Gözyaşlarımızın ən çox axdığı yer - Yataq otağı

Jalə İsmayıl, yazıçı

Jalə İsmayıl, yazıçı

2 noyabr 2021
# 16:05

Kulis.az yazıçı, dramaturq Jalə İsmayılın “Kar.an.Tin pıçıltıları – Penthausdan kosmosa” essesini təqdim edir.

Karantindən sağ çıxanlara

Bəzən məişətə dönmək lazımdır. Həmin o mətbəxə, o soğan qoxusuna, təzəsi köhnəsinə qarışmış o paltar dolabına, nə qədər təmizləsən də, ürəyincə olmayan həmin o hamama. Şəhərlilər, bir də görürsən, “vanna otağı” deyirlər ora. Hi-hi-hi…

Karantindir. Evdəyik. İşləyirik. İşləsək də, evdəyik. Karantin də olsa, işləyirik. Yaxşı ki, iş var. O, indi sadəcə çörəkpulu demək deyil, həm də dəli olmamaq üçün vasitədir. Əmək insan qalmağa kömək edir.

Əvvəllər heç əhəmiyyət vermədiyimiz şeylər bu günlərdə qəfildən çox qiymətli olub. İcazəsiz evdən çıxmaq. Öpüşmək, qucaqlaşmaq.

Həyata kənardan durub baxırsan sanki. Bu, sənin həyatın deyil. Sənin həyatın dondurulub. Sən başqasının həyatına baxırsan. Hər şey bitəcək və sən öz həyatına qayıdacaqsan. Amma həm də bilirsən ki, planlaşdırmadığın həyat elə budur. Özünün virusuyla-zadıyla səninlə məsləhətləşmədən bildiyi kimi davam edir. Gözünün önündə əriyib gedir. Ömür.

İnsan onsuz da ölümlüydü. Qəzadan, xəstəlikdən, qocalıqdan… İndi insanın mübarizə apardığı ölüm nəsə süni ölümdür. Təbii əcəl deyil. Koviddən ölənlər sanki quş kimi köçüb gedirlər. Haradasa başqa yerdə yaşayırlar. Bütün ilboyu davam edən köçdür bu. Bəzən düşünürsən ki, onlar geri qayıdacaqlar. Onların ölümü çox ədalətsiz görünür. Halbuki dünyanın tək gerçəyidir o – ölüm.

İş nə qədər çox olsa da, eyni yerdə fırlanıb durmaq ürəksıxıcı bir şeydir. Odur ki, bu karantin günlərində bir məşğuliyyət tapmalıydım. Mən də bapbalaca evimi dinləmək istədim. Arada divarlarına mismar çaxdığım, iki gündən bir sildiyim, hələ də ora-burasını düzəldib başa çıxa bilmədiyim evimin. Bəlkə mənə nəsə demək istəyir elə?

Mən onunla daha çox mahnıların dili ilə danışıram. Divarlar bilir, nə vaxt əhvalım yaxşıdır, nə vaxt qəmliyəm, nə vaxt “lap zilə qalxır təkliyin yalquzaq səsi…”

Nə vaxt dünya vecimə deyil, onu da ən yaxşı divarlar bilir.

Bapbalaca evimi otaq-otaq gəzirəm. Otururam, uzanıram, dururam. Divarlara, tavana, döşəməyə baxıram. Metrəni götürüb ölçürəm. Az qala bütün künc-bucağın ölçüsünü əzbər bilirəm. Mebellərin yerini dəyişirəm. Xoşuma gəlmir. Yenə dəyişirəm. Eyvana çıxıram. Qüruba baxıram. Qürub saatlarında həmişə yolda olurdum. Xəyal edirdim həmişə. Amma artıq nə vaxtdır Günəşdən canlı performans izləyirəm. Nazlana-nazlana uzaqdakı binaların arxasında gizlənir. Hərdən mənə elə gəlir ki, onun batışını sadəcə mən izləyirəm bu boyda şəhərdə. Və onun şəkillərini çəkirəm. Buludlarda gizlənmiş, göldə batmış, binalardan küsmüş… Günəş, məncə, onun şəkillərini çəkdiyimi bilir. Yoxsa niyə səhər bir rəng, axşam bir rəng geyinsin?

Görəsən, hansı daha çox bilir; mətbəxmi, hamammı, yataq otağımı, qonaq otağımı, eyvanmı? Hansı çox bilsə, onunla dərdləşərdim…

Və mətbəxdən əks-səda gəldi…

Evin qəlbindəyəm – mətbəxdə. Mətbəx ən çox həyəcanlandığımız yerdir. Bığaltı qımışanları görürəm sanki, “yataq otağından sonra…” – deyirlər saman altdan su yeridənlər.

Burada məşhur, ağıllı kişilərdən bir-iki sitat yaza bilərdim. Amma ərindim axtarmağa.

Yandı, daşdı, qurudu, qoxudu…

Yox, bu həyəcanlara heç nə çatmaz. Hərçənd insanın instinktlərini də bir-biriylə müqayisə etmək mübahisəli məsələdir. Biz hansı bioloji ehtiyacımıza daha tez yenilirik?

Mətbəx fantaziyaların coşduğu yerdir. Yenə də bic-bic qımışırsınız. Yataq otağı burada da ona çatmaz. Gizli söhbətlərin məkanı. Sirli dolablar. İllərlə işlədilməyən qəribə mətbəx əşyaları. Hər ev sahibinin fərqli düzəni. Və əlinin duzu. Bişirmə qaydası, fərqli dadlar… Həyəcanvericidir.

Mən, məsələn, uzun illərdir ki, broyler toyuğunun dərisini mümkün olan hər yerdən soyub çıxarıram. Büzdümü də kəsib atıram, yerdə heç nə qalmır. Yenə də soyuram. Elə həvəslə soyuram ki, görən də toğlu soyduğumu düşünər. “Toğlu” qoça deyirlər biz tərəflərdə – qoyunun erkəyinə.

Zaman bir çox dəyərlərin, anlayışların dəyişməsinə, əriməsinə səbəb olur. “Toyuğun bir dərisi, bir gerisi” deyən iştahalı ulu babamızın üzünə diyetoloqlar indi təzə sıxılmış qreypfrut şirəsi atardılar…

Hərdən mənə elə gəlir ki, televiziyaları, interneti doldurmuş yemək şoularının gizli missiyası sudan da dadsız olan broyler toyuğunu dada gətirməkdir. Dünyanın bütün şeflərinin ən böyük problemi budur. Və həmişəki kimi dünya nəticə ilə mübarizə aparır. Bu toyuğun niyə belə dadsız yetişdirildiyini düşünmək və bunu həll etmək daha çətindir axı.

Mətbəx ciddi yerdir. Yemək ciddi məsələdir çünki. Ölüm-qalım məsələsidir. İnsanın yaşaması yeməkdən keçməsəydi, şübhəsiz ki, bəşəriyyətin tarixi başqa cür yazılardı. Aclıq və toxluq sənətin ilham qaynağıdır həmişə. Amma sənət yalançıdır bəzən. Çox vaxt. Biz niyə filmlərdəki kimi sevə bilmirik bəs, hə?

Soyuducunu açıram. “Öküz ürəyi” adı verilmiş pendir çıxır qarşıma. Bunu satan oğlanın mənə “bibi” deməsini xatırlayıram. Növbədə gözləyənlər olmasaydı, cavan oğlanla zarafat edərdim, “sən öküz ürəyi yemisən, mənə bibi deyirsən” deyərdim. Amma bəxti gətirdi…

Bəzən yaşla bağlı bu cür zarafatları ciddi qəbul edirlər. Doğrudan da xətrimə dəydiyini, əsəbiləşdiyimi düşünənlər olur. Amma tanımırlar məni. Bilmirlər ki, başa düşmək inciməyə imkan vermir. Bir də ki, yaş məndən utansın, mənə yaraşırmı heç?

Belə baxanda yaş ciddi məsələdir. Bəzən yaş fərqindən, nəsillərin savaşından danışırlar. Amma əslində, o, yaş fərqi deyil, yaşanmışların fərqidir və az əhəmiyyət daşımır…

Ümumiyyətlə, ciddi və qeyri-ciddi nədir axı? Məsələnin ciddiyyəti bizim emosional vəziyyətimizlə ölçülə bilməz. Emosional vəziyyət həddən artıq subyektiv rəy və qərar deməkdir. Hətta bəzən öz ziyanımıza belə. Bəs bu ciddiyyəti nəylə ölçək? Harada, nə qədər və necə ciddi olaq?

Karantindəyik. Gediləcək bir yer var, o da market. Amma ora getməyə də həvəs qalmayıb. Bir neçə gün sadəcə evdə olanlarla keçinməyə öyrəşmişəm. Ona görə də mənim karantinim bəzən tərxunlu kükü dadındadır – eksperiment və çarəsizlik bir yerdə.

Hamam hamam içində…

…Bəzən istəyirsən ki, ilan olasan, hər yaz dəri dəyişdirib təzələnəsən. Hər yaz. Ya da kimsə dərini soysun. Gələn də ruhunu soyur bədənindən. Harasa da atıb gedir. Sonra gəl ruh axtar həmin o mətbəxdə, o soğan qoxusunda, şəhərlilərin “vanna otağı” dediyi o hamamda…

Hamamdayam.

Hamam, yeri gəlmişkən, gizlənmək üçün tualetdən daha etibarlı yerdir. Həftədə bir dəfə çimənlər hara, hər saatbaşı qapını döyənlər hara…

Ay axmaq, sən niyə narahatsan? Sən ki tək yaşayırsan. Nədir, istəyirsən, tualetin qapısında növbə yaransın və sən gizlənə bilməyəsən?

Bu yaxınlarda, ayıb da olmasın, hamam pərdəsi aldım. Üstündə mavi delfinlər üzürdü. Evdə açdım ki, pərdəni tərs tikiblər. Qaytarmadım. İlk dəfə üsyan eləmədim bəxtimə. Asdım pərdəni. İndi mənim hamamımda mavi delfinlər arxası üstə üzürlər…

Bir az səliqə-sahman yaratmağa çalışıram. Kiçik qutular yuxarı, böyük qutular aşağı. Ərimiş sabunlar zibilqabıya. Hərdən fikirləşirəm ki, özümü heç vaxt aldatmıram. Amma üstünə “bio” yazılmış və ya yaşıl rəngdə olan gigiyenik vasitələr almağımın adı nədir? Hələ guya “Tarixi-Nadir”i yarıyacan oxumuş istehlakçıyam. Haradasa necəsə aldadırıq özümüzü, nəyəsə inandırırıq. Arxası üstə üzən delfinlərin gülümsədiyinə, məsələn.

…Bibimgilin bir qonşusu varmış. Bir gün qapıya gözlük salanda əri çağırır arvadını ki, haradan qoyum gözlüyü. Ortaboy qadın da dabanlarını qaldırıb əli ilə bir yer göstərir. Əri heç nə demədən gözlüyü oradan qoyur. Uzun illər bu gözlüyün mübahisəsi evdə davam edir…

Hamamdakı asılqanları da usta, deyəsən, dabanını qaldırıb vurub. Mən də hoppanıb dəsmal asıram.

Ümumiyyətlə, bu evdə işləmiş ustaları görsəydim, onların interyer dizayna yanaşmasının nə qədər qüsurlu olduğunu sübut edərdim. Amma kimə nə faydası? Artıq uzun illərdir haqlı olmaq xoşbəxt eləmir. Heç usta da bildiyindən geri durmayacaqdı.

…Hər yaz aşiq olmaq variantı da var. Amma niyə ilan olmaq gəlir ağlıma..?

Yataq otağı – sirr otağı

…Əslində saçlarını salonda etdikləri kimi özün də düzəldə bilərsən. Amma edə bilmirsən. Sənə mane olan tək əllə işləməyin deyil. Sən sadəcə öz saçlarına qıymırsan. Başqası uf demədən qıyır. Saçını, dərini, qulağını yandırsa da, istədiyi buruğu almaq üçün bütün növ fenləri son dərəcədə qızdıra bilir. Sən öz saçına qıymırsan sadəcə…

Güzgüyə baxa-baxa saçımı darayıram. Uşaq vaxtı çox istəyirdim uzun saçım olsun. Anam imkan vermirdi. Yay gələn kimi kəsirdi. Qorxurdu ki, bit düşər saçıma…

Yeni bərbərimlə dərdləşdim keçən dəfə. “Bu qızları niyə keratinləyib buraxırsınız axı? Hamısı bir-birinə oxşayır” – dedim. Oğlan da dedi ki, xanım, özləri istəyirlər belə.

Niyə belə istəyirsiz ki, qızlar? Saçdan artırdığınız vaxtda guya nə iş görürsüz ki? Oğlan olsaydım, “hansı mənimkidir?” deyə, narahatlıq keçirərdim düzü. O qədər oxşayırsınız yəni, yəqin xəbəriniz yoxdur…

…Biz yataq otağımızdan danışmağı sevmərik. Qonaq gedəndə başqasının yataq otağına keçmərik. İntim və hədsiz dərəcədə şəxsi məsələ sayılır. Şüurlatımızda nə baş verir? Gözyaşlarımızın ən çox axdığı yer kimi qiymətlidir, yoxsa sevişilən yer kimi kimsə görməsin dərdindəyik?

“İçərişəhər bizim yataq otağımızdır, xariciləri oraya buraxmamalıydıq…”. Bir vaxtlar belə deyirdilər. Hər evin yataq otağı da onun İçərişəhəridir. Dalanları var, dar küçələri var, köhnə, hətta qədim xatirələri var. Özünəməxsus qoxusu və açılmayacaq sirləri var. İnsanlar daha çox yataq otaqlarında ölürlər. Hər gecə ölür, hər gün Günəş doğanda doğulub həyatlarına davam edirlər. Əgər qadınlar hər şeyi danışsa, əgər kişilər daha cəsarətli olsa… Yataq otağı haqqında hamı susur. Qısası, sevmədiyiniz insanla evlənməyin. Yataq otağının güllü oboyları da çiçək açsın qışın ortasında…

Paltar dolabı dolu, siyirmələr qarışıq. Əl gəzdirmək lazımdır. Siyirmə xəstəsiyəm. Səliqə-sahman üçün siyirmə çatışmır. Mənə elə gəlir yəni. Siyirmələrdən çıxanları saymayım. Unutduğum və heç unuda bilmədiyim xatirələr boylanır hər birindən. Ən əziz xatirələr də yataq otağında qorunur axı…

Bir də qiymətli əşyalar. Məndə daha çox gümüş bəzək əşyaları var. Hərdən çıxarıb silirəm onları. Adətimdir, getdiyim hər şəhərdə bir gümüş üzük alaram. O şəhərdən xatirə kimi. Bu yaxınlarda itirdim iki üzüyü birdən. Kafedə əlimi yumaq mənə baha başa gəldi. Onları çox uzaqlardan almışdım…

…Bu da köhnə işdə oğlanların qızlar üçün hazırladığı 8 Mart açıqçası. Hər 8 Martda təbriklər alırıq. Adama qəribə gəlir – səni məhz qadın olduğuna görə təbrik edirlər. Digər tərəfdən də qadın cinayətləri artır. Vəziyyət o həddə çatıb ki, qadın hüquqları üçün sloqanımızı “Yaşasın qadınlar!” yox, “Qadınlar yaşasın!” yazmalıyıq. İllər öncə təklif eləmişdim ki, seminarları-filan atın bir kənara. Qadınlara özünümüdafiə fəndləri öyrədin. Artıqlaması ilə cavab alacağı adama kim cumub indiyənəcən?

…Ağır çamadanı dolabın üstünə qaldıra bilmirəm. Kimsə gələndə xahiş edərəm. Bir bu ağırlıq işini də həll edə bilsəydik, bizdən heç olmazdı. Dəhşətli mənzərədir ağır torbalar daşıyan qadın. Oğul analarının da işi ağırdır. Onlara həm də qadınların ağır yükünə kömək etməyin ölüm olmadığını öyrətməlidirlər. Çoxu yekə kişi olur, hələ də elə bilir ki, ölümdür bu. Cinslərarası hörmət azaldıqca sadəcə bioloji tələbatı ödəmək obyektinə çevrilir hamı qadınlı-kişili.

Bir radiom var. Televizorum da var ha. Amma mən radionu sevirəm. Harada çox oturası olsam, gətirib qoyuram yanıma. Danışır özüyçün. İstədiyin vaxt səsini kəsə bildiyin çoxdanışan qayınanadı elə bil. Hərdən nanay-nanay deməyi də var.

“Nə gözəl xəlq eləyib yaradan səni, Qaragilə…”

Sevdiyimiz mahnıları əzbərləyək deyirəm. Qəfildən internet kəsilə bilər. Qəfildən işıqlar sönər. Qəfildən nəğməsiz qalarıq. Əzbərləyək sevdiyimiz mahnıları…

“Nə mənə qız qəhətdi, nə sənə oğlan…”

Filmlər, mahnılar, hətta şeirlər belə yaşadıqlarımızdan daha təsirlidirsə, demək, yaşamırıq. İmitasiya edirik. Uydururuq.

Budey, şəkil torbası. Bir torba xatirə. Rəngli, ağ-qara. Vaxtım yoxdur bu xatirələrə batmağa. Amma yenə gözucu baxıram bir-iki alboma. Ən xoşbəxt göründüyümüz şəkilləri xaricdə çəkdirmişiksə… yenə vətən sağ olsun, deyinmək üçün də insana bir yer lazımdı…

3 metr…

Fəsildən-fəslə düşmək, əhvaldan-əhvala keçmək üçün üç metr kifayət edir. Dəhlizin uzunluğudur.

Yataq otağından qonaq otağına qədər məsafə üç metrdir…

Qonaqsız qonaq otağı

İşıq ki soldan düşmədi, o, ancaq mane olacaq. Hər şey kimi işıq da yerində faydalıdır…

Yazı masamı hara qoymaq barədə dərin fikirlərə qərq olarkən bunu düşünürdüm. İş otağım yoxdur. Qonaq otağına qoymalı olmuşam masanı. Bir künc tapıb atmışam ora. İşləyərkən bir tərəfim künc olmalıdır. Öz küncünə sığınmaq kimi bir şey. Bir də yanımda pəncərə olsaydı, xarüqələr yaradardım. Amma mənim penthausumda bir pəncərə var, onun da qarşısına sığmır masa. Beləcə, pəncərəyə uzaqdan baxıram. Evdə kirpi saxlamaq xoşbəxtliyinə baxdığım kimi.

Kirpi saxlamaq xoşbəxtliyə uzaqdan baxmaq kimi bir şey olmalıdır, fikrimcə. Toxuna bilmirsən, qucaqlaya bilmirsən. Bir də qorxunc səsi varmış bu xoşbəxtliyin. Hələlik fikrimdən vaz keçmişəm. Könlümü güllərə vermişəm. Onlar da canlıdır. Kirpiyə dönəcəm bir gün. Səsinə, tikanlarına rəğmən…

Pəncərəyə uzaqdan baxıram, amma pəncərədən uzaqlara baxa bilmirəm; binalar gizləyir uzaqları. Hərçənd uzaqlar da nəsə vəd etmir bu aralar.

Az qala unutmuşdum. Firənglərin məmləkətindən gəlmiş “capteur de bonheur” də asmışam pəncərəmdən. “Xoşbəxlik qapan” kimi bir şey deməkdir. Gözləyirik…

Qonaq otağındakı kitab dolabına və ağır jurnal masasına təkər taxdırmışam. Arzulayanlara qismət, qəşəng mebel ustası çıxıb qarşıma. Zəruri qeyd: burada “qəşəng” həm mebelə, həm də ustaya aiddir. İcazənizlə, bu barədə çox danışmayacam…

Bir gün dostum gördü təkərləri, dedi ki, sən azərbaycanlı qadın kimi düşünmürsən. Etiraz etdim: “Sadəcə tək yaşayan qadın kimi düşünürəm”, – dedim. Heç kimə möhtac olmadan mebellərimi istədiyim yerə sürüyə bilirəm. Tam xoşbəxtlik üçün iki şey qalır – ev nərdivanı və masaj kreslosu. Vəssalam. Kitab-kitab şeir uydurmağa ehtiyac yoxdur.

Rahat ev nəyisə harasa qoymaq üçün nəyisə harasa çəkmədiyin evdir. Həyat da belədir…

Dərin düşüncələrdən ayrılmadan qonaq otağındakı iki cüt, bir tək mebelin yerini yenə dəyişirəm. Hər ürəyim sıxılanda yeni ev ala bilmərəm ki.

İş masamın yanında divandır. Yığanda balacadır, açanda böyük. Razıyam ondan. Rəngi də yaşıldır. Evə gələn ilk mebel kimi digər mebel və aksessuarların rəngini diqtə edir. Birinci olmağın üstünlüyü…

Divanımda uzanıram, tavana baxıram. Heç nə düşünməməyə, sadəcə evimi dinləməyə çalışsam da, bir az əvvəl müdirlə olan növbəti səs-küylü telefon söhbətini xatırlayıram. Bu müdirimlə də tez-tez deyişirəm. Cavan oğlandı, sağ olsun, səbirli davranır. Diqqətlə qulaq asır və gedib yenə bildiyini eləyir. Niyə eləyir? Çünki xalq həmişə məni “neprav” çıxarır. Xalq ən bəsit kontenti bəyənir. Xalq – o çoxluq, o kütlə – oxuduğunun, gördüyünün qaynağı ilə maraqlanmır, mahiyyətinə varmır. Eyforik vəziyyətdə ancaq gif dağıdır sağa-sola. Aydındır, eyforiya reallıq hissini itirməyə kömək edir və insan ağır psixoloji yükdən qurtulmuş olur. Reallığın dərki nə qədər gecikirsə, o qədər də özünü yaxşı hiss edirsən. Reallıq qorxuludur, qorxudur. Reallıq hissini itirmədən xoşbəxt olmaq mümkün deyil…

Müdirə deyirəm ki, mən peşəkarlığı layka qurban verə bilmərəm. Müdir də deyir ki, mənə layk lazımdır, amma sən də peşəkar layk yığginən. Mən də deyirəm ki…

…Qorxuram kütlədən. Hər gün daha çox. Bu gün varlı olmağın yolu da tərs kimi bu kütlənin zövqündən keçir. Demək, mən heç vaxt varlı olmayacam. İsrar edirlər, sövq edirlər, təhrik edirlər, məcbur edirlər ki, “kütlə”nin “küt”dən yarandığına inanasan…

Müdir demiş, mənim çox vaxt yaxşı müdirlərim olub. Onlardan həmişə öyrənmişəm – nəyisə etməyi və nəyisə etməməyi. Müşahidəmə inanıram; 30 yaşdan yuxarı bir insanın iş əxlaqı onun keçmiş müdirlərindən xəbər verir.

Gözüm kitablara sataşır. Dolabda yan-yana düzülüblər. Öndən Azərbaycan ədəbiyyatıdır. Müasir yazarlar. Düzü, yaşıdlarımdan daha çox bir az böyüklər və bir az balacalar daha maraqlıdır mənə. Yaşıdlarla eyni dövrü yaşadıq, eyni sevinci, eyni dərdi bölüşdük. Nə yaza biləcəklərini hiss edirəm. Başqa yaş qruplarının dünyası daha maraqlı gəlir. Onlar, görəsən, dünyanı necə görürlər? Onların dərdi nədir? Onlar nəyə sevinirlər? Nədən zəhlələri gedir? Necə əylənirlər? Əyləncə mədəniyyəti o qədər ağır mövzudur ki…

Bu yerdə yenə böyük, ağıllı kişilərdən nəsə oxumaq olardı. Amma vaxtım yoxdur. Tez bitirməliyəm, bir də gördün, karantin bitdi.

Bir də yaşıdlarımı oxuyarkən xəyal qırıqlığı yaşamaqdan qorxuram. Öz yaradıcı nəslim üçün təəssübkeşlik hissi məni tərk etmir. Onların həmişə ən yaxşı olmasını istəyirəm. İçindən və yanında keçdiyin hadisələr haqqında yazılan bədii mətnləri qiymətləndirmək çətindir. Sənin bildiyini sənə necə təqdim edəcəklər – bu, həyəcanlı məsələdir. Az qala əzbər bildiyimiz hadisələrin bizi təəccübləndirməsi çətin olur. Yeni bir şey öyrənə bilmədikdə də onlar bizim əsərimizə çevrilmir. Hər birimiz düşünürük ki, mən daha yaxşı əhvalat bilirəm…

Bu yaşdan sonra (yenə yaş…) nə intiharlar, nə epataj çıxışlar, nə də plagiatlar təəccübləndirər bizi. Gördüyümüz hər şeydən sonra ən böyük istəyimiz peşəkar mətnə heyrətlənməkdir. Çətin olacaq heyrətlənmək, amma bacaracağıq. Bəlkə hələ heyrətləndirə də bildik…

…Qonaq otağından mətbəxə qayıdıram. Dadını bilmədiyim stəkanı başıma çəkirəm. Bu aralar evdə nə ot-ələf tapsam, dəmləyib içməklə məşğulam. Bəs siz Azərbaycan səhiyyəsinə necə kömək edirsiz bu ağır pandemiya dövründə?

Eyvana çıxdım, gördüm…axşam düşüb…

Bu kiçik azadlığı çoox sevirəm. Eyvansız ev həbsxana kimi görünür mənə. Eyvan təbiətlə təmasdır həm də. İnsanın öz təbiətinə qayıdışıdır, bir az da qəlizləşdirsək. Bizim bütün bəlalarımız eyvanları evə qatmağa başlayandan sonra başladı. Azadlıqla eyvanın düz mütənasib münasibətləri haqqında eyvanda çay içə-içə dərin düşüncələrə dalmışam yenə.

Şər qarışan vaxtdır. Həyətə baxıram. Adamlar balaca-balaca görünürlər. Ən böyük adamlar belə. Axşamüstü olduğu üçün və yəqin ki, həm də çox da gənc olmadığım üçün uşaqlığımı xatırlayıram bu saatlarda. Bu saatlarda orada – Bakıdan 3-4 saatlıq bir məsafədə və bir neçə onillik öncə, arvadlar üç-üç, beş-beş oturardılar, hərəsinin əlində də bir ağ yaylıq, özlərini ditdilidən qoruyardılar. Şeytana papış tikərdilər, amma heç birinin ağlına gəlməzdi ki, illər sonra dəyişməyən sadəcə ditdililər olacaq…

Uşaqlığımın eyvanı ilə indiki eyvanımın açıldığı mənzərələr fərqlidir. O vaxtlar eyvanımızdan qatarlar görünərdi. Qonşunun uşaqları ilə vaqonları saymağı sevərdik. “47! Yox, 48! Sən səhv saydın…”. Uşaq hafizəsi heç nəyi unutmur. Qatarın xüsusi yeri var orada.

Eyvanımda gül-çiçək cənnəti yaratmağa çalışıram. O kaktuslar bir gün gül açacaq! Amma hələ ki, böyük uğurlarım yoxdur. Hər dibçəyim quruyanda qəmə batıram, “sən canlıya baxa bilmirsən” düşünürəm. Amma təcrübəli bağbanlar deyir ki, olan şeydir, gülləri stresə salma bircə. Stres… Görəsən, nə vaxtsa kimsə düşünübmü ki, elə hərəkət eləsin, məni stresə salmasın?

Taksi şirkətlərində işləyən operator xanımların bunu düşünmədiyi dəqiqdir. O qədər rahat xanımlardırlar ki. Paxıllıq etməmək mümkün deyil. Onlar üçün heç bir fərqi yoxdur, taksini Mehdi Hüseynzadə küçəsinə göndəriblər, yoxsa Mehdi Hüseyn. Keçən dəfə mənim deyinməyimin cavabında biri narazı halda və ciddi-ciddi dedi ki, ay xanım, nə fərqi var ki? Canları sağ olsun. Bu şəxslərin başqa-başqa adamlar olduğunu kəşf edəndə, Allah bilir, necə həyəcanlanacaqlar!

Eyvanla bağlı planlarım çoxdur. Mən “şişmə hovuz” deyim, siz “yelləncək”. Əkdiyim sarmaşıqların eyvana kölgə salması üçün illər lazım olacaq. Mən gözləyəcəm. Yelləncək də gözləyər.

Keçən qış qəşəng qar yazmışdı eyvana. Qartopu oynadım eyvanla. O mənə qar, mən ona qartopu. Hər yeni il gələndə astroloqlar ulduzlardan xəbər gətirirlər. Məndə hələ heç biri düz çıxmayıb. Hərçənd ilin başında oxuduğum proqnozları dərhal da unuduram. Proqnozlar vaxtı eyvana çıxıb bar-bar bağırmaq istəyirəm: “Eheyy, ulduzlar! Özünüzü yormayın, mən bəxtimi yaxşı tanıyıram!”

Bir də güclü küləklər əsir eyvanımda. Elə vıyıltı qopur ki, elə bil dağ başında alaçıqdayam. Sərin meh yaxşıdır. Öz-özünə mahnı zümzümə edirsən. Şeir pıçıldayırsan. Şəhəri dinləyirsən. Meh də pıçıltılarını alıb uzaqlara aparır. Ünvanı bilmir. Bilsəydi… O da bilərdi. Nəsə dəyişərdimi? Yox.

Yeni gələndə burada çox gözəl mətnlər yazacağımı düşünürdüm. Amma məişət qayğılarını da özümlə gətirdiyimi unutmuşdum. Heç nə də yaza bilməmişəm. Penthauslar səni daha istedadlı etməz…

Heç nə yaza bilməmişəm. Bu da o deməkdir ki, gözəgörünməz, amma keçdiyi yerdə izi qalan fırtınaların səsi hələ kəsməyib. Ruhun çırpınışlarını görən eyvanın da, mətbəxin də dili yoxdur təsəlli verə. Heç olmasa dinləməyi bacarırlar. Heç olmasa eyvan başqa bir şey olduğunu iddia etmir. Və sən də gözləntilərini çərçivəyə alıb, asırsan divardan…

Divarda iki şəkil var. Biri mənim uşaqlıq şəklimdir – bir yaşında. Biri də tanınmış fotoqrafın payız fotosu. Hərdən bu təbəssümü gözəl, totuq-motuq qızcığazın gözlərinə baxıram. Ondan üzr istəyirəm. Hərdən.

Karantin çox dərs keçdi bizə. Biz nəsə öyrəndikmi, əmin deyiləm. Hətta 30 illik müharibəni udduq, demək olar ki. O da bir şey öyrətmədi bizə. Hamı necəydisə elə də qaldı. İnsan dəyişmir. Müharibə də sevgi kimidir – nəyin var, tökür çölə. Səni dəyişmir.

…Çayım soyuyub. Hava da. Yavaş-yavaş üşüyürəm. Soyuq çaydan bir qurtum alıram. Daha çox üşüyürəm. Amma narahat deyiləm. Evə kombi çəkdirmişəm axı…

…Ev istidir. Sevdiyim insanlar kimi. Laptopu açıram. Məişətdən qopmağa çalışıram.

Həmişə eyni məkanda, eyni vəziyyətdə qalmaq olmaz. Bəzən məişətə qarışmaq, bəzən də oradan çıxmaq lazımdır. Hər gün bircə saat. Çıxıb yüksək materiyadan danışmasan belə, yenə də çıxmaq lazımdır.

Heç olmasa eyvana çıxaq. Və səmaya baxaq. Orada mütləq maraqlı nəsə taparıq. Ən azı, Günəş oradadır. Günəşə göz vuraq…

P.S. “Karantin” sözündən neçə yeni söz düzəldə bilərsiniz?

Tin, an, tar, tara, kin, aran, ar, ara, tir, it, at, nar, kar, kir, nik…

Bu qədər bərəkətli söz az tapılar. O da, tərs kimi, alınma sözdür…

P.S.S. Qonşularımdan danışmadım heç. Nazik divarlar daha yaxşı danışardı, onların da dili yoxdur. Tərs kimi.

Xırdalan-Aran-Ağcakənd-Xırdalan

2020-2021

Sim-Sim.az

# 6652 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
# # #