Gecikmiş etiraf - Hekayə

Gecikmiş etiraf - Hekayə
26 may 2022
# 11:00

Kulis.az Əzizağa Elsevərin “Gecikmiş etiraf” hekayəsini təqdim edir.

Mərhum professor Həsən Əlibəylinin əziz xatirəsinə...

Zibeydə qoşa çinarın altındakı sal daşın üstündə niyə oturmuşdu, özü də bilmirdi. Kəndə gedən, kənddən çıxan da mütləq burdan gəlib keçirdi. Sanki hamını çinarlar salamlayır, Çinarlıya yola salırdı. Ağır el olan Çinarlının dərdləri, sərləri də çox zaman burda həll olunur, hər təzə xəbər burdan ayaq açıb kəndə yeriyirdi. Dərdli dərdin bölüşür, sevinclilər sevincindən pay verirdi. Hamı özünü arxalı, dayaqlı hiss edirdi. Elin sözü keçən ağsaqqalı, ağbirçəyi var idi. Böyüklü-kiçikli hamısı şahsevənli idi, bir kökdən çıxmışdılar. Xeyirləri, şərləri də bir idi.

Zibeydə iki gün idi ki, rahatlığını büsbütün itirmiş, eşitdiyi kədərli, üzüntülü xəbərdən bərk sarsılmışdı. Özündə-sözündə deyildi. Əli işə yatmır, evə-eşiyə sığmırdı. Uşaqları böyümüş, oğlanlarını evləndirmiş, qızlarını gəlin köçürdüb ev-eşik yiyəsi etmişdi. Şirin-şəkər nəvələri, nəticələri dövrəsini bürümüş, xoşbəxt, bəxtəvər gülüşləri ilə ömrünə ömür calamışdılar.

Ömür-gün yoldaşı vaxtsız dünyasını dəyişsə də, qürurunu əyməmiş, özünü tox tutub, atalarının yoxluğunu övladlarına hiss etdirməmiş, onlara həm ata, həm də ana olmuşdu. Necə deyərlər, gözü ilə od götürmüş, əllərinin qabarı ilə təknəsindən halal çörəyini əskiltməmişdi. Hər birinə ali təhsil vermişdi. Sağ olsunlar, zəhmətini itirməmiş, əziyyətini quru yerdə qoymamışdılar. Bir-birinə dayaqlanıb, pis günün ömrünü əritmişdilər. Nə gizlədək, hələ istəyəni, elçi düşəni də olmuşdu. Ancaq heç birinə məhəl qoymamış, övladlarının başını aşağı dikəsi, üzlərinə xəcalət gətirəsi heç bir hərəkətə zərrə qədər də olsun yer verməmişdi. Ürəyində təsəllilənib: “Neyləyim, görünür mənimki də belə gətirib!...”– deyib taleyi ilə barışmışdı. Qayğıları başından aşanda, ehtiyac, sıxıntı vaxtlı-vaxtsız qapılarını döyəndə sınmamış, içəridə gilə-gilə ərisə də, gözündə-könlündə işıq olub balalarının başına pərvanə kimi dolanmışdı.

Zibeydə ürəyi ilə bacarmırdı. Nə qədər özünü saxlamağa çalışsa da, ayaqları sözünə baxmadı, qəlbinin dərinliyindən qopan ilahi bir hissin təsiri ilə yol ayrıcına nə vaxt çatdığını özü də bilmədi. Bu gün, həə... Bu gün onun cənazəsini gətirəcəkdilər. Yəqin böyük bir karvan olar. Şöhrəti bir eldən çoxdan aşmışdı. Alim idi, dövlət adamı idi. Ölkə başçısının yanında dururdu. Bir neçə dil bilirdi. Yeri gələndə dilmanclıq edirdi. Elə bilirsən ora hər adamı qoyardılarmı?! Yox, qətiyyən yox! Rayonun baş biləni nədənsə ehtiyatlanıb tez-tez evlərinə gələr, dərdləri-sərləri ilə maraqlanar, onların hesabına kəndə də bir gün ağlardılar. Bax, bu böyüklük idi, özünün xəbəri olmasa da, adının işığına, sədasına yığışıb gəlirdilər.

Zibeydə dərin fikrə getmişdi. Onu qoynuna almış xəyalların qanadında ötənləri vərəqləyirdi. Xatirələr çözələnir, acı-acı, şirin-şirin yaddaşından keçib gedirdi. Düz səkkiz il bir sinifdə oxumuş, bir partada oturmuşdular. Bir məhəllədə olurdular. Evləri də, o qədər də aralı deyildi. Çox zaman dərsə bir gedib, bir də qayıdırdılar. Kənddə orta məktəb olmadığından, səkkizinci sinifdən sonra hərəsi bir tərəfə səpələnmişdi. Kimisi qonşu kəndlərə, kimisi rayon mərkəzinə, qohum-əqrəbası şəhərlərdə olanlar da şəhərlərə üz tutmuşdular. Bir-birinə üz-gözü öyrəşmiş uşaqlar, ley görmüş yetim cücələr kimi pərən-pərən düşmüşdülər. Nə yazıqlar olsun ki, bu da bir tale idi, neyləmək olardı. Kiminsə ağılsız düşüncəsindən bir gör nə qədər insan əzab-əziyyət çəkirdi. Getməyənlər də olmuşdu. İmkansızlar, təhsildə axsayanlar və ailələrinin ehtiyacı naminə vaxtından qabaq işləməyə məcbur olanlar. Zibeydəylə Qiyas da rayon mərkəzindəki, tərifi yerə-göyə sığmayan bir saylı məktəbə getmişdilər. İlləri yorub yelə vermiş məktəb magistral yolun kənarında, yol ayrıcında idi. Çinar, qovaq, şam, küknar, söyüd ağaclarının kölgəsinə sığınmışdı məktəb. Möhkəm, qədimi bir bina idi. Elə bil ki, su kimi axıb gedən zaman onu da qocaltmışdı. O da yorulub əldən düşmüşdü. Ancaq məktəbin direktoru Mürsəl müəllim kimi görünüşündəki zəhmi, baxışlarındakı doğmalığı, istiliyi itirməmişdi.

Qiyas hər gün tezdən Zibeydəgilin doqqazının ağzını kəsdirər, ucadan “Zibeydə, ay Zibeydə!..” deyib, onu çağırardı. Hər gün şövqlə, sonsuz bir həvəslə Zibeydənin xurmayı saçlarını darayan anası bu səsdən həyəcanlanıb:” Tez olun! Tez olun!.. gecikərsiniz!..” – söyləyib qızını tələsdirər, doqqazın ağzına qədər ötürərdi. Zibeydə həkim olmaq arzusundaydı. Bunu bilən anası hər gün onu məktəbə yola salanda, qızının arxasınca boylanıb sevincindən yerə-göyə sığmazdı.

Zibeydəylə Qiyas kənddən magistral yola qədər piyada gələr, yarım saatlıq yolu necə ötürdüklərini heç vaxt hiss etməzdilər. Öyrəndikləri dərsdən suallar verər, bilmədiklərini həvəslə bir-birilərinə başa salardılar. Arada mübahisələri də olar, küsüşüb yenə də barışardılar. Qonşu rayondan onların rayonuna işləyən sürücü Məmməd kişinin balaca avtobusu düz vaxtında gələrdi. Məktəblilər güzəştli olduğundan Məmməd kişi o biri sürücülər kimi qızırğalanmaz, insanlığını heç vaxt nəfsinə yedirtməzdi. Bunlar azacıq gecikəndə, hətta bir az ləngiyib gözləməkdən də çəkinməzdi. Tələsən, əsəbiləşən sərnişinləri olanda onları dilə tutar, “Ay canım, onlar bizim sabahımızdır axı!..” – deyərdi. Bu söz o qədər şirin, o qədər təsirli alınardı ki, o biri sərnişinlər də Məmməd kişiyə qahmar çıxıb, danışana soyuq-soyuq baxardılar. Məmməd kişinin Zibeydə adında qızı olduğu üçün, elə Zibeydəyə də qızım deməkdən çəkinməzdi.

Yaz gəlmişdi. Sellərin-suların dəli-dolu, oynayan vaxtı idi. Kəndin başındakı Balharı çayı elə aşım-daşımdaydı. Burovarın gözündən qaynayıb, yaşıl çəmənlərin ətrinə, əlvan çiçəklərin qoxusuna bələnib şırıltıyla axan sular düzlərdə aramlıq tapmaq əvəzinə, bir az da səs-küylənir, yaz dumanını sinəsinə sıxıb, o bəyazlıq qoynunda əriyib itmək istəyirdi. Hər gün artan boz, bulanıq sular taxta körpünün sinəsini yalayır, hərdən də kiçik bir şülək kimi üstündən keçib gedirdi. Körpü qorxusundan sanki titrəyir, nəfəsini içinə çəkib ağrı-acısını sulardan gizlətmək istəyirdi. Hirsli-hikkəli sular kol-kosu, kökündən qopartdığı ağacları, qırılmış budaqları, çay daşlarını qabağına qatıb gətirir, körpünün önündə çin-çin qalaqlayıb yığırdı. Sular yol tapmayanda körpünün üstündən aşmaq, körpünü də qabağına qatıb özüylə aparmaq istəyirdi.

Qiyas körpünü rahatca keçdi. Zibeydə arxadan gəlirdi. Avtobusa gecikməsinlər deyə onu tələsdirdi. Dünənə nisbətən bu gün su çox artmışdı. Ara-sıra güc gəlib körpünün də üstündən aşmaq istəyirdi. Zibeydə vahimələnir, körpünün üstünə çıxmaq istəmirdi. Elə bil ürəyinə nə isə dammışdı. Narahatlığı, qorxusu həyacanına bürünüb, sifətindən aydınca oxunurdu. “Bir az tez ol də, ay Zibeydə, gecikərik axı!..” – deyə Qiyas arxaya baxmadan irəliləyir, Zibeydəni tələsdirirdi. Zibeydə yıxılmasın deyə, körpünün taxta məhəccərindən tuta-tuta asta-asta irəlilədi. Körpü islandığından düz ortada sürüşüb müvazinətini itirdi. Taxta məhəccər elə bil ki, amanabənd imiş, ağırlığa tab gətirməyib yerindən oynadı, qəfildən qırıldı. Suya düşən Zibeydənin qulaq tutulan, qorxu dolu qışqırığına Qiyas diksindi. Bulanıq sular Zibeydəni qoynuna almışdı. Körpünün qabağında sular çox yığıldığından arxasında burulub gurultuyla axır, sağ sahildə iri sal daşa çırpılıb sıçraya-sıçraya sol sahili qucaqlayırdı. Zibeydə bu axına düşmüşdü. Köməksizcəsinə çırpınırdı, əl-qol atır, tutacaq bir yer axtarırdı. Qiyas əlindəki çantanı kənara atıb suya tullandı. Burulğan güclü idi. Onu kənara itələyir, Zibeydəyə yaxınlaşmağa mane olurdu. Bir neçə cəhddən sonra Qiyas Zibeydənin bənövşəyi paltosunun ətəyindən tutdu. Zibeydə özündə deyildi, daşa çırpılıb huşunu itirmişdi. Əlləri, üz-gözü cızılmışdı. İslandıqlarından bir az da ağırlaşmış, güclü su axınının ağzında, elə bil ki, Qiyas aciz qalmışdı. O, üzməyi yaxşı bacarırdı. Ancaq suyun indiki axın qədər belə qorxulu olduğunu görməmişdi. Sanki su onların bəhsinə durmuşdu. Qoynunda axıtmaq, axıtmaq istəyirdi. Körpüdən xeyli aralı, suların bir qədər sakitləşən, axının aramlaşan yerində Qiyas yulğun kollarından yapışıb Zibeydəni güclə sahilə çıxartmışdı. Zibeydə qorxudan bayılmış, cızılmış sir-sifəti soyuqdan bir az da qaralmışdı. Qiyas çox gözləyə bilməzdi, soyuqluq canlarına işləyirdi, əlləri güclə tuturdu. Burdan keçəsi maşınları da gözləmək olmazdı. Kim idi ki, bu vaxt yola çıxan.

Qiyas Zibeydəni də kürəyinə alıb, çox böyük əziyyətlə kəndə qayıtdı. Düz on gün məktəbə gedə bilmədi Zibeydə. Bu on gün on il qədər ağır gəldi Qiyasa. Elə bil bu hadisədən sonra hansısa ilahi bir duyğu içində baş qaldırdı. Ürəyində istilik, gözündə-könlündə işıq parladı. O, nə idi, Allahım, deyib yaradandan sorsa da cavab tapa bilmirdi. Zibeydənin dərsdən qaldığı hər gün ona baş çəkir, təzə dərsi başa salır, soruşub öyrəndiyinə tam arxayın olduqdan sonra durub gedirdi. Hər dəfə gələndə də bir dəstə nərgizgülü gətirirdi. Zibeydənin o güldən xoşu gəldiyini bildiyindən evlərinin həyətində də çox nərgizgülü əkmişdi. Əkmişdi ki, Zeynəbə apardığı o güllə onu həmişə sevindirsin. Ağ, zərif, sarılıq içində uyuyan bəmbəyaz nərgiz gülləri ilə.

Hamı dağılışandan sonra Zibeydə böyük sarsıntı, ağır üzüntü içərisində qəbiristanlığa gəldi. Qoşa çinarın altında Qiyasla vidalaşıb onu şəhərə oxumağa yola saldığı gündən gör nə qədər vaxt keçmişdi. Ancaq bu müddət ərzində bir gün də olsun onu yaddan çıxara bilməmişdi. Hətta səsi sehri, şirinliyi ilə qulaqlarında səslənir, istər xoş, istərsə də ağrılı günlərində təbəssümlü çöhrəsi gözlərinin önündən getmirdi. Özgə bir həyatın içində yaşasa da, arzularının əlçatmaz uzaqlığında mürgüləyən həyatı kimi təsəvvür edirdi. Arzu-arzu, ümid-ümid o günündən qoparıb bu gününə calayırdı. Tez-tez məktəb illəri yadına düşür, körpü əhvalatını xatırlayıb kövrəlirdi. Hərdən də ürəyini sakitləşdirmək üçün: “Dərd aparmaq əvəzinə, elə sel aparaydı kaş!..” – deyib, öz-özünə təsəllilənirdi.

Zibeydə qəbirin dörd tərəfinə kökündən çıxarılmış nərgizgülü əkmiş, təzə açılmış bəmbəyaz çiçəkləri hələ yaprıxmamış torpağa səliqə ilə düzmüşdü. Dərin xəyallar, acı fikirlər içində çırpınan Zibeydə əlləri qoynunda qəbrin baş tərəfində oturmuşdu. Yanağında yaş gilələnmişdi. Sanki bu dünyadan ayrılmışdı, özündə, sözündə deyildi. Saranın gəldiyini də duymadı, axı heç duyası halında da deyildi. Öz aləmində, öz daxili dünyasında çırpınmağında idi. Sara gözləri yaşlı, min bir ağrıyla təzə qəbirə baxdı. Orda qardaşının yatdığına inana bilmirdi. Birdən ona elə gəldi ki, çağırsa duracaq, həmişəki kimi şirin-şirin üzünə gülümsəyib, yenə: “Həyatda bir dənəm, anam mənim, bacım mənim!..” – deyəcək. Yenə boynuna sarılıb, bərk-bərk qucaqlayacaq. Ortada nə varsa, hər şey unudulacaq. O saf, o təmiz uşaqlıq dünyalarına qayıdacaqdılar. Yenə qardaşı onu cırnatmaq üçün saçlarını dartacaq, bantını pozacaqdı. Sara da anasını çağırıb: “Ana, ay ana, bir buna bax!..” – deyib gileylənəcəkdi. Ötən günlər üçün dərindən bir ah çəkib: “Nə xoşbəxt günlərimiz də varmış, Allahım!..” – deyib ürəyində qovrulurdu Sara. Tüstüsü təpəsindən çıxır, göz yaşları sel olub yanaqları boyu axırdı. Elə bir dəli bağırtı qoparmaq istəyirdi ki, dağları, daşları titrədib yerindən oynada bilsin. Ürəyini deşib, içini yandıran ağrısını-acısını çölə tökə bilsin. Hərdən quşlara, dağlara-daşlara, lap elə ota-ələfə də həsəd aparırdı. Hər şey axarındaydı, hər şey sakitcə keçib gedirdi. “Axı, bircə insan niyə, niyə-deyib, – sakitcə yaşaya bilmir?!.” – düşünürdü Sara. O düşüncələr qoynunda çox-çox uzaqlara gedir, sonra cavab tapa bilmədiyi müəmmalar içində də itib-batırdı.

Sara qardaşının qəbrinə yaxınlaşanda gözlərinə inana bilmədi. Dərin üzüntü içərisində yumağa dönmüş Zibeydə bir aciz, bir yazıq görkəmində lal-dinməz oturmuşdu. Elə bil dünya uçub, o, altında qalmışdı. Elə bil köç gedib, o köçdən ayrı düşmüşdü. İçindəki hissdən boğulur, çırpınır, nə etmək lazım olduğunu özü də bilmirdi. Xəyallarındakı o şən, qayğısız məktəbli Zibeydə haray qoparır: “Axı niyə, niyə belə oldu, Qiyas?! Axı sən belə vəfasız deyildin, canım-gözüm! “Bu dünyada tək sevincim, sevgim sənsən!..” – deyirdin. Bəs nə oldu, həə, bəs nə oldu?! Taleyin gərdişinə bir bax! Mən yox, sən mənim qəbrimin üstünə gələydin! Yenə həmişəki kimi bir dəstə nərgizgülü gətirəydin. İnan, vallah, o güllərin ətrinə qarışmış isti nəfəsindən canlanar, üstümə çin-çin qalaqlanmış, hələ yaprıxmamış torpağı başımdan kənara atıb, bəlkə də ayağa durardım...” – deyib özünü yeyib tökürdü. Sara daha özünü saxlaya bilmədi. Bir az da irəli yeriyib: – Bağışla, bağışla məni, Zibeydə!.. – dedi. Titrəyən əllərini onun çiyninə qoyub halsız-halsız, asta-asta pıçıldadı. – Sən məndən sədaqətli çıxdın. Mən sənin taleyinlə oynadım... Bəlkə buna görə də qismətim gətirmədi, taleyim üzümə gülmədi. Məhəbbət, sevgi nə olduğunu bilmədim. Görünür, illərdən bəri sinəmdə ürək yox, sən demə, soyuq bir daş parçası gəzdirirmişəm. Dağılmış ailə həyatım mənə xəyal, nağıl kimi gəlir. Axı nə yatdım ki, hələ bir yuxu da görəm?! Onun da günahkarı özüməm. Bəlkə buna görə də Allahın mənə qəzəbi tutdu. Övlad üzünə həsrət qaldım, şirinliyini duymadım. Dilimə yiyə dura bilmədim, qısqanclığım ac qurd kimi içimi yedi. Axırda da... Həə axırda da soyuq bir qış günü şələ-şüləmi qoltuğuma verib, dədəmin küməsinə qovdular. O gündən qəddarlaşdım, içimdə bütün insani duyğuları öldürdüm. Həyat mənə boş, sönük və qaranlıq göründü. Başı batmış ərim əmin oğlu olduğu üçün səni də bağışlaya bilmədim, Zibeydə. Rəhmətlik atam qapınıza elçi getmək istəyərkən sirkə içdim. Dedim, bu toy heç vaxt olmayacaq! Olsa, məni öz əlinizlə torpağa basdırıb sonra toy çaldıracaqsınız. Doğrusu, o gün həqiqətən ölümdən qayıtdım. Sənə gətiriləsi nişan üzüyü anamın sandığında, anamın, dədəmin gözləri isə yollarda qaldı. Qardaşımı aparan yollar bir də geri qayıtmadı. Dəfələrlə zəng çaldıq, teleqrama vurduq, gəlmədi ki, gəlmədi. Görünür, ürəyi bərk sınmışdı, incimişdi bizdən. Üzümüzə baxmaq, səsimizi belə eşitmək istəmirdi. Anamın yuxuları qat-qarışıq düşəndə, atamın gündə min kərə “Qiyas!..” – deyib, burnunun ucu göynəyəndə, rayonun mərkəzindəki telefon-danışıq məntəqəsinə gedər, cəhdləri alınmayanda yanaqları boyu axıb gedən ilıq göz yaşlarında boğula-boğula qayıdardılar. Həmin ağrılı anlarda gözlərinə görünməmək üçün qaçıb gizlənər, işlə başımı qatar, üzlərinə baxmağa cəsarət edə bilməzdim. Günahlarım olsa da, etiraf dilimə gəlməz, hikkəm hələ yenə də, aləmi yaxıb yandırardı.

Evləndiyini, uşaqları olduğunu sonralar öyrəndik. Televizorda danışanda, böyük-böyük adamların yan-yörəsində görünəndə bizə gözaydınlığı verirdilər, sevinclərini hamıyla bölüşürdülər. İçimiz özümüzü yandırırdı, çölümüz özgəsini. Övladları da... deməyə də dilim gəlmir, o nə tərbiyədir, elə bil meşədə böyüyüblər, bədbəxt uşaqları, bilmirlər ki, dədələri ölüb?! O qədər sizə gün ağlayıb, bir məclis qurmağa da mənliyiniz, bir stəkan çay verməyə də gücünüz çatmadı?! Yaxşı, orda eləmədiniz, eləmədiniz, barı burda üçünə, yeddisinə qədər qalaydınız ki, görənlər də desin, qardaşım sonsuz deyil. Pis, yaxşı oğlanları var! Çırağını yandıracaq oğlanları!.. Zalım uşağı, basdırıb o gedən getdilər. Elə bil qorxdular ki, dədələri birdən işdi-şayət durub dallarıyca gedər, yerlərini dar edər... Bəs dövlət, dövlət niyə susdu? Moskvadan, Əfqanıstandan, İrandan, daha nə bilim hardan belə dolaşmışdı. Hər yerdə də dilində vətən idi. Görünür, arxası, dayağı olmayanın sevgisi də heç kəsə gərək deyil! Adamı yandıran da odur ki, dünya boyda şöhrəti, nüfuzu olan bir insanı nə alim, nə dövlət adamı kimi dəyərləndirib son axirət yolçuluğunda bir-iki söz deyib qiymətləndirəni belə olmadı. Xaraba qalmış şəhərə tək getmişdi, tək də qayıtdı. Yazdığı kitabları, yetişdirdiyi alimləri, dərs dediyi yüzlərlə tələbəni, dövlətə etdiyi sədaqətli qulluğu nə tez unutdu onu?! Yazıqlar olsun, min kərə yazıqlar olsun! Görünür, evində dəyərini itirənin, el içində də dəyəri olmur!.. Evini isitməyənin istisi özgəsini də isidə bilmir!..

Sara Zibeydənin boynunu bərk-bərk qucaqladı, sanki inləyə-inləyə, sızıldaya-sızıldaya: Zibeydə, canım qurban! – dedi. – Sən onunla olsaydın qardaşım belə urvatsız ölməzdi. Vallah, şahlara layiq oğul idi qardaşım, bu xaraba dünyanın yarısını dolanmışdı, neçə kərə oddan-alovdan çıxmışdı, ölməmişdi. Ancaq günün-günorta çağı qayğısızlıqdan, laqeydlikdən, biganəlikdən öldü! Hayıf, hayıf sənə, qardaşım!.. Gərək sonun belə olmayaydı. Kaş, kaş sənin yerinə mən bacın öləydim. Gecikmiş etiraf da yanar bir oddur. Adamı için-için yandırır. Birisinin içində ölməyən sevgisinin, o birisinin içində isə aləmi yaxıb-yandıran qəzəbinin keçib getmiş göynərtisinin etirafı idi. İki gecikmiş etiraf üz-üzə dayanmışdı. Biri acı taleyinin kəmliyində, o biri günahlarının əzabında, odunda yanırdı. Bu yanğı göz yaşı olub gilə-gilə, səssiz-səmirsiz yanaqlar boyu axıb tökülürdü. Zibeydənin bu günkü gün bura gələcəyinə inana bilmirdi Sara. Elə bilirdi ki, zaman hər şeyi unutdurub, hər şeyin üstündən xətt çəkib. Demək, içindəki həsrətlə, itkiylə hələ də barışa bilməmişdi Zibeydə. Bu, əsl sevgi idi, uzaq illərin arxasından boylana-boylana, durula-durula keçib gələn sevgi...

2019, 25-26 yanvar, Bakı

# 2518 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
# # #