. Necə deyərlər, ehtiyatkar. Çox adamın yadından çıxır, su dağılır döşəməyə.
Başımı əyib ayağımın altına baxdım. Oturduğum yerdə parketin üstünə su çox dağılmışdı… gizləmişdi əbr içrə mahını… çox dilşikəstənin göyə yetirmişdi ahını…
II
Tbilisinin naməlum səmtində, kirayə qaldığı evin mətbəxində Seymur Baycan tavada qızardılmış toyuq budlarını qabağına çəkib nahar edirdi. Ətini yedikcə dərisini, sümüklərini də səliqə ilə yanındakı balaca nimçəyə yığırdı. Axşam gəzintisində ona yoldaşlıq edən küçə itlərinə verəcəkdi. Tbilisinin isti və quraq yayından qaçıb içəridə kondisionerin altında gizlənməkdən başqa əlac qalmamışdı.
“Bilirsən, biz nə qədər fərqli olmağa çalışsaq da, ölkədəki ümumi ab-hava bizə də təsir göstərir,” – Seymur deyirdi. – “Elə mən özüm. Guya israfçılığa qarşı yazılar yazırdım. Ölkəyə gələn neft pullarından quduran azərbaycanlıları tənqid edirdim. Amma hər dəfə Tbilisiyə gələndə gürcü dostlarımı yığıb onlara babat qonaqlıq verirdim.”
“Bir də fikirləşirdim ki…” – Seymur burada uzun pauza verdi, sonra toyuğun budundan bir tikə ət qoparıb dəri və sümükləri yığdığı nimçəyə qoydu, – “gürcülərin kasıb olmağı onların öz günahıdır. İstəsəydilər, onlar da bizim kimi varlana bilərdilər…”
Bu söhbətimizin üstündən illər keçirdi. Seymurla bu dəfə görüşməmişdim. Həm də təkcə bu səfər yox. Pandemiyadan sonra Tbilisiyə hər üç səfərimdə Seymur mənimlə görüşməkdən imtina etmişdi. Mən Tbilisidə olanda Seymur acıdil məktublar yazıb münasibətləri pozurdu, elə ki Bakıya qayıdırdım, məktubların tonu dəyişirdi. Dünya görmüş müdrik qocanın xeyir-duası, qürbətdə darıxan ziyalının giley-güzarı… Bəzən də soruşurdu ki, Tbilisiyə gəlmək fikrim varmı?
Əyilib yerdən su butulkasını götürdüm. Stolun üstünə qoyub Kərimovdan soruşdum:
– Seymurun bu cinayətlə nə əlaqəsi? Smartfon işlətmir. Heç işlədə bilmir.
Kərimov güldü. Qovluqdakı sənədlərdən birini götürüb dedi:
– Deyəsən, bu hekayədə müstəntiq mənəm axı, yoldaş tənqidçi? İcazə verin, sualları mən verim. Siz bir həftə bundan əvvəl Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olarkən görkəmli yazıçı və publisist Seymur Baycanla görüşmüsüz?
– Yox, görüşməmişəm.
– Sonuncu dəfə Seymur Baycanı fiziki olaraq nə vaxt görmüsüz?
Həmin görüş detallarına qədər yadımda idi. İki butulka rkatsiteli şərabı alıb Seymurun evinə getmişdim. Şərabları açmaq istəyəndə Seymur gördü ki, tıxac yerinə yivli qapaqla bağlanıb. Əsəbiləşdi. Mətbəxdən özü üçün Saracişvili brendisi gətirdi. Mənim aldığım şərabları da özümə içirtdi. Pandemiyaya hələ altı ay qalırdı.
– Pandemiyadan sonra Seymur Baycanı görmüsüz? – Kərimov soruşdu.
– Seymuru axırıncı dəfə pandemiyadan altı ay əvvəl görmüşəm.
– Bəs telefonla danışmısız? Ya da görüntülü zənglə?
– Ancaq məktublaşırıq. Elektron poçtla.
– Elə də bilirdim! – Kərimov yumruğunu masanın üstünə vurdu. Başını çevirib mərhum prezidentin çekist uniformasında portretinə baxdı. Sifətinin vaxtsız qırışları Kərimovun hələ gənc yaşlarından çiyinlərinə ağır məsuliyyət götürdüyünü deyirdi. Gözlərini portretdən çəkib telefonun dəstəyinə əl atdı:
– Anar, bizə iki kofe gətir. Maşında düzəlt. Nescafe olmasın.
Kərimov dəstəyi qoyub qovluqdakı sənədləri vərəqləməyə başladı. Birini götürüb diqqətlə oxudu, sonra mənə uzatdı:
– Zəhmət olmasa, buna baxın.
Əlimi uzadıb vərəqi Kərimovdan aldım. Seymurun xətti ilə yarı kiril, yarı latın qrafikasında yazılmış bir siyahının fotosurəti idi. Hekayə adlarına oxşayırdı. Hər başlığın yanında qısa qeydlər vermişdi. Qeydlərin bəzilərini oxumaq olmurdu. Hekayələr son illərdə ictimai gündəliyi zəbt etmiş ən müasir mövzulardan bəhs edirdi – feminizm, LGBT, iqlim dəyişikliyi, distopiya, süni intellekt, robotlar. Bir hekayənin süjeti kosmik stansiyada baş verənə bənzəyirdi.
– Sizcə, bu nədir? – Kərimov soruşdu.
– Hekayə adlarına oxşayır...
Kərimov kreslosuna söykənib tavana baxdı:
– Belə görünür ki… Seymur Baycan ən müasir mövzularda hekayələr yazırmış…
– Burada ən altda “fev. 2020” qeydi var. Ondan sonra Seymurun dörd-beş hekayə kitabı çıxıb, hamısı da klassik mövzularda.
– Məsələ də budur, – Kərimov qovluqdan başqa bir sənəd götürüb mənə uzatdı, – zəhmət olmasa, buna da baxın.
Bu sənəd də dama-dama vərəqdə Seymurun xətti ilə yazılmış mətnin fotosurəti idi. Siyahıda adı keçən hekayələrdən birinin sinopsisini verirdi.
Ayxan və Səyyad:
Ayxan şəhərlidir, Bakıda doğulub.
Səyyad onun xalası oğludur. Rayondan Bakıya oxumağa gəlib. Tələbədir.
Səyyad anarxist cool cavanlara qoşulub.
Ayxan Səyyada paxıllıq edir. Həm də Səyyadı sevir.
Səyyad Amerikaya getmək istəyir.
Amerika səfirliyi Səyyada viza imtinası verir.
Səyyad depressiyaya düşür.
Ayxan onu içirdib…
Sinopsisin bu yerinə çatanda diksindim. Seymurun bu qeyri-adi mövzuda yazmağı bir kənara, prosesin özünü də vulqar sözlərlə təsvir etmişdi. Mətnin axırında dırnaq içərisində verilmiş cümlə var idi:
“Ölkəni xaricdə təmsil etmək öhdəliyi daşıyan maye, hadisənin Qərb yarımkürəsində baş verdiyi qənaətinə gələrək, heyrətamiz bir yumşaqlıq və nəzakətlə içəri sürüşdü”.
Vərəqi masanın üstünə qoyub gözlərimi kənara qaçırdım. Kərimov soruşdu:
– Nə düşünürsüz?
Seymur bu hekayələri dərc etmirsə, onda niyə yazır? Gələcək üçün? Yoxsa dərc edəcək, amma məqam gözləyir? Bəs bütün bunların mənimlə nə əlaqəsi? Məni niyə çağırıblar? Sükut başıma düşürdü. Nəsə deməli idim.
– Sonuncu cümlə Pelevindən sitatdır. 91-ci ildə çıxmış “Yat” hekayəsindən.
Kərimov qəfil yerindən qalxdı, mənimlə üzbəüz stulu çəkib oturdu. Gözlərini mənə zillədi:
– Kimdən sitatdır?
Başımı aşağı salıb parketdəki ləkəyə baxdım:
– Pelevin… Pelevindən…
– Dəqiq?!
– Gərək… yoxlayım… Yadımda səhv qala bilər…
Kərimov ayağa qalxıb masasına tərəf getdi. Soldakı siyirtməni çəkib qarışdırmağa başladı. Birdən üzünün qırışları açıldı. Siyirtmədən bir fotoşəkil çıxarıb qabağıma atdı.
– Al, bu şəklə bax! Diqqətlə bax! Kimi görürsən?
Seymurun illər əvvəl “Hiss” adlı gecə klubunda kitab təqdimatından foto idi. Şəkli görən kimi hər şey yadıma düşdü. Qonaqlar, söhbətlər, içib özünü itirən gənc oxucular, tualet kabinəsində sevişənlər… Administratorun Seymura şikayəti… Seymurun tövrünü pozmadan…
– Kimi görürsən bu şəkildə?! – Kərimov az qala qışqıracaqdı.
…Seymur da tövrünü pozmadan administratora dedi ki, ondan icazə alıblar.
– Bu, Seymurdur… Ələkbər ilə… Sağdakı da Güneldir… Bu, rəhmətlik Həmid Herisçi, İranda müharibə vaxtı bombardmanda həlak oldu… Onun çiyninin arxasından mənim başım görünür. Bu da Zamin Hacı…
– Yox, arxadakılara bax! Qapının arasından boylanan cavan oğlanı görürsən?
Şəklin fonunda bir yeniyetmə qapının arasından içəri boylanırdı. İndi gördüm. Üzü tanış gəldi. Birdən başımı qaldırıb Kərimova baxdım.
– O cavan oğlan mənəm. Tural Kərimov. 17 yaşım var idi. Seymuru dəli kimi oxuyurdum. Təqdimat elanını görəndə… Qorxurdum ki, yaşıma görə məni kluba buraxmazlar. Qardaşımın şəxsiyyət vəsiqəsini ondan xəbərsiz götürüb gəlmişdim. Girişdə yoxlamadılar, amma… kitab almağa pulum yox idi. Qapının arasından elə hey Seymura baxırdım. Birdən məni görüb yanına çağırdı… Biləndə ki, kitab almağa pulum yoxdur, birini imzalayıb mənə verdi. Sonra da... sonra da dedi ki, narahat olmayım, yenə rast gələcəyik, onda mən əvəzini çıxaram. Evə gəlib kitabı açanda arasından 100 manat tapdım. Bilirsən o vaxtlar 17 yaşlı uşaq üçün 100 manat nə idi? Özü də Seymurun verdiyi 100 manat!
Kərimov stulu çəkib yenə mənimlə üzbəüz oturdu:
– Niyə susursan? Niyə danışmırsan?
– Dolların 78 olan vaxtları…
– Elə bilirsən, Sorokin söhbətindən xəbərim yoxdur?
– Pelevindən… Pelevindən sitat idi…
– Yox, Sorokin! Hər yerdə ağzına gələni danışırsan! Guya Seymur hekayələrini Sorokindən köçürdür… Nə başını bulayırsan? Demisən, çox demisən… Hələ əlini də yelləyirsən… Ufff, Seymur yenə Sorokindən götürüb… Guya sən tənqidçisən, yazıçısan, dünya ədəbiyyatından elə xəbərin var, belə xəbərin var… Kimsən axı sən?! Adının altında ikinci sətir var?! Bax, bu protokolda sənin adının yanında nə yazaq? Bədxah?!
Qapı döyüldü. Kərimov ayağa qalxıb öz yerinə keçdi. Üzünü qapıya tutub qışqırdı:
– Anar, gəl!
III
Masadan qəhvəni götürüb dadına baxdım. Əla alınmışdı. Təkcə qəhvənin növündən, qovrulmasından, maşından deyildi, baristalıq idi. Kərimov da qəhvədən bir qurtum içib dedi:
– Bunlar Bakı Dövlətin hüquq tələbələridir. Bizə praktikaya göndəriblər. Sən demə, biri barista imiş, özü də ustasından. Elmlərdə bir kafedə işləyir. O gün rəisin yanına amerikanlar gəlmişdi, kofeni o qədər təriflədilər, biri hətta üç fincan içdi… Rəis zarafatla deyir ki, bəlkə bu oğlanı imtahansız işə götürək…
– Seymurun bu cinayətlə nə əlaqəsi var?
Kərimov qaşlarını çatdı. Ayağa qalxıb küncdəki şkafa tərəf getdi. Qapalı gözdən Saracişvili brendisi və bir qədəh çıxartdı. Qədəhi doldurub butulkanı yenə şkafda gizlətdi.
– Seymur qurbandır… amma onun qanı yerdə qalmayacaq, – Kərimov qədəhi gətirib mənim qabağıma qoydu.
IV
Kərimovun mənə verdiyi fotoşəkillərə baxırdım. Ədəbi çevrələrdə rituala çevrilmiş həftəlik yeyib-içmək məclislərindən birinin gizli kameralarla çəkilmiş görüntüləri idi. Bir şəkildə qulağının dalına karandaş qoymuş Şərif Ağayar masa arxasında oturmuşdu, əlində tutduğu vərəqi diqqətlə süzürdü. Onun arxasında ayaq üstdə dayanmış Zamin Hacı barmağı ilə vərəqdə bir yeri göstərirdi. Növbəti şəkil Şərif Ağayarın çiyninin üstündən çəkilmişdi. Şərif Ağayar kağızda yazılmış riyazi hesablamalarda karandaşla düzəlişlər edirdi. Bu şəklin rakursundan dərhal bilinirdi ki, gizli kameralardan biri Zamin Hacının köynəyinin düyməsində imiş.
– Bəs bu adam kimdir? Tanımadım, – şəkillərdən birini Kərimova uzatdım.
Kərimov şəkli alıb gözucu baxdı:
– Dərman firmasında provizordur. Məclisdəkilərdən birinin dostudur. Xəstələnəndə ona zəng edir, o da bir torba dərman yığıb gətirir. Həmin görüşə təsadüfən gəlib çıxmışdı. Heç indi də bilmir ki, söhbət nədən gedirdi.
Orta planda çəkilmiş başqa bir şəkildə tənqidçi Əsəd Cahangir sol qolunu Şərif Ağayarın boynuna dolamışdı, sağ əlindəki çəngəlin ucuna dörd yerə doğranmış pomidorun iri dilimini keçirmişdi.
– Hamı bu işin içində imiş… – səsim hələ də sözümə qulaq asmaq istəmirdi.
Kərimov ayağa qalxıb şkafa tərəf getdi. Saracişvili brendisindən bir qədəh süzüb başına çəkdi. Sonra butulkanı şkafa qoydu.
– Təqdimatdan sonra Seymurla münasibətlərimiz yaranmışdı. Məktublaşırdıq. İndiyə qədər məktublaşırıq, belə demək olarsa… İl yarım əvvəl birdən fikir verdim ki, Seymurun məktublarında nəsə düz deyil… Qrammatik məna var, amma semantik məna yoxdur. Elə bil süni intellektlə yazılmışdı. Bizim burada bir komanda var, – amma aramızda qalsın – onlar yoxlayıb təsdiqlədilər. Sonra axırıncı hekayə kitablarını Ədəbiyyat İnstitutuna ekspertizaya göndərdim. Orada bu işlərə baxan şöbə var. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi. Onlar ekzpertiza rəyi verdilər. Tehran Əlişanoğlu və Mətanət Vahidin imzası ilə. Bu hekayələr də süni intellektlə yazılıb, sonra Vüqar Babazadə adlı bir şəxs tərəfindən redaktə olunub.
– Seymurun yetirməsidir…
– Hər kimdirsə… Yuxarıya məlumat verdim, ən yüksək instansiyadan sanksiya aldıq, Gürcüstanla və İnterpolla danışdıq, mən özüm Tbilisiyə ezamiyyətə getdim… Seymurun qaldığı evin qapısını qırıb içəri girdik. Evdə heç kim yox idi. Tavandan hörümçək torları sallanırdı… Döşəmədə də qurumuş qan izləri… Ekspertiza göstərdi ki, Seymurun qanı imiş…
Kərimov yerinə keçib oturdu. Başını çevirib portretə baxdı:
– Bir də 24 saat işləyən kompüter. Süni intellekt proqramı yükləmişdilər. Müxtəlif adamlara ixtiyari ardıcıllıqla məktub göndərirdi, gələn məktublara cavab verirdi, ədəbiyyat saytlarını monitorinq edirdi, sovet dövrünün mətnlərini təzədən işləyib hekayələr yazırdı... Seymurun bütün əlyazmalarını, qeyd dəftərlərini aparmışdılar. Sənə göstərdiyim o iki kağızı da Seymur kokainə bulaşdırıb pencəyinin astarına tikmişdi, ona görə əllərinə keçməyib. İt paltar şkafına cumub hürməyə başlayanda açıb yoxladıq, biz də elə tapdıq. Seymur nədənsə ehtiyat edirmiş… Haqlı olaraq…
– Bəs bu şəkillər? Bunlar axı əvvəl çəkilib.
Kərimov gözlərini portretdən çəkib kinayə ilə mənə baxdı:
– Yaman iti ağlın var imiş… Sənə təəccüblənirəm. Adını tənqidçi qoymusan, süni intellektin yazdığını ayıra bilmirsən, amma indi süjetdə məntiqi xəta axtarırsan… Bədxahsan, ona görə… Bu şəkilləri başqa qurum çəkib. Karantin tədbirləri çərçivəsində. “Evdə qal” kampaniyası, SMS icazə, kafe-restoranlar bağlı, sizin dostlar da karantin qaydalarını pozub gizli fəaliyyət göstərən kafedə məclisə yığışıb. Onları cərimə edib işi göndəriblər arxivə. Məclisdə gedən söhbətlərə heç fikir verməyiblər. Biz də təsadüfən bildik. Şərif Ağayarın əlində tutduğu vərəqdən. Seymurun evindəki süni intellektin alqoritmi idi. Ondan sonra izə düşdük, kələfin ucu açılmağa başladı…
Kərimov qədəhin dibində qalan brendini qəhvənin üstünə tökdü. Qəhvədən bir qurtum içib fincanı masanın üstünə qoydu.
– Bu hekayələr çap olunsaydı, çox adamın kitabı bağlanacaqdı, – Kərimov sağ əlinin şəhadət barmağı ilə qovluqdakı sənədləri döyəclədi, – birinci elə sənin ağzın yumulacaqdı. Seymur köhnəlib… Seymur özünü təkrarlayır… Seymur Sorokindən köçürdür… Onsuz da danışanı çoxdur, sən də bir tərəfdən. Süni intellektin yazdığını ayıra bilmirsən, amma Seymuru tənqid edirsən.
– Mənim… bu işdə əlim yoxdur…
– Axşamkı toya səni də çağırıblar?
Kərimov keçən il Milli Kitab Mükafatı almış gənc şairin toyunu deyirdi. Bütün ədəbi ictimaiyyət dəvət olunmuşdu. Məni də çağırmışdılar. Söhbət gəzirdi ki, bəlkə Yazıçılar Birliyinin yeni sədri də gələcək.
– Hacı ilə Əhmədlidə görüşüb toya bir getməliyik.
– Getmək lazım deyil. Oturarsan evdə. Hamısını götürəcəyik.
– Onda gərək hacıya deyim, məni gözləməsin…
– Hacıya heç nə demə. Səni gözləməyəcək. Özü də getməyəcək, – Kərimov ayağa qalxdı.
V
Bayıra çıxanda günortadan keçirdi. Telefonu yandırdım. Bildirişlər ekranı doldurmağa başladı. Hacı yazmışdı ki, təcili işi çıxıb, toya gec gedəcək, mən onu gözləməyim, özüm gedim. Əsəbi siqnal səsinə diksinib gözümü telefondan çəkdim. Yola çıxmışdım. Səkiyə qayıdıb bir də ekrana baxdım. Seymurdan məktub gəlmişdi. Bildirişin üstünə basıb məktubu açdım.
Maraqsızdır mənim üçün. Bir yerli müəllifdən yazı yazmağa cəsarətin çatmadı. Gah dedin ki, kitab bahadır, ala bilmirsən. Gah da dedin ki, filankəsin adamıdır. Amma nobelçilərə döşəyirsən. Bundan asan iş var? Xətərsiz işdir. Müqəvvalarını da yandırmaq olardı.
Bu minvalla bir nəsil kimi heç nəyə nail ola bilməyəcəksiz. Yaş qırxı keçib, amma ortada dişə dəyəsi bir mətn yoxdur. Fədakarlıq yoxdur, dava yoxdur. Təkcə sənə aid deyil, elə o yanındakılara da aiddir. Sən sadəcə yağlı ümumiləşdirilmiş obrazsan. Səninlə məşğul olacam. Yığıram.