Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?
3 aprel 2026
# 13:30

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.


Bugünlərdə Azərbaycan efiri növbəti dəfə "mənəviyyat dərsi"nin şahidi oldu. Orta əsrlərdən televiziya kanalına təşrif buyuran Əməkdar artist Elnarə Abdullayeva müdərris mimikalarla yenə "incilər saçıb". Bu dəfə hədəfdə vatsap profilinə, statusuna öz şəklini qoyan qadınlardır. Səbəb isə klassik, paslı və bir o qədər də tragikomikdir: "Bir xanım statusda özünün şəklini belə qoyur, elə qoyur... Bəlkə, kiminsə əri, qardaşı... Vallah mən kişi olsam... "

Bəli, düz oxudunuz. 21-ci əsrin ilk rübünü geridə qoyub, ortasına doğru sürətlə qaçdığımız bir dövrdə, biz hələ də bir qadının rəqəmsal dünyadakı varlığını "başqa bir kişinin gözü" ilə ölçürük.

Dünya gündəmi ilə bizim gündəmi müqayisə edəndə Rixter şkalası ilə əməllicə silkələnmə keçirirəm. Hazırda "Artemis II" missiyası bəşəriyyəti yenidən Aya qaytarmağa hazırlaşır. Bu tarixi heyətin tərkibində bir qadın astronavt da var. O qadın kosmosun sonsuzluğunda bəşəriyyətin gələcəyini inşa edərkən, bizdə "Əməkdar" statuslu bir sənətçi çıxıb qadınlara vatsapda şəkil paylaşmağı patriarxal qoxulu pafoslu cümlələrlə qadağan etməyə çalışır.

Gülməli deyilmi? Bir tərəfdə kainatı fəth edən qadın zəkası, digər tərəfdə isə bir qadının şəklini "namus davası"na və ya "kişini yoldan çıxarma" vasitəsinə çevirən ibtidai təfəkkür. Bu düşüncə tərzi ilə hara gedirik? Hətta gözləyirəm ki, Artemis ekspedisiyasındakı xanımı da görüb qınayan bir Xalq və ya Əməkdar artistimiz tapılacaq: "Ay qız, nə işin var o üç kişinin arasında Ayda-ulduzda? Otur evində, şəklini də heç yerdə paylaşma!"

Elnarə xanımın bu yanaşması sadəcə bir "fikir" deyil, bu, qadını fərd olaraq yox, kiminsə "mülkiyyəti" (bacısı, arvadı, qızı) olaraq görməyin təzahürüdür. Bu məntiqə görə, qadın özü üçün deyil, ətrafdakı kişilərin rahatlığı və "günaha batmaması" üçün yaşamalıdır. Əgər bir kişinin iradəsi bir profil şəkli, statusu ilə sarsılırsa, problem o şəkildə deyil, o iradənin zəifliyində və o düşüncənin bəsitliyindədir. Sosial şəbəkə müasir dövrdə ünsiyyətin ən aktiv və geniş yayılmış formalarından biridir, insanların orda fotolarının olması da normal haldır.

Bizdə sənət adı altında efirə çıxanlar bəzən ən qatı mühafizəkarlıqdan, ən sərt qadağalardan dəm vururlar. Özü efirdə minlərlə insanın qarşısında olan birinin, başqa bir qadının vatsap profilindəki şəklini müzakirə obyektinə çevirməsi isə gülünc olmağın və absurdun zirvəsidir.

Biz nə vaxta qədər qadının əxlaqını onun geyimində, şəklində, sosial şəbəkə hesabında axtaracağıq? Nə vaxt başa düşəcəyik ki, əxlaq vatsapdakı (feysbukdakı, instaqramdakı, tiktokdakı, tvitterdəki) fotoda deyil, başqasının azadlığına, seçimlərinə, yaşam tərzinə hörmət etməkdədir?

Dünya süni intellektdən, Marsın kolonizasiyasından və kvant fizikasından danışarkən, bizim efirlərimizdə hələ də "qadın şəklini niyə paylaşır?" sualının müzakirə edilməsi də milli intellektual faciəmizdir.

"Artemis II" astronavtları kosmosun dərinliklərində ulduzlara arasında yol ölçərkən, biz hələ də qonşunun telefonundakı profil şəkli və statusu ilə "əxlaq" ölçürük.

Əməkdar artistin sözügedən həmin məlum videosunda dialektimizdən maraqlı bir cümlə işlənib, düşünürəm ki, o efirdəki çıxışın bəlkə tək koloritli nüansı da elə "ətim tökülür" ifadəsinin həminki qarşılığı idi: "Ətim əndamımdan ayrılır..."

Bəlkə sadəcə mahnı oxuyasınız? İndi öz təbirinizcə desək, sizin "əxlaq polisliyi"nizə görə ətimiz əndamımızdan ayrılır axı, Elnarə xanım...

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

10:40 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər