Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi
30 iyun 2026
# 10:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüsal Bağırlının "Dərin gölün vampirləri" hekayəsini təqdim edir.

Bir yay günüdə Mamed dayının məhəllədəki tərəvəz dükanından bəzi şeylər alası. Meyvə-tərəvəz. Mövsümi məhsul: yemiş, qarpız, pomidor, qarğıdalı, yumurta.
Axşam düşsə də Mamed dayı bu dəfə adəti xilaf, içməmişdi. İstidənmi yaxud bürküdənmi, hər nə səbəbsə, dilinə heç qram da spirt vurmamışdı. Ayıq idi. Buna görə, pulu verəndə qalığı dəqiq qaytardı. Pulu sayaraq cibimə qoyduğumu görüb dedi:

- Verdiyin pula heyifsillənmə qadası, satdığım malın hamısı yaxşıdır. Xüsusən də yemiş. Özün görəcəksən, aləm şeydir.

Evə gələn kimi yemişi kəsdim. Ortasını sıyırıb, şipşirin, bal dadan dilimləri boşqaba doğradım, ləzzətlə içimə çəkdim. Kişi düz deyirmiş, yemiş çox dadlıydı. Yarısını birnəfəsə yedim, yarısını da soyuducuya qoyub eyvana çıxdım. Şəhərin axşam mənzərəsi əsrarəngiz idi. Səmanın sağ küncündə uçan Çin əjdahası “Tyan-Lun”a bənzəyən əcaib bulud topası günəşin əyilmiş şəfəqləri arasında közərirdi. Üfüqdə batan günəş ayağımın altında qalmış şəhərə göz vurur, sərinləməyə başlayan ilıq hava zövq verirdi.

Birdən yan tərəfdən səs eşidildi.

Vzzz

Dzzz

Bzzz

Dalağım sancdı. Əvvəlcə dirsəyim qaşındı. Sonra topuğum şiddətlə gicişməyə başladı. Bədənim gizildədi. Elə bil məni elektrik cərəyanı vurmuşdu. Tez otağa qayıtdım. Qapını örtüb, pəncərənin tor setkalarını bir də yoxladım. Nə deyim? İstirahətim baş tutmamış, kefim pozulmuşdu. Yay gözəl fəsildir, bircə mığmığası, ditdilisi olmaya də...

***


Bakının Dərnəgül deyilən yerində yaşayıram. “Dərnəgül” sözü adama qəribə gəlir, deyilmi? Belə ki, adın mənşəyi ilə ilə bağlı bəzi ehtimallar var. Bəziləri sözün “gül dərmək” mənasına gəldiyini bildirir. Bəziləri isə əvvəllər burada böyük su hövzəsi olduğuna işarə edərək, sözün “dərin göl” sözündən götürlüdüyünü iddia edir.

Dərnəgül. Adın, mənşəyin, sözün haradan gəldiyini təxmini də olsa bildik. Bu öz yerində, indi söhbətin bu yerində özümə daha bir sual verirəm. Bəs görəsən niyə burda şəhərin başqa yerləri ilə müqayisədə ağcaqanad daha çox olur?

Yəqin ki, məsələnin kökü məkanın iqlim xüsusiyyətindən qaynaqlanır. Ağcaqanadların artıb çoxalması üçün Dərnəgülün rütubəti, bürkülü nəm havası olduqca əlverilşi və münbit şərait yaradır. Üstəlik də yaşadığım köhnədən də köhnə, divarları nəm çəkmiş, suvağı tökülmüş “xruşovka”nın altı yeraltı su mənbəyidir. Əməlli-başlı yeraltı dəniz, əsl hövzədir. Dərnəgülün, “dərin gölün” adına layiq bir göl. Binanın altı ağcaqanad sürfələri, yumurtaları ilə dolub daşır.

Buralarda dekabrda, yanvarda, hətta şaxtalı fevralda da ağcaqanada rast gəlinir. Martdan başlayaraq, yəni havalar tədricən qızdıqca onlar həndəsi silsilə ilə artıb-çoxalır. Yay aylarında, axşamlar bir tərəfə, heç günün günorta çağında da həyətdə dayanmaq, “besedka”da kölgələnmək, məhəllədə hərlənmək olmur. Ağcaqanad dişlədikcə bədənin açıq yerləri dəhşətli gicişir, köpəşiyir, sulanır, suluqlayır.

Artıq tək-tək, cüt-cüt deyil, sürüylə fırlanan bu qaniçənlər yaxınlıqda dolaşan bütün canlı orqanizmlərin aşkar qəniminə çevrilirlər. Hərbi təyinatlı qırıcı təyyarəyə bənzəyən azğın canlılar insanlara nə gündüz, nə gecə, nə gündə, nə də kölgədə aman verirlər.

Saatda 2,4 kilometr sürətlə uçan və iki aylıq ömrü olan “Culex pipiens”lər acgözdürlər, heç cür doymaq bilmirlər. Dünyada hər yeri basıblar, o qədər çoxalıblar ki, artıq Antraktida daxil bütün qitələrdə yaşayırlar. Onlar təhlükəlidirlər və yapon ensefaliti və malyariya kimi öldürücü infeksion xəstəlikləri yayırlar.

Vzzz! Dzzz! Bzzz!

Ağcaqanad vızıldayır. Adamı əsəbiləşdirən bu səs əslində həşəratın əsl səsi deyil. Onun saniyədə azı yüz dəfə açılıb-yumulan qanadlarının səsidir.

İndi aşağıdakı əhvalatın və haqqında bəhs edəcəyim həşəratın gölə, yaxud da gülə nə dərəcədə aidiyyəti olduğunu dəqiq deyə bilmərəm, bunlar sadəcə fərziyyələrdir, amma bir şey dəqiqdir ki, onlar məhz burada Dərnəgüldə yaşayır və inanımaz sürətlə artıb çoxalırlar.

***


Mənim hər dəfə evə gəlib, qapıdan içəri daxil olmağım çətin məşğuliyyətə çevrilir. Sanki bir ağır, üzücü imtahandan keçirəm. Çünki qapı açılar-açılmaz blokda hazır dayanmış onlarla, yüzlərlə, bəlkə də minlərlə qansoran həşərat, ağcaqanad, ditdilili, mığımığa, hüni mənimlə bərabər evə daxil olur. Özü də icazəsiz filansız. Mənzilimizə elə ərklə, elə ədayla soxulurlar ki, elə bil mənzil onlara məxsusdur, başqa heç kəsə. Elə bil bineyi-qədimdən buraların hökmü-sahibidirlər.

Bizim mühafizə-buraxılış məntəqəmiz sayılan dəhlizdə əllərində elektrikli raketka, milçəköldürən, bürmələnmiş qəzet və digər öldürücü ləvazimatlarla təpədən dırnağadək silahlanmış atam, anam və bacım hazır dayanıblar. İçəri girən kimi onlar üzərimə atılır və məni yoxlanışdan keçirirlər.

Texniki-nəzarət tədbiri ətrafımda nə az-nə çox düz 187 ədəd ağcaqanad aşkar edir, onları pərən-pərən salır, öldürülən öldürülür, qalanları künc-bucağa çəkilib gizlənir. “Düşmən” canlı qüvvə sarıdan itkilər verərək geri çəkilir. Söylədiklərim bəlkə gülməli gələcək, amma, biz onların bəzilərini əsir tutur, bəzilərini diri ələ keçiririk. Sağ qalanlara müxtəlif işgəncələr verir, baş qərargahın yerini öyrənməyə çalışırıq.

Atam deyir: “Ağcaqanadlar məhz mənə görə gəlir”.

Anam təəccüblə qaşlarını dartır: “Sənə görə niyə ki..?”.

Cavab bizi güldürür: “Çünki qanım şirindir”.

Bəlkə də düz deyir. Onun qanı sirli cəzbedici qüvvəyə malikdir və qansoran həşəratı hansısa formada özünə cəzb edir. Ağcaqanad əvvəlcə ona yaxınlaşır, qırıcı təyyarə sayaq kəşfiyyat reydi edib, havada dövrə vurur və ehtiyatla dirsəyə qonur. Açıq yerə. Staretji həssas nöqtələri yaxşı tanıyır axl!? Azca gözləyir, əmin olanda ki, daha müşahidə altında deyil, izlənmir, bu zaman alt və üst dodağının arasında yerləşən balaca futlyarı açır və iynə-xortumunu çıxararaq dərinin incə məsamələrinə yeridir.

Otaqda yüz adam olsun bir ditdili, bilin ki, gəlib əvvəlcə atamı dişləyəcək. Onun qanını soracaq. Kişi evdə olanda biz ağcaqanad sancmasından bir növ sığortalanmış oluruq. Çünki, həşəratlar bizə çox da dəymirlər, yalnız ona, zavallı kişiyə hücum çəkirlər. Amma istənilən halda ağcaqanadların zəhlətökən, sinir sökən səsi ailəmizin hər üzvünə toxunur və hər birimizə əzab verir.

***

Hər gün ailəmiz vahid məqsəd naminə səfərbər olunur, bununla da gündəlik əməliyyat-axtarış tədbirlərinə başlayırıq. Hücum planına atam rəhbərlik edir. O, bu əməliyyatda öz sərkərdəlik qabiliyyətini nümayiş etdirməlidir. Hər öldürülən həşərata görə mükafat vəd olunur. Nəğd pul. Mükafat sözünü eşidən kimi, ovcumun içi gicişir, əllərimi bir-birinə sürtüb, cani-dildən işə girişirəm və otağı ələk-vələk edərək altını üstünə çevirirəm.

Axtarış nəticəsizdir. Yaman bicləşib dələduzlar. Çox olduqlarını, haradasa gizləndiklərini əminliklə bilsəm də onlar özlərini ələ vermirlər. Necə gizlənirlərsə, ağcaqanad o yana, heç xırda cücü, adi xitin qırığı da tapa bilmirəm. Heç nə gözə dəymir, bununla belə, adama elə gəlir ki, havada nəsə uçuşur, elə hey vızıldayır.

Bacım qəflətən başını çevirib, gözlərini məchul nöqtəyə zilləyir. Heykəl kimi tərpənməz dayanır. Barmağını ağzına tutub, susmamıza işarə edir.

- Səs eləməyin, birini tapmışam. Odur, Mixaylo... Amma asta gəlin, uçmasın.

Ayağımızın ucunda, yavaş-yavaş, ölü sükutla dörd tərəfdən ona yaxınlaşır, divardakı bapbalaca qara nöqtəni mühasirəyə alırıq. Əlimizdəki bütün silahlardan yaylım atəş açılır.
Tarrap-şarrap!

Həşərat qeyri-adi reaksiya göstərərək zərbədələrdən yayınır, havaya qalxır və göz qırpımındaca yox olur. İnanılmazdır!

Mən isə özümü qəhrəman kimi təqdim edir, mükafata hərislənirəm:

- Gördünüz, vurdum onu! Öldürdüm yaramazı.

Hamı ətrafıma yığışır. Sual dolu şübhəli nəzərlər üzümə dikirlər.

- Hanı, göstər görüm?

Mən isə gülümsəyirəm:

- And içirəm bura düşdü, vallah burdadır, budey divanın arxasında.

Atam əvvəlcə mənə, sonra anama baxır. O, isə çiyinlərini çəkib, “Mənlik deyil, özünüz həll edin” söyləyir və çıxıb gedir.


***


Gecənin tən ortasıdır. Yata bilmirik. Əməliyyat-axtarış tədbirləri hələ də davam edir. Otaqda yarıyuxulu halda vurnuxuruq. Əsnəməkdən çənəmiz ağrıyır. Mənim başım gicəllənir, aşıram, içkili adamlar kimi ortada ləngər vururam. Nəhayət, atam da yorulur. Onun “Dağılışın!” əmrindən sonra hər kəs öz guşəsinə çəkilir. Amma sevincimiz uzun sürmür.

Şiddətlənən Dərnəgül istisi beyinimizi deşir, Gilavarın gətirdiyi səmum bürküsü əsəblərimizə toxunur, yastıq və döşəklər tərə-suya qərq olur. Həşəratın zəhlətökən, sinirsökən səsi gecəmizi məşəqqətli əzaba çevirir. Atam gecə ərzində bir neçə dəfə “Hazırlıq Nömrə 1 !” siqnalı verir. İşıqlar yanır-sönür, sönür-yanır. Hamı təkrar-təkrar çarpayıdan qalxır, bir-bir otaqları dolaşaraq ora-bura vurnuxuruq. Yuxu tamam ərşə çəkilib, narahatıq. Elə bil tikan üstündə bardaş qurmuşuq.

Nəhayət, yerimə uzanıb gözlərimi yumuram. Hərarətli, həzin yay gecəsi firavan və hüznlü təsir bağışlayır. Ah, nə gözəldir. Həyat yaşamaq üçündür. Rahatlayıram. Əzələlərim süstləşir, bədənim dincəlir.

Deyəsən bütün əzab-əziyyət geridə qaldı.

Ah əziz yuxu...

Həsrətində olduğum yuxu...

Xoş gəlmisən!

Vzzzz...!

Amma yox, yuxu yenidən ərşə çəkilir. Alçaq həşəratın alçaq tezlikli səsi, dızıltısı məni çarpayıdan dik atılmağa vadar edir. Bütün gecəni yatmıram. Səhəri dirigözlü açıram. Artıq sübh şəfəqi üfüqü al-qırmızı rəngə bürüyüb. Bütün orqanizmim gicişir. Qaşınır. Əsəb gərginliyim son həddədir. Səhərin açılmasına sevinmirəm, əksinə, hönkürüb ağlamaq istəyirəm....

# 174 dəfə oxunub

Oxşar xəbərlər

"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

16:00 29 iyun 2026
"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar

"Qadın üçün xərc çəkmək olar, lakin..." - Macarıstanlı romançıdan sitatlar

12:10 29 iyun 2026
Arvadımın əri - Luici Pirandellonun hekayəsi

Arvadımın əri - Luici Pirandellonun hekayəsi

14:00 28 iyun 2026
"Azadlığım üçün  sevgimi də fəda edərəm..." - Jan-Jak Russodan sitatlar

"Azadlığım üçün sevgimi də fəda edərəm..." - Jan-Jak Russodan sitatlar

10:30 28 iyun 2026
"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan"  romanından bir hissə

"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan" romanından bir hissə

12:30 27 iyun 2026
"Bir kişi ilə xoşbəxt olmaq üçün..." - Helen Keller

"Bir kişi ilə xoşbəxt olmaq üçün..." - Helen Keller

10:30 27 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər